Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3501/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçı MTK-nın verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı MTK-nın vəkili (nümayəndəsi) Vəkil2, Cavabdeh1 özünün, onun vəkili (nümayəndəsi) Məmişov Anar Mövsüm oğlunun, Cavabdeh3 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MTK, iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli “mənzilin inşası barədə müqavilənin” ləğv edilməsi, cavabdehlərin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində MTK-ya məxsus binanın “B” blokunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 102.3 kv.m təşkil edən 2 otaqlı, 14 saylı mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılaraq MTK-ya təhvil verilməsi, mənzildən çıxarılmalı olan əmlakların saxlanc şirkətinin saxlancına verilməsi, həmin mənzildən istifadəyə dair yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MTK-nın Cavabdeh1 ilə xx.xx.2012-ci il tarixdə bağladığı müqaviləyə əsasən, mübahisəli mənzilin dəyəri (pay haqqı) olan 66.495 manat pul xx.xx.2015-ci il tarixinədək Cavabdeh1 tərəfindən MTK-ya ödənilməli idi. Sonradan rəhbərliyin dəyişilməsi səbəbindən sənədlərin təkrar araşdırılması nəticəsində iddiaçı MTK ilə Cavabdeh1 arasında “Ödəniş şərtlərinə dair əlavə razılaşma” bağlandığı və razılaşmaya əsasən xx.xx.2015-ci il tarixdən hesablanmaqla Cavabdeh1 32.045 manat pulu ayda 1.000 manat olmaqla, xx.xx.2017-ci il tarixədək MTK-ya tam ödəməli olduğu qeyd olunmuşdur. Buna baxmayaraq Cavabdeh1 nəinki birinci qrafik üzrə xx.xx.2015-ci il tarixinə, həm də xx.xx.2017-ci il tarixinə pulu tam şəkildə MTK-ya ödəməmişdir. Bununla da Cavabdeh1 hər iki qrafiki pozmuşdur. MTK tərəfindən Cavabdeh1 dəfələrlə müraciət edilsə də, mənzilin dəyəri Cavabdeh1 tərəfindən bu günədək ödənilməmişdir, ödəniş qrafiki və müqavilənin ödəniş şərtləri onun tərəfindən kobudcasına pozulmuşdur. Müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna və kooperativ üzvünün pay haqqını ödəmədiyinə görə MTK əhəmiyyətli ziyana uğramışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 “müqavilənin ləğv edilməsi və yaşayış sahəsinin boşaldılması” barədə yazılı bildiriş göndərilərək onunla MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq, həmin sahənin boş vəziyyətdə MTK-ya təhvil verilməsi Cavabdeh1 bildirilmişdir. “Azərekspresspoçt”un xx.xx.2019-cu il tarixli aktından göründüyü kimi, Cavabdeh1 həmin bildirişi qəbul etməkdən imtina etmişdir. İddia ərizəsi əsasında icraatı başlanmış mülki işə baxmış Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı MTK həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı MTK-nın vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə Cavabdeh1 və onun vəkili (nümayəndəsi) A.Məmişov və Cavabdeh3 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa və əsaslarına uyğun izahat verdilər. İş üzrə digər Cavabdeh2 apellyasiya baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-nin 376.2-ci maddəsinə görə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı MTK ilə Cavabdeh1 arasında mübahisəli mənzilin payçıya verilməsi ilə bağlı xx.xx.2012-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə, MTK mübahisəli mənzili payçı Cavabdeh1 təhvil verməyi, sonuncu isə müəyyən edilmiş ödəniş qrafikinə əsasən payın dəyərini MTKya ödəməyi öhdəsinə götürmüşdür. MTK müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzili Cavabdeh1 təhvil vermiş, Cavabdeh1 həmin mənzili qəbul edərək təmir etdirmiş və halhazırda da həmin mənzildə yaşayır. Müqavilə üzrə ödəniş qrafikində MTK və Cavabdeh1 payın dəyərini 66.495 manat müəyyən etmişlər. Müqavilədə ilkin ödəniş olaraq 15.000 manat göstərilməklə qalan məbləğin 2015-ci ilin iyun ayına qədər hissə-hissə Cavabdeh1 tərəfindən MTK-ya ödənilməsi barədə razılığa gəlmişlər. Məhkəmə iddiaçı MTK-nın əsas tələbinə - “müqavilənin ləğv edilməsi barədə tələbinə” hüquqi qiymət verərək bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Məcəllənin 421-ci maddəsində müqavilənin ləğv edilməsi əsaslar aşağıdakılardan ibarətdir: Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə (maddə 421.1.); Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir (421.2.); Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə (421.3.). Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, Mülki Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. İş üzrə tərəflər arasında müqavilənin ləğv edilməsi üçün yuxarıda qeyd edilən əsasların heç biri yoxdur. İş üzrə iddiaçı MMC-nin istinad etdiyi Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Lakin iddianın mahiyyətinə daha çox uyğun gələn Mülki Məcəllənin 447.1-ci maddəsinə görə, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Mülki Məcəllənin 447.3 və 447.3.1-ci maddələrində qeyd olunmuşdur ki, öhdəliyin pozuntusu cüzi olduqda müqavilədən imtina yolverilməzdir. Göründüyü kimi, müqavilədən imtina halı ləğv etmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirildiyi andan etibarən deyil, geriyə şamil olunan şəkildə, müqavilənin bağlandığı andan etibarən əmələ gətirir. Ləğv etmə hallarında ləğv, ləğvetmənin baş verdiyi andan sonrası üçün hüquq münasibətinə xitam verir. Bu səbəblə də ləğvetməyə qədər əmələ gəlmiş hüquq və öhdəliklər öz qüvvəsini saxlayır. Halbuki, müqavilədən imtina halında artıq müqavilə üzrə öhdəliklər başdan etibarən, yəni müqavilənin bağlandığı andan etibarən aradan qalxmış olur. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1 və 443.2-ci maddəsinə görə isə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. İş üzrə iddiaçı MTK müqavilə üzrə öhdəliyini icra etsə də, Cavabdeh1 öz üzərində düşən öhdəliyi lazimi qaydada icra etməmiş və qrafik üzrə aylıq ödənişlərdə gecikmələr etmiş, 3 il ərzində borcunu tam bağlamalı olduğu halda, hazırki dövrə qədər borcunu tam olaraq iddiaçıya ödəməmişdir. İşdə olan qəbzlər və maliyyə arayışından da görünür ki, Cavabdeh1 2012-ci ildən 2015-ci ilədək 66.495 manat ödəməli olduğu halda 42.060 manat ödəniş etmiş və 24.435 manat borcu qalmışdır. İddiaçı MTK bildirir ki, xx.xx.2015-ci il tarixdə müqavilə tərəflərin razılığına əsasən dəyişdirilərək qalıq borc 32.045 manat olmaqla yenidən xx.xx.2017-ci ilə tarixədək ödəniş qrafiki müəyyən edilmiş, həmin qrafik üzrə də cəmi 17.240 manat ödəniş etmiş və 14.805 manat borcu qalmışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 423.1-ci maddəsində görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Lakin iddiaçı MTK müqavilənin dəyişdirilməsi ilə bağlı onunla Cavabdeh1 razılaşması barədə müqavilə ilə eyni formada bağlanmış hər hansı sübut məhkəməyə təqdim etməmiş, yeni ödəniş qrafiki təqdim etməklə kifayətlənmişdir. İş üzrə iddiaçı MTK təqdim etdiyi “Maliyyə arayışında” Cavabdeh1 müqavilə üzrə bugünədək 62.900 manat ödədiyini göstərmiş, Cavabdeh1 isə təqdim etdiyi etiraz ərizəsində cəmi 64.680 manat ödədiyini qeyd etmişdir. Bunları nəzərə alan Məhkəmə belə qənaətə gəlir ki, Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia ərizəsində pulun tutulması və ya öhdəliyin icrası ilə bağlı tələb olmadığına görə ödənişlərin dəqiq məbləğinin məhkəmə tərəfindən müəyyən edilməsinə zərurət yoxdur. Belə ki, iddiaçı MTK və Cavabdeh1 ödənilmiş ümumi məbləğlə bağlı hesabları təqribən bir-birinə yaxındır. Məhkəmə qeyd edir ki, iddiaçı MTK-nın müqavilə üzrə ödəniş qrafikində nəzərdə tutulmuş müddət bitdikdən sonra, yəni xx.xx.2015-ci il tarixdən etibarən öhdəliyin icrasını tələb etmək hüququ yaransa da, MTK öhdəliyin Cavabdeh1 tərəfindən bütünlüklə icrasını məhkəmə qaydasında tələb etməmiş, əksinə Cavabdeh1 hissə-hissə öhdəliyinin icrası ilə razılaşaraq faktiki olaraq qismən icranı qəbul etmişdir. Cavabdeh1 isə mənzili təmir elətdirmiş və 7 ildən artıq müddətdir ki, həmin mənzildə ailə üzvləri ilə - iş üzrə digər cavabdehlər ilə birlikdə yaşayır. Həmin müddət ərzində Cavabdeh1 öhdəliyini qismən icra edərək iddiaçı MTK-ya az (cüzi) miqdarda, iddiaçının maliyyə arayışında göstərdiklərinə əsasən 3.595 manat, cavabdehin təqdim etdiyi qəbzlərə əsasən isə 1.815 manat borcu qalmışdır. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin Cavabdeh1 öhdəliyinin pozuntusunun cüzi olması əsası ilə müqavilədən imtina edilməsinin yolverilməzliyi ilə bağlı qənaəti düzgündür. Bu qənaət həm də ona görə işin hallarına uyğundur ki, müqavilənin bağlanmasından 7 ildən artıq müddət keçdikdən sonra və həmin dövr ərzində cavabdehlərin mübahisəli mənzili təmir etdirərək orda yaşamaları nəzərə alınarsa, müqavilədən imtina edilməsi ədalətli hesab edilə bilməz. Bu baxımdan iddianı bu hissədə əsassız hesab edərək rədd etmiş Rayon Məhkəməsinin mövqeyi işin hallarına uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, “müqavilənin ləğv edilməsi barədə” tələb əsassız hesab edildiyindən, ondan törəmə olan digər tələblər, yəni “cavabdehlərin mübahisəli mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılaraq MTK-ya təhvil verilməsi, mənzildən çıxarılmalı olan əmlakların saxlanc şirkətinin saxlancına verilməsi, həmin mənzildən istifadəyə dair yaradılmış maneələrin aradan qaldırılması barədə” tələblər də əsaslı hesab edilə və təmin edilə bilməz. Məhkəmə Cavabdeh1 “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəsinə hüquqi qiymət verərək bildirir ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Məcəllənin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məcəllənin 377-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 377.1.). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” xx.xx.2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İş üzrə tərəflər arasında olan mübahisə daşınmaz əmlakla bağlı müqavilə öhdəliklərindən irəli gəldiyindən və həmin müqaviləyə əsasən Cavabdeh1 öhdəliyini 2015ci ilədək icra etməli olduğundan və həmin tarixdən 6 il müddət keçmədiyinə görə iddia müddəti ötürülmüş hesab edilə bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı MTK tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3501/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3501/2020
29.07.2020 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver