Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3535/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-102/2020 saylı mülki iş üzrə qəbul etdiyi 31 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” KB ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” KB ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 16.07.2013cü il tarixli 78BK/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas məbləği üzrə 27266,80 ABŞ dolları, faiz borcu üzrə 13702,39 ABŞ dolları, cərimə borcu üzrə 41650 ABŞ dolları, cəmi 82619,96 ABŞ dolları borcun iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə 82619,96 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2 və onun ailə üzvləri Cavabdeh1, X1 və X2 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli 2(008)- 102/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 27266,80 ABŞ dolları əsas, 5694,72 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə borcu üzrə, cəmi 33961,52 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) borc və 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutularaq Ləğv prosesində olan “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 65000 manat müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh2 banka olan borcunun ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı “xxxx” KB ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə verilmiş ekspert rəyi ilə borcu təsdiq edən iş materialları arasında ziddiyyətlər mövcuddur və bu ziddiyyətlər ekspert rəyindən açıqaşkar görünür. Ekspert iş materiallarında olan sənədlərdə (sonradan cari hesabdan çıxarış və izahlı maliyyə arayışı əlavə olunmuşdur) və iddia tələbində (tələbin artırılması barədə ərizə daxil olmaqla) göstərilən hesablamaları düzgün aparmamış və bununla da səhv nəticəyə gəlmişdir. Nəticədə əsas və faiz borcunu hesablayarkən iş materiallarında olan sazişlərə əsasən müqavilə müddətinin 16.07.2018-ci il tarixə kimi artırılmasını nəzərə almayaraq, hesablamalarını 01.08.2017-ci il tarixə (son ödəniş tarixinə) kimi apararaq əsas borcu artıraraq 1733 ABŞ dolları bankın tələbindən artıq borc, faiz borcunu isə azaldaraq müqavilənin müddətinin artırıldığı 16.07.2018-ci il tarixə deyil, 01.08.2017-ci il tarixə kimi hesablama aparmaqla 8000 ABŞ dolları azaldılmış fərq ilə ciddi uyğunsuzluq yaratmışdır. Həmçinin müqavilə üzrə gecikmələrə görə silinmiş cərimə məbləğləri faiz borcundan silinmə kimi hesablamışdır. Bundan əlavə məhkəmə heç bir əsas olmadan cavabdehlərin ipoteka predmetindən çıxarılması barədə tələblərin rədd edilməsi nəticəsinə gəlmişdir. Ona görə də, həmin hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tam təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh2 isə apellyasiya şikayətinə etiraz etdi. Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın qismən təmin edildiyini, lakin cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmədiyini, o cümlədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız faiz və cərimə borcuna aid hissədə, həmçinin cavabdehlərin ipoteka predmetindən çıxarılması barədə tələblərin rədd edilməsi hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, «xxxx» KB ASC ilə Cavabdeh2 arasında 16.07.2013-cü il tarixli 78BK/13 saylı əsas kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, bank tərəfindən cavabdehə 60 ay müddətinə ******* manat məbləğində kredit limiti ayrılmışdır. Həmin müqavilə çərçivəsində həmin tərəflər arasında 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən, bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 23% ödəmək şərtilə 38.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında 16.07.2013-cü il tarixli 78BKİ/13 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi barədə 12.03.2015-ci il tarixli saziş imzalanmış və sazişə əsasən kreditdən istifadəyə görə faiz dərəcəsi dəyişdiriərək illik 21,5 %, müddət isə 16.07.2018-ci il tarixədək müəyyən edilmişdir. Həmçinin tərəflər arasında 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsinə dəyişiklik edilməsi barədə 26.01.2016-cı il tarixli saziş imzalanmış və sazişə əsasən kreditdən istifadəyə görə 2 ay (yanvar, fevral) güzəşt müddəti müəyyən edilmişdir. İddiaçı bildirir ki, Cavabdeh2 müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 27266,80 ABŞ dolları, faiz borcu 13702,39 ABŞ dolları, cərimə 41650 ABŞ dolları, cəmi borcu isə 82619,96 ABŞ dolları təşkil edir. Cavabdeh2 iddianı qismən qəbul edir və bildirir ki, o, hazırda onun kredit borcunu dolların hazırkı məzənnəsi ilə ödəməyə imkanı çatmır. Kreditin götürüldüyü vaxt mövcud olmuş məzənnəyə uyğun və bank tərəfindən yeni ödəniş cədvəli müəyyən edildiyi təqdirdə kredit borcunu hissə-hissə ödəməyə razıdır. Bundan başqa iş üzrə ən sonuncu 30 aprel 2021-ci il tarixli 9/2295 saylı ekspert rəyində göstərilən məbləğlərlə razıdır. Birinci instansiya məhkəməsində kredit borcunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 04 aprel 2019-cu il tarixli 29597 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh2 16.05.2016-cı il tarixə “xxxx” Kommersiya Bankı ASC-yə olan borcu 27370,74 ABŞ dolları əsas, 1378,96 ABŞ dolları faiz borcu olmaqla cəmi 28749,70 ABŞ dolları müəyyən edilmişdir. “xxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh2 arasında bağlanmış 16.07.2013-cü il tarixli 78BK/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə 12.03.2015-ci il tarixdə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 banka olan borcu 26403,19 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: 28749,70 ABŞ dolları – 2346,51 ABŞ dolları = 26403,19 ABŞ dolları. Sonradan məhkəmə tərəfindən iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 29 dekabr 2019-cu il tarixli 30199 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh2 ilə “xxxx” KB ASC arasında bağlanmış 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə onun 01.08.2017-ci il tarixə (son ödəniş tarixi) 28999,42 ABŞ dolları əsas, 5694,72 ABŞ dolları faiz borcu vardır. Birinci instansiya məhkəməsi əsas borcun tutulması hissəsində iddianı tam təmin etmiş, sonuncu ekspert rəyinə uyğun olaraq faiz borcunun tutulması hissəsində iddianı qismən təmin etmiş, dəbbə pulunu isə azaldaraq həmin hissədə də iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, faiz borcun tutulması hissəsində iddia qismən əsaslıdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 741-ci maddəsi təşkil edir və hazırkı işdə də həmin maddənin dispozisiya şərtləri mövcuddur. Çünki iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış 19.08.2014-cü il tarixli 79BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə müddət uzadılmış və son ödəniş tarixi 16 iyul 2018-ci il müəyyən edilmişdir. Lakin yuxarıda qeyd olunan və birinci instansiya məhkəməsində verilən ekspert rəyləri ilə həmin tarixə qədər olan borc müəyyən edilməmişdir. Halbuki, iddiaçı tərəfindən həmin tarixə olan borcun tutulması tələbi irəli sürülmüşdür. Göstərilənlər nəzərə alınaraq hazırki apelyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 28 iyul 2020-ci il tarixli 9/2497 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh2 16.07.2018-ci il tarixə “xxxx” KB ASC-yə ödənilməli olan əsas kredit borcu 28999,42 ABŞ dolları, faiz borcu 11669,81 ABŞ dolları təşkil edir. Lakin həmin ekspert rəyi də kifayət qədər aydın və tam deyildir. Belə ki, iş materiallarında olan hesabdan çıxarışdan müəyyən olunur ki, 20.02.2015ci il tarixdə 1483,08 ABŞ dolları məbləğində ödəniş edilmiş, ekspert rəyində isə həmin tarixdə 143,08 ABŞ dolları məbləğində ödəniş edildiyi göstərilmiş və hesablama da həmin məbləğə əsasən aparılmışdır. Qeyd olunanlar nəzərə alınaraq iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 30 aprel 2021-ci il tarixli 9/2295 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh2 “xxxx” KB ASC-yə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: 16.07.2018-ci il tarixə əsas kredit borcu 27408,64 ABŞ dolları, faiz borcu 10790,06 ABŞ dolları. Bu baxımdan kollegiya hesab edir ki, faiz borcunun məbləği iddiaçının tələb etdiyi kimi 13702,39 ABŞ dolları məbləğində deyil, 30 aprel 2021-ci il tarixli ekspert rəyində göstərilən 10790,06 ABŞ dolları məbləğində müəyyən edilməli və ona görə də, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Dəbbə pulunun tutulması hissəsində isə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi, kredit borcunun ABŞ dolları ilə verildiyini və Azərbaycan manatının iki dəfə devalvasiya olunduğunu nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 41650 ABŞ dolları dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 1000 ABŞ dolları məbləğində müəyyənləşdirmişdir. Bununla yanaşı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin və onların yetkinlik yaşına çatmayan uşaqlarının çıxarılması barədə iddianı rədd edərkən maddi hüquq normalarının tələblərini nəzərə almamışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3 və 59.3.1-ci maddələrinin tələblərinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə iddia tam təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni faiz borcuna və bundan asılı olaraq cəmi borca aid hissədə və cavabdehlərin ipoteka predmetindən çıxarılması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməli, faiz borcu 10790,06 ABŞ dolları və cəmi borc 39056,86 ABŞ dolları məbləğində müəyyən edilməli və ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətində cavabdehlər və onların yetkinlik yaşına çatmayan uşaqları həmin mənzildən çıxarılmalı, qətnamənin qalan mübahisələndirilən hissələri isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “xxxx” KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-102/2020 saylı mülki iş üzrə qəbul etdiyi 31 yanvar 2020-ci il tarixli qətnaməsi qismən, yəni faiz və cəmi borca aid hissədə və cavabdehlərin ipoteka predmetindən çıxarılması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin. Faiz borcunun tutulması barədə iddia qismən, cavabdehlərin ipoteka predmetindən çıxarılması barədə iddia isə tam təmin edilsin. Faiz borcu 10790,06 ABŞ dolları və cəmi borc 39056,86 ABŞ dolları məbləğində müəyyən edilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzil satıldıqdan sonra 1 ay müddətində cavabdehlər Cavabdeh2 və Cavabdeh1, yetkinlik yaşına çatmayan X4 və X5 ilə birlikdə həmin mənzildən çıxarılsınlar. Qətnamə cərimə borcuna aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-3535/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3535/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver