Məhkəmə qərarları › İş №2(103)-3523/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3523/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3523/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(005)-145/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları xx.xx.2021-ci il tarixli kredit müqaviləsi əsasında “borcverən” İddiaçı ASC tərəfindən “borcalan” Zeynalov Elçin Fazil oğluna illik 16,3 faizlə 36 ay müddətinə 25.000 manat məbləğində kredit verilmişdir. Zeynalov Elçin Fazil oğlu xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən həmin kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsi onun qanun üzrə vərəsəsi Cavabdeh keçmişdir. Hazırda İddiaçı ASC müqavilə üzrə borcların vərəsə Cavabdeh tərəfindən ödənilməməsinə istinad edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 19542,52 manat əsas borc, 7184,88 manat faiz borcu və 6246,63 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 32974,03 manat məbləğində borcun və 188,92 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zeynalov Elçin Fazil oğlu ilə İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən illik 16.3 faizlə 36 ay müddətinə 25.000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü ilədək Zeynalov Elçin Fazil oğlunun banka kredit müqaviləsi üzrə 19542,52 manat əsas borc, 7184,88 manat faiz borcu və 24986,5 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 51713,9 manat borcu vardır. Zeynalov Elçin Fazil oğlunun kredit müqaviləsi üzrə banka olan cərimə borcu 24986,5 manat təşkil etməsinə baxmayaraq, 6246,63 manat məbləğində tələb olunur. Zeynalov Elçin Fazil oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixli, 54 nömrəli 1 saylı Bakı “Asan Xidmət Mərkəzi”ndə notariat ofisi tərəfindən təqdim edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Zeynalov Elçin Fazil oğlunun vərəsəsi olan Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Daha sonra iddia ərizəsinə əlavə edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 13611,08 manat əsas borc, 9089,08 manat faiz borcu və 42656,55 manat cərimə borcu, 222,55 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 65580,11 manat məbləğində borcun və 286,74 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi-vəkili Vəkil həmçinin məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi faiz borcu, cərimə borcu və əldən çıxmış fayda hissəsində rədd edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 iyun 2018-ci il tarixli qərarında vərəsələrin kreditor qarşısında öhdəlikləri ilə bağlı hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur: “Göründüyü kimi, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3 cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni, kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar. Dəbbə puluna görə zamin və vərəsələrin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Öhdəliyin icrasının təmini üsulu, eləcə də öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət növü olaraq dəbbə pulunun borclunun ölümündən sonra müqavilənin icrasını davam etdirəcək zamin və vərəsələrə münasibətdə də tətbiqi mümkündür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, borclu öldüyü halda isə vərəsə və ya zaminin təqsiri olduğu təqdirdə tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində vərəsələr və ya zaminin təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. Konstitusiya Məhkəməsinin Plenumu şərh olunan məsələ ilə bağlı məhkəmələrdə xeyli sayda mübahisələrin mövcudluğunu nəzərə alaraq və kreditlərin qaytarılması üzrə gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün kredit verilərkən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından sığorta etdirilməsini məqsədəmüvafiq hesab edir. Bu, həmçinin “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 aprel tarixli 398 nömrəli Sərəncamından da irəli gəlir.” İş materiallarından da göründüyü kimi, mərhum Zeynalov Elçin Fazil oğlunun varisi kimi cavabdeh qismində cəlb edilmiş Cavabdeh xx.xx.2014-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, o, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə əsas iş yeri üzrə müəllim işləyir, aylıq əmək haqqının məbləği 1099,75 manat; vergi və sosial sığorta ödənişlər tutulandan sonra isə 830 manat təşkil edir. Bundan əlavə, cavabdehlə "xxxx" QSC arasında bağlanmış xx.xx.2023cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçının götürdüyü 12.650 manat istehlak kreditini hər ay 362 manat olmaqla "xxxx" QSC-yə qaytarmaq öhdəliyi vardır. Belə olan halda, Cavabdeh mərhum əri Zeynalov Elçin Fazil oğlunun kredit müqaviləsi üzrə əsas borc məbləğinə faiz, dəbbə pulu və əldən çıxmış fayda məbləğlərinin tələb edilməsi Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən qərarındakı hüquqi mövqelər də nəzərə alınmaqla, Mülki Məcəllənin 5.3, 462.2, 472.1-ci maddələrinin tələblərinə ziddir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(005)- 145/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 13151,97 manat əsas borc, 6790,6 manat faiz borcu və 100 manat cərimə olmaqla, ümumilikdə 20042,57 manat məbləğində vəsaitin tutularaq İddiaçı ASC-yə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyərləri olan 200 manatın 62,5 manatı İddiaçı ASC-dən, 137,5 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və dövlət rüsumu kimi ödənilmiş 286,74 manat pulun 89,6 manatı İddiaçı ASC-yə, 197,14 manatın isə Cavabdeh aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin borclunun vəfat etməsi səbəbindən, onun müqavilə üzrə öhdəliyi icrasız qalmışdır. Borclunun arvadı, hazırki Cavabdeh borcludan miras qalan əmlakı vərəsə kimi tam qəbul etmişdir. Cavabdeh miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özünün payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludur. Cavabdeh ərindən miras qalan miras əmlakları mərhumun adına olan 8605,89 manat dəfn üçün müavinəti, “Ford Mondeo” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,116095 kv.m olan torpaq sahəsini, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 48, giriş 1 ünvanında yerləşən ümum sahəsi 75 kv.m olan mənzili miras əmlak kimi qəbul etmiş və bu səbəbdən kreditor qarşısında həmin miras əmlaka mütənasib öhdəliyi yaranmışdır. Qeyd olunmalıdır ki, cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Məhkəmə iddia tələbinin 13611,08 manat əsas borc hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9362 nömrəli ekspert rəyində Zeynalov Elçin Fazil oğlunun İddiaçı ASC-yə olan əsas borcunun xx.xx.2025-ci il tarixə 13151,97 manat olduğu müəyyən edilmişdir. İddia tələbində əsas borcun 13611,08 manat olduğu göstərilsə də, məhkəmə ekspert rəyini əsas götürərək hesab etmişdir ki, əsas borc üzrə 13151,97 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən müqavilə üzrə faiz və cərimə borclarının tələb edilmə hüququna münasibət bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarı ilə formalaşdırılan hüquqi mövqe üzrə kredit öhdəliklərin icra edilməməsində təqsirli olduqda dəbbə pulununun və vicdanlılıq prinsipinin tələbləri nəzərə alınmaqla, faiz məbləğinin vərəsələrdən tutulmasının mümkünlüyünə aydınlıq gətirilmişdir. Bu əsasla İddiaçı ASC kredit müqaviləsi üzrə faiz və cərimə məbləğlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Faiz borcunun 9089,08 manat məbləğində tələb edilməsi hissəsində məhkəmə qeyd etmişdir ki, mərhumun mülkiyyətində olmuş əmlakın vərəsə tərəfindən nə vaxt qəbul edilməsi məsələsinə diqqət yetirilməlidir. Belə ki, mərhumun öhdəliklərinə görə məsuliyyətin vərəsələrə keçməsində miras ötürücü faktor rolunu oynayır. Həmin miras əmlak üzərində isə vərəsə tərəfindən sərəncam vermək hüququnun əldə edilməsi vaxt tələb etdiyindən, bu zaman çərçivəsində kreditorların tələbləri qarşısında vərəsənin təqsirli hərəkəti mövcud olmur. Yəni iş üzrə Cavabdeh miras əmlaklar onda olmadığı müddət ərzində hesablanmış faizlər tələb edilə bilməz. Beləliklə, qanunvericiliyin tələblərini əsas götürərək məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyi üzrə pretenziya bildirişinin göndərildiyi, yəni xx.xx.2024-cü il tarixə müəyyən edilmiş 6790,6 manat faiz borcu cavabdehdən tutulmalıdır. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq 100 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. İddiaçı ASC 222,55 manat əldən çıxmış fayda tələbinə nisbətdə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia bu hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən - Cavabdeh 6790,6 manat faiz borcunun və 100 manat cərimənin tutulması hissəsində ləğv edilərək, həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 iyun 2018-ci il tarixli qərarındakı mövqeyindən də aydın görünür ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinin tətbiqi mirası qəbul etmiş şəxsə miras qoyanın öhdəliklərinin tam şəkildə mirası qəbul etmiş şəxsin üzərinə qoyulması zamanı mülki qanunvericiliyin mühüm prinsiplərindən olan vicdanlılıq prinsipinin nəzərə alınmasını da ehtiva edir. Sübut etməyə ehtiyac yoxdur ki, kredit müqaviləsi bağlayaraq onun şərtlərini öz iradə ifadəsinə görə qəbul edən borclu (miras qoyan) ilə həmin şərtlərlə bağlanmış müqavilə üzrə öhdəlikləri öz iradəsindən asılı olmayaraq ödəməli olan borclu (mirası qəbul edən) ilə eyniləşdirilə bilməz. Bununla bağlı Konstitusiya Məhkəməsinin həmin qərarındakı hüquqi mövqelərə görə dəbbə pulunun (cərimə, penya) tətbiqi birmənalı şəkildə öhdəliyin tərkibindən xaric edilmiş, faizlərə münasibətdə isə kreditorların vicdanlılıq prinsipindən çıxış etməli olması, miras qalmış əmlakın həcminin, vərəsələrin maddi durumunun və s. kimi halların nəzərə almalı olması bildirilmişdir. O hal da nəzərə alınmalıdır ki, iddiaçı bank kredit müqaviləsi üzrə borcalanın həyatının ölüm halından sığorta etdirilməsini tələb etmək hüququ olduğu halda, bunu etməmiş və faktiki olaraq hazırkı iş üzrə ailə başçısını itirmiş və maddi vəziyyəti ondan asılı olmayan öhdəlikləri də icra etmək vəzifəsi ilə bağlı kəskin şəkildə ağırlaşmış cavabdehin üzərinə, əlavə yük qoyulmasına şərait yaratmışdır. Müvafiq təsdiqedici sənədlər əlavə edilməklə birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmışdır ki, mərhum Zeynalov Elçin Fazil oğlunun varisi kimi cavabdeh qismində cəlb edilmiş Cavabdeh xx.xx.2014-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, o, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə əsas iş yeri üzrə müəllim işləyir, aylıq əmək haqqının məbləği 1099,75 manat; vergi və sosial sığorta ödənişlər tutulandan sonra isə 830 manat təşkil edir. Bundan əlavə, cavabdehlə "xxxx" QSC arasında bağlanmış 25 iyul 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçının götürdüyü 12.650 manat istehlak kreditini hər ay 362 manat olmaqla, 2027-ci ilin iyul ayına kimi "xxxx" QSC-yə qaytarmaq öhdəliyi vardır. Belə olan halda, Cavabdeh mərhum əri Zeynalov Elçin Fazil oğlunun kredit müqaviləsi üzrə 13151,97 manat əsas borc məbləği ilə yanaşı, 6790,6 manat – yəni, əsas məbləğin yarısından da çox faiz məbləğinin və 100 manat cərimə borcunun tutulması birinci instansiya məhkəməsinin tətbiq etdiyi normanın şərhi ilə bağlı Konstitusiya Məhkəmənin hüquqi mövqeyinə zidd olduğu aşkardır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə cavabdehdən 6790,6 manat faiz borcu və 100 manat cərimənin tutulması hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 558.1-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu hissəsində dəyişdirilməli və qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisə edilməyən hallarından görünür ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin borclunun vəfat etməsi səbəbindən, onun müqavilə üzrə öhdəliyi icrasız qalmışdır. Borclunun arvadı, hazırki Cavabdeh borcludan miras qalan əmlakı vərəsə kimi tam qəbul etmişdir. Cavabdeh miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özünün payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludur. Cavabdeh ərindən miras qalan əmlakları mərhumun adına olan 8605,89 manat dəfn üçün müavinəti, “Ford Mondeo” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,116095 kv.m olan torpaq sahəsini, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, 3123-cü məhəllə, ev 63F, mənzil 48, giriş 1 ünvanında yerləşən ümum sahəsi 75 kv.m olan mənzili miras əmlak kimi qəbul etmiş və bu səbəbdən kreditor qarşısında həmin miras əmlaka mütənasib öhdəliyi yaranmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Zeynalov Elçin Fazil oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2021-ci il tarixli, 22-Y-1-0-1229-21 saylı kredit razılaşmasının şərtlərinə müvafiq olaraq, Zeynalov Elçin Fazil oğlunun banka olan borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 20696,49 manat, faiz borcu üzrə 168,68 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 18596,49 manat, faiz borcu üzrə 6790,60 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 18296,49 manat, faiz borcu üzrə 7705,98 manat, xx.xx.2025-ci il tarixə əsas borc üzrə 13151,97 manat, fazi borcu üzrə 8079,96 manat təşkil edir. Hazırda cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini faiz borcu və cərimə məbləği hissəsində mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarı ilə formalaşdırılan hüquqi mövqe üzrə kredit öhdəliklərin icra edilməməsində təqsirli olduqda dəbbə pulununun və vicdanlılıq prinsipinin tələbləri nəzərə alınmaqla, faiz məbləğinin vərəsələrdən tutulmasının mümkünlüyünə aydınlıq gətirilmişdir. Bu əsasla İddiaçı ASC kredit müqaviləsi üzrə faiz və cərimə məbləğlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Faiz borcunun 9089,08 manat məbləğində tələb edilməsi hissəsində birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mərhumun mülkiyyətində olmuş əmlakın vərəsə tərəfindən nə vaxt qəbul edilməsi məsələsinə diqqət yetirilməlidir. Belə ki, mərhumun öhdəliklərinə görə məsuliyyətin vərəsələrə keçməsində miras ötürücü faktor rolunu oynayır. Həmin miras əmlak üzərində isə vərəsə tərəfindən sərəncam vermək hüququnun əldə edilməsi vaxt tələb etdiyindən, bu zaman çərçivəsində kreditorların tələbləri qarşısında vərəsənin təqsirli hərəkəti mövcud olmur. Yəni iş üzrə Cavabdeh miras əmlaklar onda olmadığı müddət ərzində hesablanmış faizlər tələb edilə bilməz. Beləliklə, qanunvericiliyin tələblərini əsas götürərək məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyi üzrə pretenziya bildirişinin göndərildiyi, yəni xx.xx.2024-cü il tarixə müəyyən edilmiş 6790,6 manat faiz borcu cavabdehdən tutulmalıdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin faiz borcuna münasibətdə gəldiyi nəticəsi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında faiz məbləğinin hansı tarixdən vərəsələrdən tutulması barədə konkret şərh olmamışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi Plenumu vicdanlılıq prinsipinin tələbləri nəzərə alınmaqla, faiz məbləğinin vərəsələrdən tutulmasının mümkünlüyünə aydınlıq gətirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarından da göründüyü kimi, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar. Məhkəmə Kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarında qeyd olunan faiz məbləğinin vərəsələrdən tutulması zamanı vicdanlılıq prinsipinin tələbləri nəzərə alınması barədə mövqeyini əsas tuturaq hesab edir ki, cavabdehdən tutulmalı olan faiz borcu Zeynalov Elçin Fazil oğlunun ölümü anına olan hesablanmış 168,68 manat məbləğində müəyyən edilməlidir. Göründüyü kimi Zeynalov Elçin Fazil oğlu iddiaçıdan kredit götürülməsi barədə müqavilə bağladıqdan cəmi 7 ay keçməmiş vəfat etmiş və bu müddət ərzində hesablanmış faiz borcu 168.68 manat təşkil etmişdir. Məhkəmə Kollegiyası işin müəyyən edilmiş hallarını eləcə də faiz məbləğinin vərəsədən tutulması zamanı vicdanlılıq prinsipinin tələblərini nəzərə alaraq qeyd edir ki, iddiaçı Zeynalov Elçin Fazil oğlunun ölüm anına olan faiz borcunu tələb etməli olsa da tərəflərindən tərtib edilmiş maliyyə arayışına əsasən 9089,93 manat tələb edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə faizi əsas borcun 1/2 hissəsindən artıq məbləğdə müəyyən edilmişdir. Bu zaman vicdanlılıq prinsipi eləcə də miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə alınmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halları baxımından iddia tələbinin faiz borcu hissəsinə düzgün qiymət verməmiş, nəticədə cavabdehdən 6790,6 manat məbləğində faiz borcunun tutulması barədə yanlış nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə həmin hissədə qismən əsaslı olmuşdur. Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, cavabdeh apellyasiya şikayətində faiz borcu ilə yanaşı cərimə məbləğini də mübahisələndirsə də, həmin hissədə dəlilləri əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında göstərilmişdir ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, borclu öldüyü halda isə vərəsə və ya zaminin təqsiri olduğu təqdirdə tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində vərəsələr və ya zaminin təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclusunun 13611,08 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı tərəfindən 42656,55 manat cərimə borcu hesablayıb tələb edilmişdir və Məhkəmə Kollegiyasının qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 100 manat həddində müəyyənləşdirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətlidir. Apellyasiya şikayətinin dəlilləri qeyd edilən hissədə formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi faiz borcu hissəsində dəyişdirilməli, cavabdehdən tutulmalı olan faiz borcu 168.68 manat müəyyən edilməli və mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 2(005)-145/2025 nömrəli qətnaməsi-faiz borcu hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı olan faiz borcu 168.68 (yüz altımış səkkiz manat, altmış səkkiz qəpik) manat müəyyən edilsin. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar