Məhkəmə qərarları › İş №2(103)-354/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-354/2021

23.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-354/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh Tari qızına qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-633/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Tari qızına qarşı “maneələrin aradan qaldırılması” tələbinə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Tari qızına məxsus ünvan 1 mənzil 6 ünvanında olan mənzilin plan sxemində və binanın layihəsində nəzərdə tutulmayan və cavabdeh tərəfindən qanunsuz olaraq açılan pəncərənin olması cavabdeh tərəfindən iddiaçının həyətinə girməsi üçün yaradılan maneələr üçün əsas yaratdığına görə həmin qanunsuz açılan pəncərənin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş Cavabdeh Tari qızına məxsus ünvan 1 mənzil 6 ünvanında olan mənzilin plan sxemindən də göründüyü kimi, həmin mənzilin iddiaçının qapısına tərəf olan divarında binanın layihə sənədlərində pəncərə olmamışdır. Ərizəyə əlavə edilmiş şəkillərdən də göründüyü kimi, indi həmin divarda pəncərə vardır. Belə ki, cavabdeh təxminən 6-7 il həmin divarı ortadan dağıdıb həmin yerdən mənzilinə balkon açaraq iddiaçının həyətinə gedən yolun üstündən həmin balkona pilləkən düzəltdirmək istəmişdir. Belə olan halda iddiaçının yolu tutulduğu üçün o aidiyyəti dövlət orqanlarına müraciət etmişdir. Aidiyyəti dövlət orqanları gəlib cavabdehin düzəltdiyi balkonu sökmüş və dağıdılmış divarın bərpa olunmasını cavabdehə tapşırmışlar. Lakin cavabdeh həmin divarın sökülmüş yerlərini tam bərpa etməyərək bir pəncərə yeri saxlayaraq həmin yerdə bir pəncərə qoymuşdur. Həmin pəncərə də cavabdeh tərəfindən iddiaçının yolunun kəsilməsi üçün əsas olmuşdur. Belə ki, həmin pəncərə açıldıqdan sonra cavabdehin oğlu istifadə etdiyi avtomobili gətirib iddiaçının darvazasının qabağında saxlamağa başlamışdır. Cavabdeh tərəfindən yol verilən özbaşınalıqların əsas səbəbi 6-7 il qabaq cavabdeh tərəfindən açılan həmin qanunsuz pəncərədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-633/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının subyektiv hüququ olmadığına görə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən yol verilən bu özbaşınalıqların əsas səbəbi 6-7 il qabaq tərəfindən açılan həmin qanunsuz pəncərədir. Əgər həmin pəncərənin açılmasının qarşısı vaxtında alınsaydı, indi cavabdeh bu kimi özbaşınalıqlara yol verib onun yolunu tutmaq məqsədilə maşınını həyət evinin darvazasının qabağında saxlamazdı. Ona görə də bu özbaşınalıqların qarşısını almaq üçün cavabdeh tərəfindən yol verilən bu özbaşınalıqlara səbəb olan halın qarşısı alınmalıdır. Həmin hal da, məhz qanunsuz açılan həmin pəncərədir. Həmin qanunsuz açılan pəncərəyə bu gün bağlansa, cavabdeh də şəxsi avtomobilinin orada saxlanmasına son qoyar. Ona görə də, cavabdeh tərəfindən yol verilən bu qanunsuzluqlarla dolu özbaşınalıqların qarşısını almaq üçün həmin qanunsuz açılan pəncərə bağlanmalıdır. Belə ki, həmin qanunsuz açlan pəncərəyə görə onun yolu tutulmuşdur. Hər-hansı bir şəxsin yolunun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaq onun subyektiv hüququdur. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə yönəldiyindən hazırki məhkəmə baxışının hədləri tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə İddiaçı hazırkı iddia tələbinin predmeti olan tələbi irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli yaşayış sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən onunla müvafiq alğı-satqı müqaviləsi bağlanmamış, yaxud yaşayış sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qimən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Belə ki, iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Xaliq oğlu ünvan 2 mənzil 8 ünvanında və Cavabdeh Tari qızı ünvan 2 mənzil 6 ünvanında qeydiyyatdadılar. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(011)- 124/2019 nömrəli qətnaməsi ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olması təsbit edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2368 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi 24 saylı evin 6 saylı mənzilin daxilindən küçə tərəfə əlavə pəncərənin açıldığı müəyyən edilmişdir. Lakin, İddiaçı Xaliq oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 5-ci döngə 24A saylı fərdi evinə tərəf pəncərə açılmağını nəzərə alaraq iddiaçının yaşayış evinə maneə yaratmadığı müəyyən edilir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasinın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Kollegiya qeyd edir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ olsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2368 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan əlavə ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan maddi hüquq normalarını düzgün tətbiq etməmiş və iddianı iddiaçının subyektiv hüququ olmadığına görə rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-633/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-633/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar