Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3553/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı İmanov Sovet Habil oğlunun cavabdeh Abbasov Murad Hacıhüseyn oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-979/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı İmanov Sovet Habil oğlu cavabdeh Abbasov Murad Hacıhüseyn oğluna qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsas borc üzrə 17465 manat, həmin pul vəsaitinin qanunsuz saxlanılmasına görə 827.23 manat, pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 923 manat faizin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmanov Sovet Habil oğlu ilə Abbasov Murad Hacıhüseyn oğlu arasında xx.xx.2019-cu il tarixli 002 saylı Üzləşmə Aktı imzalanmışdır. Həmin Akta əsasən cavabdeh etiraf edir ki, onun həqiqətən də Aktın imzalandığı tarixədək İmanov Sovet Habil oğluna 18465 manat məbləğində borcu vardır. Lakin üzləşmə aktı imzalanadək cavabdeh iddiaçıya heç bir ödəniş etməmiş və nəticədə tərəflər arasında üzləşmə aktı bağlanması qərarına gəlinmişdir. Tərəflər arasında imzalanmış Üzləşmə Aktı ilə İmanov Sovet Habil oğlu borc məbləğindən 10 faizindən çox güzəşt etmiş və nəticədə Akt imzalandığı tarixdən etibarən cavabdeh iddiaçı qarşısında 16000 manat məbləğində borc öhdəliyi daşımışdır. Lakin iddiaçı bu güzəşti borcu qaytardığı şəkildə keçərli olduğunu ifadə etmişdir məhkəmə qaydasında alıdığı şəkildə deyil. Cavabdeh bu Aktla 2019-cu ilin avqust ayının sonuna qədər 10000 manat. 2019-cu ilin dekabr ayının sonuna qədər isə geri qalan 6000 manat hər ay 1500 manat olmaqla tam şəkildə ödəməyi, Aktda qeyd olunanlarla bağlı heç bir irad, etiraz və ya iddia etməməyi öhdəsinə götürmüşdür. Yuxarıda qeyd olunanlara, borcun cavabdeh tərəfindən də təsdiqlənməsinə baxmayaraq cavabdeh öz öhdəliyini hələ də heç bir şəkildə ödəməmiş, cavabdehlə dəfələrlə görüşlər keçirərək və telefonla edilən xəbərdarlıqlara baxmayaraq öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Odur ki, cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən İmanov Sovet Habil oğluna maddi zərər dəymişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-979/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Abbasov Murad Hacıhüseyn oğlundan 17465 manat borc, pul məbləğinin ödənilməsini gecikdirilməsinə görə 277,40 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 17 772.4 manatın tutularaq iddiaçı İmanov Sovet Habil oğluna ödənilməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən Abbasov Murad Hacıhüseyn oğlu onun ləğv, iddia tələbinin isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini pozması, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaması, məhkəmə iclaslarında onun iştirakını təmin etməməsi və ondan tutulmalı olan məbləği düzgün müəyyənləşdirməməsi arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə məhz qeyd olunan hissədən şikayət vermişdir. Başqa sözlə, iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin istintaq söbəsinin müstəntiqi Etibar Hüsenov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərarda Abbasov Murad Hacıhüseyn oğlu izahat verərkən İmanov Sovet Habil oğlunun şirkət direktoru olduğunu və həmin şirkətin müxtəlif elektrik malları və laminatın satışı ilə məşğul olduğunu, onun isə orada laminatın satışı məşğul olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, laminatla bağlı gələn şifarişlərə uyğun mağazalara çatdırmışdır. Lakin sonuncu dəfə sifarişləri çatdırsa da, pulunu Sovet İmanova qatarmamış və öz ehtiyacları üçün xərcləmişdir. Sonradan hesabat aparmışlar və Sovet İmanova 18465 manat borunun qalmasını demişdir. İşdə olan xx.xx.2019-cu il tarixli üzləşmə aktından görünür ki, Abbasov Murad Hacıhüseyn oğlunun İmanov Sovet Habil oğluna hal-hazırki tarixədək 18465 manat borcu vardır. Sovet Murada bu borc məbləğindən 10 faizindən çox (2465 manat) güzəşt edir. Odur ki, Murad Sovetə hal-hazırda 16 000 manat borcu olduğunu etiraf edir. Murad 2019cu ilin avqust ayının sonuna qədər borcunun 10 000 manat olan hissəsini ödəməyi, geri qalan 6000 manat məbləğində olan hissəsini isə 2019-u ilin dekabr ayının sonunadək hər ay 1500 manat olmaqla tam şəkildə ödəməyi öhdəsinə götürür. Lakin işdə olan xx.xx.2020-ci il tarixli üzləşmə aktından görünür ki, Abbasov Murad Hacıhüseyn oğlunun İmanov Sovet Habil oğluna 29.004.2020-ci il tarixədək 18465 manat borc məbləğindən 1000 manat ödəməklə 17465 manat məbləğində borcu vardır. Murad hazırda 17465 manat məbləğində borcu olduğunu etiraf edir. Murad həmin borcu xx.xx.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz həmin münasibətlər çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanmış yazılı aktdan irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından birinci instansiya məhkəməsi cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Kollegiyanın qənaətinə görə cavabdeh, iddiaçıya ödəməli olduğu məbləğin düzgün hesablanmadığı barədə irəli sürdüyü arqumentlərini əsaslı göstərəcək heç bir sübut təqdim etməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini də əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırıldığı, lakin məhkəmə iclaslarına gəlmədiyi aydın olur - məlumatlı olduğu məhkəmə iclaslarına getməməsinin məsuliyyətini isə cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-979/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3553/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3553/2021
17.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver