Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3550/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı İmişli rayonu Ağamalılar kənd sakinidir və həmin kəndin ərazisində fermer təsərrüfatı vardır.
2. xx.xx.2021-ci il tarixdə İddiaçı məxsus 5 baş camış və 1 baş inək icarə əsasında ona məxsus olan otlaq sahəsində otlayarkən tələf olmuşdur.
3. 25 noyabr 2021-ci il tarixdə İmişli RİH-nin Ağamalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini X13, Ağamalılar kənd sakini X11, Ağamalılar kənd sakini fermer İddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, fermer İddiaçı iri buynuzlu mal-qarası özünə məxsus, dövlət tərəfindən verilmiş qış otlaq sahəsində otlayan zaman həmin sahənin 1 m-dən keçən elektrik naqili qırılıb yerə düşməsi nəticəsində 6 (altı) baş: iribuynuzlu 5 (beş) camış və 1 (bir) inəyi öldürmüşdür.
4. Ağamalılar kənd sahə baytar həkimi X3 tərəfindən tərtib edilmiş 25 noyabr 2021-ci il tarixli aktdan görünür ki, fermer İddiaçı iri buynuzlu mal-qarası özünə məxsus, dövlət tərəfindən verilmiş qış otlaq sahəsində otlayan zaman həmin sahənin içindən keçən elektrik naqili qırılıb yerə düşməsi nəticəsində 6 (altı) baş: iribuynuzlu 5 (beş) camış və 1 (bir) inəyi öldürmüşdür.
5. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 1 baş 7-8 yaşında, sağlam yerli cinsli, 180-200 kq diri çəkiyə malik olan ana camışın orta bazar qiyməti 1800 manat, 1 baş 4 yaşında olan, sağlam yerli cinsli, 160-170 kq diri çəkiyə malik olan boğaz camışın orta bazar qiyməti 1300 manat, 1 baş 8 yaşında olan, sağlam, yerli cinsli, 120-140 kq diri çəkiyə malik olan ana inəyin orta bazar qiyməti 1100 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərişıq ASC-dən hər biri 1200 manat dəyərində 5 baş camış və 1000 manat dəyərində 1 baş inək heyvanlarını elektrik cərəyanı vurması nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 7000 manat pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, heyvandarlıqla məşğul olur. Heyvanlarını kəndin kənarında icarəyə götürdüyü otlaq sahəsinə ötürür, orada otlayırlar. Ərazinin elektrik xətlərinə Kür çayının sol sahilində yerləşən Zərdab elelektrik şəbəkəsi baxır. Şəbəkənin işçiləri elektrik xətlərini kəsəndə birini kəsməyiblər, məftil yerə sallanıqlı qalıb. Həmin elektrik xətti xx.xx.2021-ci il tarixdə otlaqda otlayan heyvanlarından bir baş inək və 5 baş camışı vurub öldürüb. Bu barədə akt tərtib edilib. Baytar həkim də heyvanların cəsədlərinə baxıb elektrik cərəyanı vurması nəticəsində ölmələrini təsdiq edib, heyvanların cəsədlərinin fotoşəklini çəkib. Heyvanlardan camışların hər başının dəyəri 1200 manat, inəyin dəyəri 1000 manat təşkil edir. Ona məxsus iribuynuzlu mallar elektrik naqillərinin qırılıb yerə düşməsi, elektrik cərəyanının vurması nəticəsində tələf olmuşdur və elektrik şəbəkələrinin qorumaq, onların mühafizə zonasını müəyyən etmək bilavasitə elektrik ötürücü xətlərinin istismarçısının, yəni, hazırki cavabdehin vəzifəsidir.
8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-921/2022 saylı qətnaməsi ilə (hakim S.Cəfərov) iddia qismən təmin edilmiş, vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 7000 manat və ödənilmiş 90 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus 6 baş iribuynuzlu mal-qara elektrik xətlərinin qırılaraq yerə düşməsi nəticəsində cərəyan vermasından tələf olmuşlar. Həmin ərazidə başqa yüksək təhlüklə mənbəyi olmamışdır. Cavabdeh tərəfindən həmin ərazidə olan elektrik xətləri və dirəkləri saz vəziyyətdə saxlanmamış, təhlükəsizlik qaydalarına riayət edilməmiş, həmin xətlər və dirəklərlə bağlı texniki istismar qaydalarının, aidiyyatı təlimatların tələbləri pozulmuş, nəticədə iddiaçıya 7000 manat maddi ziyan dəymişdir. Ziyanın məbləği ilə bağlı məhkəmə "xxxx" MMC tərəfindən verilmiş məktuba istinad etmişdir.
10. Məhkəmə gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 1108.1, 1096.1, 1096.2, 1097.1, 21.1, 21.2, maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-921/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində cavabdeh "xxxx" ASC-nin ərazidə yerləşən elektrik transformatorunun saz vəziyyətdə saxlanılmadığını, həmçinin aidiyyəti qurğularla bağlı texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulmasını əsas gətirsə də, tərəflərindən konkret hansı təhlükəsizlik qaydalarının tələblərinin pozulmasını və bu tələblərin pozulması ilə iddiaçıya dəymiş ziyan arasında hər hansı səbəb nəticə əlaqəsinin olmasını və cavabdeh "xxxx" ASC-nin təqsirinin konkret olaraq nədə ifadə olunmasını müəyyən etməmişdir. Hazırki iş üzrə məhkəmənin sübut qismində qəbul etdiyi İmişli RİH-nin Ağamalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X8, Ağamalılar kənd sakini X4 və iddiaçının iştirakı ilə tərtib olunmuş 25 noyabr 2021-ci il tarixli akt hadisənin birbaşa şahidi olan şəxslər tərəfindən deyil, hadisə baş verdikdən sonra onun nəticəsinin şahidi olmuş şəxslər tərəfindən tərtib olunmuşdur. Belə ki, həmin şəxslər aktda konkret olaraq hansı şəraitdə, günün hansı vaxtında baş vermiş hadisənin şahidi olduqlarını bildirməmişlər. Lakin qeyd edilən aktın həqiqiliyini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən aktı imzalayan şəxslərin şahid qismində işə cəlb edilməsi təmin edilməmiş və onların hadisə barəsində izahatları alınmamışdır. Həmçinin, mal-qaranın dəqiq ölmə səbəbini özündə əks etdirən Rayon Baytarlıq İdarəsinin müvafiq yarılma aktı və iddiaçı tərəfindən tələf olmuş malqaralara baytar tərəfindən baxışın olduğunu təsdiqləyən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçı yalnız İmişli RİH-nin Ağamalılar kənd sahə baytar həkimi M.Əhmədov tərəfindən tərtib olunmuş aktı məhkəməyə təqdim etmişdir. Lakin həmin aktda baytar tərəfindən tələf olunmuş heyvanların daxili və xarici müayinəsinin aparılıb aparılmaması, heyvanların yarılması və laboratariyada araşdırılması üçün daxili orqanlarından nümunələrin götürülməsi, heyvanların dərisinin tamlığının pozulması, tələf olunmuş mal-qaranın dezinfeksiya edilərək basdırılması və s. bu kimi hallar öz əksini tapmamış, yalnız iddiaçı tərəfindən qeyd edilən hallar göstərilmişdir. Həmçinin, adı çəkilən akt baytarlıq idarəsinin müvafiq möhürü ilə təsdiq edilməmişdir. Məhkəmə həmçinin iddiada qeyd edilən ərazidən keçən hava elektrik xətlərinin "xxxx" ASC-yə məxsus olmasını araşdırmamış və bu barədə aidiyyəti təşkilatlara müvafiq sorğu göndərməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdur. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
23. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
24. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
25. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
“Elektrik enerjisindən istifadə Qaydaları”nın:
26. 10.1-ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın:
27. 2-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
28. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı iddia yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlı olduğundan, irəli sürülmüş tələbin əsaslı olması üçün baş vermiş hadisə zamanı zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması müəyyən edilməlidir. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
34. Hazırkı işin mübahisəsiz hallarına görə, iddiaçıya məxsus olmuş 5 baş camış və 1 baş inək 25 noyabr 2021-ci ildə icarə əsasında istifadə etdiyi otlaq sahəsində otlayan zaman tələf olmuşdur.
35. İddiaçı həmin iri buynuzlu mal-qaranın otlaq sahəsindən keçən elektrik xəttinin qırılaraq yerə düşməsi səbəbindən elektrik cərəyanı vurması nəticəsində öldüklərini iddia etmiş və bu dəlilinin əsası olaraq kənd icra nümayəndəliyi və baytar həkim tərəfindən tərtib edilmiş aktlara, habelə şahidlərin ifadəsinə istinad etmişdir.
36. İş materiallarına əlavə edilmiş aktlardan görünür ki, həqiqətən də, iddiaçıya məxsus iri buynuzlu mal-qara otlaq sahəsindən keçən elektrik naqilinin qırılaraq yerə düşməsi səbəbindən elektrik cərəyanı vurması nəticəsindən tələf olmuşlar.
37. İşin həqiqi hallarının və cavabdehin apellyasiya şikayətinin dəlillərinin tam və hərtərəfli araşdırılaraq qiymətləndirilməsi üçün iş materiallarında olan aktlarda adları qeyd olunan və hadisənin şahidi olmuş şəxslərin şahid kimi ifadələrinin alınması məqsədilə İmişli Rayon Məhkəməsinə məhkəmə tapşırığı verilmiş, İmişli Rayon Məhkəməsi tərəfindən İmişli RİHB Ağamallar kənd İƏD üzrə İN-nin müavini X8, Ağammallar kənd sakini X4, İmişli rayon Baytarlıq İdarəsində sahə baytar həkimi vəzifəsində işləyən X1, İmişli rayonu Ağamallar kəndi üzrə montyor köməkçisi X6 şahid kimi ifadələri alınmış və bununla bağlı protokol tərtib edilərək Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
38. İmişli RİHB Ağamallar kənd İƏD üzrə İN-nin müavini X13 ifadəsində bildirmişdir ki, Ağamallar kənd sakini İddiaçı Əlabbas oğlunun ona məxsus olan iribuynuzlu heyvanların cərəyan vurmasından ölməsi barədə nümayəndəliyə daxil olmuş məlumata əsasən 25 noyabr 2021-ci il tarixdə İddiaçı Əlabbas oğlunun istifadəsində olan 38,0 ha qış otlaq sahəsinə getmiş və orada elektrik məftilinə dolanmış 5 baş camış və 1 baş inəyin cərəyan vurmasından öldüyünü görmüşdür. Həmin yerə çoxlu sayda adam toplanmış, Ağamallar kənd sakini X11 və polis sahə müvəkkili də onların arasında olmuşdur. Sonra sahə baytar həkimi X3 gəlmişdir. İddiaçı Əlabbas oğlunun fermasına gedən elektrik xətti həmin gün baş vermiş güclü külək nəticəsində qırılıb yerə düşmüşdür.
39. Ağammallar kənd sakini X11 ifadəsində bildirmişdir ki, 25 noyabr 2021-ci il tarixdə, saat 09:10 radələrində İddiaçı Əlabbas oğlunun istifadəsində olan 38,0 ha qış otlaq sahəsinin yaxınlığında yerləşən özünə məxsus olan yonca əkin sahəsinə baxmağa getmiş, həmin vaxt İddiaçı Əlabbas oğlunun səsini eşitmiş və ona tərəf gedərək irəlidə elektrik məftilinə dolanmış 5 baş camış və 1 baş inəyin cərəyan vurmasından öldüyünü görmüşdür. İddiaçı Əlabbas oğlu çaşqın halda olduğundan, onu və qalan heyvanları tələf olmuş heyvanlara yaxınlaşmağa qoymamışdır. İddiaçı Əlabbas oğlunun halı pis olmuş və o, İddiaçı oğlu Qoşqar Kərimova zəng edib gördükləri barədə məlumat vermişdir, Qoşqar Kərimov hadisənin baş verdiyi yerə gələndən sonra çıxıb getmiş və sonra baş verənlərdən xəbəri olmamışdır, səhəri gün İddiaçı Əlabbas oğluna məxsus olan iribuynuzlu heyvanların cərəyan vurmasından ölməsi barədə tərtib edilmiş aktı imzalamışdır.
40. İmişli rayon Baytarlıq İdarəsində sahə baytar həkimi vəzifəsində işləyən X3 ifadəsində bildirmişdir ki, 25 noyabr 2021-ci il tarixdə, saat 09:10 radələrində İddiaçı Əlabbas oğlu ona zəng etmiş və heyvanlarının cərəyanvurmadan öldüyünü bildirərək onu örüş yerinə çağırmışdır. O, vaxt itirmədən İddiaçı Əlabbas oğlunun bildirdiyi çöl sahəsinə getmiş, orda ona başları kəsilmiş 5 baş camış və 1 baş inək göstərilmişdir və heyvanların cərəyan vurmasından öldüyü bildirilmişdir. Ərazidən keçən elektrik xətti qırılıb yerə düşmüşdür. Heyvanların faktiki surətdə cərəyan vurmasından öldüyü bəlli olduğu üçün o, yarma aparmamış və heyvanların telefonla fotoşəkillərini çəkərək ölümün cərəyan vurması nəticəsində baş verməsi barədə rəy vermişdir.
41. İmişli rayonu Ağamallar kəndi üzrə montyor köməkçisi X12 ifadəsində bildirmişdir ki, 25 noyabr 2021-ci il tarixdə, saat 09:10 radələrində X9 ona zəng etmiş və çöl sahəsində heyvanlarının cərəyan vurmasından öldüyünü bildirərək, cərəyanı kəsməyini xahiş etmişdir. O, paylayıcı transformatordan cərəyanı ayırmış və hadisə yerinə getmişdir, ərazidən keçib İddiaçı Əlabbas oğlunun fermasına gedən elektrik xətti sayğacdan sonrakı hissədə qırılıb yerə düşmüşdür. Həmin yerdə cərəyan vurmasından 5 baş camış və 1 baş inək ölmüşdür və heyvanlar elektrik məftilinə dolanmışdır. O, qırılıb yerə düşmüş elektrik naqilini dirəyə bağlanan hissədən kəsmiş və sonra çıxıb getmişdir.
42. Qeyd edilən aktların, bu aktları tərtib etmiş şəxslərin, habelə hadisənin şahidi olmuş digər şəxslərin ifadələrinin əlaqəli şəkildə təhlilindən müəyyən edilir ki, iddiaçıya məxsus olmuş 6 baş iri buynuzlu mal-qaranın otlaq sahəsində eyni vaxtda tələf olması bu sahədən keçən yüksək gərginlikli elektrik naqilinin qırılaraq yerə düşməsi nəticəsində həmin malqaranı elektrik cərəyanı vurması ilə bağlı olmuşdur.
43. Həmçinin, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı tələf olmuş mal-qaraya görə iddiaçıya dəymiş ziyanın məbləğinin 7000 manat olması müəyyən edilmiş, bu məbləğ cavabdeh tərəfindən nə birinci instansiya məhkəmsində, nə də qətnamədən verilmiş apellyasiya şikayətində mübahisələndirilməmişdir.
44. Bu səbəbdən kollegiya tələf olmuş mal-qaraya görə dəymiş ziyanın 7000 manat müəyyən edilməsini əsaslı hesab edir.
45. Beləliklə, 25 noyabr 2021-ci ildə iddiaçıya məxsus olmuş ümumilikdə 6 baş malqaranın otlaq sahəsindən keçən yüksək gərginlikli elektrik xəttinin qırılaraq yerə düşməsi nəticəsində elektrik cərəyanı vurmasından tələf olması və bununla iddiaçıya 7000 manat maddi ziyan dəyməsi sübuta yetmiş olur.
46. Hazırda cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində digər əsaslarla yanaşı, həmin elektrik xəttinin Azərişıq ASC-yə məxsus olmasının, onların həmin hadisədə təqsirinin müəyyən edilmədiyinə istinad edərək qətnamənin əsassız olduğunu bildirmişlər.
47. Kollegiya bununla bağlı qeyd edir ki, məhkəmə iclasında həmin elektrik xəttinin iddiaçının istifadəsində olan otlaq sahəsinin qonşuluğunda yerləşən fermanı elektrik enerjisi ilə təmin edən elektrik xətti olduğu, həmin xəttin üzərində sayğac quraşdırıldığı mübahisəsiz qaydada sübuta yetirilmişdir. Bu halı məhkəmə iclasında cavabdehin nümayəndəsi də təsdiq etmiş, hətta qeyd edilən qonşu fermer təsərrüfatının iddiaçının öz bacısı oğluna məxsus olduğunu da bildirmişdir. Bununla da, həmin elektrik xəttinin cavabdeh təşkilatın balansında olması öz təsdiqini tapmış olur.
48. Qeyd edilən hadisədə cavabdehin təqsirinin olması ilə bağlı isə kollegiya qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəyməsinə görə enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır.
49. Həmçinin, “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın tələblərinə əsasən elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları (hazırkı halda "xxxx" ASC) tərəfindən həyata keçirilir.
50. Beləliklə, işin araşdırılan hallarından bu nəticəyə gəlmək olur ki, iddiaçıya məxsus 5 baş camışın və 1 baş inəyin onun istifadəsində olan otlaq sahəsindən keçən və qonşu fermanı elektrik enerjisi ilə təmin edən elektrik xəttində baş vermiş nasazlıq nəticəsində tələf olması və bunun nəticəsində iddiaçıya 7000 manat məbləğində ziyan dəyməsi, qeyd edilən elektrik xəttinin cavabdeh "xxxx" ASC-nin balansında olması və həmin xəttin saz vəziyyətdə saxlanmasına görə məsuliyyəti cavabdeh təşkilatın daşıması sübuta yetir.
51. Bu səbəbdən kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
52. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi :
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-921/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.