Məhkəmə qərarları › İş №2(103)-3565/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3565/2025

10.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3565/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-87/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona maddi zərər kimi vurduğu 10650 manat pulun və dövlət rüsumu hesabına ödədiyi 121 manat pulun ondan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-87/2025 saylı qərardadı ilə məhkəmə-mühəndis texniki ekspertizası təyin edilərək iş üzrə icraat dayandırılmışdır. İddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)- 87/2025 saylı qərardadından xx.xx.2025-ci il tarixdə şikayət verərək qərardadın ləğv edilməsini və iş üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qərardadın dayandırma hissəsindən şikayət verərək bildirir ki, mülki iş üzrə cavabdeh tərəfindən mənzilinə hələ də su axıdılması davam edir. Mülki işin uzanması hüquqlarının pozulmasına səbəb olur. Belə ki, sonuncu məhkəmə iclasında bu barədə bildirdi. İş üzrə ekspertizanın keçirilməsi və icraatın dayandırımasını deyil evinə su və tullantı sularının qarşısının alınmasını məhkəmədən xahiş etdi. Lakin məhkəmə onun dediklərini nəzərə almamış və ekspertiza təyin edərək evə axıdılan suyun cavabdehin mənzilindən axıdılması və vurulmuş ziyanın hansımiqdarı təşkil etməsi barədə sual qoymuşdur. Hesab edir ki, göstərilənlər və mülki iş üzrə icraatın dayandırılması cavabdeh tərəfindən onun hüquqlarımın pozulmasına şərait yaradır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-87/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-87/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraat dayandırıla bilər; 256.0.2-ci maddəsinə əsasən iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılır; Məhkəmə haqlı olaraq hesab etmişdir ki, ekspertin rəyi təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, mülki iş üzrə iddiaçının yaşadığı mənzilində yaranmış rütubət izlərinin, mənzilə və orada yerləşən əşyalara vurulmuş ziyanın onun üst qonşusu, cavabdehin yaşadığı mənzildən su axıdılması nəticəsində baş veribverməməsinin müəyyən edilməsi hazırkı işin həlli üçün zəruri olduğundan və xüsusi bilik tələb etdiyi üçün iş üzrə məhkəmə-mühəndis texniki ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilmiş və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-87/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-87/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar