Məhkəmə qərarları › İş №2(103)-3538/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3538/2025

02.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3538/2025 02.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 olmaqla) pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: "pul tələbi") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X10 ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Üçüncü şəxs X4 iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-832/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 olmaqla) pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Əzizbəyov küçəsi, dalan 3, 10 saylı evin alınmasına görə Cavabdeh verdiyi 17 min manat pulun və həmin evin təmirinə görə sərf etdiyi 18 min manat pulun, eyni zamanda dövlət rüsumu kimi ödədiyi 195 manatın Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh keçmiş həyat yoldaşı X4 yaxın rəfiqəsidir. 2022-ci ildə cavabdeh ona etibarnamə verərək Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Əzizbəyov küçəsi, 3 döngəsi, 10 saylı paylı mülkiyyətdə olan mənzilin sənədlərini hazırlayaraq onu satsın. Lakin evin sənədlərində problem olduğu üçün onu satmaq çətin olduğundan Züleyxa xanımla razılığa gəlmişdir ki, evə 17 (on yeddi min) manat verib özü alsın. Ev paylı mülkiyyətdə olduğundan və digər payçılar müəyyən olunmadığından alqısatqı etmək mümkün deyildi. Lakin o, Züleyxa xanım və oğlu Vüqar ilə belə razılığa gəldi ki, 17 min manat verib evi özü alsın. Onunla razılaşdıqdan sonra o, evin təmirinə başladı və 18 min manat təmirə pul xərclədi. Bundan sonra o, Züleyxa ilə evin alqı-satqısına cəhd göstərsə də, o bundan yayınmışdır. Hazırda da həmin ev onun mülkiyətində qalmışdır. Hazırda həmin evdə xəsta qızı Musayeva Lamiyə öz anası ilə, yəni keçmiş həyat yoldaşı Sevil Musayeva ilə bərabər yaşayırlar. Buna baxmayaraq o, Cavabdeh aldığı evdə yaşaya bilmir. Odur ki, belə hesab edir ki, Cavabdeh ya onun pulunu qaytarmalı, ya da ki, onunla alqı-satqı etməlidir. Qeyd edir ki, Cavabdeh 17 min manat evin alınmasına görə pul verməsini Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-4749/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X16 və məhkəmədə şahid qismində dindirilmiş X9 təsdiq etmişdir. Halbuki, həmin şəxslər onunla düşmənçilik münasibətindədirlər. Budan əlavə evin təmiri üçün çəkdiyi 18 min manat pulun sırf onun tərəfindən ödənilməsi faktını orada işləyən şəxslər, yəni usta və fəhlələr təsdiq edə bilərlər. Həmçinin Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin polis sahə rəisi polis mayoru Şahid1 mübahisəli evə görə Cavabdeh 17 min manat verdiyini təsdiq edə bilər. Göründüyü kimi hazırda o, pul verib aldığı evdən istifadə edə bilmir. Cavabdeh nə pulunu ala bilmir, nə də ki, onunla evin alqı-satqısına dair müqavilə bağlamaq üçün notariat orqanına getmir. Odur ki, mübahisəli məsələnin həlli üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

3. Suraxanı Rayon Məhkəməsinin 2(010)-832/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Tural Məmmədov) ilə iddia tələbi təmin edilməmişdir.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Şikayət belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Həmin evin alınması üçün 17.000 (on yeddi min) manat və əsaslı təmir işləri aparılması üçün 18.000 (on səkkiz min) manat məbləğində pul iddiaçıya vərəsəlik əsasında qalan və adına keçən fərdi yaşayış evini 42.000 (qırx iki min) manata satmaqla əldə olunan vəsaitdən ödənilmişdir. Qeyd edilən hallar Suraxanı Rayon Məhkəməsinin 14 okytabr 2024-cü il tarixli,3(010)- 4749/2024 saylı qərarı ilə təsdiq olunur, hansında ki, göstərilmişdir ki, məhkəmə zamanı X16 bildirmişdir ki, «İddiaçı onun atasıdır. 2022-ci ildə Suraxanı rayonu, 1-ci Bülbülə küçəsində yerləşən evlərini 42.000 manata atası Əlimirzə satmış, 17.000 manat pulu qonşuluqda yaşayan Cavabdeh ödəyərək ondan ev almışdır.» Eyni zamanda həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, «İddiaçı ilə 1985-ci ildə ailə qurmuş, birgə evlilikdən 2 övladları vardır. X2 15 yaşından şizofreniya paranoid xəstəliyindən əziyyət çəkir. 2022-ci ildə Suraxanı rayonu, 1-ci Bülbüləküçəsində yerləşən evi 42.000 manata satmışdır. 17.000 manat pulu qonşuluqda yaşayan Cavabdeh ödəyərək ondan ev almışlar. Əlimirzəilə aralarında baş verən mübahisələr səbəbindən 2023-cü ildə rəsmi ayrılmışdır. Ayrıldıqdan sonra Əlimirzə onlarla birlikdə yaşamır.» Qeyd edilən hallardan məlum olur ki,cavabdeh və iş üzrə 3-cü şəxs birləşərək, planlı şəkildə iddiaçı vərəsəlik əsasında ona qalan fərdi yaşayış evi satdıqdan sonra onu aldadaraq Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi,Əzizbəyov-3 döngəsi ünvanında yerləşən 10 saylı evin alınması məqsədi ilə cavabdeh iddiaçıdan 17.000 (on yeddi min) manat pul vəsaitini almış, iddiaçını inandırmaq üçün cavabdeh onun adına etibarnamə vermiş, bundan sonra iddiaçı ailə üzvləri ilə həmin evə köçmüş, əsaslı təmir işlərinə 18.000 (on səkkiz min) manat pul vəsaiti xərcləmişdir. Bundan sonra iddiaçının arvadı ilə münasibətləri pozulduqdan sonra cavabdeh aldığı pulu qaytarmamaq məqsədi ilə evin alqı-satqı müqaviləsini Sevil Musayeva ilə rəsmiləşdirmişdir Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, eyni zamanda da nümayəndə bildirdi ki, iddiaçının satdığı sonuncu mənzil ona vərəsəlik qaydasında atasından qalan mənzil olub, o, həmin mənzili sataraq əldə olunan pul vəsaitinin bir hissəsinə hazırda mübahisələndirilən mənzili əldə etmişdir, lakin rayon məhkəməsi bu halı nəzərə almamışdır.

7. Bununla belə, iddiaçı olan tərəf rayon məhkəməsinə həmin halla bağlı hər hansı sübut təqdim etməmiş, apellyasiya şikayətinə də qeyd etdiyi halla bağlı hər hansı sübut əlavə etməmiş, apellyasiya icraatı zamanı da vəkilin vəsattəi əsasında məhz həmin halla bağlı verilmiş sorğuya əsasən cavabın təqdim edilməsi məqsədi ilə məhkəmə iclası bir dəfə təxirə salınmış, lakin yenə də tərəf məhkəməyə belə bir sübut verə bilməmişdir.

8. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, eyni zamanda qeyd etdi ki, iddiaçı ilə onun arvadı Sevil birlikdə ər-arvad olaraq onunla danışmış və mənzilinin onlara satılmasına dair razılğa gəlmişlər, bundan sonra Sevilin bacısı Svetlananın evində evin razılaşdırılmış pulunu, 17.000 manatı məhz Sevil sayıb ona verib, o da paylı mülkiyyətində olan evi birgə nikah dövründə alınan əmlak kimi sonradan Sevilə satıb və aralarında alqı-satqı müqaviləsi və barışıq sazişi var, tərəflərin nikahlarını pozmasından məlumatı olmayıb. Rayon məhkəməsinin gəldiyi qənaət tam əsaslıdır, iddiaçının tələbləri əsassızdır, nə istəyi varsa gedib arvadından tələb edə bilər, qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs S.Musayeva apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və bildirdi ki, iddiaçının satılan evin ona miras olaraq keçməsi barədə bildirdikləri yalandır, onlar 2014-cü ildən bəri üç dəfə mənzillərini dəyişmişlər, sonuncu satılan mənzil də birgə nikah dövründə əldə olunmuş mənzil idi, onların birgə nikahdan doğulan ağır xəstə uşaqları var, ona görə də razılaşıb bu evi Züleyxadan almışlar, evin alınmasını birgə həyata keçirmişlər, 17.000 manata razılaşmışlar, evin pulunu şəxsən özü bacısının evində sayıb Züleyxaya vermişdi, həmin vaxt evin sənədləşməsi mümkün olmamışdır, lakin onlar – özü, iddiaçı və xəstə olan qızı həmin vaxt köçüb evdə yaşamağa başlamışlar, evin sənədləşməsi bir xeyli müddət sonra mümkün olmuşdur, iddiaçı xəstə uşağına baxmaqdan imtina edərək evdən getmiş, sonra boşanmışlar, indi də onu və xəstə uşağını rahat yaşamağa qoymur, sonuncu evləri 42.000 manata satılmış, həmin pulun 17.000 manatına bu mənzil alınmış, qalan pulun hamısını iddiaçı özü götürmüş, həmin puldan bir manat da olsa, ailəsinə, xəstə uşağına xərcləməmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

10. ƏMDX DƏDKR publik hüquqi şəxsinin Çıxarışının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1/2 hissədə Cavabdeh mülkiyyətindədir (qeydiyyat tarixi xx.xx.2014-cü il) və X8 mülkiyyətində olan 1/2 hissədə pay (qeydiyyat tarixi xx.xx.2014-cü il) açıq qalmışdır.

11. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən Çıxarışdan görünür ki, xx.xx.2022-ci il qeydiyyat tarixli etibarnamə əsasında mülkiyyətçi (etibar edən) Cavabdeh etibar edilən X5 “bütün dövlət və qeyri-dövlət orqanlarında onu təmsil etməyi, bütün sənədləşmə işlərini aparmağı, lazımi sənədləri təhvil verməyi, almağı, bank əməliyatları aparmağı, kommunal xərcləri ödəməyi, sayğac qoymağı, müqavilə bağlamağı, müqavilədə imza etməyi, dövlət rüsumunun ödənilməsini, ona çatası, PİN kodun, kartların, çıxarışın, texniki pasportun, arayışların, şəhadətnamələrin və digər sənədlərin alınmasını, plastik kartların dəyişdirilməsini, adından ərizə yazmağı, imza etməyi, notariat qaydasında rəsmiləşdirilən sənədləri imzalamağı və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi” etibar etmişdir.

12. AZ-İ seriyalı, 463949 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X9 arasında olan nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir (şəhadətnamənin verildiyi tarix xx.xx.2023-cü il).

13. Suraxanı Rayon Məhkəməsinin 2(010)-375/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh məxsus ½ hissəsinin (50 kv.m) ekspertiza rəyi nəzərə alınmaqla naturada ayrılması qət edilmişdir.

14. Birinci Tərəf Cavabdeh və İkinci X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/11/2024-00707 nömrəli Barışıq Sazişindən görünür ki, 1. Tərəflər razılaşırlar ki, bu Saziş imzalandıqdan sonra Birinci Tərəf xx.xx.2022-ci il tarixdə İkinci Tərəfdən aldığı (götürdüyü) 16 000 (on altı min) manat pulun müqabilində Birinci Tərəfə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsini (cəmi 50 kv.m) İkinci tərəfə tam istifadəyə verməklə, mülkiyyət hüququndan İkinci Tərəfin xeyrinə imtina etməklə, həmin fərdi yaşayış evinə sərəncam hüququ verməyi öz öhdəsinə götürür. 2. Birinci Tərəf aşağıda adları qeyd edilən şəxslər yuxarıda qeyd edilən ünvana qeydiyyata salacağını öz öhdəsinə götürür: a)İkinci Tərəfin özünü, b) X15 Ülvi Əlimirzə oğlu və gəlini X12, c) İkinci Tərəfin nəvələri X13, X14 və X17, d) İkinci Tərəfin qızı X6. 3. Tərəflər yuxarıda qeyd edilən öhdəlikləri icra etmək məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq Notariusda, DƏDRX-də və digər dövlət və qeyri-dövlət orqanlarında öz üzərlərinə düşən zəruri addımları atacaqlar. 4. X20 imzaladığı andan qüvvəyə minir və Tərəflər öz öhdəliklərini icra edən anadək qüvvədədir.

15. Suraxanı Rayon Məhkəməsinin 3(010)-4749/2024 saylı xx.xx.2024- cü il tarixli qərarından görünür ki, məhkəmə iclasında izahatı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X16 bildirmişdir ki, “İddiaçı onun atasıdır. 2022-ci il tarixdə Suraxanı rayonu, 1-ci Bül-bülə küçəsində yerləşən evlərini 42000 manata atası Əlimirzə satmış, 17000 manat pulu qonşuluqda yaşayan Cavabdeh ödəyərək ondan ev almışdır. Qalan pulları atası özü götürmüşdür”. Eyni zamanda həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, İddiaçı ilə 1985-ci ildə ailə qurmuş, birgə evlilikdən 2 övladları vardır. X2 15 yaşından şizofreniya paranoid xəstəliyindən əziyət çəkir. 2022-ci ildə Suraxanı rayonu, 1-ci Bülbülə küçəsində yerləşən evi 42000 manata satmışlar. 17000 manat pulu qonşuluqda yaşayan Cavabdeh ödəyərək ondan ev almışlar. Əlimirzə ilə aralarında baş verən mübahisələr səbəbindən 2023-cü ildə rəsmi ayrılmışlar. Ayrıldıqdan sonra Əlimirzə onlarla birlikdə yaşamır.

16. AN-İ ******* nömrəli, xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, satıcı Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən onun paylı mülkiyyətində olan ½ hissəni (46.15 kv.m) 16.000 (on altı min) manata alıcı X1.

17. Məhkəmənin 17 mart 2025-ci il tarixli iclasında şahid qismində dindirilən Şahid3 bildirdi ki, qeyd olunan fərdi yaşayış evində təqribən 1 il əvvəl usta kimi işləmişdir. O vaxt tərəflərin münasibətləri mehriban idi. Usta işlərinin yerinə yetirilməsinə görə Əlimirzədən 600 manat pul almışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsi: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

21. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

22. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

23. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

24. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. İddiaçı apellyasiya şikayətində vərəsəlik əsasında ona qalan və adına keçən fərdi yaşayış evini 42.000 (qırx iki min) manata satdığını, həmin məbləğin 17.000 manatını evin alınması üçün, 18.000 manatı isə əsaslı təmir işlərinin aparılması üçün sərf etdiyini qeyd edərək, həm Cavabdeh, həm də iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Sevil Musayevanın onu aldadıb pulunu ələ keçirdiyini, nəticədə də onu evsiz qoyduqlarını iddia etmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehlə evin 17 min manata alınması barədə razılığa gəlmələri, pulu cavabdehə versə də, cavabdehin razılaşmaya zidd olaraq evi iddiaçının adına keçirməməsi barədə bildirdikləri maddi hüquq normalarının tələbləri baxımından iddianın təmin edilməsi üçün əsas deyildir. Ona görə ki, işin hallarından göründüyü kimi, tərəflər arasında həqiqətən də mübahisəli evin alqı-satqısı ilə bağlı sövdələşmə olmuş, sövdələşmə olan dövrdə İddiaçı ilə Sevil Musayeva rəsmi nikah münsibətlərində olmuşlar və sözügedən sövdələşmə də elə üç nəfər arasında Sevil Musayeva, İddiaçı və evin satıcısı olan Cavabdeh arasında baş tutmuşdur. Həmin dövrdə tərəflərin nikah münasibətləri normal olmuş, onlar bir yerdə ailə təsərrüfatı idarə etmiş və tələb edilən 17000 manat pul da iddiaçı tərəfindən evin alınmasına görə o dövrdə verilmişdir. İş üzrə şahid kimi dindirilən şəxsin ifadəsindən də məlum olur ki, o mübahisəli evdə usta kimi işləyəndə İddiaçı ilə Sevil Musayevanın münasibətləri normal olmuş və onlar həmin evdə birlikdə yaşamışlar. Deməli, belə nəticəyə gəlinir ki, İddiaçı nikahda olduğu dövrdə cavabdehlə evin alqı-satqısı barədə razılaşmış, sonradan da həmin evdə bir müddət Sevil Musayeva ilə birlikdə yaşamışdır. Bu xüsusda pulun şəxsən İddiaçı tərəfindən Cavabdeh təqdim edilməsinin də hər hansı hüquqi anlamı yoxdur. Çünki həmin məbləğ birgə nikah dövründə ailənin birlikdə yaşamaq məqsədilə ev alması üçün sərf olunmuşdur. Cavabdehin evin alqı-satqısı ilə bağlı anlaşmanı və alqı-satqı müqaviləsini iddiaçı ilə deyil, Musayeva Sevil ilə bağlaması isə iddianın təmin edilməsi üçün əsas ola bilməz.

33. Fərdi yaşayış evinə münasibətdə alqı-satqı müqaviləsinin xx.xx.2024-cü il tarixdə, yəni artıq iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Musayeva Sevil arasında rəsmi nikah pozulduqdan sonra (onlar arasında olan rəsmi nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir) bağlanmasına baxmayaraq, məhkəmə iclasında proses iştirakçılarının izahatı ilə müəyyən edilmişdir ki, qeyd olunan fərdi yaşayış evi İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Musayeva Sevilin rəsmi nikahda olduqları dövrdə artıq onlara satılmışdı. Göründüyü kimi, qeyd olunan fərdi yaşayış evi alqı-satqı dəyərinin iddiaçı və ya müstəqil tələb irəli sürməyən üçüncü şəxs Musayeva Sevil tərəfindən ödənilməsindən asılı olmayaraq onların rəsmi nikahda olduqları, yəni birgə təsərrüfat idarə etdikləri dövrdə əldə edilmişdir. Belə olan halda, iddiaçı hazırki tələbində qeyd olunan fərdi yaşayış evinin alqı-satqı ilə bağlı pul vəsaitini Cavabdeh tələb etməkdə haqlı deyildir.

34. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, alınmış mənzilə görə ödənilmiş 17.000 manat pul vəsaiti onların bundan əvvəl yaşadıqları evin satılmasından əldə olunmuşdur ki, həmin ev də ona atasından vərəsəlik qaydasında keçmişdir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mənzilin alınmasından ötrü verilmiş pulun ona vərəsəlik qaydasında keçmiş əmlakın satılması hesabına əldə etməsinə dair bildirdiklərini sübut edə bilməmişdir..

36. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Göstərilən Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

40. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

41. Beləliklə, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı biri digərini tamamlayan, təkzibedilməzliklə bağlı tələblərə cavab verən əsaslı və şübhədənkənar sübutlar təqdim edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi iddia tələbini təmin etməyərək iş üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti təmin edilə bilməz.

42. Belə ki, rayon məhkəməsinin də qeyd etdiyi kimi, qeyd olunan fərdi yaşayış evi iddiaçı ilə Musayeva Sevilin birgə nikahda olduqları dövrdə əldə edildiyindən, o, birgə nikahda əldə edilmiş əmlaka və ya pul məbləğinə münasibətdə müvafiq tələblə keçmiş arvadına qarşı irəli sürə bilərdi

43. MPM-in 385.2-ci maddəsi də tələb edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

44. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-832/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar