Məhkəmə qərarları › İş №2(103)-3510/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3510/2024

10.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3510/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: dəymiş ziyanın ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1073/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. 19.11.2001-ci il tarixli 000405 qeydiyyat nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, iddiaçı, ünvan 1 ünvanında yerləşən 14,2 kv.metr qeyriyaşayış sahəsinin mülkiyyətçisidir.

2. RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət növü ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. “İçərişəhər” Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsinin Mənzil - kommunal və Təmir Xidməti tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli V-01/05/62 saylı, xx.xx.2022-ci il tarixli V-01/05/66 saylı və xx.xx.2023-cü il tarixli V-01/05/22 saylı məktublardan müəyyən olunur ki, mütəxəssislər tərəfindən ünvanda aparılan araşdırmalar zamanı həqiqətən də su sızmanın yuxarı mərtəbənin sanitar-qovşağından baş verdiyi müəyyən edilmiş və cavabdehdən qısa müddət ərzində su sızmasının qarşısının alınmasının təmin edilməsi tələb edilmişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(009)- 548/2019 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsində yerləşən 14/33 saylı evin mülkiyyətçilərin ümumi istifadəsində olan həyətyani sahədə İddiaçı məxsus qeyri-yaşayış sahəsinin mətbəx tikilisinin divarı qarşısında qoyulmuş soyuducu qurğunun həmin həyətyanı sahədən çıxarılması, ilkin iddia tələblərinin qalan hissədə, həmçinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(103)- 233/2021 nömrəli qətnaməsi ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(009)-548/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 may 2022-ci il tarixli, 2(102)-2395/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(103)-233/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2023-cü il tarixli, 2(103)- 331/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 noyabr 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni ilk iddiada ifadə edilmiş “mübahisəli sanitar qovşağın ümumi istifadəyə qaytarılması və həmin sahəyə cavabdeh tərəfindən qanunsuz açılmış qapı boşluğunun cavabdehin hesabına bağlanması barədə” tələblərin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməklə, iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh İddiaçı qarşı irəli sürdüyü ilk iddiada ifadə edilmiş “mübahisəli sanitar qovşağın ümumi istifadəyə qaytarılması və həmin sahəyə cavabdeh tərəfindən qanunsuz açılmış qapı boşluğunun cavabdehin hesabına bağlanması barədə” tələblərin qismən təmin edilməsi, Bakı şəhəri, Asəf Zeynallı küçəsi, ev 14/33-də yerləşən və cavabdeh İddiaçı məxsus sahəyə girişdən sağda, daşıyıcı divarda (sahəsi 4 kv.metr olan mübahisəli sanitar qovşağa) açılmış qapı boşluğunun cavabdeh İddiaçı hesabına bağlanması və ümumi sahəsi 4 kv.metr təşkil edən sanitar qovşağın ümumi istifadəyə qaytarılması, apellyasiya baxışının predmeti olan qalan hissədə iddianın rədd edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş 04 noyabr 2019-cu il tarixli qətnamənin hazırki apellyasiya baxışının predmeti olan qalan hissəsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 3548/2023 saylı qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 may 2023-cü il tarixli, 2(103)-331/2023 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş və iş üzrə həmin hissədə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilmiş, iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh İddiaçı qarşı iddiası “Bakı şəhəri, Asəf Zeynallı küçəsi, ev 14/33-də yerləşən və cavabdeh İddiaçı məxsus sahəyə girişdən sağda, daşıyıcı divarda (sahəsi 4 kv.metr olan mübahisəli sanitar qovşağa) açılmış qapı boşluğu cavabdeh İddiaçı hesabına bağlansın və ümumi sahəsi 4 kv.metr təşkil edən sanitar qovşaq ümumi istifadəyə qaytarılsın.” hissəsində təmin edilməmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 3548/2023 saylı qərarı işin halı olaraq qeyd edilir ki, İddiaçı mülkiyyətindəki qeyri yaşayış sahəsi ilə mənzilin birinci mərtəbəsində yerləşən özünə aid hissəsinin arasında olan arakəsməni götürərək sahələri birləşdirmiş və həmin əmlakdan kafe kimi istifadə edir. Həmçinin binanın həyətində yerləşən 4,0 kv.m sahəsi olan sanitar qovşağı onun mülkiyyətində olan sahəlrə birləşdirməklə faktiki istifadəsindədir.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3165 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, ev 14/33, 8 saylı (1-ci mərtəbə yerləşən) mənzildə olan qüsarları, həmin qüsurların su sızmaya xarakterik olduğunu, eləcə də, baxış zamanı su sızmanın davam etdiyini və həmçinin İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və Təmir Xidməti idarəsi tərəfindən verilmiş məktublarını nəzərə alaraq, Asəf Zeynallı küçəsi, ev 14/33, mənzil 8 ünvanındakı iaşə obyektinə (mənzilə) su sızmanın yuxarı mərtəbənin sanitar-qovşağından və mətbəxində baş verdiyi müəyyən olunur.Lakin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məxsus Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, ev 14/3 ünvanı, 2-ci mərtəbədə yerləşən yaşayış sahəsinin qapısı bağlı olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Həmçinin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, su sızma su, kanalizasiya boru xətlərində qəza yaranması və ya sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Tədqiq olunan 8 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 440,0 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş ziyanın əvəzi olaraq 5.000 manat pul vəsaitinin və ödənilmiş 80 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1997-ci ildən ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və həmin ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yaşadığı ünvanda mənzillər ümumi mülkiyyətdə olmaqla bir neçə sakinin mülkiyyətində olmuşdur. 2004-cü ildə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi onun mənzili istisna olmaqla yaşadığı ünvandakı bütün mənzilləri satın alaraq sakinləri oradan köçürmüşdür. Ona məxsus olan mənzili almaq niyyətində olduğunu bildirdikdə satmaq istəmədiyini bildirmişdir. Ona məxsus mənzil 1-ci, cavabdehə məxsus mənzil isə 2-ci mərtəbədə yerləşir. Mənzilinin satılmasına razılıq vermədikdən sonra "xxxx" Şirkətinin qanuni təmsilçisi və direktoru olan X4 və digər şəxslər dəfələrlə mənzilin ikinci mərtəbəsindən onun mənzilinin üzərinə çirkab suları axıdaraq ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Şəxsin qanunsuz hərəkətləri ilə bağlı mənzil-kommunal istismar idarəsinə bir neçə dəfə müraciət etsə də, bu şəxslər barəsində heç bir tədbir görülməmişdir. Bu səbəbdən də adıçəkilən şəxs bu əməllərindən əl çəkməmiş və üzərinə çirkab suları axıtmağa davam etmişdir. Bunun nəticəsində dəfələrlə öz hesabına mənzilini yenidən təmir etdirmiş və maddi ziyan görmüşdür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixində cavabdeh təkrarən öz mənzilindən çirkab suları axıdaraq ona maddi zivan vurmuş, mənzilin bir hissəsinin təmiri tamamı ilə istifadəyə yararsız vəziyyətə düşmüşdür. Cavabdeh, onun yaşadığı mənzillərin mülkiyyətçilərinin ümumi mülkiyyətində olan həyətdə un məmulatları sexi açaraq, standartlara uyğun olmayan fəaliyyət göstərmiş və bunun nəticəsində də həyətdə yanğın çıxmışdır.

13. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1073/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə vurulan maddi zərərin əvəzi olaraq 440 manat və ödənilmiş 80 manat dövlət rüsumunun cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləğinin cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən, 50 manat məbləği isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-3548/2023 saylı qərarı ilə müəyyən olunmuş hallardan göründüyü kimi ünvan 4 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində həyətə giriş hissədə (sol tərəfdə, 2-ci mərtəbəyə giriş üçün pilləkən marşına bitişik sahədə) inşa edilmiş faktiki sahəsi 4,0 kv.m. təşkil edən sanitar qovşağın yerləşdiyi sahə əvvəllər yararsız və baxımsız olmuş, evin həmin zamandakı sakinlərinin razılığı və “İçəri Şəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun 29 may 1998-ci il tarixli məktubuna əsasən hazırda cavabdehin (hazırki iş üzrə iddiaçının) mülkiyyətində olan 14,2 kv.m. qeyri-yaşayış sahəsində fəaliyyət göstərən mağazaya verilmiş, qeyriyaşayış sahəsinin mülkiyyətçisi tərəfindən təmir olunaraq, istifadə olunmuşdur. Məhkəmə aktları ilə müəyyən olunan halları, həmçinin iddiaçının mübahisə predmeti olan sanitar qovşağın yerləşdiyi sahəyə 20 ildən artıq fasiləsiz və etirazsız sahiblik etməsini nəzərə alan məhkəmə hesab etmişdir ki, iddiaçı həmin sahəyə, onunla bağlı hər hansı hüquqpozmalara qarşı iddia qaldırmaqda gözlənilən subyektiv hüquqa malikdir. Dəymiş ziyanla bağlı məhkəmə qeyd etmişdir ki, məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. İş materiallarında olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzilkommunal və Təmir Xidmətinin xx.xx.2022-ci il tarixli V-01/05/62 saylı, xx.xx.2022- ci il tarixli V-01/05/66 saylı və xx.xx.2023-cü il tarixli V-01/05/22 saylı məktublarından, ekspert rəyinin məzmunundan və məhkəmə tərəfindən keçirilmiş baxış zamanı müəyyən olunmuş hallardan göründüyü kimi iddiaçıya məxsus mənzilə maddi ziyan dəymiş və həmin ziyan cavabdehin mənzilindən su sızması nəticəsində dəymişdir. Məhkəmə hesab etmişdir ki, yuxarıda tədqiq edilən ekspert rəyləri ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidirlər. Çünki, ekspert rəyləri hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin dəymiş zərərin məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdurlar. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərə əsasən məhkəmə hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli, 10/3165 saylı ekspert rəyi ilə müəyyən edilmiş 440 manat məbləğində maddi ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmaqla iddia həmin hissədə qismən təmin edilməlidir.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1096, 1097.1,1115-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 82.3, 103.1, 119.1, 216-220, 217.4, 227, 233, 360, 362 -ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(006)-1073/2023 saylı qətnaməsini ləğv edərək iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə sübutlardan “İçəri Şəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun 29 may 1998-ci il tarixli məktubuna istinad edərək ümumi istifadə edilən sanitar qovşağın iddiaçının mülkiyyətində olan 14,2 kv.m. qeyri-yaşayış sahəsində fəaliyyət göstərən mağazaya verildiyini və qeyri-yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən təmir olunaraq, istifadə olunduğunu bildirsə də iş materillarında elə iddiaçının özü tərəfindən təqdim edilən Texniki pasporta qiymət verməmişdir. Həmin Texniki pasportdan isə görünür ki, qeyd edilən sanitasr qovşaq 2018-ci ildə tam təcrid vəziyyətində olmuş və mülkiyyətçi tərəfindən abadlaşdırılmamışdır. Təəssüflər olsun ki, məhkəmə bu iki sübut arasındakı fərqləri araşdırmamış və qiymət verməmişdir. Prosessual qanunvericiliyin göstərilən normalarından da aydın olur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində təsbit edilən faktlar, digər işdə sübut edilmir və mübahisələndirilmir. Məhkəmələr isə bu hallar onlara məlum olduğu andan icraatlarında olan iddia ərizələrini qəbul etməkdən imtina etməlidirlər. Məhz prosessual qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq, biz Nəsimi rayon Məhkəməsinə Azərbaycan RespublikasıAli Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3548/2023 saylıQərarını təqdim etdik və məhkəmənin diqqətinə çatdırdıq ki, qanuni qüvvəsini alan həmin qərarla müəyyən edilir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2019cu il tarixli, 2(009)- 548/2019 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia tələblərinin qalan hissədə, həmçinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qeyd edilən mülki işdə qarşılıqlı iddia ərizəsində isə hazırki iş üzrə İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona məxsus əmlakların üstünə çirkab suların axıdılmasının qarşısının alınması vəzifəsinin qoyulması, habelə ondan vurulmuş maddi ziyana görə 15000 manat, mənəvi ziyana görə isə 6000 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddiasını təmin etmədiyi halda iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Göründüyü kimi artıq eyni tərəflər arasında, eyni tələblər və eyni əsaslar üzrə məhkəmə qətnaməsi çıxarılmış və hazırki iş üzrə iddiaçı apellyasiya şikayəti vermədiyindən bu qətnamə qanuni qüvvəsini almışdır. Bununla da bizim təqsirimizdən iddiaçının əmlakına zərər dəymədiyi öz təsdiqini tapmışdır. Buna baxmayaraq, məhkəmə yenidən eyni tələblər üzrə əvvəlki qətnamədən fərqli qətnamə çıxarmışdır. İş üzrə tərəflərin ekspertizada iştirak etmək və tədqiqat zamanı öz fikir və mülahizələrini bildirmək hüququ vardır. Bu hüquqlara riayət edilmədən keçirilən ekspertiza isə qanuni hesab edilmir. Lakin, iş üzrə təyin edilən ekspertiza zamanı cavabdeh tərəf olaraq onların hüquqları nəzərə alınmamış, tədqiqat zamanı onlara məxsus sahəyə baxış keçirilmədən, su sızması“aşkar edilmişdir”. bBundan əvvəl də tərəflər arasında məhkəmə mübahisəsi olmuş, hazırki iş üzrə cavabdeh, hazırki iş üzrə iddiaçıya qarşı məhkəmədə ümumi istifadədə olan sahənin boşaldılması və ümumi istifadəyə geri qaytarılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Həmin iş üzrə məhkəmə araşdırması zamanı hazırki iş üzrə iddiaçı eyni tələb və eyni əsasla məhkəməyə müraciət etmiş və bu iddia tələbləri əsasında məhkəmədə araşdırma aparılmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatında olan araşdırma zamanı təyin edilən Məhkəmə Tikinti-Texniki Ekspertizasının rəyində isə mənzilə baxış zamanısu sızması aşkar edilməmişdir. Maraqlısı odur ki, vizual müşahidə və araşdıma zamanı su sızma aşkar edilmədiyi halda, eyni orqan tərəfindən verilən xx.xx.2023-cü il tarixli 10/3165 saylı ekspert rəyi ilə məktublara əsasən, su sızma aşkar edilmişdir və ekspert rəyində baxış zamanı İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və Təmir Xidməti idarəsi tərəfindən verilmiş məktublarını nəzərə alaraq, Asəf Zeynallı küçəsi, ev 14/33, mənzil 8 ünvanındakı iaşə obyektinə (mənzilə) su sızmanın yuxarı mərtəbənin sanitar-qovşağından və mətbəxində baş verdiyi müəyyən olunduğu qeyd edilmişdir. Üstəlik də məhkəməyə bu barədə bildirmələrinə baxmayaraq məhkəmə qeyd edilənləri öz icraatında olan iş üzrə ümumiyyətlə araşdırmamış, tələsik qətnamə çıxarılması ilə kifayətlənmişdir. Bundan əlavə, məhkəmə öz qətnaməsində Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 3548/2023 saylı qərarına istinad edərək, ünvan 5 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində həyətə giriş hissədə (sol tərəfdə, 2-ci mərtəbəyə giriş üçün pilləkən marşına bitişik sahədə) inşa edilmiş faktiki sahəsi 4,0 kv.m. təşkil edən sanitar qovşağın yerləşdiyi sahənin əvvəllər yararsız və baxımsız olduğunu, evin həmin zamandakı sakinlərinin razılığı və “İçəri Şəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun 29 may 1998-ci il tarixli məktubuna əsasən hazırda cavabdehin (hazırki iş üzrə iddiaçının) mülkiyyətində olan 14,2 kv.m. qeyri-yaşayış sahəsində fəaliyyət göstərən mağazaya verildiyini, qeyri-yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən təmir olunaraq, istifadə olunduğunu qeyd etmişdir. Lakin, bu qeyd edilənlər də iş materialları ilə öztəsdiqini tapmır və iş materialları bunun tam əksini deyir. Belə ki, iş materiallarında həqiqətən də “İçəri Şəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun 29 may 1998-ci il tarixli məktubu ilə ümumi istifadədə olan sahənin abadlaşdırılıb istifadəyə yararlı hala gətirilməsi üçün qonşuların razılığı ilə Truhidə adlı şəxsə icazə verilsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən və qeyri-yaşayış sahəsinin Texniki pasportundan (2018-ci il tarixi əks etdirən halı) görünür ki, həmin sanitar qovşaq iddiaçı və ya Truhidə adlı şəxs tərəfindən təmir edilməmiş, istifadəyə yararlı hala salınmamışdır. Dəfələrlə bu barədə məhkəməni məlumatlandırsalar da məhkəmə qeyd edilən hissədə araşdırma aparmağı zəruri bilməmişdir. Məhkəmə qətnaməsində narazı qaldıqları üçüncü hal isə məhkəmənin guya digər məhkəmə aktları ilə iddiaçının 20 ildən artıq ümumi istifadədə olan sahədən fasiləsiz istifadə etməsi ilə bağlı qeyd etdikləri ilə əlaqədardır. Onlar məhkəmənin bu qeyd etdiklərini də qanuni və əsaslı saymırlar. Çünki, ən azından iş materialları ilə ümumi istifadədə olan sahənin 2019-cu ildə zəbt edildiyini və elə həmin tarixdən də məhkəmədə iddia qaldıraraq bu zəbti mübahisələndirdiklərini qeyd edə bilərlər.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

19. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, bundan əvvəl iddiaçı cavabdehə qarşı Səbail Rayon Məhkəməsində iddia qaldırıb.İddia araşdırılıb və iddia tələbi təmin olunmayıb. Sonradan onlar apellyasiya şikayəti verdiklərinə görə iş uzandığı üçün tərəf iddia qaldırır,hətta,məbləğ də demək olar ki,eynidir.Səbail Rayon Məhkəməsində iş araşdırılan zaman məhkəmə tikinti texniki ekspertizası keçirilib,zərərin dəyib-dəymədiyini müəyyən etmək üçün ekspert mənzilə baxış keçirib.Məlum olub ki,mənzilə dəyən zərər aşkar edilməyib,yəni onların heç bir təqsiri yoxdur. Nəsimi Rayon Məhkəməsində icraat zamanı məhkəmə tikinti texniki ekspertizası təyin edilib,bu zaman ekspert mənzilə baxış keçirdə bilmir.Baxış keçirə bilmədiyi halda rəy verib ki, mənzilə axan su cavabdehin mülkiyyətində olan mənzildəndir. İddia ərizəsinin əsası odur ki,2019-cu ilə qədər axan sudan söhbət gedir.Bunu birinci instansiya məhkəməsində də tərəf öz izahatlarında da bildirib.

20. İddiaçı çıxış edərək bildirir ki, 2004-cü ildə firma binanı alıb, cavabdeh ora köçüb.O, 1996-cı ildən binanın sakinidir.Dəfələrlə onun mənzilinin və sanitar qovşağının üzərinə su axıdılıb.Kommunal idarənin işçiləri şəkillər çəkib. Dəfələrlə cavabdehə bildiriş göndərilib, heç bir tədbir görülməyib. O, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə də tam razı deyil.Ona dəyən zərəri 5000 manat qoymağına baxmayaraq 400 manat pul nəzərdə tutulmuşdur.Vəsatətə etiraz etmir. Həmin yer artıq təmir edilib. İş materiallarında aktlar,xəbərdarlıqlar var, əlavə edilib.Onun kondisionerinin içərisinə su dolub.Axırıncı dəfə təmir etdirməmişdir,onun yeri çürüyüb. Ekspert baxış keçirəndə cavabdehə xəbərdarlıq edilmişdi,iştirak etməmək onların təqsiridir.Ona dəyən maddi,mənəvi ziyanı ödəsinlər,ya da özləri təmir etsinlər.2004-cü ildən cavabdeh ora köçən gündən ona ziyan vururlar. Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən şikayət verməyib. Su divarın içəri tərəfindən və mətbəx tərəfdən axıb. Sanitar qovşaq 1998-ci ildən onun istifadəsinə verilib.

Tətbiq edilən hüquq normaları:

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, hazırkı iddiasında İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məxsus Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, ev 14/3 ünvanı, 2-ci mərtəbədə yerləşən yaşayış sahəsindən su sızması nəticəsində ona məxsus Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, ev 14/33, 8 saylı (1-ci mərtəbə yerləşən) mənzilə dəymiş ziyanın ödənilməsini xahiş edir.

28. Məhkəmə kollegiyası iddia tələbinin qismən təmin edilməli olması qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və Təmir Xidməti tərəfindən ünvan 6 ünvanında yerləşən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli V-01/05/62 saylı məktubda qeyd edilir ki, mütəxəssislər tərəfindən ünvanda aparılan araşdırmalar zamanı həqiqətən də su sızmanın yuxarı mərtəbənin sanitar-qovşağından baş verdiyi müəyyən edilmişdir. Qısa müddət ərzində su sızmasının qarşısının alınmasının təmin edilməsi xahiş edilir.

29. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və Təmir Xidməti tərəfindən ünvan 6 ünvanında yerləşən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli V-01/05/66 saylı və xx.xx.2023-cü il tarixli V-01/05/22 saylı məktubda qeyd edilir ki, mütəxəssislər tərəfindən ünvanda aparılan araşdırmalar zamanı həqiqətən də su sızmanın yuxarı mərtəbənin mətbəxindən baş verdiyi müəyyən edilmiş və cavabdehdən qısa müddət ərzində su sızmasının qarşısının alınmasının təmin edilməsi tələb edilmişdir.

30. İşə birinci instansiya məhkəməsində baxılması zamanı iş üzrə keçirilmiş məhkəmə ekspertizasının nəticəsi olaraq verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3165 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, ev 14/33, 8 saylı (1-ci mərtəbə yerləşən) mənzildə olan qüsarları, həmin qüsurların su sızmaya xarakterik olduğunu, eləcə də, baxış zamanı su sızmanın davam etdiyini və həmçinin İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və Təmir Xidməti idarəsi tərəfindən verilmiş məktublarını nəzərə alaraq, Asəf Zeynallı küçəsi, ev 14/33, mənzil 8 ünvanındakı iaşə obyektinə (mənzilə) su sızmanın yuxarı mərtəbənin sanitar-qovşağından və mətbəxində baş verdiyi müəyyən olunur. Lakin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məxsus Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, ev 14/3 ünvanı, 2-ci mərtəbədə yerləşən yaşayış sahəsinin qapısı bağlı olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Həmçinin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, su sızma su, kanalizasiya boru xətlərində qəza yaranması və ya sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Tədqiq olunan 8 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 440,0 manat məbləğində müəyyən edilmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və Təmir Xidmətinin məktublarından görünür ki, iddiaçıya məxsus mənzilə su sızmasının yuxarı mərtəbənin sanitarqovşağından və mətbəxindən olması öz təsdiqinin tapmışdır.

32. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən onun əmlakına dəymiş ziyanın ödənilməsini tələb etmək üçün subyektiv hüququ yaranmışdır.

33. Məhkəmə kollegiyası dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı ekspert rəyinin mötəbər sübut qismində qiymətləndirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

34. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

35. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

36. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş 440,0 manat məbləğində pul tutulmalı olması ilə bağlı düzgün qənaətə gəlmişdir.

37. İş üzrə cavabdehin şikayətinin dəlili odur ki, iddiaçı tərəfindən su sızması halı ilə bağlı məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(009)-548/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı tələbi təmin edilməmiş, onun tərəfindən qətnamə həmin hissədə mübahisələndirilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən eyni tələblə təkrar məhkəməyə müraciət edilməsi yolverilməzdir.

38. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbini onbunla əsaslandırmışdır ki, cavabdeh üzərinə çirkab suları axıtmağa davam etmişdir. Bunun nəticəsində dəfələrlə öz hesabına mənzilini yenidən təmir etdirmiş və maddi ziyan görmüşdür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixində cavabdeh təkrarən öz mənzilindən çirkab suları axıdaraq ona maddi zivan vurmuş, mənzilin bir hissəsinin təmiri tamamı ilə istifadəyə yararsız vəziyyətə düşmüşdür.

39. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

40. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1073/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar