Məhkəmə qərarları › İş №2(103)-3544/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3544/2021

16.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3544/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1, Cavabdeh2 MMC-nin nümayəndələri Nümayəndə2 və X1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-140/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilinə vurulan zərər görə 7880 manat, əmtəə görünüşünün 20 faiz itirilməsi nəticəsində 10200 manat maddi ziyan, 30 manat ödənilmiş dövlət rüsumunun, sənədlərin təsdiqi və etibarnamə üçün ödənilmiş 21 manat dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 210 manatın ümumilikdə 8141 manatın cavabdehlərdən tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-140/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı və Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayətləri vermişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin nümayəndələri Nümayəndə2 və M.Hüseynov apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməmələrini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-140/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş aidiyyəti üzrə baxılması Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən (i/v. 87) müəyyən olunur ki, Cavabdeh2 MMC-nin hüquqi ünvanı ünvan 1an başqa, hazırkı iş üzrə digər cavabdeh olan Cavabdeh1 aid AZE******** seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, onun rəsmi qeydiyyat ünvanı Abşeron rayonu, Saray qəsəbəsidir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hazırkı halda müəyyən olunur ki cavabdehlərdən biri – Cavabdeh2 MMC Sabunçu rayonunda, digəri – Cavabdeh1 isə Abşeron rayonunda qeydiyyatdadır. Belə olan halda, kollegiya qeyd edir ki, hazırkı mülki mübahisəyə aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Bununla da aydın olur ki, hazırkı mülki işə aidiyyət qaydalarına uyğun olaraq Sabunçu Rayon Məhkəməsi tərəfindən baxılmalı olduğu halda, Nizami Rayon Məhkəməsi işə aidiyyət qaydalarını pozaraq baxmışdır ki, bu da qətnamənin qeyd-şərtsiz ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-140/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş aidiyyəti üzrə baxılması Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-140/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş aidiyyəti üzrə baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar