Məhkəmə qərarları › İş №2(103)-3516/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3516/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3516/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından cavabdehin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Yasamal RM-nin xx.xx.2023cü il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayəti geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Apellyasiya şikayəti ona görə geri qaytarılıb ki, apellyasiya şikayətinin məzmunu Mülki-Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən olunmuş tələblərə uyğun deyil. Müəyyən olunur ki, apellyasiya şikayətinin məzmunu həmin tələblərə uyğun deyil. Belə ki, apellyasiya şikayətində qeyd olunub ki, borcun məbləği düzgün müəyyən edilməyib, bununla bağlı məhkəməyə vəsatət verilib, lakin məhkəmə vəsatətə münasibət bildirməyib. Cavabdeh yalnız bu hala əsaslanaraq qətnamənin ləğv edilməsini xahiş edib, apellyasiya şikayətinin məzmununda başqa məlumat qeyd olunmayıb. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi barədə vəsatət verib, həmin vəsatət xx.xx.2023-cü ildə keçirilmiş məhkəmə iclasında qəbul edilmiş əsaslandırılmış qərardadla rədd olunub və qərardad protokola yazılıb (iş v. 77). Cavabdehin özü və ya vəkili birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarının heç birində iştirak etməyiblər və iş materialları ilə tanış olmayıblar. Göründüyü kimi, apellyasiya şikayətinin məzmunu Mülki-Prosessual Məcəllənin 361-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun deyil. Belə ki, Mülki-Prosessual Məcəllənin 361.1.5-ci maddəsinə görə, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, 361.1.6-cı maddəsinə görə isə şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar apellyasiya şikayətinin məzmununda göstərilməlidir. Lakin cavabdehin qətnaməni düzgün hesab etmədiyi konkret əsaslar, cavabdehin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar apellyasiya şikayətinin məzmununda göstərilməyib. Mülki-Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, o, qaytarılır. Ona görə də birinci instansiya məhkəmə apellyasiya şikayətinin qaytarılmasını qərara almaqla düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar