Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3516/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 119/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 dekabr 2017-ci il tarixində cavabdeh "xxxx"nın qanunsuz əməli nəticəsində ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 66 sot torpaq sahəsinin hasarının texnika vasitəsi ilə sökülməsi nəticəsində məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2018-ci il tarixli 368 saylı ekspert rəyində göstərilən zərər 24457.0 manat məbləğində pulun, məhkəmə üçün ödənilmiş dövlət rüsumu 164 manat məbləğində pulun, hüquqi yardımın göstərilməsi üçün bağlanmış müqaviləyə görə ödənilmiş 320 manat məbləğində pulun cavabdeh “Azərbaycan” nəşriyyatından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli, 2(004)-119/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir.
3. Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir.
Tətbiq edilən hüquq normaları:
Mülki Prosessual Məcəllənin
4. 361.1.5-ci maddəsinə əsasən şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir.
5. 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti qaytarılır.
6. 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
7. 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir.
9. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir.
10. Məhkəmə, elektron kabinet vasitəsilə verilmiş apelyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericilik ilə müəyyən edilmiş formada və məzmunda tərtib edilmədiyindən, geri qaytarılmalıdır. Belə ki, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, şikayətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə təsbit edilmiş “Əlavə 2”-də nəzərdə tutulan tələblərə riayət edilmədiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasların, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərin və s. göstərilmədiyi müəyyən edilmişdir. Belə ki, cavabdeh şikayəti ümumi məzmunda tərtib etmiş, yalnız işin halları barədə məlumat verərək qətnamə çıxarılarkən pozulduğu (və ya düzgün tətbiq edilmədiyi) iddia olunan hər bir normanın qarşısında pozuntunun (və ya düzgün tətbiq edilməmənin) nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişdir.
11. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikası Qanunun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir.
12. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti “MPM-ə əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət Cavabdeh2 qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir.
13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-119/2025 saylı, 20 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Abdıyev Fuad Babayev