Məhkəmə qərarları › İş №2(103)-351/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-351/2025

05.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-351/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-351/2025 (Açar sözlər: artıq ödənilmiş pulun qaytarılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil1, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış sahəsi üçün artıq alınmış vəsaitin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-125/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə xx.xx.2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “X7” MMC-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X7” MMC-dən onun xeyrinə vurulmuş maddi ziyana görə 28330 (22.22 kv.m x1275) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 1054-cü məhəllə, ev 122, 122A, 126, 126A, 128, ünvanında yerləşən 117 nömrəli mənzil (yeni qaydalarla AZ1122 Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 126, M18,m5) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X5 Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat №-li çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Qeyd olunan mənzili cavabdeh ilə bağlanmış GH-A-18/002380 №-li 16 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən almışdır. Lakin sonradan mənzil sahəsinin ölçüsünün onunla cavabdeh arasında bağlanmış GH-A-18/002380 nömrəli 16 noyabr 2020-ci il tarixli müqavilədə qeyd olunan rəqəmlə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X5 Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat №-li çıxarışda qeyd olunan rəqəmlərin fərqli olduğunu müşahidə etdi. Onunla cavabdeh arasında bağlanmış GH-A-18/002380 №-li 16 noyabr 2020-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı Bakı şəhəri Tbilisi prospekti 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən "xxxx" çox mərtəbəli yaşayış kompleksində blok 8, mərtəbə 18, brut sahəsi (mənzilin tikilən brut satış sahəsi) 149,00 m2 olmaqla, net sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək şıxarışda əks olunan ümumi sahə) sahəsi 137, 22 m2, olan 3 (üç) otaqdan ibarət 117 saylı mənzili Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Hansıki, hazırda həmin mənzilin net sahəsi 115.90 kv.m-dir. Beləliklə cavabdeh ona müqavilədə nəzərdə tutulandan 22.22 kv.m az sahəsi olan mənzil vermişdir. Cavabdehlə bağlanmış GH-A- 18/002380 №-li 16 noyabr 2020-ci il tarixli müqavilədə Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 1054-cü məhəllə, ev 122, 122A, 126, 126A, 128, ünvanında yerləşən 117 nömrəli (yeni qaydalarla AZ1122 Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 126, M18,m5) mənzilin 1 kvadrat metrinin qiyməti 1275 manat müəyyən olunmuşdur. Beləliklə cavabdeh ona 28330 manat maddi ziyan vurmuşdur.

3. Daha sonra idiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdehin əvəz edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh “X7” MMC-nin cavabdeh "xxxx" MTK ilə əvəz edilməsini, "xxxx" MTK-dan onun xeyrinə vurulmuş maddi ziyana görə 28330 (22.22 kv.m x1275) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh əsl Cavabdeh "xxxx" MTK ilə əvəz edilmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-125/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddianın təmin olunmaması qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 762, 766-cı maddələri, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3, 59.4, 59.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir

7. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır, əlavə olaraq bildirmişdir ki, müqavilənin məzmunundan göründüyü kimi satıcı göstərilən ölçülərdən ibarət olan mənzili alıcıya satmağı öhdəsinə götürmüşdür, hansı ki, müqavilənin məzmunundan aydın olur ki, satıcı tərəfindən DƏDRX-da qeydiyyata alınmalı olan mənzilin sahəsinin 137,22 kv m olması öhdəliyini götürmüş nəticədə müqavilə şərtinə uyğun olmayan, yəni 22 kv m az sahənin verildiyi müəyyən edilmişdir ki. Hansı ki, daşınmaz əmlakın dövlət qeydiyyatına dair çıxarışda həmin ölçü əks olunub cavabdeh tərəfə ödənilən pul məbləği məhz 137,22 kv m üçün olmuşdur. Beləliklə, iddiaçı tərəf həmin ölçünün 115 kv.m olmasını bilsə idi, müqavilə münasibətlərinə daha aşağı məbləğlə girərdi və ya müqavilədən imtina edərdi. Birinci instansiya məhkəmkəməsi ŞTM-nın 59-cu maddəsinə istinad edərək mənzilin ölçülmə üsullarını qeyd etmiş, lakin nəzərə almamışdır ki, həmin maddi hüquq normasının o zaman tərəflər arasında olan münasibətə dair əhəmiyyəti olardı ki, onlar arasında razılaşdırılmış 137,22 kv.m sahə iddiaçının mülkiyyətinə verildikdən sonra (dövlət qeydiyyatına sözügedən ölçü ilə alındıqdan sonra) hesablanan mənzlinin ölçüləri ŞTM-nın qeyd olunan maddəsinə uyğun ölçülərək müəyyən edilərdi. Belə ki, həmin ölçmə üsulu müqavilədə razılaşdırılmış, yəni tərəfin tam mülkiyyətinə verilməli olan ölçü hesablandıqdan sonra dövlət qeydiyyatı zamanı sözügedən üsuldan istifadə etməklə hesablama metodu həyata keçirilərdi.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

e) Proses iştirakçılarının izahatı

9. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini istəmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

14. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun;

15. Maddə 762.2. Podratın nəticəsi şərtləndirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləndirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

16. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər;

17. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

18. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

19. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

20. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər

21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi

22. Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

23. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır;

24. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

28. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanunliyinin və əsaslılığının bütövlükdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia isə qismən təmin edilməlidir.

33. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da qətnamənin ləğvinə səbəb olur.

34. Belə ki, işin halları ilə bağlı tərəflərin izahatlarından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edilir ki, Cavabdeh MTK ("xxxx" MTK) ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli alqı-satqı (podrat) müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən cavabdeh "xxxx" MTK Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054- cü məhəllə ünvanda inşa etdiyi "xxxx" çoxmənzilli yaşayış kompleksində blok 8, mərtəbə 18, brut sahəsi (mənzilin tikilən brut satış sahəsi) 149 kv.metr olmaqla, net sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahə) 137,22 kv.metr olan, 3 otaqdan ibarət 117 nömrəli mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə görə tərəflər mənzilin ümumi dəyəri 190.000 manat olmaqla, mənzilin brut satış sahəsi üzrə hər kv.metr üçün 1.275 manat, net sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahə) üçün isə 1.384,64 manat olması barədə razılığa gəlmişlər. Müqaviləyə əlavə edilmiş eskiz layihədə mənzilin sahəsi (net sahəsi) 137,22 kv.metr və ya (mənzilin tikilən brut sahəsi) 149,00 kv.metr göstərilmişdir. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş və mənzilin dəyəri tam olaraq Cavabdeh MTK-ya ödəmişdir.

35. Lakin ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri Yasamal rayonu Ə.Salamzadə küçəsi, b. 122, 122A, 126, 126A, 128, 17 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsi, 126, M18, m5) ümumi sahəsinin 115,9 kv.metr olduğu göstərilmişdir.

36. O cümlədən ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs tərəfindən tərtib edilmiş xx.xx.2022-cİ il tarixli **********17-05301-093172 reyestr nömrəli texniki pasportda X4 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Ə.Salamzadə küçəsi, b. 122, 122A, 126, 126A, 128, 17 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsi, 126, M18, m5), ümumi sahəsinin 115,90 kv.metr, yaşayış sahəsinin 65,3 kv.m, 3 yaşayış otağından ibarət olduğu göstərilmişdir. Mənzilin balkonunun sahəsi hesablanarkən əmsal tətbiq edilmiş və 28,3 kv.m x 0,3 = 8,5 kv.m göstərilməklə, mənzilin ümumi sahəsinin 115,9 kv.m olduğu qeyd edilmişdir. Balkonun sahəsi hesablanarkən əmsal tətbiq edilmədikdə, ümumi sahə 135,7 kv.m olduğu görünür.

37. Hazırda iddiaçı yuxarıda qeyd edilənləri əsas gətirmiş, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir.

38. İlk növbədə iddianın predmetinə və hüquqi təbiətinə münasibət bildirməyi zəruri hesab edən kollegiya qeyd edir ki, iddianın əsasını təşkil edən müqavilə şərtləri podrat münasibətlərini özündə ehtiva etdiyindən hazırki münasibətə podrat müqaviləsindən irəli gələn qaydalar tətbiq olunmalıdır.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsiə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

40. İddiaçı hazırki tələbində yuxarıda qeyd olunan müqavilənin şərtləri ilə ona verilməsi nəzərdə tutulan mənzilin ölçüləri ilə faktiki ölçülər arasında fərqin olduğunu bildirmiş və bununla bağlı DƏDKR tərəfindən ona verilən çıxarışı əsas göstərmişdir.

41. Birinci instansiya məhkəməsi bu halı müəyyən etmək üçün ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2- 10/8150 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən mənzilin ümumi sahəsinin 115,9 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ümumi sahəsi 147,5 kv.m təşkil edir. Göstərilənləri nəzərə alaraq mənzilin ümumi sahəsinin 115,9 kv.m təşkil etdiyini, həmin mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 135,7 kv.m təşkil etdiyini nəzərə alaraq, mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanmış xx.xx.2020- ci il tarixli GH-A 1/002354 saylı müqavilənin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.

42. Məhkəmə sözügedən ekspert rəyini şərh edərkən qeyd etmişdir ki, “tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi brut sahəsi 149.00 kv.metr olan mənzili təhvil verməyi öhdəsinə götürmüş və öhdəliyini icra edərək həmin sahəyə malik (cuzi fərqlə 1.5 kv.m) mənzili iddiaçıya vermişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, yəni podratı kəmiyyətcə yerinə yetirmişdir və bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürməsi əsassızdır. Mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 135,7 kv.m, yəni müqavilədə göstərilən 137,22 kv.m net sahədən 1,52 kvm az təşkil etməsinə gəldikdə, məhkəmə mənzildə təmirtikinti və yenidənqurma işlərinin aparıldığını nəzərə alaraq bu fərqi əhəmiyyətli saymır və hesab edir ki, həmin fərq iddianın təmin olunması üçün əsas vermir”

43. Lakin kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, yuxarıda qeyd edilən ekspert rəyində istər mübahisəli mənzilin ümumi brut sahəsinin, istərsə də net sahəsinin faktiki ölçülərinin mənzildə təmir-tikinti və yenidənqurma işlərinin aparılması nəticəsində rəydə göstərilən miqdarda azalmasına dair hər hansı qeyd olmamış, o cümlədən məhkəmənin yaranan fərqi hansı meyarlara görə “cüzi” və ya “əhəmiyyətli” olaraq qiymətləndirməsini də izah etməmişdir.

44. Qeyd edilənləri nəzərə alaraq hazırki iş üzrə kollegiya tərəfindən yenidən expertiza təyin olunmuş, bunun nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli, 10/7683 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Ə.Salamzadə küçəsi, b. 122, 122A, 126, 126A, 128, 17 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsi, 126, M18, m5) aparılmış təmir-tikinti və yenidənqurma işlərinin həcmi baxımından mənzilin faktiki sahəsi tərəflər arasında bağlanmış müqavilədə göstərilən (brut sahəsi 149 kv.m, net sahəsi 137,2 kv.m) sahədən 1.52 kv.m. ölçüsündə azalmadığı müəyyən olunmuşdur.

45. Ekspert rəyindən də göründüyü kimi iddiaçıya verilmiş mənzilin real ölçüləri ilə müqavilədə nəzərdə tutulan ölçülər arasında fərqin yaranması hər hansı təmir və ya yenidənqurma işlərinin hesabına baş verməmiş, bu hissədə məhkəmə işin hallarına qiymət verməkdə yanlış mövqe göstərmişdir.

46. Kollegiya qeyd edir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir.

47. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir.

48. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.

49. Beləliklə, kollegiya iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin şərtlərini ekspert rəyi ilə müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilməz.

50. Mülki Məcəllənin 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

51. Kollegiya bu hissədə həmçinin birinci instansiya məhkəməsi tərəfindən sözügedən 1.52 kv.metrlik fərqin “cüzi” adlandırılması ilə də razılaşmayaraq bildirir ki, tərəflər arasında bağlanılan müqavilənin şərtinə əsasən iddiaçı əldə edəcəyi mənzilin bir hər kv.metrinə görə müəyyən məbləğdə pul ödəməyi öz öhdəsinə götürmüş və ödəmişdir. Bu isə iddiaçıya həmin müqavilə şərtlərinin az və ya çox həcmdə pozulmasından asılı olmayaraq hər bir halda zərər vurulması və cavabdehin nəticədə əsassız varlanması ilə nəticələnir. Bu konteksdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh MTK müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən mənzilin müqavilə üzrə nəzərədə tutulmuş ölçüyə uyğun təhvil verilməyən hissəsinin dəyəri hansı həcmdə olmasından asılı olmayaraq cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

52. Fərq məbləği ilə bağlı məsələyə münasibətdə isə qeyd edilir ki, yuxarıda qeyd edilən iş materiallarında da göründüyü kimi cavabdeh şirkət tərəfindən iddiaçıya təhvil verilən mənzilin faktiki ümumi sahəsi ilə müqavilədə nəzərdə tutulan sahə arasında 1,52 kv.metr fərq mövcuddur (137,22 – 135,7 = 1,52). Bu da onu deməyə əsas verir ki, iddiaçının apellyasiya şikayəti qeyd edilən hissədə qismən əsaslı olmaqla dəymiş zərərin hesablanması zamanı 1,52 kv.metrlik fərq nəzərə alınmalı və iddiaçıya dəymiş zərərin məbləği həmin ölçü üzərindən hesablanmalıdır.

53. Belə ki, iddiaçı ilə cavabdeh “X7” MMC arasında olan müqavilədə mənzilin dəyəri hər kv.metr üçün 1275 manat müəyyən edilmiş və həmin məbləğin iddiaçı tərəfindən ödənilməsi işin mübahisəsiz halını təşkil etmişdir (bunu təkzib edən hər hansı sübut da iş materiallarında aşkarlanmamışdır). Beləliklə, kollegiya hesab edir ki, 1,52 kv.metr sahə üzrə hər kv.metr üçün 1275 manat hesablamaqla (1,52 x 1275) cəmi 1938 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə cavabdeh “X7” MMC-dən tutulmalıdır.

54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin əskik olan 1,52 kv.metr ölçüyə mütanasib olaraq müqavilə əsasən hər kvadrat metr üçün 1275 manat olmaqla 1938 manat məbləğində pul cavabdeh “X7” MMC-dən İddiaçı xeyrinə tutulmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

56. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

58. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

59. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

60. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 175 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 11,97 manat hissəsi, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 88 manat məbləğində dövlət rüsumunun 6,02 manat olan hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, həmin rüsumların qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir.

61. Həmçinin birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 150 manat məbləğində pulun 10,26 manat hissəsi cavabdehdən, qalan 139,74 manat olan hissəsi isə iddiaçıdan tutulmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-125/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin əskik olan 1,52 kv.metr ölçüyə mütanasib olaraq müqavilə əsasən hər kvadrat metr üçün 1275 manat olmaqla 1938 (min doqquz yüz otuz səkkiz) manat məbləğində pul cavabdeh “X7” MMC-dən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 175 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 11,97 (on bir manat doxsan yeddi qəpik) manat hissəsi, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 88 manat məbləğində dövlət rüsumunun 6,02 (altı manat iki qəpik) manat olan hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 150 manat məbləğində pulun 10,26 (on manat iyirmi altı qəpik) manat hissəsi cavabdehdən, qalan 139,74 (yüz otuz doqquz manat yetmiş dörd qəpik) manat olan hissəsi isə iddiaçıdan alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar