Məhkəmə qərarları › İş №2(103)-3523/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3523/2021

10.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3523/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6830/2020 saylı, xx xxxxxx 2021ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2004-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay üçün 170 manat alimentin təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6830/2020 saylı, xx xxxxxx 2021ci il qərardadı ilə MPM-in 152.1.3-cü maddəsinə (aidiyyət qaydalarının pozulması) əsaslanmaqla, iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş şikayət məhkəmənin eyni saylı, 12 fevral 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək bildirdi ki, alimentə dair iddialar iddiaçı tərəfindən özü yaşadığı yerə görə verilə bilər, o da hal-hazırda faktiki olaraq Sabunçu rayonu ərazisində yaşayır, bu səbəbdən təmin edilməsini xahiş etdi. Şikayətə baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən ona əsaslanmışdır ki, nə iddiaçı, nə də cavabdeh Bakı şəhəri Sabunçu rayonu ərazisində qeydiyyatda deyil. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə görə alimentin alınması ... haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Belə ki, iddiaçı bildirir ki, Sabunçu Rayonu İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 2358 saylı arayışından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel küçəsində yerləşən özbaşına tikilidə qeydiyyatsız yaşayır. Belə olan halda aydın olur ki, iddiaçı haqlı olaraq MPM-in 36.3-cü maddəsinə görə özünün faktiki yaşadığı yerə görə hazırkı iddianı Sabunçu Rayon Məhkəməsinə vermiş, məhkəmə isə əsassız olaraq iddianı geri qaytarmışdır. Eyni zamanda, iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə baxarkən tərəflərin iştirakını da təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.2-ci maddəsinə əsasən, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Belə olan halda, Kollegiya hesab edir ki, qanunvericiliyə əsasən, rayon məhkəməsi hazırkı iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxmalı idi. Məhkəmələrdə işlərə baxılmasının qaydaları isə Məcəllənin «Əsas Qaydalar» adlı İ fəslində nəzərdə tutulmuşdur. Həmin fəsildə yer alan 9.1-ci maddənin tələbinə görə – ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məcəllənin 9.2-ci maddəsinə əsasən … məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağrılıb dindirilmədikdə baxıla bilməz. Məcəllənin 9.3-cü maddəsinə görə isə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. …. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə olan halda aydın olur ki, MPM-in 269.1-ci maddəsində nəzərdə tutulmuş «qərardaddan verilmiş şikayətə məhkəmədə baxılır» göstərişi mütləq qaydada şikayətin məhkəmə iclasında, həm də onun təyin olunma vaxtı və yeri barədə tərəflərə məlumat verilməklə baxılmalı olduğunu tələb edir. Hazırkı halda isə şikayətə baxmış birinci instansiya məhkəməsi qanunun bu imperativ tələblərinə əməl etməmiş, şikayətə tərəflərin iştirakı olamadan baxmışdır. Buna görə də kollegiya hesab edir ki, tərəfindən yuxarıda göstərilən prosessual pozuntulara yol verildiyindən şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddiaçının ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6830/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü haqqında məsələyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş materialları Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar