Məhkəmə qərarları › İş №2(103)-3523/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3523/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3523/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-7106/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15000 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncu ilə aralarında formal olaraq bağlanmış (başqa bir əqdi pərdələmək məqsədi ilə) xx.xx.2015-ci il tarixli uydurma, yalan kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqavilənin birinci bəndinə əsasən cavabdehə 38000 ABŞ dolları məbləğində pul borca verilmiş, sonuncu isə ayda 1000 ABŞ dolları olmaqla xx.xx.2018-ci il tarixinədək borcu tam olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Artıq müqavilənin müddətinin bitməsindən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. Belə ki, sonuncu dəfə cavabdeh 2018ci ilin mart ayında 1000 ABŞ dolları məbləğində pul ödəmiş, bununla da qalıq borc 15000 ABŞ dolları olmuşdur. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2007-ci ildən Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsi Motodrom adlanan ərazidə ailə üzvləri ilə birlikdə kirayə evdə yaşamış, həmin ərazinin havası yaxşı olduğundan və şəhərə yaxın olduğundan əlində olan 35000 ABŞ dolları məbləğində pula ev almaq istəmiş və bu məqsədlə də ev axtararkən İddiaçı özünə məxsus satdığı evdən xoşu gəlmiş, evin qiyməti ilə maraqlanmış, 76.000 manata satıldığını müəyyənləşdirmiş, əlində cəmi 35.000 ABŞ dolları pulunun olduğunu, qalan pulu aylara bölməklə hissə-hissə ödəyəcəyini bildirmiş və evin qiymətini 62.000 manata razılaşmışlar. O, həmin vaxtlar xarici şirkətdə işlədiyindən və ABŞ dolları ilə əmək haqqı aldığından evin pulunu həmin vaxt ABŞ dollarının manata olan kursuna uyğun olaraq (yəni, 100 ABŞ dolları 78 manat) dollarla ödəyəcəyini bildirmiş, İddiaçı isə etiraz etməmişdir. 2014-cü ilin noyabr ayında evin ilkin ödənişi kimi İddiaçı 35.000 ABŞ dolları məbləğində pul ödəyərək həmin evi almış və tərəflər hər ay 780 manatın kursuna uyğun olaraq ona 1000 ABŞ dolları pul ödəmək barədə şərtləşmişlər. 2014-cü ilin dekabr ayının əvvəlində 1300 ABŞ dolları və 2015-ci ilin yanvar ayının əvvəlində 1300 ABŞ dolları ödənişlər etmişdir. 2015-ci ilin yanvar ayında İddiaçı onunla görüşərək evin ödənməmiş qalan pulu ilə bağlı kredit müqaviləsi bağlamağı təklif etmiş, buna ehtiyac olmadığını qalan pulu razılaşdırılmış qaydada ödəyəcəyini bildirsə də, İddiaçı kredit müqaviləsi bağlamaq üçün təkid etdiyindən onlar xx.xx.2015-ci il tarixdə 43 saylı notariat kontorunda 30.200 manat ödənməmiş pulun ABŞ dolları kursuna olan nisbətdə 38.000 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlamışlar. Kredit müqaviləsi bağladıqdan sonra o, bir neçə ay evin ödənməmiş qalan pulunu ABŞ dolları ilə ödəsə də sonradan devalvasiya ilə bağlı pulu hər ay min manat olmaqla (manatla) ödəmişdir. İddiaçı ilə aralarında bağlanmış 07.01 2015-ci il tarixli kredit müqaviləsi evin ödənməmiş qalan puluna görə bağlanılmış müqavilə olmuşdur. Həmin müqavilə bağlanarkən və ondan sonra İddiaçı ona borca pul verməmişdir. İddiaçı ilə elə bir yaxın münasibəti olmadığından, ona 38.000 ABŞ dolları təmənnasız olaraq borca pul verməmişdir. O, 2015-ci ilin yanvar ayının 7-dən sonra bu günə kimi İddiaçı 3300 ABŞ dolları və 38.900 manat pul ödəmiş və evin ödənməmiş qalan pulunu tam olaraq ödəyib qurtarmışdır, onun İddiaçı borcu qalmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 7106/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh 15.000 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) pul məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Uydurma kredit müqaviləsinin icrasına başlanıldığı vaxt 2019-cu ilin mart ayı olduğundan iddia müddətinin başlandığı vaxt həmin tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili (qarşılıqlı iddia üzrə iddiaçının) apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili (qarşılıqlı iddia üzrə cavabdehin) apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Eyni zamanda nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi rədd edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 38.000 ABŞ dolları borc pul vermiş, sonuncu isə ayda 1000 ABŞ dolları olmaqla xx.xx.2018-ci il tarixədək borcu tam qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası 10 gün müddətinə yerinə yetirməyi tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli əlyazmadan görünür ki, Cavabdeh İddiaçı Binəqədi rayonu Motodrom yeni yaşayış massivindən 3 otaqlı həyət evi almış, 35000 ABŞ dolları məbləğində pul vermiş və 41000 ABŞ dolları borcu hər ayın 3-ü aylıq 1000 ABŞ dolları olmaqla ödəməyi öhdəsinə götürmüş və imzalamış, həmçinin İddiaçı Cavabdeh 35000 ABŞ dolları aldığını və özünəməxsus olan Binəqədi rayonu Motodromun arxasında olan evi ona verdiyini və ona qalan 41000 ABŞ dolları borcun hər ayın 3-ü 1000 ABŞ dolları vermək şərti ilə özü yazmış və imzalamışdır. İddiaçı hazırda xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh tərəfindən ödənilməmiş qalan borc məbləğini tələb edir. Cavabdeh isə həmin kredit müqaviləsinin formal olaraq bağlandığını, əslində iddiaçıdan ev aldığını, kredit müqaviləsinin də evin pulundan borclu qaldığı 38.000 ABŞ dolları məbləğində pulun qaytarılmasının təminatı qismində bağlandığını, sonradan evin pulunu tam qaytardığını və hazırda heç bir borcu olmadığını bildirərək, müqavilənin etibarsız sayılmasını tələb edir. İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq, qeyd etmişdir ki, hazırki borcun evin satılması ilə bağlılığı yoxdur, onun həqiqətən də Binəqədi rayonu Xocasən qəsəbəsi Motodrom deyilən ərazidə 3 otaqlı həyət evi olmuş və xx.xx.2014-cü il tarixdə Cavabdehlə arasında həmin evin alqı-satqısına dair müqavilə bağlanmışdır, evin heç bir sənədi olmadığından həmin evi kağızda yazılmış iltizama əsasən cavabdehə satmışdır. Evin qiymətini 76000 ABŞ dolları razılaşmışlar, 35000 ABŞ dollarını həmin tarixdə cavabdeh vermiş, qalan 41000 ABŞ dollarını isə hər ay 1000 ABŞ dolları olmaqla hissə-hissə ödəməli idi, cavabdeh həmin məbləği ödəmiş, evin pulundan 2000 ABŞ dolları məbləğində borcu qalmışdır. Həmin pulun tələb edilməsi ilə bağlı hazırda Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Kredit müqaviləsinə əsasən isə 38000 ABŞ dolları borca pul vermiş, 15000 ABŞ dolları borc qalmışdır. Eyni zamanda iddiaçı ərizə ünvanlayaraq, Cavabdeh qarşılıqlı iddianı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə qaldırdığından iddia müddətinin tətbiq edilərək qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, əvvəllər Cavabdeh ilə birlikdə işləmiş, hətta Loğman evini Araza satanda alqı-satqı zamanı orada iştirak etmişdir. Onlar birlikdə olarkən Loğman Arazın ona evin pulundan 15000 borcu qaldığını bildirmiş, Araz isə 13000 borcu qaldığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Arazı əvvəldən tanıyır, Loğmanı isə ev alqı-satqısından sonra tanımışdır. Cavabdeh evi alarkən, həqiqətən 35.000 ABŞ dolları ilkin ödəniş vermiş və özü şəxsən orada iştirak etmişdir. Həmin zaman cavabdeh ABŞ dolları ilə əmək haqqı aldığından evin qalan pulunu aylıq ABŞ dolları ilə ödəmək barədə razılaşmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Arazı 8-9 ildir ki, tanıyır. Onlar telefonla danışarkən şahidi olmuşdur ki, Araz 13000, Loğman isə 15000 borc olduğunu bildirirdi. Cavabdeh aylıq 1000 manat ödəniş edirdi. Bəzən Araz evdə olmayanda sonuncunun əvəzinə o, 6 dəfə 1000 manat iddiaçıya ödəmişdir. Arazın təxmini 2000 manat borcu qalıb. Kollegiya hesab edir ki, məhkəmə Mülki Məcəllənin 385.1, 442, 739.1, 740, 741-ci maddələrinə istinad edərək ilkin iddia tələbinin təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında ev alğı-satqısı ilə bağlı münasibət olmuşdur. xx.xx.2014-cü il tarixli əlyazmadan da görünür ki, Cavabdeh İddiaçı Binəqədi rayonu Motodrom yeni yaşayış massivindən 3 otaqlı həyət evi almış, 35000 ABŞ dolları məbləğində pul vermiş və 41000 ABŞ dolları borcu hər ayın 3-ü aylıq 1000 ABŞ dolları olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edir ki, həmin evin satılmasından cavabdehin 2000 ABŞ dolları ödənilməmiş borcu qalmışdır ki, bununla bağlı da ayrıca iddia qaldırmışdır. Cavabdeh isə kredit müqaviləsinin evin satılmasına görə ödənilməmiş qalan pul məbləğinə görə formal olaraq bağlandığını bildirir. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi, uydurma əqd o əqddir ki, həmin əqd onda nəzərdə tutulmuş hüquqi nəticə əldə etmək deyil, sadəcə görünüş yaratmaq məqsədi ilə bağlanır. Hazırki işdə isə mübahisəsiz qaydada müəyyən olunur ki, tərəflər arasında evin alqı-satqısı ilə bağlı münasibətlər yaranmış və xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi də cavabdeh tərəfindən evin alınmasına görə ödənilməmiş qalan məbləğin ödənilməsi məqsədilə bağlanmışdır. Yəni, burada uydurma əqddən söhbət gedə bilməz. Kredit müqaviləsi ilə cavabdeh borcunu etiraf etmiş və həmin borcun müəyyən olunmuş qaydada ödənilməsini öhdəsinə götürmüşdür. Həmçinin Kollegiya qeyd edir ki, iddiaçı 2014-cü il tarixdə cavabdehə ev satmış, həmin evin satılmasına görə pul məbləğinin bir hissəsi ödənilmiş, qalan hissəsinin hissəhissə ödənilməsi barədə razılığa gəlmişlər. Belə olan halda, evin satılmasına görə cavabdehin iddiaçıya pul borcu ola-ola iddiaçının qısa müddət ərzində yenidən cavabdehə eyni məbləğdə - 38000 ABŞ dolları borc pul verməsi ağlabatan deyildir və kifayət qədər inandırıcı görünmür. Kredit müqaviləsinin evin satılmasından qalmış borcun cavabdeh tərəfindən etiraf edilməsi və qaytarılması üçün bağlanmış müqavilə olması aşkardır. Belə olan halda iddiaçının kredit müqaviləsinə əsasən cavabdehdən pul tələb etməsi əsassız olduğundan Kollegiya qeyd edir ki, iddiaçının ilkin iddia tələbi rədd edilməlidir. Etibarsız hesab edilməsi tələb edilən kredit müqaviləsi cavabdeh tərəfindən evin alınmasına görə qalmış məbləğin qaytarılması məqsədilə bağlanmışdır, cavabdeh hazırda evin pulunu tam ödədiyini, iddiaçı isə 2000 ABŞ dollarının qaldığını və bu barədə ayrıca iddia qaldırdığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə isə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı müddətin keçməsinə görə rədd etmişdir. Kollegiya həmin nəticə ilə razılaşır, eyni zamanda qeyd edir ki, müqavilənin etibarsızlığı da müəyyən olunmur. Ancaq, yuxarıda da qeyd olunduğu kimi, kredit müqaviləsi ilə borc verilib-alınması yox, mövcud olan borcun etirafı və qaytarılması qaydası müəyyən olunmuşdur ki, bu da yuxarıda sadalanan normalara zidd deyildir. İddiaçının izahatından isə aydın olur ki, evin pulundan cavabdehin cəmi 2.000 ABŞ dolları məbləğində borcu qalmışdır ki, həmin pulun qaytarılması ilə bağlı da o, müstəqil iddia qaldırmışdır. Cavabdehin qarşılıqlı iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7106/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – ilkin iddia tələbinin təmin edilməsi (Cavabdeh 15.000 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) pul məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi) hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar