Məhkəmə qərarları › İş №2(103)-3500/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3500/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3500/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrinə qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Vətən Elçin oğlu Zeynalovun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(006)-1489/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış 26 dekabr 2018-ci il tarixli, 00/13930/DİK nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir.

2. xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 və Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. 3.Zamin Cavabdeh1 ona münasibətdə MM-nin 477.0.4-cü maddəsinə əsasən müddətin keçməsinin məhkəmə tərəfindən nəzərə alınmadığını əsas göstərərək, hazırki tələblə məhkəməyə müraciət etmişdir.

a)Birinci instansiya məhkəməsində icraat

4.İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6678,56 manat əsas borc, 3054,86 manat faiz və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 242,73 manat faiz olmaqla, cəmi 9976,15 manat pul vəsaitinin və ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı ilə Cavabdeh2 arasında bağlanmış 26 dekabr 2018-ci il tarixli 00/13930/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 25 % dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3 və Cavabdeh1 ilə bank arasında 26 dekabr 2018-ci il tarixli dörd tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kred itin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, bankın kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etmək və məhkəməyə müraciət hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********190 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 9976,15 manat təşkil edir. Bundan 6678,56 manat əsas borc, 3054,86 manat faiz və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 242,73 manat faiz təşkil edir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(006)-1489/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Ceyhun Tağıyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 26 dekabr 2018-ci il tarixli 00/13930/DİK nömrəli kredit müqaviləsi ləğv edilərək, 6675,22 manat əsas borc, 2901,87 manat faiz və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 242,73 manat faiz olmaqla, cəmi 9819,82 manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 118 manatı və 40 qəpik bank xidmət haqqı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İş materiallarında olan:

7. İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh2 arasında bağlanmış 26 dekabr 2018-ci il tarixli 00/13930/DİK nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. 8.xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 və Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. 9.Maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 19 sentyabr 2022-ci il tarixə 6678,56 manat əsas borc, 3054,86 manat faiz və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 242,73 manat faiz olmaqla, cəmi 9976,15 manat borcunun olduğu qeyd edilmişdir. 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2023cü il tarixli 9/2445 saylı rəyindən görünür ki, (xx.xx.2018-ci il tarixli 00/13930/DİK saylı kredit müqaviləsi üzrə borc qalığının hesablanması müqavilənin 3.1.5-ci bəndində göstərilənlər nəzərə alınmaqla) rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2018-ci il tarixli 00/13930/DİK saylı kredit müqaviləsinin şərtləri (3.1.5-ci bəndi) nəzərə alınmaqla və kredit müqaviləsinin müddətində illik 25 %-lə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 %-lə faiz hesablanmaqla Cavabdeh2 xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas borcu və faiz 7.312,14 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2023-cü il tarixə: Əsas borc üzrə – 6.675,22 manat; Faiz üzrə (illik 25 %-lə) – 259,59 manat; Faiz üzrə (illik 5 %-lə) – 377,34 manat. (xx.xx.2018-ci il tarixli 00/13930/DİK saylı kredit müqaviləsi üzrə borc qalığının hesablanması müqavilənin 3.1.5-ci bəndində göstərilənlər nəzərə alınmamaqla) rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2018-ci il tarixli 00/13930/DİK saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla və kredit müqaviləsinin müddətində illik 25 %-lə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 %-lə faiz hesablanmaqla Cavabdeh2 xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas borcu və faiz 9.954,42 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2023-cü il tarixə: Əsas borc üzrə – 6.675,22 manat; Faiz üzrə (illik 25 %-lə) – 2.901,87 manat; Faiz üzrə (illik 5 %-lə) – 377,34 manat. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2023cü il tarixli 9/7976 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2018-ci il tarixli 00/13930/DİK saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş suallar üzrə kredit müqaviləsinin müddətində illik 25 %-lə və kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5 %-lə faiz hesablanmaqla Cavabdeh2 xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas borcu və faiz ümumilikdə 9.954,42 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2023-cü il tarixə: Əsas borc üzrə – 6.675,22 manat; Faiz üzrə (illik 25 %-lə) – 2.901,87 manat; Faiz üzrə (illik 5 %-lə) – 377,34 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. 11.Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 26 dekabr 2018-ci il tarixli 00/13930/DİK nömrəli kredit müqaviləsi ləğv edilməli; 6675,22 manat əsas borc, 2901,87 manat faiz və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 242,73 manat faiz olmaqla, cəmi 9819,82 manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 118 manatı və 40 qəpik bank xidmət haqqı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir. 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 470.1, 472.1: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13.Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qismən, cavabdeh X2 borcun tutulması hissəsində ləğv edilməsinə və iş üzrə iddia tələbinin cavabdeh X3 aid hissəsində rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin 6.10cu bəndinə görə hazırki kredit müqaviləsi 36 ay müddətinə qüvvədədir, yəni öhdəliklərin icrası müddəti olaraq 36 ay müəyyən edilmiş və bu da, hesablama aparılarkən xx.xx.2021-ci ilə qədər öhdəliklərin icra edilməsini nəzərdə tutur. xx.xx.2018-ci il tarixli Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə isə zaminlik müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin qüvvədə olduğu müddətə qədər qüvvədə olması nəzərədə tutulmuşdur, yəni xx.xx.2021-ci il tarixədək. Üstəlik zaminlik müqaviləsinin 4.3-cü bəndində zaminliyə xitam verilməsinin əsasları qeyd edilmiş və həmin əsaslar sırasında zaminliyin verilmə müddəti qurtardıqda, belə müddət təyin edilınədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda və ya əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürməməsi göstərilmişdir. İşin hallarından göründüyü kimi Zaminlik müqaviləsində zaminliyin verilməsi müddət göstərilmiş, yəni kredit müqaviləsinin qüvvədə olduğu dövr üçün verilib, yəni xx.xx.2021-ci ilə qədər. Digər hal ondan ibarətdir ki, zaminliklə təmin edilmiş öhdəliyin dəqiq icrası müddəti müəyyən edilmişdir və müddət olaraq xx.xx.2021-ci il tarixədək icra edilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürməməsi qanunverici tərəfindən zaminliyə xitam əsası kimi müəyyən edilməsi zamin olaraq mənə qarşı iddia xx.xx.2022-ci il tarixədən irəli sürülməli idi. Lakin, işin hallaından müəyyən olunur ki, iddiaçı ona, yəni zaminə qarşı iddianı xx.xx.2023-cü il tarixdə irəli sürmüşdür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

a)Məhkəmə icraatı iştirakçılarının izahatları

16.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 17.Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. 18.İş üzrə digər digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 19.Maddə 470.1.Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 20.Maddə 472.1.Zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 21.Maddə 472.2.Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 22.Maddə 477.0.4.Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 23.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 24.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 25.Maddələr 385.1.1, 385.1.3 və 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 27.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin zamin Cavabdeh1 aid iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməlidir. 29.Belə ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin 6.10-cu bəndinə görə hazırki kredit müqaviləsi 36 ay müddətinə qüvvədədir. 30.xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə isə zaminlik müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində, o cümlədən kredit müqaviləsinin uzadıldığı müddətədək qüvvədə olur. 31.Həmçinin zaminlik müqaviləsinin 4.3-cü bəndində zaminliyə xitam verilməsinin əsasları qeyd edilmiş və həmin əsaslar sırasında zaminliyin verilmə müddəti qurtardıqda, belə müddət təyin edilınədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir ıl ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda və ya əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürməməsi göstərilmişdir. 32.Kollegiya qeyd edir ki, zaminlik müqaviləsində zaminliyin verilməsi müddət göstərilmişdir. Belə ki, zaminlik müqaviləsi kredit müqaviləsinin qüvvədə olduğu dövr üçün verilib, yəni xx.xx.2021-ci ilə qədər. Digər tərəfdən zaminliklə təmin edilmiş öhdəliyin dəqiq icrası müddəti müəyyən edilmişdir və müddət olaraq xx.xx.2021-ci il tarixədək icra edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən zaminə qarşı iddia xx.xx.2022-ci il tarixədək irəli sürülməli olduğu halda, iddia xx.xx.2023-cü il tarixdə irəli sürülmüş, bununla da, bir illik müddət keçirilmişdir. 33.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(006)-1489/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia Cavabdeh1 aid hissədə təmin edilməməlidir. 34.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2(006)-1489/2023 saylı qətnaməsi mübahisələndirilən- iddianın Cavabdeh1 aid qismən təmin edilən hissələrində ləğv olunsun, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia 6675,22 (altı min altı yüz yetmiş beş manat iyirmi iki qəpik) manat əsas borc, 2901,87 (iki min doqquz yüz bir manat səksən yeddi qəpik) manat faiz və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 242,73 (iki yüz qırx iki manat yetmiş üç qəpik) manat faiz olmaqla, cəmi 9819,82 (doqquz min səkkiz yüz on doqquz manat səksən iki qəpik) manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 118 (yüz on səkkiz) manat və 40 (qırx) qəpik bank xidmət haqqının, 100 (yüz) manat ekspertiza xərcinin Cavabdeh1 müştərək qaydada tutulması hissələrində təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar