Məhkəmə qərarları › İş №2(103)-3529/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3529/2021

14.04.2021 · Müqavilələrin ləğv edilməsi - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3529/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X5, Cavabdeh, X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi, icarə haqqının ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC, cavabdeh Cavabdehla xx.xx.2013-cü ildə bağlanmış “Depozit seyfinin İcarəyə verilməsi haqqında” müqavilənin ləğvini, Cavabdeh 360 manat icarə haqqının bankın xeyrinə tutulmasını və 30 saylı depozit seyfi açılaraq, əmlak olduğu təqdirdə bankın saxlancına verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi maddi və prossesual huquq normalarını pozamaqla qətnamə çıxarmışdır. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü ildə “Depozit seyfinin İcarəyə verilməsi haqqında” müqavilə bağlanmış, müqavilənin “Komisyon haqları” adlı 2-ci bəndində (2.1) depozit seyfinin icarəsi üzrə Müştəri tərəfindən ödənilməli olan hər hansı icarə haqqı məbləği müəyyən olunmamışdır, çünki əvvəldən iddiaçı depozit seyfi pulsuz və müddətsiz təklif etmişdir və cavabdeh məhz bu şərtlərlə razılaşmışdır. Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Müqavilə bir gün və ya bir ilə müddətinə bağlanır (Müqavilənin müddəti müştəridən asılıdır). Müddət bitdikdən sonra müştəri müqaviləyə xitam vermədiyi halda, onunla bağlanmış müqavilə avtomatik olaraq əvvəl bağlanılmış müddətə uzadılır. İddiaçı tərəfindən xx.xx.2020-ci ilə tarixdə bildiriş göndərilərək , depozit seyfinə görə 1 illik komisyon haqqın, yəni 360 manat məbləğində pulun ödənilməsi tələb edilmişdir. Bildiriş məktubunda birbaşa etiraf etmişdir ki, aralarında bağlanmış müqavilədə hər hansı icarə haqqı göstərilməyib və iddiaçı həmin ödənişi oxşar depozit seyfi üçün müəyyən edilmiş şərtlərə görə tələb edir. İddiaçı iddia tələbi üzrə qanunvericiliklə müəyyən olunmuş 3 illik müddəti ötürmüşdür. Cavabdeh iclas zamanı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək “cavabdehin üzərinə müvafiq öhdəliklərin qoyulması barədə” qətnamə çıxarılmasını xahiş etmişdir, lakin məhkəmə tərəfindən aldadılmışdır. Məhkəməyə yazili və şifahi müraciət edərək icraatın rus dilində aparılmasını istəmiş, məhkəmə fundamental prosessual hüquqlarını pozmuş və tərcüməçi xidmətindən məhrum etmişdir. Cavabdeh apelyasiya şikayətinə əlavə edərək qeyd edir ki, məhkəmə iddiaçı ilə yaranmış mübahisənin barışıq yolu ilə həll edilməsi üçün heç bir addım atmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh, apelyasiya şikayətinin dəlilərinə uyğun izahat verərək, qeyd etdi ki, “xxxx” ASC-də müxtəlif vaxtlarda bir neçə hesabı və həmin hesablarda kifayət qədər miqdarda pulu olduğu üçün ona depozıt seyfini müqavilə ilə əvəzsiz istifadəyə verməyi təklif etmişlər. Müqavilə ilə tanış olduqda müqavilədə komisyon haqqın qeyd olunmaması, müqavilənin müddəti və ləğv olunması şərtləri onun mənafeyinə uyğun gəldiyi üçün razılaşmışdır. Bundan sonra depozıt seyfindən istifadə etmiş, bank tərəfindən heç bir maneə olmamışdır. Müqavilə münasibətlərinin davam etdiyi 6 il ərzində ərzində heç bir komisyan haqq tələb olunmamışdır. Lakin, sonradan depozit seyfindən istifadəyə icazə verilməmiş, müqavilədə nəzərdə tutulmaldığı halda depozit seyfindən istifadəyə görə komisyon haqq tələb etmişlər. Bankın tələbinin heç bir əsası olmadığını qeyd edərək apelyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apelyasiya şikayətinə etiraz edərək qeyd etdi ki, Cavabdeh arasında xx.xx.2013-cü ildə “Depozit seyfinin İcarəyə verilməsi haqqında” müqavilə hazırlanan zaman səhvə yol verilmiş, müqavilənin “Komisyon haqları” adlı 2-ci bəndində depozit seyfinin icarəsi üzrə ödənilməli olan hər hansı icarə haqqı məbləği qeyd edilməmişdir. Ona görə sözügedən müqavilə ilə ödənilməyən vəsaitlə bağlı tələb irəli sürərəkən oxşar müavilələri əsas götürmüşlər. Lakin hazırda oxşar müqavilə təqdim edə bilmir. Müqavilənin müddəti ilə bağlı suala cavab olaraq bildirmişdir ki, müqavilənin 8-ci bəndi də səhv tərtib olunmuşdur. Belə ki, həmin bənddə müqavilənin imzalandığı tarixdən qüvvəyə minməsi, müqavilənin bir gün və ya bir ilə müddətinə bağlanması, müqavilənin müddətinin müştəridən asılı olması və müddət bitdikdən sonra müştəri müqaviləyə xitam vermədiyi halda, onunla bağlanmış müqavilənin avtomatik olaraq əvvəl bağlanılmış müddətə uzadılması qeyd edilmişdir. Hesab edirlər ki. müqavilə müddətinin müştəridən asılı olması və müddət bitdikdən sonra müştəri müqaviləyə xitam vermədiyi halda, onunla bağlanmış müqavilənin avtomatik olaraq əvvəl bağlanılmış müddətə uzadılması hissəsi də yanlışdır. Məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş edir. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətinin təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia rədd olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, xxxx ASC ilə Cavabdeh arasında xx.xx.2013-cu il tarixdə “Depozit seyfinin icarə verilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 30 saylı depozit seyfi əvəzsiz olaraq Cavabdeh icarəsinə və istifadəsinə verilmiş və altı ildən artıq müddət ərzində ondan heç bir haqq tələb olunmamışdır. xx.xx.2020-ci il tarixli Sab189 nömrəli bildirişə əsasən depozit seyfi üçün nəzərdə tutulmuş komisyon haqqı müqavilə bağlandığı tarixdən bu günə qədər ödənilməmişdir. Bundan əlavə, qeyd olunur ki, hazırki müqavilədə komisyon haqqın miqadrı konkret olaraq nəzərdə tutulmasada, oxşar depozit seyfi üçün müəyyən edilmiş miqdarda, xx.xx.2019-cu il tarixdən hesablanmaqla 360 manat illik komisyon haqqın 10 gün müddətində ödənilməsi tələb edilir. Kollegiya, tələbin hüquqi əsaslarını nəzərdən keçirib, mübahisənin həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 421.1-ci və 421.2-ci maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, qanunverici tərəflərdən birinin tələbi əsasında müqavilənin ləğvini yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda məhkəmə qaydasında mümkün hesab etmişdir. İşdə olan “xxxx” ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü ildə “Depozit seyfinin İcarəyə verilməsi haqqında” müqavilə bağlanmış, 30 saylı depozit seyfini Cavabdeh icarərəyə vermiş, müqavilənin “Komisyon haqları” adlı 2-ci bəndində (2.1) depozit seyfinin icarəsi üzrə Müştəri tərəfindən ödənilməli olan hər hansı icarə haqqı məbləği müəyyən olunmamış, “Müqavilənin müddəti. Müqavilənin dayandırılması və ləğv edilməsi” adlı 8-ci bəndində müqavilənin imzalandığı tarixdən qüvvəyə minməsi və müqavilənin bir gün və ya bir ilə müddətinə bağlandığı (Müqavilənin müddəti müştəridən asılıdır), müddət bitdikdən sonra müştərinin müqaviləyə xitam vermədiyi halda, onunla bağlanmış müqavilənin avtomatik olaraq əvvəl bağlanılmış müddətə uzadılması, müqavilənin müştərinin yazılı müraciətinə əsasən, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilməsi qeyd olunmuşdur. Hazırda iddiaçı, cavabdehlə aralarında bağlanmış xx.xx.2013-cu il tarixdə “Depozit seyfinin icarə verilməsi haqqında” müqavilə üzrə nəzərdə tutlmuş komisyon haqqın bu günə qədər ödənilmədiyini bildirərək, sözügedən müqavilənin ləğvini, Cavabdeh 360 manat icarə haqqının bankın xeyrinə tutulmasını və 30 saylı depozit seyfi açılaraq, əmlak olduğu təqdirdə bankın saxlancına verilməsini tələb edir. İddiaçı müqavilədə komissyon haqqı nəzərdə tutulmadığı halda cavabdehdən yalnız oxşar depozit seyfi üçün nəzərədə tutlmuş müqavilələrə isinad etməklə haqq tələb etsədə, məhkəməyə oxşar müqavilə təqdim etməyərək, məhkəmə iclasında verdiyi izahatda müqavilənin həm komisyon haqq, həm də müqavilə müddəiti bəndlərinin səhv tərtib olunmasını bildirməklə iddia tələbində qeyd etdilənlərlə əlaqadar məhkəməyə sübutlarını təqdim etməmiş, həmçinin 2013-cü ildən keçən müddət ərzində əvvəlki illərdə hansı səbəbdən müqavilə üzrə haqq tələb edilməməsini, müqavilə səhv tərtib edildiyi halda cavabdehlə bu səhvin aradan qaldırılması üçün qarşılıqlı razılağa gəlinməməsini əsaslandıra bilməmişdir. Cavabdeh isə, müqavilədə komissyon haqqının nəzərdə tutulmadığına, müqavilə müddətinin müştəridən asılı olmasına və müddət bitdikdən sonra müştərinin müqaviləyə xitam verməiyi halda bağlanmış müqavilənin avtomatik olaraq əvvəl bağlanılmış müddətə uzadılmasına istinad edərək, müqavilə şərtlərini pozmadığını, iddiaçıya ödənilməmiş hər hansı borcunun olmadığını və müqavilənin ləğv edilməsi üçün heç bir əsasın olmadığını, əksinə bankın öz üzərinə düşən öhdəliyini yerinə yetirməyərək ona həmin seyfdən istifadəyə maneə yaradaraq əşyalarını götürməyə imkan yaratmadığını bildirir. Məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda tələb olunan müqavilənin ləğvinə əsas olan şərtlərin pozulmasını, icarə haqqının olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, tərəflər arasında olan hüquq münasibətləri əvəzsiz istifadə münasibətləridir və Mülki Məcəllənin 732-ci maddəsi tətbiq edilməlidir. İcarə müqaviləsi əvəzli müqavilədir və hazırki mübahisəyə tətbiq edilə bilməz. Çünki iddiaçı müqavilənin əvəzli qaydada bağlanmasını sübut edə bilmir. Əksinə müqavilənin əvəzsiz qaydada bağlandığı işin halları ilə sübut olunur. Baxılan işdə isə iddiaçı, Bank tərəfindən oxşar depozit seyfi üçün müəyyən edilmiş miqdarda, cavabdehlə icarə münasibətində olduqları “Depozit seyfinin icarə verilməsi haqqında” müqavilə üzrə xx.xx.2019-cu il tarixindən hesablanmaqla bir illik icarə haqqının (müqavilədə göstərilmədiyi halda), yəni 360 manatın ödənilməsini və müqavilənin ləğvinə əsas olmasına dair cavabdehin ödəniş etməməklə müqavilə şərtlərini pozmasını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçı sözügedən müqavilənin ləğv edilməsini və ödənilməmiş icarə haqqını tələb etməkdə haqlı olmamışdır. Odur ki, birinci instansiya məhkəməsi, müqavilənin ləğvi və ödənilməmiş 360 manat icarə haqqının cavabdehdən tutulması hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Kollegiya, həmçinin birinci instansiya məhkəməsi tərəfindən iddia müəddətinin nəzərə alınmamasının qanunsuz olması barədə cavabdehin mövqeyinə (apelyasiya şikayətində və məhkəmə iclasında ifadə etdiyi) münasibətdə vurğulayır ki, işdən görünür ki, cavabdeh tərəfin təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra məhkəməyə ünvanlanmışdır. Həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi ərizə və vəsatətlər xarici dildə tərtib olunduğu üçün birinci insatansiya məhkəməsi tərəfindən baxılmış və düzgün olaraq MPM-in 11-ci maddəsində göstərilən tələblərin yerinə yetirilməklə yenidən məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən, bu qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia rədd olunmalıdır. MPM-in 384.0.2-ci və 384.0.3-cü maddələrinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, habelə qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2815/2020 saylı iş üzrə 19 oktyabr 2020-cu il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbləri rədd olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar