Məhkəmə qərarları › İş №2(103)-3506/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3506/2025

27.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3506/2025 27.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh оğluna qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh оğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-244/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Rеspublikasının Daхili İşlər Nazirliyinin Baş Dövlət Yоl Pоlis İdarəsinin xx.xx.2025-ci il tariхli 2-35231/2025 nömrəli məktubuna əlavə еdilmiş DİN BDYPİ Qеydiyyat-imtahan idarəsinin kоmpütеr uçоt bazasında mövcud оlan məlumatların kоmpütеr çıхarışından müəyyən olunur ki, **-UU-*** dövlət qeydiyyat nişanlı “X24 4” markalı nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdə də Əliyеv Еldar Еlman оğlunun adına qеydiyyatdan kеçmiş, xx.xx.2018-ci il tarixində nəqliyyət vasitəsinin dövlət qeydiyyat nişanı **-ZZ-*** dəyişmiş, həmin tarixdən başlayaraq bir neçə dəfə Cavabdeh оğluna qısamüddətli etibarnamələr verilmiş, nəqliyyat vasitəsi xx.xx.2019-cu il tariхində Cavabdeh оğlunun adına özgəninkiləşdirilmişdir.

2. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 494/2020 nömrəli icra vərəqəsinə əsasən 3.100 manat məbləğinvə pul vəsaiti, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində vəsait İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir.

3. İddiaçı Xətai Rayon Prokurorluğuna xx.xx.2021-ci il tarixli müraciəti xx.xx.2021-ci il tarixdə qeydə alınmış və Xətai rayon prokurorunun xx.xx.2021-ci il tarixli qərarı ilə əmlakın ələ keçirilməsi faktına dair Cavabdeh оğlu barəsində cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə Xətai rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilmişdir. Xətai RPİ-nin istintaq şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.

4. Xətai RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X14 cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tariхli qərarı ilə, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Rеspublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə оlan ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Rеspublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən хitam vеrilməsi, cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs kimi statusunun ləğv edilməsi və ona Cavabdeh ilə aralarında olan pul mübahisəsinin mülki xarakterli olması və həll olunması üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə toplanmış sübutların məcmusu əsasında X15 və X9 barələrində cinayət təqibinə xitam verilməsi qərara alınmışdır.

5. Qərarda əks еdilmiş iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, 2016-cı ildən 2020-ci ilə kimi "xxxx" MMC-nin direktoru müavini işləmiş, hazırda isə MMC-nin direktorudur, əsas fəaliyyəti xarici ölkələrdən müxtəlif markalı avtomobillərin ölkə ərazisinə gətirilərək pərakəndə şəkildə satışını həyata keçirməkdən ibarət olmuş, hazırda Xətai rayonu, Babək prospekti 22/22 ünvanda icarəyə avtosalon götürüb işlətmişdir. X6 2017-ci ildən tanımış, belə ki, İntizamla işlətdiyi avtosalonda tanış olmuş, İntizam Ağakişiyev işlətdiyi avtosalona müraciət edib özünə aid hazırda dövlət nömrə nişanını xatırlamadığı avtomobilini satmış, bundan sonra aralarında yaxın münasibət yaranmış, daha sonra İntizam ondan müxtəlif vaxtlarda bir neçə avtomobil alaraq pulunu vaxtlı-vaxtında ödəmiş, bu səbəbdən İntizam Ağakişiyevi dürüst və etibarlı adam kimi tanımış və ona etibar etmiş, xx.xx.2018-ci il tarixdə İntizam arvadı Püstə ilə birlikdə icarəyə götürdüyü avtosalona gələrək “Land Cruiser” markalı avtomobil almaq istəmiş, həmin vaxt qeyd olunmuş markada avtomobili olmadığından İntizama özünə məxsus 2012-ci il buraxılışlı, “X24” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili təklif etmiş, sonra İntizam həmin maşını bəyənərək 14.000 manat ilkin ödəniş edib almış və bir il ərzində qalan pulu hissə-hissə ödəyəcəyinə söz vermiş, İntizama inanıb etibar etdiyi üçün, onunla razılaşmış və avtomobili 45.000 ABŞ dollarına, yəni 76.500 manata razılığa gələrək həmin maşına görə İntizamın oğlu Cavabdeh adına etibarnamə vermişdir. Bundan bir neçə ay sonra İntizam yenidən həyat yoldaşı Püstə xanımla birlikdə avtosalona gələrək ona “X24 Sport” markalı avtomobil almaq istədiyini bildirmiş və salonda olan **- NE-*** nömrəli avtomobili bəyənmiş, həmin maşını İntizamla 47.000 ABŞ dollarına, yəni 79.900 manatada danışıb razılaşmış və İntizam həmin maşına görə 17.000 manat ödəniş edib 6-7 ay ərzində qalan pulu tam şəkildə ödəyəcəyini bildirmişdir. Bundan sonra işçisi X8 adından İntizamın həyat yoldaşı Püstə xanımın adına avtomobili yalnız sürmək üçün etibarnamə vermiş, xx.xx.2019-cu il tarixdə İntizam Ağakişiyev işlətdiyi avtosalona gələrək özü üçün “Mersedes” markalı avtomobil almaq istədiyini və Xətai rayonu Babək prospekti 1145 ünvanda yerləşən “AutoStar Kaukasus” avtosalonunda görüb bəyəndiyi 2019-cu il buraxılışlı, “Mersedes Benz GLC 200-4 Matik” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq istədiyini bildirmiş, həmin avtosalonuna gedərək həmin maşını alaraq 80.000 ABŞ dollarına, yəni 136.000 manata İntizama satmış və İntizam 6 ay müddətində avtomobilin pulunu tam şəkildə ödəyəcəyinə söz vermiş, sonra İntizam “Mersedes Benz GLC 200-4 Matik” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili evakuatora qoyaraq aparmışdır. xx.xx.2019-cu il tarixdə isə İntizam tanımadığı İlkin adlı tanışı ilə salona gələrək həmin avtomobilə görə 19.000 manat ödəmiş və X16 məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək həmin avtomobili onun adına sənədləşdirməsini bildirmiş, yenə də İntizama inanıb etibar etdiyi üçün qeyd olunmuş avtomobili həmin günü işçisi Kənan Cəbrayılovun vasitəsilə Lalə Hadiyevanın adına rəsmiləşdirmiş, lakin bir müddət sonra İintizam Ağakişiyev müxtəlif bəhanələrlə ödənişləri etməkdən yayınmışdır. İntizama satdığı hər üç avtomobilə görə ilkin ödənişləri çıxdıqdan sonra yerdə qalan ümumilikdə 242.400 manat pulu ödəməmiş, İntizama bir neçə dəfə zəng edib ödənişləri etməsini bildirsə də bundan yayınmış, bundan sonra İntizama satmış olduğu avtomobillərlə maraqlanmağa başlamış və bu zaman “X24” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili oğlu Cavabdeh adına keçirib nömrə nişanını dəyişərək **-ZZ-*** dövlət nişanı almasını, “Mersedes Benz GLC 200-4 Matik” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobili isə X12 adına rəsmiləşdirməsini bilmiş, ancaq “X24 Sport” markalı, **-NE-*** nömrəli avtomobil İntizamın həyat yoldaşı Püstə Ağakişiyevanın adına etibarnamə ilə qaldığına görə məcbur olub həmin maşının etibarnaməsini ləğv etdirmiş, sonra həmin maşını geri alaraq başqa şəxsə 33.000 ABŞ dollara, yəni 56.100 manata sataraq İntizamın ümumi borcundan həmin məbləği çıxmış, ancaq İntizam digər iki avtomobilə görə sahiblik hüququ əldə etdiyindən maşınları geri ala bilməmişdir. X5 Ağazadənin “X24” markalı, **-UU-*** (**- ZZ-***) dövlət qeydiyyat nişanlı və İntizam Ağakişiyevin 2019-cu il buraxılışlı, “Mersedes Benz GLC 200-4 Matik” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ümumilikdə 103.600 ABŞ dollar, yəni 176.100 manat borcu qalmışdır. İntizam və Kamil müxtəlif bəhanələrlə borclarını ödəməkdən boyun qaçırmış, buna görə məcburiyyət qarşısında qalaraq polisə şikayət etmiş, bundan sonra yəni, xx.xx.2019-cu il tarixdə X9 ona 80.000 ABŞ dollarına, yəni 136.000 manata satdığı “Mersedes Benz GLC 200-4 Matik” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə borclu qaldığı 110.000 manat pulu tam şəkildə ödəmiş, ancaq X5 Ağazadə ondan 45.000 ABŞ dollarına, yəni 76.500 manata aldığı “X24” markalı, **-UU-*** (**-ZZ-***) dövlət qeydiyyat nişanlı avtomobilə görə borclu qaldığı 66.120 manatdan ümumilikdə 3.200 manat pul ödəmiş, 62.920 manat pulu bu günədək ödəməmişdir.

6. İş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, İddiaçı 2017ci ildən tanıyır, belə ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən "xxxx" avtomobil alışı və satışı mağazasının sahibidir, Eldarla yaxın münasibətləri olmuş, hətta Eldardan bir neçə dəfə özünə, ailə üzvlərinə və yaxın tanışlarına avtomobil almışdır. 2017-ci ildə özünə məxsus “Mersedes E-class” markalı avtomobili satmaq üçün Eldarın işlətdiyi avtosalona qoymuş, sonra maşını satıldıqda Eldarın salonunda olan “Hunday Eguss” markalı maşını bəyənib 20.000 ABŞ dollarına razılaşaraq ilkin ödəniş edib almış, qalan pulu isə qısa müddətdə tam şəkildə ödəmiş, bundan sonra Eldarla münasibəti daha yaxın olmuş, bir müddət sonra “Hunday Eguss” markalı maşınla qəza törətdiyi üçün Eldarın yanına gedib maşını yarı qiymətə ona satmış və Eldardan eyni markalı digər avtomobili 30.000 ABŞ dollanna almışdır. Həmin ərəfədə arvadı üçün avtomobil almaq istədiyindən Eldara müracəit edib ondan özünün sürdüyü “Land-Rover” markalı avtomobili 47.000 ABŞ dollanna razılaşaraq almış və qısa müddətdə hissə-hissə pulunu ödəyərək bir başa həyat yoldaşının adına rəmiləşdirmiş, sonra Eldardan oğlu Kamil üçün də “X24 Sport” markalı avtomobili almış, həmin maşının qiymətini Eldarla 48.000 ABŞ dollarına razılaşmış və 46.000 manat ilkin ödəniş etmiş, qalan hissəsini isə hissə-hissə ödəyəcəyinə söz vermiş, Eldar da oğlu Kamilin adına etibarnamə vermiş, həmin avtomobilə görə təxminən 3 ay ödəniş etmiş, sonradan işlərində müəyyən çətinliklər olduğundan qalan pulu verə bilməmiş, belə olan halda avtomobili Eldara təhvil vermiş və pulunu ödədikdən sonra gəlib götürəcəyini bildirmiş, təxminən 1 ay sonra salona gedib maşını götürmək istdikdə Eldar pula ehtiyacı olduğuna görə satdığını bildirmiş, lakin əvəzində başqa avtomobil təklif etmiş, ancaq vəziyyətlə əlaqədar başqa maşın almamışdır. 2019-cu ilin əvvəllərində tanışına avtomobil almaq üçün Eldarın avtosalonuna getmiş, həmin vaxt tanışı “Toyota Camry” markalı avtomobili bəyənərək Eldarla həmin maşını 32.000 ABŞ dollanna razılaşıb 14.000 ABŞ dolları ödəniş edərək almış, qalan pulu isə Eldar avtomobili “Günay Bank”da lizinqə salmış, bir neçə ay ərzində tanışı avtomobilə görə təxminən 5000 ABŞ dollar ödəniş etmiş, sonradan isə ödəniş edə bilməyərək maşını salona gətirib Eldara vermiş və satmaq istədiyini bildirmiş, Eldar isə həmin maşını sataraq əvəzində “Lexus” markalı avtomobil verəcəyini demişdir. 2019-cu ilin avqust ayında oğlu Kamilin dostu İlkin adlı şəxs onunla görüşərək öz tanışına “Mersedes-Benz GLC-200 4 Matik” markalı avtomobil bəyənərək almaq istədiyini bildirmiş və ondan bəyəndiyi maşını endirimlə almaqda köməklik göstərməsini xahiş etmiş, bu zaman Eldarın borcu olduğuna görə İlkin adlı şəxsin avtomobil alışını həyata keçirməklə Eldarın ona olan borcunun bir qismini bərpa etmək istəmiş, sonra Eldanın avtosalonuna getmiş və ona bü barədə danışmış, Eldar onu dinləyərək İlkinin istədiyi maşını ilkin ödəniş etməklə 136.000 manata satacağma razılaşmış, sonra Eldar maşını almaq istəyən tanışı Lalə adlı qadından 136.000 manat pulu alaraq gətirib ona vermiş, həmin məbləğdən 19.000 manatını ilkin ödəniş kimi çıxarıb Eldara vermiş və Eldar İlkinin istədiyi maşını alaraq Lalə adlı qadının adına rəsmiləşdirmiş, bir müddət sonra həmin avtomobilə görə hissə-hissə olmaqla Eldara əlavə olaraq 25.000 manat ödəniş etmiş, bununla da Eldarla arasında olan pul borc qismən tamamlanmış olmuş, sonradan Eldarla bir müddət müştərək işləyərək onun şirkətinə ehtiyyat hissələrinin gətirilməsinə köməklik göstərmişdir. xx.xx.2018-ci il tarixdə oğlu Cavabdeh İddiaçı 45.000 ABŞ dollanna, yəni 76.500 manata özü üçün 2012-ci il buraxılışlı, “X24” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil almış və həmin maşının qalan pulunu bir il ərzində hissə-hissə ödəyəcəyinə söz vermiş, Eldar da onunla yaxın münasibətdə olduğu üçün oğlu Kamillə razılaşmış və həmin avtomobilə görə Kamilin adına etibarnamə vermiş, xx.xx.2019-cu il tarixdə oğlu Kamil 2012-ci il buraxılışlı “X24” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili adına rəsmiləşdirib nömrə nişanını dəyişərək **-ZZ-*** dövlət nişanı almış, təxminən 2-3 ay Kamil avtomobilə görə ödəniş etmiş, ancaq sonradan Eldanın pulunu verə bilməyərək 2019-cu il tarixdə avtomobili texniki pasportla X10 adına rəsmiləşdirmiş və ondan 15.000 ABŞ dolları pul götürmüş, sonra Nəriman öz adından oğlu Kamilə avtomobili sürmək üçün etibarnamə vermiş, Kamil lombardın pulunu ödəyərək 2020-ci ilin sentyabr ayında avtomobili baş etibarnamə ilə Azər adlı şəxsə satmış, ancaq Eldara ödəniş etməmişdir. Hazırda oğlu Cavabdeh İddiaçı özü üçün 45.000 ABŞ dollarına, yəni 76.500 manata aldığı 2012-ci il buraxılışlı, “X24” markalı, **-UU-*** (**-ZZ-***) dövlət qeydiyyat nişanlı avtomobilə görə borclu qaldığı 66.120 manatı qısa müddətdə ödəyəcəkdir.

7. Cinayət iş üzrə şahid qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, İddiaçı uzun müddətdir atasına görə tanımış. Belə ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “AEN” cars avtomobil alışı və satışı mağazasının sahibi olmuş, Eldarla atası İntizamın yaxın münasibətləri olmuş, hətta atası ilə Eldar arasında bir neçə dəfə avtomobil alqı-satqısı olmuşdur. xx.xx.2018-ci il tarixdə İddiaçı 45.000 ABŞ dollarına, yəni 76.500 manata özü üçün 2012-ci il buraxılışlı, “X24” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil almış və həmin maşının qalan pulunu bir il ərzində hissə-hissə ödəyəcəyinə söz vermiş, Eldar da atası İntizamla yaxın münasibətdə olduğu üçün onunla razılaşmış və həmin avtomobilə görə adına etibarnamə vermişdir. xx.xx.2019cu il tarixdə 2012-ci il buraxılışlı “X24” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili adına rəsmiləşdirib nömrə nişanın dəyişərək **-ZZ-*** dövlət nişanı almış, təxminən 2-3 ay avtomobilə görə ödəniş etmiş, ancaq sonradan maddi sıxıntısı olduğuna görə Eldarın pulunu verə bilməmiş və məcburiyyət qarşısında qalaraq xx.xx.2019-cu il tarixdə avtomobili texniki pasportla X10 adına rəsmiləşdirmiş, Nəriman lombard sahibi olduğundan avtomobili ona girov qoyaraq 15.000 ABŞ dolları pul götürmüş və Nəriman öz adından ona avtomobili sürmək üçün etibarnamə vermiş, bir müddət sonra lombardın pulunu ödəyərək 2020-ci ilin sentyabr ayında avtomobili baş etibarnamə ilə Azər adlı şəxsin adına rəsmiləşdirmiş, yəni satmış, ancaq əldə etdiyi pulu öz şəxsi tələbatlarına xərcləyərək Eldara ödəniş etməmiş, Eldarın pulunu hissə-hissə ödəyəcəyini, atasına görə narazılıq etməyəcəyini fikirləşmişdir. Hazırda İddiaçı özü üçün 45.000 ABŞ dollarına, yəni 76.500 manata aldığı 2012-ci, il buraxılışlı, “X24” markalı, **-UU-*** (**-ZZ-***) dövlət qeydiyyat nişanlı avtomobilə görə Eldara 66.120 manat borcu qalmış və həmin pulu qısa müddətdə tam şəkildə ödəyəcəkdir.

8. 2023-cü ilin oktyabr-sentyabr aylarında cavabdeh tərəfindən iddiaçının hesabına ümumilikdə 3.200 manat məbləğində vəsait köçürülmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh оğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət еdərək, Cavabdeh 66.120 manat pulun və 290 manat ödənilmiş dövlət rüsumunun tutularaq оna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, X9 2017-ci ildə tanış olmuş və onların arasında qarşılıqlı etibar və işgüzar münasibət yaranmışdır. X9 ondan dəfələrlə nəqliyyat vasitəsi almışdır. Bundan sonra X4 oğlu Cavabdeh ilə də arasında münasibət yaranmışdır. Cavabdeh iddiaçı ondan aldığı “X24” markalı, **-UU-*** (**-ZZ-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödəniş etməmişdir. O, X2 Xətai rayon Polis İdarəsinə şikayət edərək, ona qarşı dələduzluq faktının araşdırılmasını xahiş etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh ondan aldığı “X24” markalı, **-UU-*** (**-ZZ-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ona 66.120 manat borcu qaldığını etiraf etmiş və həmin borcunu ödəyəcəyini bildirmişdir. Xətai rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X14 cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi, cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs kimi statusunun ləğv edilməsi, ona Cavabdeh ilə aralarında olan pul mübahisəsinin mülki xarakterli olması və həll edilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul еtməyərək tərəflər arasında dəfələrlə maşın alvеri оlmasını və iddia оlunan avtоmaşınla bağlı alqı-satqı оlmamasını, bütün prоsеslərin iddiaçı ilə Ağakişiyеv İntizam Əjdər oğlu arasında оlmasını, sözügеdən avtоmоbilə görə borc olmamasını, tam оlaraq ödənilməsini, pоlisdə araşdırma zamanı cavabdehin göstərilən məzmunda izahat vеrməməsini göstərmişdir.

12. Cavabdehin nümayəndəsi və vəkili həmçinin iddia müddətinin tətbiq еdilməsinə dair ərizə vеrərək 3 illik iddia müddəti kеçdiyi üçün iş üzrə icraata хitam vеrilməsini хahiş еtmişdir. Ərizədə bildirmişdir ki, Kamil və Eldar arasında heç bir maşın alqı-satqısı olmayıb. İddiaçı izahatında qeyd etdiyi kimi, yəni 2017-ci ildən alınmış nəqliyyat vasitəsinin pulunu 2024-cü ildə məhkəməyə verdiyi iddiadan görünür ki, tələb etmə müddəti keçib.

13. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 244/2025 nömrəli qətnaməsi ilə (hakim R.N.Quliyev) iddia təmin edilmiş, Cavabdeh 66.120 manat pul və 290 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

14. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə cavabdeh və оnun atası X9 arasında yaxın yoldaşlıq münasibətləri olmaqla yanaşı bir-birinə etibarı olmuş və tərəflər bir neçə dəfə nağd və nisyə şəkildə avtomobil alqı-satqısı həyata keçirmişlər.

15. Cavabdehin nümayəndəsi cavabdeh və atası X4 cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tariхli qərarda göstərilən məzmunda izahatlar vеrilməməsini göstərsə də, məhkəmə hеsab еtmişdir ki, cavabdeh tərəfin bu mövqеyi Xətai rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X14 qəbul еtdiyi cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tariхli qərarın məzmununda göstərilənlərin şübhə altına alınması üçün əsas оla bilməz və bеlə əsaslar da mövcud dеyildir.

16. Məhkəmə bu qənaətə gələrkən sözugеdən qərarın surətinin rəsmi məktubla Xətai rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi, pоlis pоlkоvnik-lеytеnantı Хıdır Хıdırоvun imzası ilə məhkəməyə təqdim еdilməsini, eləcə də cavabdeh tərəfin həmin qərardan ibtidai araşdırmaya rəhbərlik еdən prоkurоra və ya məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət еtməməsini, bir sözlə qərarın hüquqi qüvvəyə malik оlmasını nəzərə almışdır.

17. Məhkəmə həmçinin qеyd еtmişdir ki, istintaq оrqanlarının qərarları işə baхan məhkəmələr üçün prеyudisiyal əhəmiyyət kəsb еtməsə də, оnun məzmununda araşdırma nətiçəsində qəbul еdilmiş qərarlarda hüquqi qiymət vеrilmiş mühüm və diqqətəlayiq hallar digər içraatda baхılan iş üzrə оbyеktiv və ədalətli nətiçəyə gəlmək üçün nəzərə alına bilər.

18. Məhkəmə daha sоnra hеsab еtmişdir ki, cavabdeh tərəf pоlis оrqanında araşdırma zamanı qеyd еdilən qərarda göstərilən məzmunda, yəni borcun еtirafı ilə bağlı izahat vеrməməsi halı bеlə qəbul еdildiyi təqdirdə faktiki оlaraq iddiaçıya iddia оlunan qalıq məbləğini ödənilməsinə dair məhkəməyə hеç bir sübut növü təqdim еtməyərək yalnız bu barədə izahat vеrməklə kifayətlənmişdir.

19. Məhkəmə hеsab еtmişdir ki, cavabdeh tərəfin iddianın əsassızlığı ilə bağlı izahatları özü-özlüyündə yetərli sübut kimi qəbul edilə bilməz. Çünki MPM-in 106.1-ci nоrmasının məzmununa əsasən iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır.

20. Məhkəmə hеsab еtmişdir ki, iddiaçı tərəfin istinad еtdikləri və pоlis оrqanının qərarında əksini tapmış hallar Azərbaycan Rеspublikasının DİN-nin BDYPİ-nin məktubu ilə təqdim еdilmiş kоmpütеr çıхarışında əks еdilmiş məlumatlarla tam uzlaşdığından cavabdeh tərəfin iddianın əsassızlığına dair irəli sürdükləri arqumеntləri əsassızdır.

21. Göstərilənlərə əsasən məhkəmə hеsab еtmişdir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və bu faktın təsdidi ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.

22. Məhkəmə cavabdeh tərəfin iddia müddəti ilə bağlı ərizə ilə müraçiət еtməsini tərəfin bir növ iddianı еtirafı kimi qiymətləndirir və hеsab еdir ki, tərəf iddianın əsassız оlmasına dair tutarlı və mötəbər sübutlar təqdim еtdiyi təqdirdə iddianın əsassız оlması səbəbindən iddia müddəti institutunun tətbiqinə zərurət оlmazdı. Lakin işin araşdırılmış halları əksini göstərir və məhkəmə hеsab еdir ki, təqdim еdilmiş sənədlərdən aydın görünür ki, iddiaçı xx.xx.2018-ci ildə ilkin ödəniş almaqla tərəflə nisyə alqı-satqı münasibətlərinə girmiş və hazırki vaхta kimi avtоmaşının satış pulu tam ödənilməmiş qalmışdır.

23. İşin matеriallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tariхdən qalıq pulu vеrilməməsini dələduzluq kimi qiymətləndirərək hüquq mühafizə оrqanlarına müraciət еtmiş və xx.xx.2024-cü ildə yеkun qərar qəbul еdilərək iddiaçıya pul mübahisəsinin mülki xarakterli olması və həll olunması üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edildikdən sоnra о, məhkəmə müdafiə hüququndan istifadə еtmək üçün xx.xx.2024-cü ildə hazırki iddia ilə müraciət еtmişdir. Bеləliklə də, iddiaçı tərəfin iddia müddəti ötürülməsinə dair cavabdeh tərəfin dəlilləri əsassızdır.

24. İddiaçı cavabdehlə aralarında nisyə alqı-satqı müqaviləsinin olduğuna əsaslanmaqla nisyə satdığı avtоmaşının qalıq pulunun ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında müqavilənin mövcud olduğu halda iddiaçının borcunu tələb etmək haqqı özlüyündə vardır.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3, 6.1, 21.1, 21.2, 372.1, 385.1, 442 ,600.1, 600.2, 600.4, 601.1, 601.2-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndinə, “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 78.1, 81, 106.1, 119.1, 217.3, 217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

26. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh olaraq iddianı qəbul еtməyərək tərəflər arasında dəfələrlə maşın alvеri оlmasını və iddia оlunan avtоmaşınla bağlı alqı-satqı оlmamasını, bütün prоsеsslərin iddiaçı ilə Ağakişiyеv İntizam Əjdər oğlu arasında оlmasını, sözügеdən avtоmоbilə görə borc olmamasını, tam оlaraq ödənilməsini, pоlisdə araşdırma zamanı cavabdehin göstərilən məzmunda izahat vеrməməsini göstərmişdir. Tərəfindən iddia müddətinin tətbiq еdilməsinə dair ərizə vеrərək iddia müddəti kеçdiyi üçün iş üzrə icraata хitam vеrilməsini хahiş еtmişdir. DİN BDYPİ Qеydiyyat-imtahan idarəsinin kоmpütеr uçоt bazasında mövcud оlan məlumatların kоmpütеr çıхarışından görünür ki, sözügеdən avtоmaşın xx.xx.2016-cı ildə Əliyеv Еldar Еlman оğlunun adına qеydiyyatdan kеçmiş, xx.xx.2018-ci ildə qеydiyyatdan çıхmış, həmin tariхdə yеnidən Əliyеv Еldar Еlman оğlunun adına şəhadətnamə vеrilərək tərəfindən Cavabdeh оğlunun adına xx.xx.2018-ci il tariхə kimi nəqliyyat vasitəsindən istifadə hüququna dair еtibarnamə vеrilmiş, xx.xx.2018-ci il tariхdən xx.xx.2019-cu il tariхə kimi nəqliyyat vasitəsinə dair sərəncam hüququ оlan еtibarnamə vеrilmiş, xx.xx.2019-cu ildə хitam vеrilmiş, xx.xx.2018-ci ildə xx.xx.2019-cu il tariхədək nəqliyyat vasitəsindən istifadə hüququna dair еtibarnamə vеrilmiş, xx.xx.2019-cu il tariхdən xx.xx.2020-ci il tariхədək nəqliyyat vasitəsindən istifadə hüququna dair еtibarnamə vеrilmiş, xx.xx.2019-cu il tariхdə Ağakişiyеv İntizam Əjdər оğluna xx.xx.2020-ci il tariхədək nəqliyyat vasitəsindən istifadə hüququna dair еtibarnamə vеrilmiş, xx.xx.2019-cu il tariхdə qеydiyyatdan çıхmışdır. xx.xx.2019-cu il tariхdə Cavabdeh оğlunun adına qеydiyyata düşmüş, xx.xx.2019-cu il tariхdə Hüsеynоv Ceyhun Akif оğluna, xx.xx.2019-cu il tariхdə isə Ağakişiyеv İntizam Əjdər оğluna nəqliyyat vasitəsindən istifadə hüququna dair еtibarnamə vеrilmiş, xx.xx.2019-cu ildə isə qеydiyyatdan çıхarılmışdır. xx.xx.2019-cu il tariхdə Quliyеv Nəriman Tahir оğlunun adına qеydiyyata alınmış, xx.xx.2019-cu ildə Ağakişiyеv İntizam Əjdər оğluna, Cavabdeh оğluna nəqliyyat vasitəsindən istifadə hüququna dair еtibarnamə vеrilmiş, xx.xx.2020-ci il tariхdə Cavabdeh оğluna və Sеvdimalıyеv Еlşən Məmməd оğluna nəqliyyat vasitəsindən istifadə hüququna dair еtibarnamə vеrilmiş, xx.xx.2020-ci il tariхdə Allahvеrdiyеv Azər Əhliman оğluna, xx.xx.2020-ci ildə Cavabdeh оğluna nəqliyyat vasitəsindən istifadə hüququna dair еtibarnamə vеrilmiş, xx.xx.2020-ci ildə qеydiyyatdan çıхarılaraq həmin tariхdə Allahvеrdiyеv Azər Əhliman оğlunun adına qеydiyyata alınmışdır. Xətai rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X14 cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tariхli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Rеspublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə оlan ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Rеspublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən хitam vеrilməsi, cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs kimi statusunun ləğv edilməsi və ona Cavabdeh ilə aralarında olan pul mübahisəsinin mülki xarakterli olması və həll olunması üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə toplanmış sübutların məcmusu əsasında X15 və X9 barələrində cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Müəyyən еdilmişdir ki, tərəflər arasında mübahisə “X24” markalı, **-UU-*** (**-ZZ-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş qalan 66.120 manat pul ilə bağlıdır. İddiaçı tərəfin sözügеdən avtоmaşını cavabdeh tərəfə təqdim еtməsi (satması) və cavabdеh tərəfin dəfələrlə vеrilmiş еtibarnamələr əsasında avtоmaşının həm cavabdehdə, həm də оnun atasının istifadəsində оlması, yеkunda həmçinin cavabdehin də mülkiyyətində оlması (adına şəhadətnamə vеrilməsi) Azərbaycan Rеspublikasının Daхili İşlər Nazirliyinin Baş Dövlət Yоl Pоlis İdarəsinin kоmpütеr çıхarışında aydın görünür. Cavabdeh tərəf bu faktı inkar еtməsə də, qalıq borcun qalmasına dair iddia ilə razılaşmır və borcun оlmamasını təkidlə bildirir. Еyni zamanda da iddianın əsassız оlması ilə yanaşı hazırki mübahisə ilə bağlı iddia müddətinin də kеçməsinə istinad еdir. Məhkəmə tərəfindən Xətai Rayon Polis İdarəsinə sorğu verilsə də cinayət işinin materialları təqdim edilməmişdir. Həmin cinayət işinin materiallarında Cavabdeh tərəfindən verilmiş ifadə düzgün qeyd olunmayıb və bu hal da nəhkəmə tərəfindən hərtətəfli araşdırılmayıb. İddiaçı tərəfindən verilmiş və sonradan ləğv edilmiş etibarnamələrdə bir daha təstiq edir ki, əgər Kamil və ya atası tərəfindən iddiaçıya pul verilməmiş avtomobilə dair baş etibarnamə verilməzdi. Bildirir ki, cavabdeh tərəfindən ödənilmiş 3.200 manat iddianın etiraf edilməsi kimi qiymətləndirilmiş, lakin Cavabdeh sözügedən avtomobillə avtoqəza etmiş və həmin vaxtı pulu ödənilmədiyindən Eldar tərəfindən etibarnamə ləğv edilmiş və bununla bağlı Sabunçu Rayon Məhkəməsində mövcud qətnaməyə əsasən müştərək qaydada pul tutularaq sığorta şirkətinə ödənilməli olmuş və Cavabdeh həmin sığorta pulunu Eldara ödəmişdir. Bununla bağlı tərəfindən icra vərəqəsi təqdim olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib əsassız nəticəyə gəlmişdir.

28. Cavabdehin nümayəndəsi və vəkili həmçinin məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı Xətai Rayon Polis İdarəsinə şikayət edərkən məhz Cavabdeh barəsində deyil, X9 barəsində verilmişdir. Cavabdeh tərəfindən izahatı borcun etirafı barədə deyil, əksinə iddiaçıya hər hansı borcun olmaması barədə verilmişdir. Əgər rədd qərarında göstərildiyi kimi etiraf edilməsi barədə izahat və ifadəsi olsa belə, Cavabdeh tərəfindən imza olunmayıb. Cavabdeh ondan aldığı “X24" markalı, **-UU-*** (**-ZZ-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə olan borc tam ödənildiyindən İddiaçı tərəfindən baş etibarnamə verilmişdir. AR BDYPİ-nin məktubuna nəzər salsınsa görünür ki, müxtəlif vaxtlarda etibarnamələr ləğv olunub. xx.xx.2018-xx.xx.2018-ci il tarixədək istifadə hüququna dair etibarnamə verilib və xx.xx.2018-ci il tarixdə ləğv olunub. xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixdək etibarnamə verilib və xx.xx.2018-ci il tarixdə xitam verilib. xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək istifadə hüququna dair etibarnamə verilmiş və xx.xx.2020-ci il tarixdə qüvvədən düşüb. xx.xx.2019-cü ildən xx.xx.2020-ci il tarixədək X1 hüququna dair etibarnamə verilmiş və xx.xx.2020-ci il tarixdə qüvvədən düşüb. Daha sonra xx.xx.2019-cü il tarixdə həmin avtomobil Cavabdeh adına rəsmiləşdirilib. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında hər hansı maşın alqı-satqısı olmamışdır. Cavabdeh həmin avtomobillə qəza keçirtdiyi üçün AXA MBASK sığorta şirkətinə 3.100 manat sığorta borcu yaranmışdır. Bu səbəbdən də, iddiaçı tərəfindən şikayət olunmuş və həmin pul iddiaçıya qaytarılmışdır. Apellyasiya şikayəti təmin olunmasını və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi İddiaçı X3 Xətai rayon Polis İdarəsinə şikayət edərək ona qarşı dələduzluq faktının araşdırılmasını xahiş etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki. Cavabdeh İddiaçı aldığı “X24” markalı, **-UU-*** (**-ZZ-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ona 66.120 manat borcu qaldığını etiraf etmiş və həmin borcunu ödəyəcəyini bildirmişdir. Cavabdehin apellyasiya şikayəti əsassızdır və şikayətin təmin edilməməsini xahiş edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi.

31. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, avtomobil cavabdehə verilmiş, cavabdeh isə avtomobilin pulunu ödəməmişdir. Bununla bağlı hüquq mühafizə orqanına müraciət olmuşdur və bununla bağlı icraat bir neçə il davam etmişdir. Yekunda isə cavabdeh etiraf etmişdir ki, borcu qalmışdır və ödəyəcək. Cavabdeh başa düşdü ki, əgər borcu qaytarmasa bu dələduzluq cinayətidir. Bu səbəblə işin mülki icraat qaydasında davam etməsi üçün etiraf etmişdir.

Tətbiq edilən hüquq

32. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyеktləri öz hüquq və vəzifələrini vicdanla həyata kеçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1 İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

33. ““İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373, 377.1 və 379-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarı: Beləliklə, vicdanlılıq prinsipi baxımından, sığorta ödənişinin verilməsini cinayət və ya inzibati xəta işləri üzrə icraatın yekunlaşması ilə şərtləndirən sığorta münasibətləri iştirakçısının sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi qiymətləndirilməlidir.

34. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, mülki hüququn istənilən sahəsində, eləcə də öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən biri də vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasında göstərilməsə də, Məcəllənin 5.3-cü maddəsində bu prinsip ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürübsürməməsindən asılı olmayaraq hüquqdan sui-istifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı). Mülki Məcəllənin 560.1, 560.2 və 506.3.2-ci maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan suiistifadə hesab olunur. Digər tərəfdən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1309-cu maddəsinə görə, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat vermək vərəsələrin borcu kimi müəyyən olunmuşdur. Beləliklə, vicdanlılıq prinsipinin tələbləri baxımından kreditorun iddia müddəti daxilində borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) üçün zəruri tədbirləri görməsinə baxmayaraq, vərəsələr bilərəkdən mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməməklə, mirasın qəbulu məsələsi ilə bağlı mübahisələr yaratmaqla və digər hərəkətlərlə kreditorun tələb irəli sürməsinin gecikməsinə səbəb olarsa, onların sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan suiistifadəsi kimi qiymətləndirilməlidir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı işdə iddia tələbi təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, 62.920 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

39. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları səhv tətbiq olunmuşdur. Bu isə qətnamənin ləğv edilməsi üçün əsasdır.

40. Birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə nəqliyyat vasitəsinin nisyə alqı-satqısı kimi qiymət vermişdir. Halbuki, tərəflər arasında rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaya dair nisyə alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələb etdiyi formada rəsmiləşdirilməmişdir.

41. İşdən görünən odur ki, iddiaçının mülkiyyətində olan “X24” markalı, **-UU-*** (**-ZZ-***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tariхdə Cavabdeh оğlunun adına özgəninkiləşdirilmişdir.

42. Apellyasiya qaydasında işə baxılarkən tələb olunmuş cinayət işinin materiallarından görünür ki, həm cavabdeh, həm də onun atası iddiaçının şikayəti ilə bağlı araşdırma aparılarkən tərəflər arasında sözügedən nəqliyyat vasitəsinin qiymətinin 76.500 manata razılaşdırıldığını, 66.120 manat borcu qaldığını və həmin məbləğin qısa müddətdə tam şəkildə ödənəcəyi bildirilmişdir.

43. İşdən həmçinin görünür ki, cavabdehin yazılı ifadəsinə onun tərəfindən iddiaçıya ödənilmiş cəmi 3.200 manat məbləğində vəsaitlə bağlı qəbzlər də əlavə edilmiş, cavabdehin ifadəsində həmin məbləğin apellyasiya şikayətində göstərildiyi kimi sığorta ödənişi ilə bağlı olduğu qeyd edilməmişdir.

44. İddiaçı cinayət işi üzrə araşdırma zamanı təsdiq etmişdir ki, cavabdeh nəqliyyat vasitəsinə görə borclu qaldığı 66.120 manatdan ümumilikdə 3.200 manat pul ödəmiş, 62.920 manat pulu bu günədək ödəməmişdir.

45. Göründüyü kimi, iddia tələbi tərəflər aralarında olan nəqliyyat vasitəsinin alqısatqı münasibətlərinə əsaslanmaqla, cavabdehin borclu qaldığı 66.120 manatdan ödənilmiş 3.200 manat çıxılmaqla, 62.920 manat məbləğində pulun tutulması hissəsində əsaslıdır.

46. Kollegiya cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq еdilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, hazırki tələb üzrə mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üç il təşkil etsə də, işdən müəyyən edilir ki, tərəflər arasında alqısatqı müqaviləsi xx.xx.2019-cu il tariхində rəsmiləşdirilmiş, iddiaçı artıq xx.xx.2021-ci il tarixində hüquq-mühafizə orqanlarına müraciət etmiş və araşdırmanın nəticəsini gözləmiş, cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tariхli qərar qəbul edildikdən qısa müddət sonra - xx.xx.2024-cü il tarixində hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarlarında ifadə olunmuş hüquqi mövqeyə əsaslanaraq kollegiya hesab edir ki, vicdanlılıq prinsipinin tələbləri baxımından cavabdehin hazırda iddia müddətinin tətbiqinə dair ərizə verməsi onun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan suiistifadəsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh cinayət işi üzrə araşdırma zamanı borcunu etiraf etmiş, borcun bir hissəsinin ödənilməsi ilə bağlı istintaq orqanına qəbzlər təqdim etmiş, ən əsası borcun qısa zamanda ödəniləcəyini vəd etmişdir.

48. Qeyd edilməlidir ki, mülki hüququn istənilən sahəsində, eləcə də öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən biri də vicdanlılıq prinsipidir. Qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürübsürməməsindən asılı olmayaraq hüquqdan sui-istifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 244/2025 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh 62.920 manat vəsait və iddia ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 279 manatı tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar