Məhkəmə qərarları › İş №2(103)-3518/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3518/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3518/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, e- 2(005)-903/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RGTK1753827A116 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasındaxx.xx.2020-ci il tarixli, Z-RGTK1753827A116 saylı zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 kredit razılaşmasından irəli gələn borclunun öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit və zaminlik müqavilələrinə əsasən cavabdehlər müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borclarını tam qaytarmamışdır.Cavabdehlər ər-arvaddırlar. Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 7778.95 AZN əsas, 1413.52 AZN faiz, cəmi 9192.47 AZN borcun və ödənilmiş 111.92 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RGTK1753827A116 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx.xx.2020-ci il tarixli, Z-RGTK1753827A116 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə cavabdehlərin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 7778.95 AZN əsas, 1413.52 AZN faiz, cəmi 9192.47 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, e-2(005)- 903/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 7778,95 manat əsas borc, 1413,52 manat faiz borcu olmaqla cəmi 9192,47 manat və 111,92 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1,, 448.2, 462.1, 465.2 və 739.2-ci maddələri ilə əsaslandıraraq iddiaçının müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etdiyinin, lakin qarşı tərəfin müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmədiyi qənaətinə gəlmiş və iddianı təmin etmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi şişirdilmiş sübutlara əsaslanmış, o cümlədən çəkişmə prinsipini pozaraq bir tərəfin mənafeyinə uyğun qətnamə çıxarmışdır. Qeyd etmək lazımdır ki, İddiaçı ASC məhkəməyə müraciət etmədən öncə heç bir hüquqi əsası olmadan borcu 12- 13 aydır ki, onun əmək haqqına tam yönəldərək onun və himayəsində olan azyaşlı uşaqlarında dolanışıq vəziyyətini daha da çətinləşdirmişdilər. Əsassız olaraq bank borcu şişirdərək iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi onun məhkəmədə iştirakını təmin etmədiyi üçün, banka ödənilmiş pulların qəbzlərini məhkəməyə təqdim edə bilmək hüququndan məhrum edilmiş və həmin hal nəticə etibarı ilə obyektiv halların düzgün araşdırılmamasına gətirib çıxarmışdır. Bundan başqa birinci instansiya məhkəməsi ekspertiza təyin etmədən bankın təqdim etdiyi rəqəmləri bir başa qətnaməsində əks etdirmişdir. İşə apellyasiya qaydasında baxılarkən banka ödənilmiş qəbzlər təqdim ediləcək və bir daha sübut ediləcək ki, məhkəmə qətnaməsində göstərilmiş rəqəmlər iş üzrə faktı təsdiq etmir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən qətnamə borcun tutulması hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı Mülki Məcəllə

385. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır.

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RGTK1753827A116 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx.xx.2020-ci il tarixli, Z-RGTK1753827A116 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Z-RGTK1753827A116 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit razılaşmasından irəli gələn borclunun öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh1 borc məbləğinin 5 iş günü müddətində Banka ödənilməsi tələb edilmişdir. Əgər göstərilən müddət ərzində Bankın pul tələbləri ödənilməzsə, tərəflərindən pul tələblərinin ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəsinin əsası kimi iş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına istinad etmişdir. Sözügedən maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli RGTK1753827A116 kredit müqaviləsi üzrə 7778.95 AZN əsas, 1413.52 AZN faiz, cəmi 9192.47 AZN manat məbləğində borcu vardır. Cavabdehin apellyasiya şikayətində kredit müqaviləsinin mövcudluğu mübahisələndirilməmiş, əsas və faiz borcunun həddən artıq yüksək hesablandığı, birinci instansiya məhkəməsi tərəfindən heç bir ekspertiza təyin edilmədən işdə olan sənədlər əsasında qərar çıxarıldığı göstərilmişdir. Apellyasiya şikayətinin dəlillərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-3518/2023 saylı qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə xx.xx.2023-cü il tarixdə verilmiş 9/4971 saylı rəydən görünür ki, təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RGTK1753827A116 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2022-ci il tarixə-borcla bağlı bildirişin göndərilmə tarixinə əsas borc üzrə 7687,17 manat və faiz borcu üzrə 1363,93 manat, xx.xx.2022-ci il-maliyyə arayışı verilən tarixə əsas borc üzrə 7687,17 manat və faiz borcu üzrə 983,64 manat, xx.xx.2022-ci il-iddia ərizəsi verilən tarixə əsas borc üzrə 7687,17 manat və faiz borcu üzrə 988,12 manat, xx.xx.2023-cü il tarixə qətnamə çıxarılan tarixə əsas borc üzrə 7687,17 manat və faiz borcu üzrə 859,90 manat məbləğində müəyyən edilmişdir. Rəydə həmçinin göstərilmişdir ki, hesabdan çıxarış, ödəniş qəbzləri və maliyyə arayışı məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdən sonra cavabdeh tərəfindən 1617,79 manat ödəniş edilsə də, ekspert tərəfindən qətnamə çıxarılan xx.xx.2023-cü il tarixə hesab aparıldığından həmin ödəniş nəzərə alınmamışdır. Kollegiya qeyd edir ki, ekspertiza rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası mövcud sübutlara və eskpert rəyinə qiymət verərək hesab edir ki, məhkəmə cavabdehdən xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcu tutulmalı olması barədə qənaəti düzgün olmuşdur. Belə ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələblərinin pozulması halları mövcud olmuşdur Lakin məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən ödənişlər aparıldığından iddia tələbinin kredit müqaviləsi üzrə əsas və faiz borcu ekspert rəyində qətnamə çıxarılan tarixə göstərilən məbləğdə müəyyən edilməlidir. Kollegiya həmçinin hesab edir ki, iddiaçının təqdim etdiyi əsas və faiz borc məbləği üzrə maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanmaqla onun mövqeyini əks etdirir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği 7687,17 manat, faiz borcunun məbləği 859,90 manat, ümumilikdə 8547,07 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ekspert rəyində qeyd olunan cavabdeh tərəfindən məhkəmə qətnaməsi qəbul olunduqdan sonra ödənilmiş 1617,79 manat məbləğ rəy verilən zaman nəzərə alınmadığından həmin ödəmə hazırki məqamda deyil, qətnamənin icrası mərhələsində nəzərə alınmalıdır. Məhkəmə kollegiyası apellyatorun məhkəmədə iştirakının təmin edilməməsinə dair dəlilinə qiymət verərək bildirir ki, elektron məhkəmə informasiya sistemindən göründüyü kimi, cavabdehlər ər-arvaddır. Cavabdehin mülki iş materiallarında olan ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə bildirişlər göndərilmiş, buna dair poçtdan reyestr məlumatları iş materiallarına əlavə edilmişdir. Apellyatorun əri olan digər cavabdeh məhkəmə iclaslarında iştirak etdiyindən kollegiya apellyatorun məhkəmə iclaslarından xəbərdar olmaması ilə bağlı dəlililini inandırıcı hesab etmir. Ona görə də , kollegiya hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul Cavabdeh2 tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, e-2(005)- 903/2023 nömrəli qətnaməsi əsas və faiz borclarının tutulması hissəsində dəyişdirilərək əsas borcun məbləği 7687,17 manat, faiz borcunun məbləği 859,90 manat, ümumilikdə 8547,07 manat məbləğində müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul Cavabdeh2 tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, Cavabdeh2 tərəfindən ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar