Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3517/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh4nə qarşı «hərracın nəticələrinin və onlara dair çıxarışların etibarsız hesab edilməsi, mənzillərin ipoteka ilə girov saxlanılmaqla iddiaçının adına bərpa edilməsi tələbinə dair» 2(005)-4212/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh4nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 m2 ümumi, 15 m2 yaşayış sahəsindən ibarət mənzillərin hərracının nəticələrini əks etdirən 25 may 2018-ci il tarixli 68 nömrəli protokolun, 25 may 2018-ci il tarixli əmlakın alğı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka obyektinə dair çıxarışların etibarsız hesab edilərək ləğv edilməsi və mənzillərin ipoteka ilə girov saxlanılmaqla iddiaçının adına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.09.2017-ci il tarixli, 2(006)5520/2017 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmiş və 13.07.2018-ci il tarixdə 2(103)-8986/18 nömrə ilə hakimin icraatına verilmişdir. Hakim tərəfindən işə baxılması 03.10.2018-ci ilə təyin edilmişdir. Bununla əlaqədar cavabdehlərə məktub ünvanlanmış, lakin 07.09.2017-ci il tarixli icra sənədi əsasında Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 30.11.2017-ci il tarixli icraata başlanması haqqında qərar üzrə icraat «İcra haqqında» Qanuna əsasən dayandırılmalı olduğu halda dayandırılmamışdır. Cavabdeh1 tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı onlara (ipoteka qoyana) bildiriş göndərilməmiş, həmçinin məhkəmədə belə bildirişin göndərilməsini sübut etməmişdir. Belə bir pozuntu isə qanuna əsasən ipoteka predmetinə tutmanın yönəldilməsini dayandırmalı və prosedura əməl edildikdən sonra davam edilməli olduğunu göstərir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən hərracın keçirilməsinə əsas olmuş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.09.2017-ci il tarixli, 2(006)5520/2017 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmiş və 13.07.2018-ci il tarixində 2(103)-8986/18 nömrə ilə hakimin icraatına verilmişdir. Hakim tərəfindən işə baxılması 03.10.2018-ci ilə təyin edilmişdir. Bununla əlaqədar cavabdehlərə 31.07.2018-ci il tarixdə məktub ünvanlanmışdır. Həmin məktubdan sonra cavabdeh Yasamal rayon İcra şöbəsi, hərracın sifarişinin ləğv edilməsi barədə cavabdeh «X2» MMCyə müraciət etmişdir. Həmçinin hərrac təşkilatının Cavabdeh2nə, həmçinin surəti Cavabdeh1 ASC-yə olan 27 sentyabr 2018-ci il tarixli, 1510 saylı məktubundan görünür ki, qeyd olunan mənzilin satışı dayandırılmışdır və sənədlər toplusu geri qaytarılmışdır. Bu xüsusat Nərimanov Rayon Məhkəməsində müzakirə edilərək sübut edilsə də, hakim tərəfindən araşdırılmamış və qətnamədə hüquqi qiymətini almamışdır. Ümumiyyətlə bu hala hakim tərəfindən münasibət bildirilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01.12.2021-ci il tarixli, **********24 saylı məktubundan görünür ki, mübahisələndirilən mənzillər 02.04.2019-cu il tarixdə Cavabdeh1 ASC-nin adına qeydiyyatdan keçmişdir. Əgər hərrac barədə 25 may 2018-ci il tarixli protokol və müqavilə etibarlı olmuşdursa, onda nəyə görə Cavabdeh1 ASC 25 may 2018-ci il tarixdən, 02.04.2019-cu il tarixə kimi gözləyərək, hərracdan əldə etmiş mənzili öz adına qeydiyyatdan keçirməmişdir. Çünki, cavabdeh bank özü də bilirdi ki, hərracın 28 may 2018-ci il tarixli protokolu və müqaviləsi qanuni deyil, hərrac keçirilməmiş, həmçinin təkrar sifariş ləğv edilmişdir. Cavabdeh1 tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bizə (ipoteka qoyana) bildiriş göndərilməmiş, həmçinin məhkəmədə belə bildirişin göndərilməsi sübut edilməmişdir. Bundan əlavə «X2» MMC-nin açıq hərracın keçirilməsinə dair 09.02.2018-ci il tarixli 04/33 və 04/34 nömrəli bildirişləri ilə Yasamal rayon İcra şöbəsinin 05.02.2018-ci il tarixli, 307008/4 nömrəli sifariş məktubu əsasında ipoteka qoyan - X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzilin 160000 manata və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı 3 mərtəbəli binada 25,1 m2 ümumi, 15 m2 yaşayış sahəsindən ibarət mənzilin 75000 manata 12 mart 2018-ci il tarixdə 11:00-da keçiriləcək açıq hərracda satılması qət edilmişdir. Lakin həmin hərrac hərracın iştirakçısı olmadığına görə baş tutmamışdır. Təkrar hərrac 15 % endirimli satış qiyməti ilə 28 mart 2018-ci il tarixli, 04/33-1 və 04/34-1 nömrəli bildirişlər ilə 25 aprel 2018-ci il tarixə saat 11:00-a keçirilmişdir. Hərracın yekunları barədə 25 may 2018-ci il tarixli, 68 nömrəli protokoldan göründüyü kimi təkrar hərrac da iştirakçı olmadığı səbəbindən baş tutmamışdır. Hərracın yekunları barədə 25 may 2018-ci il tarixli 68 nömrəli protokola əsasən təkrar hərrac da baş tutmadığı üçün ipotekada olan mənzillər: Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzili 102000 manata və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 m2 ümumi, 15 m2 yaşayış sahəsindən ibarət mənzil isə 47812 manat Cavabdeh1 ASC-yə satılmışdır. Lakin, bütün bunlar hərracın gedişatının mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmaması ilə həyata keçirilmişdir. Eyni zamanda onlara bildirişlər vaxtında çatdırılmamış, hərracda iştirakları bilərəkdən təmin edilməmişdir. Cavabdeh «X2» MMC-nin cavabdeh Yasamal rayon İcra şöbəsinə, həmçinin surəti Cavabdeh1 ASC-yə ünvanladığı 27 sentyabr 2018-ci il tarixli, 1510 saylı məktubundan görünür ki, mübahisələndirilən mənzillərin satışı dayandırılmışdır və sənədlər toplusu geri qaytarılmışdır. Bu xüsusat Nərimanov Rayon Məhkəməsində sübut edilsə də, hakim tərəfindən araşdırılmamış və hüquqi qiymətini almamışdır. Ümumiyyətlə bu hala hakim tərəfindən qətnamədə münasibət bildirilməmişdir. Necə ola bilər ki, 27.09.2018-ci ildə dayandırılmış hərrac üzrə 25.05.2018-ci ildə protokol və müqavilə rəsmiləşdirilsin. Cavabdeh1 tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı cavabdeh «X2» MMC tərəfindən (ipoteka qoyana) bildiriş göndərilməmiş, həmçinin məhkəmədə belə bildirişin göndərilməsi sübut edilməmişdir. Cavabdeh1 ASC-yə ünvanladığı 27 sentyabr 2018-ci il tarixli, 1510 saylı məktubundan görünür ki, mübahisələndirilən mənzillərin satışı dayandırılmışdır və sənədlər toplusu geri qaytarılmışdır. 27.09.2018-ci ildə dayandırılmış hərrac üzrə 25.05.2018-ci ildə protokol və müqavilə etibarlı hesab edilə bilməz. Cavabdeh Yasamal rayon İcra şöbəsinin 29 iyun 2018-ci il tarixli, 17/72-212256/18-18932 saylı məktubu ilə mübahisələndirilən mənzillərin satışı sifariş edilmişdir. Lakin, həmin mənzillər 25.05.2018-ci il tarixli protokol ilə rəsmiləşdirilmişdir. Hərracın sifarişçisi 29 iyun 2018-ci ildə artıq hərracdan satılmış mənzilləri təkrar sifariş verə bilməzdi. Deməli 29 iyun 2018-ci ildə cavabdeh Yasamal rayon İcra şöbəsinə, həmçinin cavabdeh «X2» MMC-yə məlum idi ki, mənzillər hərracdan satılmayıb. Həmçinin, Cavabdeh1 ASC-də bu barədə məlumatlı idi. Əks təqdirdə, satılmış mənzillərin təkrar sifarişi icra edilməzdi. Cavabdeh Yasamal rayon İcra şöbəsinin 29 iyun 2018-ci il tarixli, 17/72-212256/18-18932 saylı sifariş məktubunu, həmçinin 06 avqust 2018-ci il tarixli, 17/72-312256/18-22350 saylı məktubunu Nərimanov Rayon Məhkəməsinə təqdim etmək mümkün olmamışdır. Çünki, həmin məktublar cavabdeh tərəfindən onlara qəsdən ünvanlanmamışdır. Həmçinin, birinci instansiya məhkəməsində həmin fakt aşkarlandıqdan sonra, həmin məktubun məhkəməyə təqdim edilməsi cavabdehlər tərəfindən təmin edilməmişdir. Ümumiyyətlə, Yasamal rayon İcra şöbəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Hazırda həmin məktubların əldə edilməsi üçün cavabdehə sorğu ünvanlanmışdır. Apellyasiya baxışı zamanı iddiaçıların vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlərin nümayəndələri iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçıların təmsilçisini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın rədd edilməsinə dair qətnamə apellyasiya şikayəti vermiş iddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə tam yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.09.2017-ci il tarixli, 2(006)- 5520/2017 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-dən Cavabdeh1 ASC-nin xeyrinə 26.01.2014-cü il tarixli 101/M saylı kredit müqaviləsi üzrə 136038,90 ABŞ dollan əsas borc, 40460,31 ABŞ dolları faiz və 1500,79 ABŞ dolları cərimə borcu, cəmi 178000 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması, həmin tutmanın İddiaçı1 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzilinə və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 m2 ümumi, 15 m2 yaşayış sahəsindən ibarət mənzilinə yönəldilməsi, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzilin ilkin satış qiymətinin 160000 manat, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 m2 ümumi, 15 m2 yaşayış sahəsindən ibarət mənzilin ilkin satış qiyməti 75000 manat məbləğində müəyyən edilməklə ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş daşınmaz əmlakların dəyərindən ödənilməsi, borc ödənildikdən sonra yerdə qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı1 qaytarılması, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzilinə və Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 m2 ümumi, 15 m2 yaşayış sahəsindən ibarət mənzilinə tutma yönəldikdə və o, açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, "xxxx" MMC-dən və İddiaçı1 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza xərcinin əvəzi kimi 600 manat məbləğində pul tutulması qeyd olunmuşdur. Tərəflərə açıq hərracın keçirilməsinə dair Cavabdeh4 tərəfindən göndərilmiş 09 fevral 2018-ci il tarixli 04/33, 04/34 nömrəli və 28 mart 2018-ci il tarixli 04/34-1, 4/33-1 nömrəli bildirişlərdən görünür ki, sözügedən əmlakların açıq hərraca çıxarılması, keçiriləcək hərracın yeri və vaxtı və onların satış və beh qiymətləri barədə sifarişçi, tələbkar və borclulara məlumat verilmişdir. «Hərracın yekunları barədə» 25 may 2018-ci il tarixli, 68 nömrəli protokoldan və eyni tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzilin ilkin satış qiyməti 160000 manat olmaqla 102000 manat dəyərində, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 m2 ümumi sahədən ibarət mənzilin ilkin satış qiyməti 75000 manat olmaqla 47812,5 manat dəyərinə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. «İpoteka haqqında» Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Hərracın təşkilatçısına sifariş «İcra haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Göründüyü kimi, iddiaçıların iddia ərizəsində göstərdiyi, həmçinin nümayəndə və vəkilin birinci instansiya məhkəməsində keçirilən prosesdə səsləndirdiyi əsaslar hərracın keçirilməsi haqqında protokolun və bundan irəli gələn hüquqi nəticələrin etibarsız sayılması üçün əsas deyildir. Hərracın keçirilməsi ilə bağlı göndərilmiş bildirişlərin iddiaçılar İddiaçı1 və İddiaçı2 şəxsən özü tərəfindən qəbul edilərək bu barədə poçt qəbzlərinə müvafiq imzanın edilməməsi özlüyündə hərracın keçirilməsinə və bundan irəli gələn hüquqi prosedurların həyata keçirilməsinə maneə deyildir. Belə ki, qanunvericilik hərracın keçirilməsi barədə bildirişlərin borclunun və ya daşınmaz əmlak sahibinin yaşadığı və ya qeydiyyatda olduğu ünvana göndərilməsini qanunvericliyin sadalanan əsasları baxımından məlumatlandırmanın yerinə yetirilməsi kimi qiymətləndirir. Qeyd edilməlidir ki, iddiaçılara aid iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, hərrac təşkilatı tərəfindən onlara haqlı olaraq qeydiyyatda olduqları ünvana bildiriş göndərilmişdir. Formalaşmış hüquqi mövqeyə görə əks halda əmlak mülkiyyətçisinə belə bildirişin şəxsən təqdim edilməsinin məcburiliyi hərracın keçirilməsi ilə bağlı məhkəmə qətnaməsinin icrasını mümkünsüz edərdi. Belə vəziyyət isə Konvensiyanın tələblərilə qeyri-müəyyənlik yaradardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəməaraşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.). Göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlə məlumat verilmiş, həmçinin hərracın keçirilmə vaxtı və yeri barədə «Kaspi» qəzetinin ayrı-ayrı buraxılışlarında elanlar yerləşdirilmişdir. Bundan əlavə, iddiaçılar onlara məxsus əmlakın dəyərindən qat qat aşağı qiymətə satılmasını iddia edərək, hərracın nəticələrinin etibarsız hesab edilməsini xahiş edirlər. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq qeyd edilmişdir ki, girov əmlakların hərraca çıxarılması üçün ilkin satış qiyməti Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.09.2017-ci il tarixli, 2(006)-5520/2017 saylı icra vərəqəsində öz əksini tapmışdır. Qətnamə icra edildiyi zaman isə əlavə qiymətləndirmə keçirilmədən, məhkəmə tərəfindən müəyyən edilmiş qiymətlə hərraca çıxarılmışdır. Hərrac keçiriləcəyi yer və tarix barədə iddiaçılara bildiriş göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.12.2021-ci il tarixli, 2(005)- 4212/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3517/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3517/2022
17.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver