Məhkəmə qərarları › İş №2(103)-3538/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3538/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3538/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: borc müqaviləsi, müqavilənin etibarlılığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil4 iştirakı ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilə üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində reyestrdə 3M-2750 nömrə ilə qeydə alınmış kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Əliyev X2 Vaqif Ənvər oğluna 400 000 (dörd yüz min) manat məbləğində faizsiz borc vermiş, Cavabdeh2 isə xx.xx.2022-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür.

2. İddiaçı, Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində reyestrdə 3M-2751 nömrə ilə qeydə alınmış ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Şəhriyar küçəsi 1 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 321 m2 fərdi yaşayış evi və ümumi sahəsi 0,0545 ha olan torpaq sahəsi) ünvanında yerləşən fərdi yaşayış evini 3M/2750 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı xeyrinə yüklü etməyi öhdəsinə götürmüşdür.

3. İpoteka müqaviləsində ipoteka predmetinin dəyəri ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 430 000 manat məbləğində müəyyən edilmişdir.

4. İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 bildiriş göndərmiş, bildirişdə xx.xx.2022-ci il tarixədək müəyyən edilmiş öhdəliyin icrasını tələb edərək borc ödənilməyəcəyi təqdirdə notarius tərəfindən icra qeydinin aparılacağını göstərmişdir.

5. İcraçı direktoru X4 olan "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə "xxxx" 03/20 saylı müqavilə bağlanmış, müqaviləyə görə MMC, özünə məxsus quşçuluq (broyler, serebrist) yemini Cavabdeh2 mülkiyyətinə verməyi, Cavabdeh2 isə həmin malları qəbul edib əvəzində müqavilə şərtləri əsasında ödənişlər aparmağı öhdələrinə götürmüşlər.

6. Həmin müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuşdur ki, Cavabdeh2 23 dekabr 2020-ci il tarixli 3M/2751 nömrəli ipoteka müqaviləsi əsasında götürülmüş borc vəsaiti hesabına "xxxx" MMC-dən alacağı yemin dayanıqlı şəkildə olması üçün mütəmadi olaraq pulu əvvəlcədən ödənilmək şərti ilə (istehsalatın lazımi xammal və materiallarla mütəmadi təchizatı üçün) 300 000 manat məbləğində yem alınmasının zəmanətini verir.

7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixli mədaxil orderlərinə əsasən, Cavabdeh2 satılmış yemin dəyəri qismində həmin MMC-nə 78 775 manat ödəniş həyata keçirmişdir.

8. İddiaçı, Cavabdeh2 və Cavabdeh1 hər üçü fərdi sahibkar kimi vergi uçotuna alınmışlar.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı (iddiaçı) Cavabdeh2 və Cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 400 000 manat borc, habelə 690 manat dövlət rüsumu olmaqla, ümumilikdə 400 690 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması və tutmanın Abşeron rayonu, Saray qəsəbəsi, Şəhriyar küşəsi 1 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 321 m2 fərdi yaşayış evi və ümumi sahəsi 0,0545 ha olan torpaq sahəsi) ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilərək evin açıq hərracda satılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 ilə arasında 400 000 manat məbləğində borcun verilməsinə dair Bakı şəhəri 6 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixdə 3M-2750 saylı kredit müqaviləsi bağlanmış, müqavilənin 2-ci bəndinə əsasən borc alan krediti 23.06.22-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Öhdəliyin icrasının təmin olunması məqsədilə onunla cavabdehlər arasında eyni tarixli üçtərəfli ipoteka müqaviləsi imzalanmış, müqaviləyə əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Şəhriyar küçəsi ev 1 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 321 m2 fərdi yaşayış evi və ümumi sahəsi 0,0545 ha olan torpaq sahəsi) ünvanında yerləşən mülkiyyətçi Cavabdeh1 tərəfindən onun xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehlərə öhdəliyin icra olunmasına dair bildiriş göndərilmiş və xx.xx.2022-ci il tarixədək öhdəliyin tam şəkildə icra edilməsi tələb edilmiş, əks halda aidiyyəti orqana müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Lakin cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də cavabdehlərə xx.xx.2022-ci il tarixdə yenidən bildiriş göndərilmiş, lakin borclu hazıradək öhdəliyini yerinə yetirməmişdir.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, quşçuluq təsərrüfatı ilə məşğul olan fərdi sahibkardır. İddiaçının rəhbərlik etdiyi "xxxx" MMC ilə arasında xx.xx.2020-ci il tarixli yem məhsulunun alqısatqısı ilə bağlı müqavilə bağlanmış, iddiaçıdan kredit müqaviləsində qeyd olunduğu kimi pulu real olaraq götürməmiş, yalnız nisyə aldığı 300 000 manat dəyərində olan quş yeminin təminatı olaraq kredit müqaviləsini bağlamışlar. Həqiqətdə 400 000 manat dəyərində yem verilməli olmuş, lakin 300 000 manatlıq yem verilmişdir. Digər Cavabdeh1 atası və hazırda onun nümayəndəsi olan Nümayəndə isə onun xahişi ilə oğlunun mülkiyyəti kimi rəsmiləşdirilmiş, lakin özünün faktiki istifadəsində olan evini notariusda kredit müqaviləsinin təminatı olaraq ipoteka qoymuşdur. Evini ipoteka qoyması müqabilində hər ay Nümayəndə 10 000 manat verməyi öhdəsinə götürmüşdür. O, sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq cücələri və yemləri kiçik sahibkarlara satmış, lakin sonradan həmin quş yeminin bir hissəsi keyfiyyətsiz olduğundan qazanc əldə edə bilməmişdir. Bu faktı isə şahidlər təsdiq edə bilər. Borcu olduğunu etiraf edir, lakin borc iddia ərizəsində göstərilən qədər deyildir. Borc yemin alqı-satqı müqaviləsi ilə bağlıdır. Həmin müqavilə üzrə 80 000 manat ödəniş etmişdir. Odur ki, iddianın əsassız hesab edilərək rədd olunmasını xahiş edir. Kredit müqaviləsinin alqı-satqı müqaviləsi ilə bağlılığını onunla izah edir ki, iddiaçı yem satışı ilə məşğul olan şirkətin direktorudur.

12. Cavabdeh2 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) də izahatında bildirmişdir ki, tərəflər arasında kredit müqaviləsi formal olaraq bağlanmış, onlar öz aralarında 300 000 manatlıq quş yemi almışlar. Sonradan həmin quş yeminin keyfiyyətsiz olması üzə çıxmış, bununla bağlı akt da tərtib olunmuşdur. Təmsil etdiyi şəxs müqavilə əsasında pulu götürməmiş, pulun əvəzinə quş yemi almışdır. "xxxx" MMC ilə Cavabdeh2 arasında yemin alqı-satqısı barədə müqavilə bağlanmışdır. "xxxx" MMC-nin direktoru isə İddiaçıdir. Həmin müqavilədə də nəzərdə tutulmuşdur ki, yem keyfiyyətsiz olduğu təqdirdə satıcı məsuliyyət daşıyır. Alqı-satqı müqaviləsinə əsasən quş yemi məhsulunun keyfiyyətsiz olması ilə bağlı pretenziya verməmişlər.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, evini ipoteka ilə yüklü etməsi müqabilində ona vəd verilmişdir ki, aylıq 10 000 manat ödənişlər ediləcək, borclu isə kredit müqaviləsi üzrə borcunu tam şəkildə ödəyəcəkdir. Lakin 3-4 ay ödəniş olunduqdan sonra ona heç bir ödəniş edilməmişdir. Hazıradək ona 80 000 manat ödəniş edilib. Onun borcla və tərəflərlə hər hansı bağlılığı yoxdur. Arvadının xəstəliyinə görə pula ehtiyacı olduğundan evi ipoteka qoyub gəlir əldə etmişdir. Bundan başqa ipoteka qoyulan evin dəyəri daha böyük məbləğdə olmasına baxmayaraq müqavilədə az göstərilmişdir. İddianın rədd olunmasını xahiş edir. Müqavilə bağlanarkən ona hədə-qorxu gəlməyiblər.

14. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, kredit müqaviləsinin əslində "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli məhsulun alqı-satqı müqaviləsi ilə əlaqədar olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Bundan başqa həmin müqavilə cavabdehlər tərəfindən məhkəmədə mübahisələndirilərək buna dair qarşılıqlı iddia ərizəsi verilməmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixli müqavilənin həqiqəti əks etdirməsi şübhə doğurur, çünki xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilənin gələcəkdə bağlanacaq xx.xx.2020-ci il tarixli müqavilə üzrə götürülmüş öhdəliyin zəmanəti kimi çıxış etməsi real deyildir. İpoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinə bildiriş göndərməmişdir.

15. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Şahid4 ifadəsində bildirmişdir ki, cavabdeh Vaqifi tanıyır, o, quşçuluq fəaliyyəti ilə məşğuldur. Vaqif onlara quş yemi vermiş, sonradan həmin yemin keyfiyyətsiz olduğu müəyyən edilmişdir. Lakin Vaqifin həmin yemi haradan və hansı pul hesabına aldığını bilmir və kredit müqaviləsi barədə məlumatı yoxdur.

16. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Şahid3 ifadəsində bildirmişdir ki, şifahi razılaşmaya əsasən Cavabdeh2 yem verilməli idi. Həmin danışıqlarda o, şəxsən iştirak etmişdir. Notariat ofisində pulu göstərmiş, lakin cavabdehə həmin pul verilməmiş və hər hansı bank hesabına köçürülməmişdir. İddiaçı orada bildirmişdir ki, həmin pulun əvəzində Cavabdeh2 yem məhsulu veriləcəkdir. Birbaşa olaraq danışıqlarda iştirak etməmiş, notariat ofisinə mülkiyyətçi Cavabdeh1 atasını aparmaq üçün getmişdir.

17. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Şahid1 ifadəsində bildirmişdir ki, cavabdehlərdən Cavabdeh2 tanıyır, digər cavabdehi isə tanımır. Onlar quşçuluq təsərrüfatı ilə, Cavabdeh2 isə kəsimi ilə məşğuldur. Cavabdeh2 onlara 80 000 quş və onların yemini vermiş, lakin sonradan yemin keyfiyyətsiz olduğunu görmüşlər. Kredit borcu barədə məlumatı yoxdur və yemin haradan götürüldüyünü bilmir.

18. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi Şahid2 ifadəsində bildirmişdir ki, onlar quşçuluqla məşğul olmuş, buna görə də cavabdeh Vaqifdən quş yemi almışlar. Yemin haradan və hansı pul hesabına alındığını bilmir, kredit müqaviləsi barədə məlumatı yoxdur.

19. Məhkəmənin 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 400 000 (dörd yüz min) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 690 (altı yüz doxsan) manatın İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuş, eyni tarixli qərardadla “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsi üzrə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

20. Məhkəmə öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır:

20.1. İşin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh2 arasında 400 000 manat borc verilməsi ilə bağlı notarial qaydada yazılı müqavilə bağlanmışdır. Hazırda iddiaçı 400 000 manat borcun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulmasını xahiş edir. 20.2. İddia borcun Cavabdeh2 tutulması hissəsində əsaslıdır. Çünki iddiaçı ilə Cavabdeh2 arasında notarial qaydada yazılı borc müqaviləsi bağlanmışdır və cavabdeh xx.xx.2022-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də borcu qaytarmamış və öhdəliyini pozmuşdur. 20.3. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin etirazı ilə bağlı qeyd edir ki, nə qədər ki, Cavabdeh2 iddiaçıdan 400 000 manat məbləğində borc alınması barədə müqaviləni imzaladığını və iddiaçıya borcu olduğunu qəbul etmişdir, həmin borcun tam və ya qismən qaytarılmasını sübut etmə vəzifəsi məhz Cavabdeh2 üzərinə düşür. Cavabdehin vəsatətinə əsasən bu xüsusatla bağlı şahidlər dindirilmiş, lakin həmin şahidlər izahatlarında cavabdehdən aldıqları quş yeminin qismən keyfiyyətsiz olmasını bildirmələrinə baxmayaraq, həmin yemin kredit borcu ilə bağlılığı barədə məlumatları olmamışdır. 20.4. Bundan başqa cavabdeh məhkəmə baxışı zamanı 01 dekabr 2020-ci il tarixli "xxxx" müqavilə təqdim etmişdir. Həmin müqavilənin mətninin 2.3-cü bəndində göstərilmişdir ki, alıcı Cavabdeh2 23 dekabr 2020-ci il tarixli 3M/2751 nömrəli “İpoteka” müqaviləsi əsasında götürülmüş borc vəsaiti hesabına "Elşad-M” MMC-dən alacağı yemin dayanıqlı şəkildə olması üçün mütəmadi olaraq pulu əvvəlcədən ödəmək şərti ilə 300 000 (üç yüz min) manat məbləğində yemin alınmasının zəmanətini verir. Məhkəmə bununla bağlı qeyd edir ki, 01 dekabr tarixdə sonrakı tarixdə, yəni 23 dekabrda bağlanmış kredit müqaviləsi üzrə götürülmüş öhdəliyin təminat altına alınması mümkün deyildir. Müqavilənin hər səhifəsi imzalanmamış və möhürlənməmişdir. Odur ki, reallığa uyğun olmayan müqavilə məhkəmə tərəfindən sübut olaraq qəbul edilə bilməz. Cavabdeh tərəfindən məhkəməyə digər sübut təqdim edilməmişdir. 20.5. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etsə də, iddia tələbi bu hissədə ipoteka qoyan Cavabdeh1 münasibətdə əsassızdır. Belə ki, işin hallarından da göründüyü kimi, Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyan qismində öz mülkiyyətində olan əmlakı kreditor qarşısında ipoteka ilə yüklü etmişdir. O, kredit müqaviləsi üzrə tərəf deyildir. Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcun ondan tutulması ilə bağlı hər hansı öhdəliyi müəyyən edilmir.

21. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 739.1-ci, 740.2-ci, 442-ci maddələrinə istinad etmişdir.

22. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh2 nümayəndəsi onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə qarşı birinci instansiya məhkəməsində verilən etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar

24. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.

25. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə kredit borcunun onlara heç bir aidiyyatının olmadığını, hansı qərar çıxarılacağını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

27. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

30. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

31. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

32. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

33. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

34. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

35. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

36. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

37. Əgər 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

38. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.

39. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

41. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

42. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

43. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

44. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

45. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

46. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

47. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

48. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

49. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

52. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

53. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

56. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

59. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

60. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

62. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsə də, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Başqa sözlə, qətnamənin Cavabdeh1 ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddia tələbi “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində müvafiq qərardadla baxılmamış saxlanılmış, lakin iddiaçı həmin qərardaddan da şikayət verməmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

63. Kollegiya ilk növbədə qeyd edir ki, baxılan mübahisə üzrə tərəflərin fərdi sahibkar statusları olsa da, onların arasındakı hüquq münasibətinin (borc müqaviləsinin) məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığı müəyyən edilməmişdir (sübuta yetirilməmişdir).

64. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır”.

65. Buna görə də kollegiya hesab edir ki, iş üzrə məhkəmə aidiyyatı qaydaları pozulmamışdır.

66. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

67. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

68. Yuxarıda qeyd olunduğu kimi iddiaçı, Cavabdeh2 xx.xx.2020-ci il tarixli müqavilə əsasında 400 000 manat borc verdiyini, lakin cavabdehin müəyyənləşdirilmiş vaxt ərzində borcunu qaytarmadığını irəli sürür; cavabdeh isə iddiaçıya borcunun olduğunu inkar etməməklə yanaşı, iddiaçıdan kredit müqaviləsində göstərilən pulu real olaraq almadığını, kredit müqaviləsini iddiaçıdan nisyə aldığı 300 000 manat dəyərində olan quş yeminin təminatı olaraq bağladıqlarını, borcundan 80 000 manat ödəniş etdiyini bildirməklə iddiaya etiraz edir.

69. Beləliklə, iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 739.1ci maddəsi nəzərdən keçirilə bilər; bununla yanaşı, cavabdehin iddiaya etirazının dəlilləri kontekstində ilk növbədə həmin müqavilənin etibarlılığı məsələsinə qiymət verilməlidir.

70. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

71. Hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) olabiləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyri-ciddi) iradə ifadəsi göstərilə bilər (MM-nin 341-ci maddəsi). İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdir (§ 32, 33). Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər.

72. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

73. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur”.

74. X3 Məhkəməsi həmçinin vurğulamışdır ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir”.

75. Şərh olunanları, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin tərəflərinin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq niyyətlərinin müəyyən olunmadığını, müqavilənin onun bağlanması qaydalarını tənzimləyən normalara uyğun şəkildə rəsmiləşdirildiyini nəzərə almaqla kollegiya hesab edir ki, həmin müqaviləni yalan əqd hesab etmək mümkün deyildir.

76. Göstərilənlərə əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh2 iddiaçıdan 400 000 manat borc pul alması və həmin borcu qaytarmaq öhdəliyini götürməsi, onların arasında bununla bağlı borc müqaviləsinin bağlandığı, Cavabdeh2 həmin müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.

77. Tərəflər arasındakı borc müqaviləsinin bağlanmasına səbəb olan şərait, tərəflərin münasibətinin mahiyyəti və borcun quş yeminin cavabdehə satışına görə yaranması hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Hazırkı mübahisə konkret şəxslər arasında mövcud olan müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır; həmin müqavilənin etibarsızlığını şərtləndirən əsaslar isə müəyyən olunmamışdır.

78. 23 dekabr 2020-ci il tarixli müqavilə üzrə borcundan 80 000 manat ödəmiş olması ilə bağlı isə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-142/2023 saylı iş üzrə 31 yanvar 2023-cü il il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 400 000 (dörd yüz min) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 690 (altı yüz doxsan) manatın İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən Cavabdeh2 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar