Məhkəmə qərarları › İş №2(103)-3518/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3518/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3518/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “AAA” Vəkil Bürosunun Cavabdeh MMC-yə qarşı ilkin, Cavabdeh MMC-nin “AAA” Vəkil Bürosuna qarşı qarşılıqlı tələbi barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı “AAA” Vəkil Bürosunun Cavabdeh MMC-yə qarşı pul tələbinə, Cavabdeh MMC-nin “AAA” Vəkil Bürosuna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-277/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Kreditor “AAA” Vəkil Bürosu borclu Cavabdeh MMC-yə qarşı əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 134.945,06 manat pulun və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq “AAA” Vəkil Bürosuna ödənilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 2674/2024 nömrəli məhkəmə əmrinə əsasən borclu Cavabdeh MMC-dən kreditor «AAA» Vəkil Bürosunun xeyrinə 134.945,06 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun dəyərinin əvəzi kimi 100 manat pul vəsaitinin tutulması əmr edilmişdir.

3. Borclu Cavabdeh MMC əmrə etiraz verərək, məhkəmə əmrinin ləğv edilməsini və ərizəyə iddia icraatı qaydasında mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

4. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 2674/2024 qərardadı ilə 2(009)-2674/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə əmrinin ləğv edilməsi və tələbə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

5. 08.01.2025-ci il tarixdə Cavabdeh MMC məhkəməyə cavabdeh “AAA” Vəkil Bürosuna qarşı maddi zərərin ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, qarşılıqlı iddia üzrə cavabdeh “AAA” Vəkil Bürosundan 5.000.000 manat pulun və ödənilmiş 3.290 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsinin təmin edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)- 277/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MMC-dən iddiaçı “AAA” Vəkil Bürosunun 134.945,06 manat pul və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir.

7. Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-2346/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir.

8. Qərardadda qeyd olunmuşdur ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu 212,47 manat təşkil etdiyi halda, qarşılıqlı iddiaya münasibətdə 1.645 manat təşkil etdiyi halda, şikayətə 50 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmuşdur.

9. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)- 277/2025 nömrəli qərardadı ilə sözügedən qətnamədən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

10. Cavabdeh həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

11. Şikayət onunla əsaslandırılmışdır ki, hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Sözügedən apellyasiya şikayətinin aqibətindən heç bir məlumat olmamışdır. xx.xx.2025-ci il tarixdə Səbail Rayon Məhkəməsi tərəfindən apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul olunmuşdur. Həmin Qərardaddan görünür ki, apellyasiya məhkəməsi tərəfindən də şikayət Səbail Rayon Məhkəməsinə geri qaytarılmışdır. Lakin istər apellyasiya məhkəməsinin mövqeyi, istərsə də Səbail Rayon Məhkəməsinin qərardadı nümayəndəyə təqdim olunmamışdır. Hesab edirlər ki, bu mövqe qərəzli hesab olunmalı və qəradad ləğv edilməli və apellyasiya şikayəti icraata qəbul edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna uyğun olaraq apellyasiya şikayəti zamanı dövlət rüsumu ödənilmişdir. Əks təqdirdə iddiaçı 100 manat dövlət rüsumu ödənilməklə verilmiş əmr icraatı ilə bağlı tələb üzrə məhkəmə prosesi iddia icraatına keçdiyi zaman iddiaçı öz tələbinə uyğun olaraq əlavə rüsum ödəməli idi. Bu məhkəmə tərəfindən təmin olunmadığından, apellyasiya şikayəti zamanı da dövlət rüsumu buna uyğun olmaqla ödənilmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən və Səbail Rayon Məhkəməsi tərəfindən bu xüsusata qiymət verilməmişdir. Hazırda "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə tələb olunan 1.860 manat həcmində dövlət rüsumunun ödənilməsi təmin olunmuşdur. Bundan başqa, apellyasiya şikayəti "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən order əlavə olunmaqla verilsə də, nümayəndə elektron məhkəmə sisteminə əlavə olunmamış, apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-2346/2025 saylı qərardadı, həmçinin Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(009)-277/2025 saylı qərardadı elektron qaydada, o cümlədən poçt vasitəsilə nümayəndəyə təqdim olunmamışdır. Bu da Mülki Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə nəticələnmişdir.

12. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

13. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

14. İddiaçı şikayətə qarşı yazılı etiraz verərək bildirmişdir ki, nümayəndənin-vəkilin guya Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin sonrakı taleyindən 2 aydan artıq müddətdə məlumatsız olması, Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının və Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından bixəbər olmasına dair mövqeyi uydurmadır və işin lüzumsuz uzadılması üçün irəli sürülmüşdür. Cavabdehin nümayəndəsinin vəkillik fəaliyyəti ilə məşğul olan şəxs olduğu nəzərə alınsa, işi uzatmaq və ya şikayətin verilməsi zamanı müddətin ötürülməsi, rüsumun düzgün ödənilməməsi kimi mühüm pozuntulara yol verilməsinin ört-basdır edilməsi üçün əl atılan bəhanələr əsaslı hesab edilə bilməz. İş üzrə tərəf qismində çıxış edən Cavabdeh MMC-nin e-məhkəmə elektron informasiya sistemində elektron kabineti mövcuddur, Cəmiyyətin tərəf qismində çıxış etdiyi məhkəmə işləri istisnasız qeydə alınır, sənədlərin və məhkəmə aktlarının təqdim edilməsi, təqdim edilmə zamanı elektron poçt vasitəsilə, habelə sistem vasitəsilə bildirişlərin təqdim edilməsi, habelə İnternet Vergi İdarəsi (AVİS) vasitəsilə məhkəmə aktlarının təqdim edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə müvafiq olaraq elektron qaydada təmin olunur. Ona görə də, nümayəndənin-vəkilin apellyasiyanın və birinci instansiya məhkəməsinin qərardadlarından məlumatsız olması, lakin nə hikmətsə Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından dərhal şikayət verməsi uydurma və yalanlara dəlalət edir. Nəzərə almaq lazımdır ki, kreditor “AAA” Vəkil Bürosu tərəfindən əmr icraatı qaydasında məhkəməyə müraciət olunmuş və Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə müvafiq olaraq 100 manat dövlət rüsumu ödənilmişdir. Cavabdehin nümayəndəsinin guya iddia icraatına keçilməsi zamanı iddiaçı tərəfindən əlavə rüsum ödənilməli olmasına dair qanundan bixəbər mülahizələr irəli sürərkən, əslində dövlət rüsumunun iddia icraatına keçilməsi barədə ərizə verən və ona qarşı ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd olunmuş cavabdehdən tutulmalı olmasını nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadından 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət etmə hüququ nəzərdə tutulsa da, Cavabdeh MMC və onun nümayəndəsi-vəkili tərəfindən kassasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəyə minmişdir. Ona görə də, Səbail Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli qərardadı ilə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi nəzərə alınaraq şikayət geri qaytarılmışdır. Hazırda həmin qərardaddan verilmiş şikayətin təmin edilməsi heç bir hüquqi nəticə yaratmadığından və həmin qərardadın ləğv edilməsinin Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2025-ci il tarixli qərardadı ilə ziddiyyət təşkil edəcəyindən mümkün deyildir. Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci ildə e-məhkəmə informasiya sistemində yerləşən elektron kabinet və AVİS vasitəsilə tərəflərə rəsmi təqdim edilmişdir. Hazırda qətnamədən şikayət verilməsi müddəti keçmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 361.3. Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası şikayətin və ona qarşı verilmiş etirazın dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-277/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, iş materiallarından məlum olur ki, cavabdeh tərəfindən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-277/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu ilkin tələbə münasibətdə 212,47 manat, qarşılıqlı iddiaya münasibətdə 1.645 manat təşkil etdiyi halda, şikayətə 50 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunduğundan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-2346/2025 nömrəli qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir.

18. Qərardad xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-nin elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada təqdim edilsə də, qanunvericiliklə nəzərdə tutulmuş 10 günlük prosessual müddət daxilində ondan kassasiya şikayəti verilməmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadında əks olunmuş göstərişlər əsasında Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə sözügedən qətnamədən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

20. Hazırda cavabdeh Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi məqsədilə 1.858 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair qəbzi məhkəməyə təqdim etməklə yanaşı, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadını da mübahisələndirmişdir.

21. Halbuki, mülki-prosessual qanunvericiliyin tələblərinə görə, bu halda qərardadda göstərilmiş nöqsan aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.

22. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-277/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar