Məhkəmə qərarları › İş №2(103)-3513/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3513/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3513/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və başqalarına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 mart 2023-cü il tarixli qərardaddan cavabdehin Cavabdeh1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın cavabdehlərə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbləri barədə” iddiasına dair mülki işə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdehin Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. O, eyni zamanda ərizə ilə Rayon Məhkəməsinə ərizə verərək qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə Cavabdeh1 rəsmi qaydada xx.xx.2023-cü il tarixdə verilmiş, o, apellyasiya şikayətini qanunla müəyyən edilmiş 1 aylıq müddətin sonuncu günündə, yəni xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirmək istəsə də yaranmış texniki problemlər nəticəsində bunu edə bilməmişdir. Bu səbəbdən də, Cavabdeh1, xx.xx.2023-cü il tarixdə vəkillə müqavilə bağlamış və həmin tarixdə vəkilin vasitəsi ilə apellyasiya şikayətini elektron kabinetə yükləmək mümkün olmuşdur. Göründüyü kimi, Cavabdeh1 tərəfindən prosessual müddət cəmi 1 gün ötürülmüş və bu halın baş verməsində onun təqsiri olmamışdır. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla ərizənin təmin edilməməsini və qətnamədən verilmiş şikayətin Cavabdeh1 qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin hazırki iş üzrə qəbul etdiyi qətnamə Cavabdeh1 elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Bundan sonra Cavabdeh1 1 ay müddətində qətnamədən apellyasiya şikayəti vermək imkanı olsa da, o, apellyasiya şikayətini 5 aydan bir qədər çox müddət keçdikdən sonra, xx.xx.2022-ci il tarixdə, yəni prosessual müddətin ötürülməsi ilə vermişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizədə göstərilənlər isə prosessual müddətin məhz üzürlü səbəbdən buraxılması kimi qiymətləndirilməsinə əsas vermir. Cavabdeh1 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilməsini və Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədən verdiyi apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məhkəmə qətnaməsinin onun elektron kabinetinə yerləşdirlməsindən xəbəri olmamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə, Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 10-1-ci maddəsinin mənasına görə, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi qətnaməni Cavabdeh1 elektron qaydada, elektron kabinet vasitəsi ilə xx.xx.2022-ci il tarixdə təqdim etmişdir. Məhkəmə bildirir ki, qətnamənin ona elektron qaydada təqdim edilməsindən sonra Cavabdeh1 1 ay müddətində qətnamədən apellyasiya şikayəti vermək imkanı olsa da, o, apellyasiya şikayətini 5 aydan bir qədər çox müddət keçdikdən sonra (xx.xx.2022-ci il tarixdə), yəni prosessual müddət ötdükdən sonra vermişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizədə göstərilənlər isə prosessual müddətin məhz üzürlü səbəbdən buraxılması kimi qiymətləndirilməsinə əsas vermir. Çünki Cavabdeh1 qətnaməni kağız daşıyıcıda Rayon Məhkəməsindən xx.xx.2023-cü il tarixdə (təkrar olaraq) alması, ötürülmüş prosessual müddəti bərpa etməmişdir. Cavabdeh1 qərardaddan verdiyi şikayətdə məhkəmə qətnaməsinin onun elektron kabinetinə yerləşdirlməsindən xəbəri olmadığını bildirsə də, Məhkəmə şikayətin bu dəlilini əsaslı saymir. Çünki elektron kabinetə yerləşdirilmiş sənədlər ilə tanış olmamasına görə Cavabdeh1 özü məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh1 qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Prosessual müddətin ötürülməsinin məhz üzürlü səbəbdən baş verməsi apellyasiya icraatı zamanı müəyyən edilmədi. MPM-nin 133.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etdiyi halda buraxılmış müddəti bərpa edir. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardad qanuni və əsaslıdır; həmin qərardaddan Cavabdeh1 verdiyi şikayət əsassızıdır – formal mülahizə xarakteri daşıyır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398 və 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 mart 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar