Məhkəmə qərarları › İş №2(103)-3546/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3546/2020

12.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3546/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçı Bankın ləğvedicisi olan X1 verdiyi apellyasiya şikayətinə əsasən işə, Fondun nümayəndəsi X4 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onunla Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış 794 №-li “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 5.720,63 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 253 ABŞ dolları, əldən çıxmış faydanın əvəzinin ödənilməsi məqsədi ilə 7.124 ABŞ dolları, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş iş üzrə digər Cavabdeh2 tutularaq ona (Banka) ödənilməsi, tutmanın ipoteka predmetinə - Cavabdeh1 məxsus olan “Mercedes Benz” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə oluna biləcək pul vəsaiti hesabına həmin borcun ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda qalan borcun “İcra haqqında” Qanunun tələblərinə uyğun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2011-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə illik 27 faiz dərəcəsi ilə 24 ay müddətinə 8.900 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədi ilə özünə məxsus avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bu barədə onunla Bank arasında xx.xx.2011-ci il tarixli “İpoteka müqaviləsi” bağlanmışdır. Həmçinin, Cavabdeh1 Bank qarşısındakı öhdəliklərinin icrasının təminatı olaraq iş üzrə digər cavabdeh olan Cavabdeh2 borcalanın öhdəliklərinin icrasına zamin durmuş və bu barədə onlar ilə Bank arasında xx.xx.2015ci il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. Cavabdehlər yuxarıda qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərilərinə öhdəliklər götürsələr də, öhdəlikləri lazımi qaydada icra etməmiş və nəticədə onların Banka 5.720,63 ABŞ dolları məbləğində əsas borcu, 253 ABŞ dolları məbləğində əsas borc məbləğinə hesablanmış faiz borcu yaranmışdır. Bank tərəfindən cavabdehlərə edilmiş xəbərdarlıqlara baxmayaraq qeyd olunan borc ödənilməmiş qalmış bununla da, Bank, Cavabdeh1 qanunsuz qalmış pul məbləğindən istifadə edərək faydalana bilməmiş, fayda əldən çıxmışdır. Əldən çıxmış faydanın məbləği 7.124 ABŞ dolları təşkil edir. Bank hesab edir ki, “Kredit müqaviləsi” üzrə yaranmış borc, əldən çıxmış fayda və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı Bankın ləğvedicisi olan Fond həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır; qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş Rayon Məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 213 ABŞ dolları məbləğində ödəniş etmişdir. Həmin tarixdən isə üç ildən çox müddət keçmədən Bank xx.xx.2018-ci il tarixdə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon Məhkəməsi həmçinin onu nəzərə almamışdır ki, Fond, müvafiq məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə Bankın ləğvedicisi təyin edilmişdir. Belə olan halda, iddia müddətinin axımı da, həmin tarixdən başlanmışdır. Fondun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. Cavabdehlər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da, iclasa gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2011-ci il tarixdə bağlanmış “Kredit müqaviləsindən” görünür ki, bu müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 illik 27 faiz dərəcəsi ilə 24 ay müddətinə 8.900 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə Bank arasında xx.xx.2011-ci il tarixdə bağlanmış “İpoteka müqaviləsindən” görünür ki, Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədi ilə özünə məxsus avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə Bank arasında bağlanmış “Zaminlik müqaviləsindən” görünür ki, “Kredit müqaviləsi” üzrə Cavabdeh1 Bank qarşısında üzərinə götürülmüş öhdəliklərinin icrasının təminatı olaraq iş üzrə digər cavabdeh olan Cavabdeh2 borcalanın öhdəliklərinin icrasına zamin durmuşdur. Bank tərəfindən təqdim edilmiş sənədlərdən və hesablamalardan görünür ki, cavabdehlər yuxarıda qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərilərinə öhdəliklər götürsələr də, öhdəlikləri lazımi qaydada icra etməmiş və nəticədə onların Banka borcları yaranmışdır ki, əsas kredit borcunun məbləği 5.720,63 ABŞ dolları, əsas borc məbləğinə hesablanmış faiz borcunun məbləği 253 ABŞ dolları, əldən çıxmış faydanın məbləği 7.124 ABŞ dolları təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, Bank ilə Cavabdeh1 arasında borc münasibətləri yaranmış, Bank tərəfindən cavabdehə müəyyən məbləğdə müəyyən şərtlər altında kredit verilmişdir. İş üzrə digər Cavabdeh2 borcalan Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Hazırda kredit məbləğinin tam həcmdə Banka qaytarılmadığını iddia edən Bank qalıq borcun cavabdehlərdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh1 “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəsini əsas tutmuş Rayon Məhkəməsi iddianı rədd etmişdir. Fondun verdiyi apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsinin” müddəti xx.xx.2013-cü il tarixdə bitsə də, cavabdeh, 2014-2016-cı illər ərzində 16 dəfə ödəniş etmiş, sonuncu ödəniş isə xx.xx.2019-cu il tarixdə həyata keçirilmişdir. Həmin ödənişləri təsdiq edən bank sənədləri Bank tərəfindən Rayon Məhkəməsinə təqdim edilmişdir. Lakin Rayon Məhkəməsi işin bu halını nəzərə almamışdır. İşdə olan “nağd pulun mədaxili üçün elan” adlı bank sənədlərindən görünür ki, xx.xx.2011ci il tarixli, 794 №-li “Kredit müqaviləsi” üzrə ödənişlər xx.xx.2015-ci il tarixədək (iş üzrə tərəf olmayan) X6 tərəfindən, xx.xx.2019-cu il tarixdə isə (iş üzrə tərəf olmayan) X9 tərəfindən aparılmışdır. İşdə olan ƏN-İİ seriyalı 224097 №-li və ƏN-İİİ 635067 №-li etibarnamədən görünür ki, Cavabdeh1 həmin etibarnamələrə əsasən (iş üzrə tərəf olmayan) Z.Rüstəmov və zamin Cavabdeh2 ipoteka predmeti olan avtomobili idarə etmək səlahiyyətini vermişdir. İşdə olan AR-İ seriyalı 451509 №-li etibarnamələrdən görünür ki, Cavabdeh1 adına olan daşınmaz əmlak istisna olmaqla, bütün daşınar əmlakı onun adından idarə etmək və sair hərəkətləri həyata keçirmək səlahiyyətini R.Salmanova etibar etmişdir. Hazırki işə Rayon Məhkəməsində baxılan zaman xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, o, xx.xx.2011-ci il tarixli, 794 №-li “Kredit müqaviləsini” formal olaraq imzalamış, əslində borc Bankın öz əməkdaşları tərəfindən götürülmüş, kredit ödənişlərindən onun məlumatı olmamış, ipoteka predmeti olan avtomobili də başqa şəxslər idarə etmişlər. Bununla bağlı Məhkəmə bildirir ki, iddiaçı Bank və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 794 №-li “Kredit müqaviləsi” real müqavilədir. Həmin müqavilə üzrə borc verilmiş 8.900 ABŞ dolları məbləğində pul elə müqavilə bağlandığı gün borcalan Cavabdeh1 tərəfindən Bankın kassasından şəxsən qəbul edilmiş və bu barədə “kassa məxaric orderinə” imza edilmişdir (iş v. 91). Borcalan Cavabdeh1 pulu Bankdan götürdükdən sonra kiməsə verməsi sonrakı şəxsi Bank qarşısında “borcalana” çevirmir, çünki pul həmin şəxsə artıq Bankın deyil, “borcalanın” mülkiyyətində olan vəsait kimi verilmiş sayılır. Bank borcalan ilə aralarındakı “Kredit müqaviləsini” müqaviləyə uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlamışdır. Yəni, müqavilənin mahiyyətinə görə Bank kredit vermək niyyətində olmaqla bu krediti vermiş, “borcalanın” isə kredit almaq niyyəti olmuş və o, bu krediti almışdır. “Borcalanın” kredit əldə edərkən güddüyü niyyətin krediti özünün deyil, başqa şəxsin ehtiyacları üçün əldə etməsinin kredit müqaviləsinin hüquqi nəticələrinə aidiyyəti yoxdur. Belə ki, bu niyyət müqavilədən əvvəlki deyil, sonrakı niyyətdir. “Borcalanın” Bankdan aldığı və artıq onun mülkiyyəti sayılan pulu başqa şəxsə(lərə) verməsində isə Bankın heç bir günahı yoxdur. Beləliklə də, müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2011-ci il tarixli, 794 №-li “Kredit müqaviləsi” üzrə “borcalan” qismində məsuliyyətli şəxsdir. Cavabdeh1 Rayon Məhkəməsinə verdiyi izahatdan müəyyən edilir ki, “Kredit müqaviləsi” üzrə onun tərəfindən hər hansı ödəniş aparılmamışdır. Buna etiraz edən Bank isə bildirir ki, “Kredit müqaviləsi” üzrə 2011-2015-ci illərdə Z.Rüstəmov tərəfindən, xx.xx.2019-cu il tarixdə isə R.Salmanov tərəfindən ödənişlər həyata keçirilmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 522-ci maddəsinə görə, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir (maddə 522.1.). Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur (maddə 522.2.). Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi, borclunun öhdəliyi üçüncü şəxsə yalnız kreditor ilə bağlanmış müqaviləyə əsasən verilə bilər. Öhdəliyin üçüncü şəxsə verilməsi, həmin şəxslər arasında əldə olunmuş razılıq əsasında da həyata keçirilə bilər, lakin bu zaman kreditorun razılığının olması mütləqdir. Lakin borclu olan Cavabdeh1 xx.xx.2011-ci il tarixli, 794 №-li “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyin istər Z.Rüstəmova, istərsə də R.Salmanova verilməsi barədə razılaşmanı təsdiq edə biləcək sübut yoxdur. Yuxarıda qeyd olunan etibarnamələr isə tərəflər arasında belə bir razılaşmanın olmasını təsdiq etmir. Çünki Mülki Məcəllənin 362.1-ci maddəsinə görə, etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət olduğundan, etibarnamə təmsilçinin hərəkətlərinin bilavasitə təmsil edilən üçün hüquq və vəzifələr yaratması ilə bağlı birtərəfli əqddir. Yuxarıda artıq qeyd edildiyi kimi, ƏN-İİ seriyalı 224097 №-li və ƏN-İİİ 635067 №-li etibarnamədən görünür ki, Cavabdeh1 həmin etibarnamələrə əsasən Z.Rüstəmov və Cavabdeh2 ipoteka predmeti olan avtomobili idarə etmək səlahiyyətini vermişdir. Bu baxımdan hesab edilməlidir ki, Bankın istinad etdiyi “nağd pulun mədaxili üçün elan” üzrə edilmiş ödənişlər Cavabdeh1 ödənişləri kimi qəbul edilə bilməz. Beləliklə də müəyyən edilir ki, xx.xx.2011-ci il tarixli, 794 №-li “Kredit müqaviləsi” cavabdeh A.Hacyevanın Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Lakin Bank bu öhdəliklərin icrasını məhkəmə qaydasında tələb etmək üçün iddia müddətini ötürmüşdür. Çünki xx.xx.2011-ci il tarixli “Kredit müqaviləsinin” müddəti tərəflərin razılığı ilə 2 il müəyyən edilmiş, Bank isə bu müddət bitdikdən, yəni xx.xx.2013-cü ildən təxminən 6 il sonra – xx.xx.2019-cu il tarixdə hazırki iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində iddiaçı tərəf müqavilə müddətinin xx.xx.2017-ci il tarixədək uzaldığını qeyd etsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir, halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, bir mənalı qəbul edilməlidir ki, “Kredit müqaviləsinin” müddəti xx.xx.2013-cü il tarixdə bitmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Qeyd edilən bu maddi hüquq normasının mənasından müzakirə edilən məsələnin həllinə yanaşdıqda müəyyən edilir ki, iddia müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə isə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənləri nəzərə alan Məhkəmə bu qənaətə gəlir ki, Rayon Məhkəməsi tərəflər arasında bağlanmış “Kredit müqaviləsi” üzrə iddia tələbinə Cavabdeh1 ərizəsi əsasında iddia müddətini tətbiq etməkdə haqlı olmuşdur. Çünki yuxarıda qeyd edilən ödənişlər cavabdehlərin etdikləri ödənişlər kimi qəbul edilə bilməz və həmin ödənişlər iddia müddətinin axımını bərpa etməmişlər. Apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır. İddiaçı tərəfin verdiyi apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Bankın ləğvedicisi olan Fond, müvafiq məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə ləğvedicisi təyin edilmişdir. Belə olan halda, iddia müddətinin axımı da, həmin tarixdən başlanmışdır. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bununla bağlı Məhkəmə bildirir ki, artıq müəyyən edildiyi kimi tərəflər arasında bağlanmış “Kredit müqaviləsinin” müddəti xx.xx.2013-cü il tarixdə bitmiş, Bank xx.xx.2016-cı il tarixdə, yəni iddia müddəti bitdikdən sonra ləğv edilmiş, xx.xx.2017-ci il tarixdə Fond Bankın ləğvedicisi təyin edilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, hüquqi şəxsin ləğv proseduru ilə bağlı ləğvedicinin təyin edilməsi artıq başa çatmış iddia müddətini bərpa etməsi barədə maddi norma Mülki Məcəllədə, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda, digər Qanunlarda və aidiyyəti normativ aktlarda nəzərdə tutulmamışdır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apelyasiya şikayətinin müzakirə edilən bu dəlili də, əsassızdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi iş üzrə digər Cavabdeh2 aid hissədə də əsassızdır. Belə ki, Mülki Məcəllənin 376-cı maddəsinə görə, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Yuxarıda artıq qeyd edildiyi kimi iddiaçı Bank və Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsində” icra müddəti xx.xx.2013-cü il tarix müəyyən edilmiş, lakin iddiaçı 3 illik iddia müddətini ötürərək məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Bununla da Bank əsas öhdəlik üzrə iddia müddətini ötürmüşdür. Belə olan halda, hesab edilməlidir ki, əlavə öhdəlik üzrə də iddia müddəti keçmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır və qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyil. MPM-nin 385.2-ci maddəsinə görə isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Fond tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan X1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün X2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar