Məhkəmə qərarları › İş №2(103)-3558/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3558/2025

02.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3558/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1982/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən şikayəti verilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbinin predmeti ünvan 1 ünvanında yerləşən evə istifadə hüququnun tanınmasından ibarətdir. Məhkəmə MPM-nin 153.2.1-ci maddəsinə istinad edərkən işə mahiyyəti üzrə baxılan zaman istinad edilməli hallara istinad etmişdir. İddia tələbinin mahiyyətindən görünür ki, istifadə hüququnun tanınması tələbi məhkəmədə baxılmalı olan tələbdir. Belə olan halda məhkəmənin Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad edərək istifadə hüqunun tanınmasına dair iddia tələbini məhkəmədə baxılmalı olmayan tələb kimi qiymətləndirib işi icraata qəbul etməməsi MPMin tələblərinə ziddir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı istifadə hüququnun tanınması barədə tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad edərək iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin icraata qəbulu məsələsi müzakirə olunarkən ilk növbədə Mülki Məcəllə deyil, mülki prosessual qanunvericilik rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır (MPMnin 4.1-4.2-ci maddəsi). İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (maddə 151.1). Beləliklə, qeyd olunanlardan da göründüyü kimi, birinci instansiya məhkəməsi iddia ərizəsinin mümkünlüyünə baxarkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasına qiymət verməmiş, maddi hüquq normasına istinad etməklə iddia ərizəsinin icraata qəbulundan imtina etmişdir. Məhkəmənin iddia ərizəsinin geri qaytarılma əsası kimi istinad etdiyi hal işə mahiyyəti üzrə baxılan zaman qiymət verilməli olan hal olmaqla bu mərhələdə aydınlaşdırılmalı məsələ deyildir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən şikayət təmin olunmalı, qərardad ləğv edilməli və iş iddia ərizəsinin icraata qəbulu məsələsinin müzakirə edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qərardadı ləğv edilsin və iş iddia ərizəsinin icraata qəbulu məsələsinin yenidən müzakirə olunması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar