Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3505/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMCyə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayəti qətnamənin qəbul edilməsindən 8 il sonra verilib. Mülki-Prosessual Məcəllənin 360-cı maddəsindən görünür ki, qətnamədən apellyasiya şikayəti verilməsi müddəti 1 aydır, həmin müddətin axımı qətnamənin surətinin işdə iştirak edən şəxsə rəsmi qaydada verildiyi vaxtdan hesablanır. Qətnamənin Cavabdeh1 özünə şəxsən rəsmi qaydada verildiyini birbaşa təsdiq edən sənəd olmasa da, işdə olan digər sənədlər onu təsdiq edir ki, Cavabdeh1 qətnamədən məlumatı olub, bu hal isə qətnamənin ona rəsmi qaydada verilməsinə bərabər tutulur. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Birinci, qətnamə Cavabdeh1 ünvanına göndərilib, poçt xəbərnaməsində “etibarnamə ilə” qrafasında “Xəlilov” soyadlı şəxs imza icra edib və xx.xx.2014-cü ildə qətnamənin qəbul edib (iş v. 209). İkinci, işə daha əvvəl iddiaçının apellyasiya şikayəti əsasında apellyasiya qaydasında baxılıb. Həmin zaman apellyasiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş Cavabdeh1 ünvanına göndərilib və poçt xəbərnaməsində “şəxsən” qrafasında bildirişin xx.xx.2014-cü ildə alınması barədə imza icra edilib (v. 228, arxa üz). Bu isə onu təsdiq edir ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən də məlumatı olub. Üçüncü, apellyasiya məhkəməsinin qətnaməsi Cavabdeh1 ünvanına göndərilib, poçt xəbərnaməsində “şəxsən” qrafasında “Xəlilov” soyadlı şəxs imza icra edib və xx.xx.2015-ci ildə qətnaməni qəbul edib (iş v. 244, arxa üz). Bu isə onu təsdiq edir ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən də məlumatı olub. Dördüncü, qətnamə qanuni qüvvəyə minib, icra sənədi verilib, xx.xx.2015-ci ildə icra məmuru icra sənədi üzrə icraatın başlanması barədə qərar qəbul edib və tələbin könüllü icrası üçün 10 gün müddət müəyyən edilib (iş v. 256). Daha sonra icra sənədinin icrası ilə bağlı tədbirlər həyata keçirilib, hərrac protokolu (iş v. 275) və ödəniş tapşırığı (iş v. 276) tərtib olunub. Ağlabatan deyil ki, qətnamənin qəbulundən sonra ötən 8 il ərzində Cavabdeh1 qətnamənin icrası ilə bağlı icra tədbirlərindən məlumatlı olmasın. Bu isə onu təsdiq edir ki, Cavabdeh1 qətnamədən məlumatı olub. Beşinci, Cavabdeh1 kredit alandır, o, 11 il bundan əvvəl - xx.xx.2011-ci ildə bağlanmış kredit müqaviləsi üzrə bankdan kredit alıb, lakin krediti qaytarmayıb. Ağlabatan deyil ki, kredit alan kredit müqaviləsi üzrə öhdəliklərin icrası barədə qətnamədən 8 il ərzində məlumatlı olmasın. Apellyasiya şikayətinin məzmunundan görünür ki, o, formal mülahizələrlə əsaslandırılıb. Bu da öz növbəsində onu təsdiq edir ki, cavabdehin 8 il sonra apellyasiya şikayəti verməkdə məqsədi həmin qətnamənin icrasına mane olmaqdır. Cavabdeh1 xx.xx.2023-cü ildə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək qətnamədən məlumatı olmadığını bildirib və qətnamənin surətinin ona verilməsini xahiş edib (iş v. 282). xx.xx.2023-cü ildə qətnaməni surəti özünü Cavabdeh1 nümayəndəsi kimi təqdim edən İntiqam Nəcəfova verilib, ərizənin üzərində bu barədə qeyd aparılıb. Bundan 1 ay keçməmiş – xx.xx.2023-cü ildə hazırkı apellyasiya şikayəti verilib. Lakin qətnaməni surətinin xx.xx.2023-cü ildə verilməsi apellyasiya şikayəti verilməsi müddətinin yenidən başlanmasına səbəb olmayıb, buna qədər apellyasiya şikayəti verilməsi müddətinin axımı başlayıb və müddət bitib. Göründüyü kimi, apellyasiya şikayəti verilməsi müddəti keçib. Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. O cümlədən həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə o, qaytarılır. Odur ki, apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 366-cı maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və həmin apellyasiya şikayəti geri qaytarılsın. Mülki iş Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3505/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3505/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver