Məhkəmə qərarları › İş №2(103)-3500/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3500/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3500/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-665/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 5.000 ABŞ dolları şəxsi ehtiyacları üçün borc pul almışdır və xx.xx.2023-cü ildə qaytarmağı öhdəliyinə götürmüşdür.

2. xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 6.000 ABŞ dolları şəxsi ehtiyacları üçün borc pul almışdır və xx.xx.2022-ci ildə qaytarmağı öhdəliyinə götürmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.000 ABŞ dolları məbləğində, qətnamə çıxarılan günə Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə pul vəsaitlərinin və və ödənilmiş dövlət rüsumunun alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavadeh Cavabdeh təxminən yeddi ildən artıqdır ki, tanıyır. Aralarında dostluq münasibəti olmuş, hər hansı bir ədavət olmamışdır.Cavabdeh 2022-ci ilinin əvvələrində şəxsi ehtiyacları üçün ondan borc pul istədi və o, buna etiraz etməyərək xx.xx.2022-ci il tarixdə 6.000 ABŞ dolları və xx.xx.2023cü il tarixdə 5.000 ABŞ dolları, ümümilikdə 11.000 ABŞ dolları borc pul verib. Cavabdeh həmin pulu xx.xx.2023-cü il tarixdə qaytaracağnı öhədəsinə götürdü. Bununla bağlı cavabdeh ona yazılı iltizam verdi. Lakin bu günə qədər verdiyi 11.000 ABŞ dolları borcun qaytarılması ilə bağlı dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq pulun qaytarmamışdır.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 665/2025 nömrəli qətnaməsi ilə (hakim M.X.Əfəndizadə) iddia təmin edilmiş, Cavabdeh 11.000 ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində pulun İddiaçı xeyrinə tutulması, mülki iş üzrə ödənilmiş 147 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və tərəfindən borcunun etirafı qaydasında yazılı iltizamın onun tərəfindən verilməməsi, verərkən hədə-qorxu, təkid altında imzaladığını barədə hər hansı bir sübut təqdim edilməmişdir. Borcunu etiraf etməsi barədə yazılı müqavilənin mahiyyətcə qeyri obyektiv olması və həqiqəti əks etdirmədiyi təsdiq edilmir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının qarşısında 11.000 dollar məbləğində pul öhdəliyi vardır. İddiaçı həmin öhdəliyin borc münasibətlərindən yaranan öhdəlik olduğunu bildirir. Öhdəliyin hansı əqdə əsasən yaranmasından asılı olmayaraq onun mövcudluğu və məbləği cavabdehin etirafı ilə öz təsdiqini tapır. İddiaçının hazırkı tələbi kredit müqaviləsinə deyil, “mövcud borcun etirafı haqqında” mücərrəd müqaviləyə əsaslanır. Həmin müqavilənin anlayışı Mülki Məcəllənin 882-ci maddəsində verilmişdir. Tərəflərin arasında xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixə bağlanmış müqavilə (yazılı iltizam) “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilələrdir.

8. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 882-ci maddəsində nəzərdə tutulan “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə ilə müxtəlif müqavilələrdən (alqı-satqı, kredit, podrat, icarə və s.) əmələ gələn borc etiraf oluna bilər. Mülki hüquqda “borc” anlayışı yalnız borc (kredit) müqaviləsindən əmələ gələn pul öhdəliyinə şamil edilmir. Bu anlayış ümumiləşmiş anlayışdır və öhdəlik münasibətində (hansı əqdə əsasən yaranmasından asılı olmayaraq) bir tərəfin (borclunun) digər tərəfin (kreditorun) qarşısında olan pul öhdəliyini ifadə etmək üçün istifadə olunur. Cavabdeh iddiaçının qarşısında pul öhdəliyinin olduğunu “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə bağlamaqla etiraf etdiyindən məhkəmə Mülki Məcəllənin 385 və 882-ci maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, borcun ödənilməsi barədə iddia tələbi əsaslıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 404.1, 404.2, 448.1, 739.1, 739.2, 882-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın qismən təmin olunmaqla ondan iddiaçının xeyrinə 5.500 dollar məbləğində pulun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci ildə o, iddiaçıdan 3.000 dollar və xx.xx.2023-cü ildə 2.500 dollar borc götürmüşdür. Sadəcə iddiaçı özünü sığortalamaq üçün ondan qəbz alarkən həmin məbləğin iki qatını göstərməyini tələb edirdi. Ümumiyyətlə, Azərbaycanda belə bir praktika formalaşıb ki, borc verən borc alandan məbləğin iki qatını göstərməyi tələb edirlər ki, əks halda borc vermirlər. Cavabdeh də borc alarkən məcburiyyət qarşısında olarkən borcun iki qatını göstərmişdir, halbuki, faktiki olaraq iddiaçıdan 5.500 dollar pul almışdır. Nərimanov Rayon Məhkəməsinin qətnaməsi işin faktiki hallarına uyğun deyil, maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin bildirdikləri həqiqətə uyğun deyil. Belə ki, cavabdeh aldığı məbləği iltizamda öz imzası ilə təsdiqləmişdir. Qarşı tərəf heç bir məhkəmə iclasında iştirak etməmişdir, onun hazırki apellyasiya şikayəti müddətin uzadılmasına xidmət edir.

14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia tam təmin edildiyindən və apellyasiya şikayətində cavabdeh tərəfindən qətnamə tutulmalı olan pul məbləği hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir.

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Mülki-prosessual qanunvericiliyin tələbləri baxımından bu hal qətnamənin ləğv edilməsi üçün əsasdır.

21. İşdə olan sübutlara müəyyən edilir ki, cavabdeh iddiaçıdan müəyyən müddətdən sonra qaytarmaq şərtilə ümumilikdə 11.000 ABŞ dolları məbləğində pul almış və bu barədə iddiaçıya yazılı iltizamlar təqdim etmişdir.

22. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə Mülki Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.

23. Kollegiya qeyd edir ki, hazırki iş üzrə tərəflər borc müqaviləsinin mühüm şərtləri barədə razılığa gəlsələr də, bunu qanunvericiliyin tələb etdiyi yazılı formada, yəni tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə rəsmiləşdirməmişlər. Belə olan halda tərəflər arasında bağlanmış şifahi borc müqaviləsi etibarsızdır.

24. Birinci instansiya məhkəməsi işdə olan cavabdeh tərəfindən imzalanmış iltizamlara mövcud borcun etirafı haqqında mücərrəd müqavilələr kimi qiymət verərkən nəzərə almamışdır ki, həmin müqavilələr yazılı formada tərtib edilməklə tərəflərin imzaları ilə təsdiq edilməli idi. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

25. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 337.5-ci maddə təşkil edir. Həmin maddəyə əsasən əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır.

26. Şərh olunanlara əsasən kollegiya bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 11.000 ABŞ dolları məbləğində pul sonuncudan alınaraq iddiaçıya qaytarılmalıdır.

27. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçıdan 11.000 ABŞ dolları deyil, 5.500 dollar pul aldığını, iltizamlarda iddiaçının tələbi ilə həmin məbləğin iki qatını göstərdiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

28. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.2, 385, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 665/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 11.000 ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddianın verilməsi üçün ödənilmiş 147 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar