Məhkəmə qərarları › İş №2(103)-3547/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3547/2022

12.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3547/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X3 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(006)-1166/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı siyasətçidir. O, Respublikaçı Alternativ (REAL) partiyasının sədridir. O, “X4 Biliklər Məktəbi” adlı vətəndaş cəmiyyəti proqramının Azərbaycanda rəhbəri vəzifəsində işləmişdir. Bundan başqa, həmin dövrdə iddiaçı ekspert kimi də fəaliyyət göstərərək qazanc əldə etmişdir. İddiaçı Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə ittiham olunaraq 04 fevral 2013-cü il tarixdə həbs edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli hökmü ilə təqsirli bilinərək, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2018-ci ilin avqustun 13-də şərti azad edildi. Beləliklə, həbs qətimkan tədbirinin müddəti ilə birlikdə o, 66 ay istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində keçirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 aprel 2020-ci il tarixli, 12(102)-2(a)2020 saylı qərarı ilə iddiaçının “təqsirliliyi sübuta yetirilmədiyinə görə, yəni Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2ci maddəsində nəzərdə tutulmuş əsasla” onun Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Plenumun sözügedən qərarında qeyd edilir: “21 aprel 2020- ci il tarixində İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumuna ərizə ilə müraciət edərək, ona bəraət verilməsi ilə yanaşı, əsassız olaraq məhkum edilməsi ilə əlaqədar məruz qaldığı mənəvi ziyana görə 127.000 avro məbləğində, maddi ziyana görə isə 36.418 manat məbləğində kompensasiyanın ödənilməsi barədə tələb irəli sürmüşdür. Həmçinin, o, həbsdə saxlanıldığı və azadlıqdan məhrum edildiyi müddətlərinin fasiləsiz əmək stajına daxil edilməsini xahiş etmişdir. Cinayət təqibinə bəraətverici əsaslarla xitam verdiyi üçün Plenum iddiaçıya 234.226,10 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsini qət etmişdir. Həbsindən əvvəlki dövrdə iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olan fərdi sahibkar kimi peşəkar məsləhət xidmətləri göstərirdi. Belə ki, Dövlət Vergi Xidmətinin rəsmi saytındakı X2 göründüyü kimi, 2011-ci ilin iyulundan başlayaraq 2013-cü ilin fevralında baş vermiş həbsə qədər əldə etdiyi qazancına görə 4 faizlik sadələşdirilmiş vergi şəklində iddiaçı dövlətə 651 manat 60 qəpik ödəmişdir. Bunu gəlirin həcmini çevirəndə, 16.290 manat edir (651,60x100%/4%=16290). Beləliklə, həbsdən əvvəlki 20 aylıq müddətdə iddiaçının orta aylıq gəliri 814 manat 50 qəpik təşkil edirdi (16290/20=815,50 manat). Rəsmi inflyasiya rəqəmləri nəzərə alınanda, iddiaçının müvafiq illər üzrə aylıq gəliri olmalı idi: 2013-cü ildə 814,50 manat, 2014-cü ildə 825,90 manat, 2015-ci ildə 858,94 manat, 2016-cı ildə 965,45 manat, 2017-ci ildə 1089,99 manat, 2018ci ildə 1115,06 manat. Bu hesabla 2013-cü ilin fevral ayından başlayaraq, 2018-ci ilin avqust ayına qədər iddiaçı 61.648,28 manat məbləğində qazanc əldə edə bilərdi. Göstərilənlərə əsasən iddiaçıya 66 aylıq qanunsuz həbs və azadlıqdan məhrum etmə ilə vurulan maddi ziyanın əvəzi kimi 53.757 manat məbləğində kompensasiyanın təyin edilməsi və onun dövlət hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(006)-1166/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1166/2022 saylı iş üzrə 15.02.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində istinad etmişdir ki, o, öz tələbini onunla əsaslandırır ki, qanunsuz həbsi və məhkumluğu onu iş fəaliyyətindən əldə etdiyi gəlirindən məhrum edib. Həmin fəaliyyətiu və gəlirin miqdarını isə həbsdən əvvəlki (iki illik) dövrü əhatə edən sənədlələ (bax bənd 7.2) təsdiq olunur. Məhkəmə bu sənədləri diqqətlə və məsuliyyətlə araşdırsaydı, asanlıqla iddiaçının tələbinin əsaslı olduğunu müəyyən edərdi. Lakin, məhkəmə araşdırması ədalətli olmaq əvəzinə, daha çox formal xarakterli oldu. Birinci instansiya məhkəməsinin qətnaməsində deyilir: iddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona 53.757 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi kontraktların, mədaxil qəbzlərinin, ödəniş tapşırıqlarının, həmçinin Vergilər Nazirliyinə təqdim etdiyi şəxsi hesab qəbzlərinin, ödəniş tapşırıqlarının, həmçinin Vergilər Nazirliyinə təqdim etdiyi şəxsi hesab vərəqəsinin kserosurətləri iddiaçının həmin sənədlərdə qeyd olunan dövrdə göstərilən miqdarda qazanc (gəlir) əldə etməsi və iddia olunan məbləğdə ona ziyanın vurulması barədə nəticəyə gəlmək üçün kifayət edə bilməz. Əvvəla, iddiaçı bildirib ki, 5 il yarım ərzində azadlıqdan məhrum edilib və sənədlərinə çatımlığı olmayıb. O həbsdə olarkən, şəxsi arxivləri nıəzarətindən çıxıb və itirilib. Bu səbəbdən onun həbsdən əvvəl uzun illər peşə fəaliyyətini və bu fəaliyyət vasitəsilə əldə etdiyi gəliri təsdiqləyən sənədlərin bütününü təqdim etmək imkanı yoxdur. Azadlığa çıxandan sonra çətinliklə sənədləşməni bərpa etməyə başlayıb və sənədlərin (qovluqların) yalnız kiçik bir qismini əldə etmək mümkün olub. Bu isə özlüyündə iddiaçının təqsiri yox, məhz ona qarşı həyata keçirilən qanunsuz həbs və məhkumluğun nəticəsidir. Demək olar ki, ona qarşı törədilən qanunsuzluqlarla vurulan ziyanın bir növüdür. Lakin məhkəmə bu əhəmiyyətli faktı nəzərə almayıb. İkincisi, hətta təqdim edilən sənədlər kifayyət edir ki, iddiaçının həbsi və məhkumluğu ilə ona həqiqətən maddi ziyanın vurulması və ziyanın miqdarı müəyyən edilsin. Məhkəmə, “təqdim edilən kserosurət” ifadəsi ilə təsdiq edir ki, işə formal yanaşıb və nəzərə almayıb ki, iddiaçı 2013-ci ilin fevral ayının əvvəli həbsə alınıb, o vaxtdan isə düz doqquz il vaxt keçib! Əlbəttə ki, doqquz il əvvələ aid olan sənədləri tapmaq çətindir, təşkilatlar arxiv sənədləri beş il müddətində saxlayır və beş ildən sonra arxivlər məhv edilir. Üçüncüsü, təqdim edilmiş sənədlər arasında iddiaçının X2 çıxarış var. Bu çıxarəşdan görünür ki, iddiaçı 12.07.2011-12.03.2013 ərzində gəlir vergisi ödəyib. Fəaliyyət növü: “Kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə sair məsləhətlər”. Bu fəaliyyət iddiaçıya məxsus ********** VÖEN əsasında həyata keçirilib. Rüblər üzrə gəlir vergisi hesablanıb və ödəmələr göstərilib. Məhkəmə bu şəxsi hesab vərəqəsini təqdim edilmiş digər sübutlarla (ödəniş qəbzləri, xidmət müqavilələri, ödəniş tapşırıqları və s.) müqaisəli araşdırsaydı, iddiaçının həqiqətən həbsdən əvvəlkiən azı iki illik dövrdə gəlirlərini müəyyən edərdi. Ən azından, ödənilmiş gəlir vergisi məbləğlərini nəzərə alınaraq əldə edilmiş gəlirin məbləği elementar riyazi hesablama aparmaqla müəyyən olunur. Bundan başqa, məhkəmə iclasında xahiş etmişdir ki, sübutun mötəbərliyinə şübhə varsa, iddiaçının iştirakı ilə və ya verdiyi şifrə ilə onun şəxsi kabinetinə daxil olub həbsdən əvvəlki dövrdə vergi ödənişləri tədqiq edilsin. Məhkəmə, buna ehtiyac olmadığını bildirdi. Məhkəmənin iş üçün əhəmiyyətli halları araşdırmaması və işə formal yanaşması doğru və güvənli nəticəyə gəlməyə mane oldu və qanunsuz və əsassız qətnamə çıxarılması ilə nəticələndi. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qərar çıxarılmasını, həmçinin, məhkəmədən iddiaçının iştirakı ilə kompyuter vasitəsilə Vergilər Nazirliyinin saytındakı Şəxsi kabinetinə 2013-cü ildən əvvəlki dövrə aid olan hissəyə baxış keçirilməsi barədə vəsatətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.İddiaçı həmçinin, yalnız bir xidmət müqaviləsinin və həmin xidmətin müqabilində ödənişə dair sənədin əslini təqdim edə bildiyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı belə sübutu birinci instansiya məhkəməsində təqdim edə bilərdi, həmin sənədin, həm də cəmi bir müqavilənin əslinin apellyasiya instansiya məhkəməsində təqdim etmək imkanının yaranmasını iddiaçı əsaslandıra bilmir..Gecikmiş sübut olaraq apellyasiya instansiyasının sübut qəbul etməsi Mülki Prosessual tələblərə ziddir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 aprel 2020-ci il tarixli, 12(102)-2(a)/2020 saylı qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2019-cu il tarixli qərarı və onunla bağlı Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2018-ci il tarixli qərarı və Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli hökmünün ləğv edilməsi, İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə, yəni Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsində nəzərdə tutulmuş əsasla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə icraata xitam verilməsi, İddiaçı 04 fevral 2013- cü il tarixdən 13 avqust 2018-ci il tarixədək əsassız həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsi nəzərə alınaraq ona mənəvi ziyana görə 234.226,10 manatın ödənilməsi, İddiaçı həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsi müddətlərinin iş stajına daxil edilməsi və bununla bağlı maddi zərərin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona 53.757 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi kontraktların, mədaxil qəbzlərinin, ödəniş tapşırıqlarının, həmçinin Vergilər Nazirliyinə təqdim etdiyi şəxsi hesab vərəqəsinin kserosurətləri iddiaçının həmin sənədlərdə qeyd olunan dövrdə göstərilən miqdarda qazanc (gəlir) əldə etməsi və iddia olunan məbləğdə ona ziyanın vurulması barədə nəticəyə gəlmək üçün kifayət edə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışı zamanı Məhkəmə kollegiyasının iclasında İddiaçı yalnız bir xidmət müqaviləsinin və həmin xidmətin müqabilində ödənişə dair sənədin əslini təqdim edə bildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası MPM-in tələblərini nəzərə almışdır ki, iddiaçı belə sübutu birinci instansiya məhkəməsində təqdim edə bilərdi, həmin sənədin, həm də cəmi bir müqavilənin əslinin apellyasiya instansiya məhkəməsində təqdim etmək imkanının yaranmasını iddiaçı əsaslandıra bilmir.Gecikmiş sübut olaraq apellyasiya instansiyasının sübut qəbul etməsi Mülki Prosessual tələblərə ziddir. Belə ki, MPM-in 380.1-ci maddəsinə əsasən tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. İddiaçının iştirakı ilə kompyuter vasitəsilə Vergilər Nazirliyinin saytındakı Şəxsi kabinetinə 2013-cü ildən əvvəlki dövrə aid olan hissəyə baxış keçirilməsi barədə vəsatətin təmin olunmaması ilə bağlı isə Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Mülki Prosessual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmə tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Kollegiya bir daha vurğulayır ki, Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil yalnız bir xidmət müqaviləsinin və həmin xidmətin müqabilində ödənişə dair sənədin əslini təqdim edə bildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası MPMin tələblərini nəzərə almışdır ki, iddiaçı belə sübutu birinci instansiya məhkəməsində təqdim edə bilərdi, həmin sənədin, həm də cəmi bir müqavilənin əslinin apellyasiya instansiya məhkəməsində təqdim etmək imkanının yaranmasını iddiaçı əsaslandıra bilmir.Gecikmiş sübut olaraq apellyasiya instansiyasının sübut qəbul etməsi Mülki Prosessual Məcəllənin 380.1-ci maddəsinin tələblərinə ziddir. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Yuxarıda qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur ki, bununla da əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 aprel 2020-ci il tarixli, 12(102)-2(a)/2020 saylı qərarı ilə İddiaçı 04 fevral 2013-cü il tarixdən 13 avqust 2018-ci il tarixədək əsassız həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsi nəzərə alınaraq ona mənəvi ziyana görə 234.226,10 manatın ödənilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməsi ilə bağlı birinci instasiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(006)-1166/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar