Məhkəmə qərarları › İş №2(103)-3542/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3542/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3542/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh x oğluna qarşı "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsina, tələbin girov predmetinə yönəldilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.04.2018-ci il tarixli 2(010)- 2383/2018 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7254 (yeddi min iki yüz əlli dörd) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 17.04.2014-cü il tarixə 1656 (min altı yüz əlli altı) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 1338 (min üç yüz otuz səkkiz) ABŞ dolları faiz borcunun, ümumilikdə 10.248 (on min iki yüz dırx səkkiz) ABŞ dolları məbləğində pul vəsaitinin və bu mülki mübahisənin araşdırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan “xxxx” ASC-nin hesabına ödənilməsi, tələbin girov qoyulmuş Cavabdeh mülkiyyətində olan Nissan Tiida minik markalı, buraxılış ili 2008, ban nömrəsi JN1FCAC11Z00907 olan, gümüşü rəngli, **-CL-*** dövlət nümrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə satılması və satışdan əıldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli 2(010)- 2383/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnaməsindən narazı qalan iş üzrə cavabdeh ẋ oğlu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə onun iştirakı və xəbəri olmadan işə baxmışdır. Hesab edir ki, qətnamə qeyriobyektiv çıxarıldığından, iş üçün əhəmiyyətli hallar sübuta yetirilmədiyindən qətnamə ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarından görünür ki, «xxxx» ASC ilə Cavabdeh arasında 17.04.2012-ci il tarixli 01 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 25% ödənilmək şərtilə 9000 (doqquz min) ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş 17.04.2012-ci il tarixli girov müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı bank qarşısında kredit müqaviləsinin təminatı kimi Nissan Tiida minik markalı buraxılış ili 2008-ci il olan, gümüşü rəngli, **-CL-*** dövlət nömrə nişanlı avtomobili girov qoymuşdur. Girov qoyulmuş əmlakın dəyərini tərəflər 12900 ABŞ dolları məbləğində müəyyən etmişlər. İşə əlavə edilmiş Ləğv prosesində olan «xxxx» ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, bank borcluya tələbin ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq etmişdir. İşə əlavə edilmiş «ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh məxsus Nissan Tiida minik markalı **-CL-*** dövlət nömrə nişanlı avtomobilin «xxxx» ASC-nin Səbail filialının xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 26.12.2017-ci il tarixədək 7254 (yeddi min iki yüz əlli dörd) USD məbləğində əsas borcu, müqavilənin bitdiyi 17.04.2014-cü il tarixə 1656 (bir min altı yiiz əlli altı) USD məbləğində faiz borcu, müqavilənin bitdiyi tarixdən sonrakı müddət üçün illik 5% olmaqla hesablanmış 1338 (bir min üç yüz otuz səkkiz) USD gecikməyə görə borc olmaqla, cəmi 10248 (on min iki yüz qırx səkkiz) USD məbləğində borcu vardır. Beləliklə, işin araşdırılan halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış 17.04.2012-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş, nəticədə onun iddiaçı qarşısında 7254 USD əsas, müqavilənin bitdiyi 17.04.2014-cü il tarixə 1656 USD faiz, müqavilənin bitdiyi tarixdən sonrakı müddət üçün illik 5% olmaqla hesablanmış 1338 USD gecikməyə görə borc olmaqla, cəmi 10248 USD məbləğində borcu yaranmışdır. Həmçinin, cavabdeh pzünə məxsus olan avtomobili bank qarşısında ipoteka ilə yüklü etmiş, bu yüklülük rəsmi reyestrdə qeydiyyata alınmışdır. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehin qeydiyyatda olduğu ünvana məhkəmə tərəfindən rəsmi qaydada bildirişlər göndərilmişdir. Həmçinin müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh x tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.04.2018-ci il tarixli, 2(010)-2383/2018 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar