Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3535/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş (Açar sözlər: «əmlakın boşaldılaraq təhvil verilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-501/2023 saylı, 10 yanvar 2023cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontorunun Dövlət X1 tərəfindən 04 aprel 2014-cü ildə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən həmin sənədlər üzrə ipoteka saxlayan İddiaçı QSC-nin (ümumilikdə cəmi 436282,63 ABŞ dollan məbləğində borc, 31 manat xidmət haqqı və 10 manat dövlət rüsumu) tələbi, ipotekaqoyan Cavabdeh2 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində istifadədə olan 0,02957 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 340,0 kv.m. yaşayış, 103,9 kv.m. köməkçi sahədən ibarət 186 nömrəli fərdi yaşayış evinə - Cavabdeh2 1-ci mərtəbə 3 otaq (yaşayış sahəsi 61,52 kv.m, köməkçi sahə-43,5kv.m ) 2-ci mərtəbə 2 otaq (yaşayış sahəsi 97,11 kv.m, köməkçi sahə-17,8.m ) hissəsinə tutmanın yönəldilməsi təklif edilmişdir.
2. "xxxx" MMC-nin “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2014-cü il tarixli 97/01 nömrəli protokolundan və "xxxx" MMC ilə İddiaçı QSC arasında bağlanmış ipoteka predimetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2014-cü il tarixli müqavilədən müəyyən edilir ki, Bakı səhər 53 saylı Dövlət Notariat Kontorunun 7E/4271 saylı, xx.xx.2014- cü il tarixli icra vərəqəsinin Yasamal rayon İcra şöbəsinin xx/xx-2433/1 saylı, xx.xx.2014-cü il tarixli məktubunun və "xxxx"QSC-nin 4386 saylı, xx.xx.2014 cü il tarixli məktubunun icrasına əsasən keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı QSC Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsində istifadədə olan 0,02957 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 10 otaqlı, 340 kv.m yaşayış, 103,9 kv.m köməkçi sahədən ibarət 186 saylı fərdi yaşayış evinin Cavabdeh2 1ci mərtəbə 3 otaq (yaşayış sahəsi 61,52 kv.m, köməkçi sahə - 43,5 kv.m) 2-ci mərtəbə (yaşayış sahəsi 97,11 kv.m, köməkçi sahə 17,8. kv.m) hissəsini 114750 manata almışdır.
3. ünvan 1 ünvanında yerləşən 407.80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin İddiaçı QSC-nin paylı mülkiyyətində olan 1-ci mərtəbəsində 3 otaq (yaşayış sahəsi 61.52 kv.m, köməkçi sahəsi 43.5 kv.m), ikinci mərtəbəsində 2 otaq (yaşayış sahəsi 97.11 kv.m, köməkçi sahəsi 17.8 kv.m) hissəsinə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu 2-ci Yasamal 186 ünvanda yerləşən 407.80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin İddiaçı QSC-nin paylı mülkiyyətində olan 1- ci mərtəbəsində 3 otaq (yaşayış sahəsi 61,52 kv.m, köməkçi sahə - 43,5 kv.m) 2-ci mərtəbə (yaşayış sahəsi 97,11 kv.m, köməkçi sahə 17,8. kv.m) hissəsindən çıxarılması və əmlakın boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi, həmçinin iddia qaldırılması üçün ödənilmiş 100 manat rüsumun cavabdehlərdən İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, mülki qanunvericiliyin tələblərinə əsasən bankın mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu 2-ci Yasamal 186 ünvanda yerləşən 407.80 kv. m ümumi sahədən ibarət fərdi yaşayış evinin 1-ci mərtəbədə 3 otaq (yaşayış sahəsi 61.52 kv.m köməkçi sahəsi 43.5 kv.m) ikinci mərtəbədə 2 otaq (yaşayış sahəsi 97.11 kv.m, köməkçi sahəsi 17.8 kv.m olan) hissəsinin 10 (on) gün ərzində könüllü olaraq boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə keçmiş mülkiyyətçi Cavabdeh2 və həmin mənzildə qeydiyyatda olan Cavabdeh1 xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehlər verilmiş müddətin başa çatmasına baxmayaraq əmlakı könüllü şəkildə boşaldaraq banka təhvil verməmişdir. Cavabdehlər qeyd olunan əmlak üzərində bankın mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-501/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsi (hakim Kərim Xudayev) ilə iddia tələbinin təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 407.80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin İddiaçı QSC-nin paylı mülkiyyətində olan 1-ci mərtəbəsində 3 otaq (yaşayış sahəsi 61.52 kv.m, köməkçi sahəsi 43.5 kv.m), ikinci mərtəbəsində 2 otaq (yaşayış sahəsi 97.11 kv.m, köməkçi sahəsi 17.8 kv.m) hissəsindən çıxarılması və həmin əmlakın boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi; cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat pulun müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı QSC ünvan 1 ünvanında yerləşən 407.80 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin İddiaçı QSC-nin paylı mülkiyyətində olan 1-ci mərtəbəsində 3 otaq (yaşayış sahəsi 61.52 kv.m, köməkçi sahəsi 43.5 kv.m), ikinci mərtəbəsində 2 otaq (yaşayış sahəsi 97.11 kv.m, köməkçi sahəsi 17.8 kv.m) hissəsini “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokola və müqaviləyə əsasən əldə etmişdir. Qeyd edilən əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən mülkiyyət hüququ əsasında İddiaçı QSC adına rəsmiləşdirilmişdir. Əmlakın əvvəlki mülkiyyətiçisi olan Cavabdeh2 və həmin ünvanda qeydiyyatda olan Cavabdeh1 əmlakı boşaldaraq İddiaçı QSC-yə təhvil verməmişlər.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh2 apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilir ki, məhkəmənin gəldiyi nəticəni qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qətnamədə qeyd olunduğu işin hallarını hərtərəfli və obyektiv araşdırmadan səhv nəticəyə gəlmiş, nəticədə cavabdehin qanunla qorunan mülkiyyət hüquqlarını kobud şəkildə pomuşdur. Qətnamədə icra qeydi və onun icrasının nəticələri əsas fakt kimi götürülsə də, məhkəmə icra qeydinin qanunvericiliyin tələblərinə uyğun icra edilib-edilməməsini araşdırmamış və buna qiymət verməmişdir. İcra qeydinin icrası ilə bağlı icra işinin materialları ilə tanış olarkən kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verildiyi müəyyən edilmişdir. Əvvəla, Cavabdeh2 xx.xx.2013-cü il tarixdə ölkə hüdudlarını tərk edərək Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və həmin tarixdən hazıradək ölkəyə qayıtmamışdır. Bununla bağlı rəsmi məlumat əldə edilməsi üçün Dövlət Sərhəd Xidmətinə vəkil sorğusu göndərilmişdir (əlavə olunur). Bakı şəhəri 53 saylı dövlət notariat kontorunun 7E/4271 saylı, xx.xx.2014-cü il tarixli icra qeydi (icra vərəqəsi) xx.xx.2014-cü il tarixdə Yasamal rayon İcra şöbəsinə daxil olmuş, həmin tarixdə icra məmuru İlyas Cəfərov tərəfindən icraata başlanılaraq elə həmin tarixdə guya borclu Cavabdeh2 könüllü icra barədə bildiriş göndərmiş və tələbin 10 gün müddətində təmin edilməsi xahiş olunmuşdur. İcra məmuru könüllü icra üçün müəyyən edilmiş vaxtı gözləmədən xx.xx.2014-cü il tarixdə mübahisəli əmlakın qiymətləndirilməsi məqsədilə "xxxx" MMC-yə sifariş vermişdir. Hamıya məlum olduğu kimi, ideal halda poçt göndərişləri poçt xidməti təhvil verildikdən sonra 3 iş günü ərzində alıcıya çatdırılır. Hazırkı vəziyyətdə icra işinin materiallarından görünür ki, borcluya ümumiyyətlə könüllü icra barədə bildiriş göndərilməmiş, göndərilsə belə xx.xx.2014-cü il tarixdə həmin müddət başa çatmamışdır. Yəni, könüllü icra müddəti başa çatmadan icra tədbirlərinin görülməsi icra işinin materialları ilə öz təsdiqini tapır. Bu isə öz növbəsində Bankla icra məmurunun sövdələşərək borclunun əmlakını dəyər dəyməzinə satmaq, şəxsi müflisləşdirmək niyyəti güdməklə icra qurumunun da bu işdə maraqlı olduğunu göstərir. İcra qeydi, icra məmuru tərəfindən könüllü icra barədə bildiriş verilərkən və əmlak açıq hərracda satılarkən müvəkkili məlumatsız olmuş, məlumatlı olması mümkün belə olmamış, çünki qeyd olunan hərəkətlər həyata keçirilərkən Cavabdeh2 Azərbaycan Respublikasında olmamışdır. “İcra haqqında” və “İpoteka haqqında” qanunların tələblərinə görə tələb ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilərkən həyata keçirilən bütün tədbirlər barədə ipoteka qoyanın (borclunun) məlumatı olmalıdır. Hazırkı iş üzrə is borcluya ümumiyyətlə məlumat verilməmişdir. Bu isə görülən bütün tədbirlərin hüquqi baxımdan etibarsız hesab edilməsi üçün əsasdır. İcra məmuru isə icra qeydinin icrasının dayandırılması ilə bağlı məsələyə baxılması üçün məhkəməyə təqdimat verməli olduğu halda bunu etməmiş, əksinə borclunun mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq icra tədbirləri həyata keçirmişdir. Barəsində şikayət olunan qətnamə qəbul edilərkən çəkişmə prinsipi də pozulmuş, Cavabdeh2 məhkəmə proseslərindən məlumatı olmadan dövlətin adından məhkəmə aktı qəbul olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
13. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları Mülki Məcəllənin yuxarıda qeyd olunan dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılırdı.
22. Cavabdeh şikayətində qətnamənin qanunsuz və əsassız olduğunu göstərsə də bu qanunsuzluğun nədən ibarət olmasını və əsassızlığın nədə ifadə olunduğunu açıqlamır. Yalnız şikayət xatirinə bu terminlərdən istifadə edilməsi isə şikayətin əsaslı olmasına dəlalət etmir. Məhkəmənin işin hallarını hərtərəfli və obyektiv araşdırmadan səhv nəticəyə gəldiyini, nəticədə cavabdehin mülkiyyət hüququnu pozduğunu göstərsə də nədənsə özünün iddiaçının mülkiyyət hüququnu pozduğunu görmür yaxud görmək istəmir. Birdəki məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır, tərəflərin əvəzinə sübut toplamır, onların təqdim etdiyi sübutları araşdırır və onlardan istifadə edir(MPM.m.14.1,14.2). Cavabdehin xx.xx.2013-cü il tarixdə ölkə hüdudlarını tərk edərək Türkiyə Respublikasının İstanbul şəhərinə getməsi və həmin tarixdən hazıradək ölkəyə qayıtmaması da iddianın təmin olunmasını istisna etmir. Çünki, cavabdehin ölkə hüdudlarından kənarda olması onun iddiaçının mülkiyyət hüquqlarını pozmasına əsas vermir.
23. Cavabdeh yazılı vəsatətlə məhkəməyə müraciət edərək hazırki iş üzrə icraatın ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2014-cü il tarixli protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan işə baxılıb qurtaranadək dayandırılmasını xahiş etsə də qeyd olan tələb tərəflər arasında artıq bir dəfə məhkəmə baxışının predmeti olmuşdur. Belə ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2016-cı il tarixli, 2(103)-4889/2016 nömrəli qətnaməsi ilə hazırki iş üzrə cavabdehin iddiaçıya qarşı eyni tələbinin rədd edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-137/2016 saylı 11 mart 2016-cı il tarixli qətnaməsindən verdiyi şikayət təmin edilməmişdir. Cavabdehin hazırki iş üzrə şikayətində göstərdiyi dəlillər həmin işə baxılarkən tam yoxlanılmış və iddia rədd edilmişdir. Cavabdehin iddiaçıya qarşı yenidən eyni tələblə məhkəməyə müraciət etməsi və hazırki işin icraatının dayandırılmasını xahiş etməsi də hüququn müdafiəsi ilə bağlı deyil. Yəni, cavabdehin məqsədi açıq-aşkar hüquqdan pis niyyətlə sui-istifadə etməklə iddiaçı banka zərər vurmaq xarakteri daşıyır ki, bu da yolverilməzdir.
24. Apellyasiya şikayətində bir tərəfdən cavabdehin xx.xx.2013-cü il tarixdə ölkə hüdudlarını tərk edərək Türkiyə Respublikasının İstanbul şəhərinə getməsi və həmin tarixdən hazıradək ölkəyə qayıtmaması, digər tərəfdən isə qətnamə qəbul edilərkən çəkişmə prinsipi pozulduğu göstərilir. Məhkəmə cavabdehin ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərmişdir. Bildiriş “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Bu cür vəziyyətdə ölkə hüdudlarından kənarda olan cavabdehi məhkəmə necə axtarmalı və tapmalı idi ki, o, da məhkəmə iclasında iştirak edə bilsin. Əlbətdə ki, bu ritorik sual kimi görünsə də cavabdeh tərəf buna cavab verməyə hazır olmalı idi. Ona görə də cavabdehin iştirakı olmadan mülki işə baxılması cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
25. Cavabdeh mübahisə predmeti olan fərdi yaşayış evinin tələb edilən hissəsini boşaldıb iddiaçıya ona görə təhfil verməlidir ki, iddiaçı həmin əmlakı hərracın nəticələri olaraq əldə etmiş və bir ildən artıqdır ki, mənzilə mülkiyyət hüququ mövcuddur. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Qanunvericiliyin məhz şərh olunan normalarının tələbinə əsasən cavabdeh artıq başqasının mülkiyyətində olan əmlakı boşaldıb ona təhvil verməlidir. Əks halda mülkiyyətin toxunulmazlığına qanuni əsas olmadan xələl gələ bilər.
26. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq məqsədilə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
27. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-501/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-501/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.