Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3558/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə “xxxx” KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” KB ASC (bank) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasında bank tərəfindən ona istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 30% ödəməsi şərtilə 600 manat kredit limiti ayrıldığını, müqavilənin 1.1-ci bəndinə əsasən cavabdehin kredit borcunu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürdüyünü, öhdəliyini pozması nəticəsində cavabdehin 185,96 manat əsas, 37,07 manat faiz, 2,40 manat cərimə borcunun yarandığını irəli sürmüş, buna görə də Cavabdeh 225,43 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarını və sübutları düzgün qiymətləndirmədiyi, cavabdehin öhdəliyinin yaranma dövrünə əhəmiyyət vermədiyi, kredit limitinin birtərəfli qaydada artırılması imkanının müqavilə şərti olduğunu və bunun üçün cavabdehə məlumat verilməsinə zərurət yaranmadığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. “xxxx” Kommersiya Bankı ASC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi Anar Tağızadə apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə limitin artırılmasından məlumatının olmamasını iddia etsə də bunun, onun banka yaranmış borcunun ödənilməsi üçün heç bir əhəmiyyəti yoxdur və bankın limiti birtərəfli qaydada artırmaq hüququ müqavilədə nəzərdə tutulmuşdur. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, bankın tələb etdiyi məbləğ xx.xx.2019-cu il tarixinə qədər yaranmış borcdur və bu tarixdən sonra cavabdehin kartına əlavə olunan məbləğ hazırda da onun balansındadır. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, bankdan limiti 200 manat olan “Albalı” kredit kartı götürmüş, bir müddət sonra kart hesabının 100 manat artırılması haqqında ona əvvəlcədən məlumat verilmiş və o da buna razılıq vermiş, sonradan mobil nömrəsinin dəyişirilməsi ilə əlaqədar banka müraciət etmiş, lakin bank, müqavilənin 4.2.15-ci və 4.2.17-ci bəndinə zidd hərəkət edərək, 1 iş günü əvvəlcədən məlumat vermədən və onun razılıq təsdiq kodunu almadan kredit kartı hesabında 300 manat pul vəsaitini artırmiş, “İtunes” xəbərdarlıq sms-i göndərilmədən hesabında olan bütün məbləği hissə-hissə götürmüşdür. “İtunes” proqramının bağlandığını düşündüyü üçün ondan istifadə etməmiş, əvvəllər kartdan istifadə etdiyi hesablara əsasən hər ay banka pul ödədiyini düşünmüşdür. Sonradan bilmişdir ki, əslində bankın işçilərinin səhvləri ucbatından əlavə kredit məbləği ödəməli olmuşdur. Kredit kartı üzrə məbləğin artırılmasından məlumatı olmamış, ona SMS səhv telefon nömrəsinə göndərilmiş, bankla arasında kredit məbləğinin artırılması barədə razılaşma olmamaqla karta daxil olmuş məbləğ “İtunes” proqramı tərəfindən tutulmuşdur. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İşin mübahisələndirilməyən hallarına əsasən, Cavabdeh (cavabdeh) və “xxxx” KB ASC (bank) arasında kredit kartının (“Albalı kart”) verilməsi və istifadəsi üzrə xx.xx.2014-cü il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən bank, cavabdehə 60 ay müddətinə, illik 30 faiz ödəməsi şərtilə 200 manat məbləğində kredit xətti açmağı və plasik kartı təqdim etməyi, cavabdeh isə bu müqavilə üzrə faktiki istifadə etdiyi hər bir krediti müəyyənləşdirilmiş müddətlərdə qaytarmağı öhdəsinə götürmüş, müqavilənin 4.2.17-ci bəndində bankın hər hansı sənədləşmə aparılmadan kredit limitini birtərəfli qaydada artırmaq hüququnun olduğu nəzərdə tutulmuşdur. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra cavabdehin kredit limiti bir dəfə 100 manat, xx.xx.2018-ci il tarixdə 400 manat, xx.xx.2019-cu il tarixdə isə 600 manata artırılmış, bu barədə onun +99455 *** ** ** mobil nömrəsinə SMS göndərilmiş, cavabdeh plastik kartdan xx.xx.2019-cu il tarixinədək istifadə etmişdir. Cavabdehin iddiaya etirazının dəlili ondan ibarətdir ki, kredit limitinin 600 manata artırılması barədə ona məlumat verilməli olduğu halda, müvafiq SMS yanlış telefon nömrəsinə göndərilmişdir və buna görə də o, həmin artıma görə yaranmış borcdan məsuliyyət daşıya bilməz. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini rədd etməklə hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından cavabdehin, “xxxx” KB-də adına qeydiyyatda olan +99455 *** ** ** mobil nömrəsinin digər nömrəyə dəyişdirilməsi barədə ərizəni banka xx.xx.2020-ci il tarixdə ünvanladığı aydın olur; yuxarıda göstərildiyi kimi isə, onun kredit limiti xx.xx.2019-cu il tarixdə artırılaraq bu barədə ona bankda qeydiyyatda olan mobil nömrəsi vasitəsilə məlumat göndərilmişdir. Başqa sözlə, cavabdehin iddiaya etirazının yeganə dəlili kimi irəli sürdüyü hal öz təsdiqini tapmamaqdadır və belə olan halda iddia tələbinin təmin olunmaması işin hallarına uyğun deyildir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3406/2020 saylı iş üzrə xx xxxxxx 2020ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh 185,96 manat əsas, 37,07 manat faiz, 2,40 manat cərimə borcu olmaqla cəmi 225,43 (iki yüz iyirmi beş manat 43 qəpik) manat kredit borcu, həmçinin iddiaçının ödədiyi dövlət rüsumlarının əvəzi qismində 30,80 (otuz manat 80 qəpik) manat “xxxx” KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3558/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3558/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver