Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3527/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Məhərrəmova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Əskərov Elxan Əjdər oğlunun iştirakı ilə, İddiaçı “xxxx” QSC Bank olmayan Kredit Təşkilatı”nın cavabdeh Quliyev Vaqif Rəşid oğluna qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-51/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Quliyev Vaqif Rəşid oğlundan əsas borc üzrə 12.387 ABŞ dolları, faiz borcu üzrə 6682,19 ABŞ dolları olmaqla cəmi 19.069,19 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub “xxxx” QSC-nin xeyrinə ödənilməsi, tələbin cavabdeh Quliyev Vaqif Rəşid oğlunun mülkiyyətində olan **-VO-*** dövlət qeydiyyat nişanlı, “SEAT İBİZA” minik markalı (buraxılış ili 2011, ban VSSZZZ6JZCR057473, rəngi qara) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin “xxxx” QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdeh Quliyev Vaqif Rəşid oğluna qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda cavabdeh Quliyev Vaqif Rəşid oğluna məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutma yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən əsl olmayan iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti əsl iddiaçı olan “xxxx” QSC Bank olmayan Kredit Təşkilatı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxx” QSC-yə keçmişdir. “xxxx” QSC ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2016-cı il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən “xxxx” QSC-yə keçmiş, “xxxx” ASCnin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirir. Yuxarıda qeyd olunan Xidməti müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxx” ASC ilə “xxxx” QSC arasında S-AVK-1905 saylı xx.xx.2018-ci il tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə “xxxx” QSC tərəfindən borclu şəxs Quliyev Vaqif Rəşid oğluna dair sənədlər təhvil-təslim aktına əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmişdir. “xxxx” ASC-nin Sənaye filialı ilə cavabdeh Quliyev Vaqif Rəşid oğlu arasında xx xxxx 2013-cü il tarixdə 01064 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19% tətbiq edilməklə, 36 ay müddətinə 13.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdehin mülkiyyətində olan «SEAT İBİZA» minik markalı, buraxılış ili 2011-ci il, ban VSSZZZ6JZCR057473, qara rəngli, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli AA seriyalı 091071 №-li “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bugünə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borcu 12.387 ABŞ dolları, faiz borcu üzrə 6682,19 ABŞ dolları olmaqla cəmi borcu 19.069,19 ABŞ dolları təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-51/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “xxxx” QSC Bank olmayan Kredit Təşkilatı”nın xeyrinə cavabdeh Quliyev Vaqif Rəşid oğlundan 12.387 ABŞ dolları məbləğində əsas borc, 5396,78 ABŞ dolları məbləğində faiz borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 17.783,78 ABŞ dolları məbləğində borcun və hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın cavabdeh Quliyev Vaqif Rəşid oğluna mülkiyyət hüququ əsasında məxsus və ipoteka predmeti olan «SEAT İBİZA» minik markalı, buraxılış ili 2011-ci il, ban VSSZZZ6JZCR057473, qara rəngli, **- VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılaraq iddiaçıya qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 17.783,78 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi, avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdeh Quliyev Vaqif Rəşid oğluna verilməsi, ekspertiza tədqiqatlarının dəyəri qismində cəmi 326 manatın cavabdeh Quliyev Vaqif Rəşid oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi qət olunmuşdur. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin əsassız olaraq ekspert rəyinə əsaslanaraq borc məbləğlərini müəyyən etməsi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə etmiş, cavabdeh isə məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməyən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçının nümayəndəsi isə yalnız iddia tələbinin təmin edilməməsi ilə bağlı hissədən şikayət vermişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə onu mübahisələndirən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, “xxxx” ASC-nin Sənaye filialı ilə cavabdeh Quliyev Vaqif Rəşid oğlu arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 01064 №-li kredit müqaviləsinin 2.1, 5.3 və 6.1-ci bəndlərinə əsasən ona nəqliyyat vasitəsinin alınması məqsədilə 36 ay müddətinə illik istifadə haqqı 19 faiz hesabı ilə 13.300 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd edilən müqavilənin 5.5. bəndinin şərtlərindən və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh Quliyev Vaqif Rəşid oğlu ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay banka 487,53 ABŞ dolları (sonuncu ay 461,62 ABŞ dolları), ümumilikdə 17.525,03 ABŞ dolları ödəməklə qaytarmalıdır. İşə əlavə olunmuş maliyyə arayışından görünür ki, cavabdeh Quliyev Vaqif Rəşid oğlu kredit müqaviləsinin şərtlərini pozmuş, aylıq ödənişləri lazımınca yerinə yetirməmiş, nəticədə onun banka olan qalıq borcunun miqdarı12.387 ABŞ dolları əsas, 6682,19 ABŞ dolları faiz borcu olmaqla, cəmi 19.069,19 ABŞ dolları təşkil etmişdir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxxxx 2019-cu il tarixli 21648 №li ekspert rəyinə əsasən Quliyev Vaqif Rəşid oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və xx xxxx 2013-cü il tarixli 01064 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə Quliyev Vaqif Rəşid oğunun xx xxxx 2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu 12.532,63 ABŞ dollarıəsas borc, 5396,78 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17.929,41 ABŞ dolları məbləğində müəyyən edilir. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxxxx 2020- ci il tarixli 453 №-li ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 15-18-ci vərəqələrində “xxxx” ASC ilə Quliyev Vaqif Rəşid oğlunun adına bağlanmış olan xx xxxx 2013-cü il tarixli 01064 nömrəli kredit müqaviləsinin hər vərəqəsinin aşağı sağ küncündəki və sonuncu vərəqində “Borc alan: Quliyev Vaqif Rəşid oğlu” hissəsində “İmza.” qrafasındakı imzalar,19-22-ci vərəqələrində olan xx xxxx 2013-cü il tarixli 1064 nömrəli ipoteka müqaviləsinin hər vərəqəsinin aşağı sağ küncündəki və sonuncu vərəqində “İpoteka verən: Quliyev Vaqif Rəşid oğlu” hissəsində “İmza.” qrafasındakı imzalar, 23-cü vərəqədə olan xx xxxx 2013-cü il tarixli 01064 nömrəli kredit müqaviləsinə Əlavə olan ödəniş cədvəlində “Borcalan” qrafasındakı imza, 14-cü vərəqədə olan 28 iyun iyun 2013-cü il tarixli məxaric orderində “Müştərinin imzası” qrafasındakı imza – Quliyev Vaqif Rəşid oğlu tərəfindən icra olunmuşdur. Tədqiqi hissənin 2-ci bəndində göstərilən çatışmazlığı aradan qaldırmaq üçün aşağıdakı profilaktik tövsiyə verilmişdir: imza qrafasında imza edən şəxsin öz xətti ilə ad-soyadını icra etməsini təmin etmək (bu qrafik materialın artmasına gətirib çıxarar və sənədlərdə imzaların saxtalaşdırılmasına çətinlik törədər). Kredit müqaviləsinin 2.1.bəndindən, işə əlavə olunmuş xx xxxx 2013-cü il tarixli 1064 saylı ipoteka müqaviləsindən, həmçinin, xx xxxx 2013-cü il tarixli AA 091071 №-li ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan və işin digər materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ipoteka ilə təmin olunaraq cavabdehə məxsus «SEAT İBİZA» minik markalı, buraxılış ili 2011-ci il, ban VSSZZZ6JZCR057473, qara rəngli, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil bank qarşısında yüklü edilmiş və bu barədə rəsmi qeydiyyat aparılmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarına əsasən Vaqif Quliyev yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu qənaətinə uyğun olaraq kollegiya, apellyatorun əsas və faiz borcunun düzgün hesablanmamış olması ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, iddiaçı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Kollegiya xüsusilə vurğulayır ki, müvafiq borc məbləğləri birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatına əsasən verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə kollegiya hesab edir ki, iddiaçının nümayəndəsi apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-51/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3527/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3527/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver