Məhkəmə qərarları › İş №2(103)-3568/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3568/2022

28.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3568/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyytli Cəmiyyətin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmək münasibətləri prosesində vurulan ziyan, işçinin tam maddi məsuliyyəti, ekspert rəyləri arasında ziddiyyət, ekspert rəyinin mötəbərliliyinin əsaslandırılmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmək funksiyasının icrası zamanı vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, 28 iyul 2022-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh 01 iyun 2016-cı il tarixli əmək müqaviləsi əsasında İddiaçı MMCyə satış şöbəsinin ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş, eyni zamanda tərəflər arasında Cavabdeh öhdəlik götürməsi və cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar tam maddi məsuliyyət daşıması barədə müqavilə bağlanmışdır.

2. İddiaçı MMC-nin 19 dekabr 2016-ci il tarixli əmri ilə Cavabdeh ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.

3. İddiaçı MMC-nin Satış Nəzarət -Təftiş Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli akta əsasən ticarət nümayəndəsi Cavabdeh iştirakı ilə onun fəaliyyətinin yoxlanmasını, ona etibar edilmiş maddi sərvətlər üzrə hesabatın müəyyən edilməsi (inventarizasiyanın aparılmasını) üzrə təftiş aparılmış və onun hesabında 41 248,05 manat əskik gəlmə aşkar olunmuşdur.

4. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəsində olmuş maddi sərvətlərin çatışmazlığı ilə vurduğu 38 464,70 manat zərərin, həmin məbləği vaxtında ödəmədiyinə görə illik 5% olmaqla 2783,35 manat faizin, yəni cəmi 41 248,05 manat ziyanın və 20 manat dövlət rüsumunun Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh Nəsimi rayonu ərazisində yerləşən satış nöqtələri ilə işləmiş, satış nöqtələri ilə birbaşa əlaqədə olmaqla müştərilərdən istədikləri sifarişləri qəbul edib MMC-nin mərkəzi ofisinə göndərmiş, ofis sifarişi qəbul edib dərhal həmin qida məhsullarını onun sifariş etdiyi ünvanlara çatdırmış, cavabdeh 30 gün ərzində satışdan əldə olunan pul vəsaitlərini şirkətin xəzinəsinə ödəmişdir. Cavabdeh öhdəliyinə əməl etməmiş və fəaliyyəti öz ərizəsinə əsasən dayandırılaraq xx.xx.2016-cı il tarixdə işdən azad olmuşdur. Cavabdeh işlədiyi müddət ərzində cəmiyyətdən 73 386,30 manat dəyərində mal almış, cəmiyyətin xəzinədarlığına 35 290,94 manat ödəmiş, 2870,82 manat dəyərində malları geriyə qaytarmış, 4861,79 manat mühasibat üzrə artma olmuş, 435 manat məbləğində endirim edilmiş, müştərilərdə qalan məbləğ 1065,83 manat, üzləşmə zamanı təsdiqlənməyən məbləğ isə 120,80 manat olmuşdur. Beləliklə, qalıq məbləğ 38 464,70 manat təşkil edir və cavabdehə həmin qalığın qaytarılması üçün 1 ay müddət verilsə də, o, öhdəliyini yerinə yetirməmişdir. Bundan əlavə, cavabdeh vurduğu 38 464,70 manat zərəri vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5% olmaqla 2783,35 manat faizi də MMC-nə ödəməlidir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 26 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

7. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlarla iddianın əsaslı olduğu qənaətinə gəlmiş, öz mövqeyini Əmək Məcəlləsinin 199.1, 200.1, 202.1, 205.2, Mülki Məcəllənin 442, 443.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, şikayətini, işə iştirakı olmadan baxıldığı, iddiaçının təqdim etdiyi üzləşmə aktlarını imzalamadığı, həmin sənədlərdə onun imzası kimi göstərilən imzaların saxtalaşdırıldığı, mağazalardan geri qaytarılan vaxtı ötmüş malların dəyərinin də ziyan kimi hesablanaraq ondan tələb edildiyi, MMC-nə cəmi 2012,09 manat borcunun qaldığı arqumentləri ilə əsaslandırmışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir.

10. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2019-cu il tarixli 2606 nömrəli ekspert rəyində göstərilmişdir ki, mülki işin 2-ci cildinin bütün vərəqlərində və 3-cü cildinin 42-52, 65-69, 72-73, 76-78, 122-134-cü vərəqələrində olan qaimə-faktura və kassa mədaxil orderlərindəki imzaların Cavabdeh tərəfindən icra olunubolunmaması araşdırılmış və ekspertizaya təqdim edilən çoxsaylı qaimə-faktura və kassa mədaxil orderlərindən 174-ündəki imzaların cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən imzalandığı, 35 sənəddəki imzanın kim tərəfindən icra edilməsinin müəyyən edilməsinin mümkün olmadığı, həmçinin bir sıra sənədlərin əsilləri təqdim edilmədiyindən, bəzi sənədlərdə isə imzalar olmadığından həmin sənədlər üzrə tədqiqatın aparılmadığı göstərilmişdir.

11. Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2019-cu il tarixli 2725 nömrəli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə 152,30 manat məbləğində pul vəsaitini müəssisənin kassasına ödəməsi nəzərə alınmaqla onun hesabında 38464,70 (38617,00-152,30) manat satış pulu çatışmazlığı müəyyən edilir.

12. Bakı Apellyasiya Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

14. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 mart 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizası keçirilərkən borcun hesablanması zamanı xx.xx.2019-cu il tarixli xətşünaslıq ekspertizasının rəyi ilə imzaların cavabdehə məxsus olmadığı və ya imzaların kimə məxsusluğu müəyyən edilməmişdir, həmçinin imzalanmamış və əsilləri olmayan mühasibatlıq sənədlərinin nəzərə alınıb-alınmadığı həmin ekspert rəyindən görünmür. Belə olan təqdirdə, apellyasiya məhkəməsinin yalnız iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası rəyinin xətşünaslıq ekspertizası rəyindən sonra verilməsinə istinad edərək, həmin rəyin nəticəsi nəzərə alınmaqla verilməsi barədə gəldiyi qənaət əsassız olmuş, ekspert rəyləri digər sübutlarla yanaşı qiymətləndirilməmiş və bununla da məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsinin tələbləri pozulmuşdur.

17. Kassasiya instansiyası məhkəməsi vurğulamışdır ki, Bakı Apellyasiya Məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən qərar çıxarmışdır, ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia rədd edilmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir etmişdir ki, mühasibatlıq ekspertizası keçirilərkən borcun hesablanması zamanı xx.xx.2019-cu il tarixli xətşünaslıq ekspertizasının rəyi ilə imzaların cavabdehə məxsus olmadığı və ya imzaların kimə məxsusluğu müəyyən edilməmişdir, həmçinin imzalanmamış və əsilləri olmayan mühasibatlıq sənədlərinin nəzərə alınıb-alınmadığı həmin ekspert rəyindən görünmür.

20. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən hazırkı tələbin əsaslı olmasını təsdiq edəcək sübutlar təqdim edilmədiyindən, Cavabdeh apellyasiya şikayəti təmin olunmalı, iddia rədd edilməlidir.

21. İddiaçı MMC həmin qətnamədən kassasiya şikayəti vermişdir.

e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 mart 2022-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

23. Kasassiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandrmışdır: “Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin göstərişlərinə riayət etmədən, həmin göstərişləri yanlış təfsir etməklə, müvafiq araşdırma aparmadan qanunazidd və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya Məhkəməsinin iş üzrə əvvəlki qətnaməsinin kassasiya məhkəməsi tərəfindən ləğv edilməsi, birmənalı olaraq əvvəl qəbul edilmiş qətnamədən fərqli qərar qəbul edilməsini ehtiva etmir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş üzrə əvvəlki kassasiya məhkəməsinin qərarında şərh edilmişdir ki, işdə olan ekspertiza rəyləri ziddiyətlidir, bu hallar aydınlaşdırılmamışdır. Belə ki, işdə həm məhkəmə-xətt və həm də məhkəmə-mühasibatlıq ekspertizası rəyləri var. Xətt ekspertizasına görə cavabdehin iddiaçı təşkilatdan mal götürməsini təsdiq edən sənədlərin (iddiaçının təqdim etdiyi sənədlərin) müəyyən hissəsindəki imzalar onun tərəfindən icra edilməmiş, müəyyən sənədlərdəki imzaların kimin tərəfindən icra edilməsini müəyyən etmək mümkün olmamışdır. Apellyasiya Məhkəməsi əvvəlki icraatda həmin halı ətraflı araşdırmamış, sadəcə ehtimala əsaslanaraq hesab etmişdir ki, bir halda ki, xətt ekspertizası mühasibatlıq ekspertizasından vaxt etibarı ilə əvvəl verilmişdir, deməli, mühasibatlıq ekspertizası keçirilərkən cavabdehin imzası təsdiq olunmayan sənədlər üzrə malların hesaba alınmaması məsələsi həll edilmişdir. Yəni imzası cavabdehə məxsus olmayan sənədlər üzrə ona borc hesablanmamışdır. Amma, həmin qənaət həqiqətən ehtimal xarakterlidir, çünki nə ekspertiza rəyində həmin halların nəzərə alınması görünmürdü və nə də bununla bağlı ekspert məhkəməyə dəvət olunaraq dindirilməmişdi. Ona görə, əvvəlki kassasiya məhkəməsi haqlı olaraq həmin halların araşdırılmasına dair göstəriş vermişdir. İşə baxan Apellyasiya Məhkəməsi iş kassasiya məhkəməsindən qayıtdıqdan sonra heç bir araşdırma aparmadan mövcud sübutlara fərqli qiymət verməklə mübahisəni həll etmiş və iddianı bütünlüklə rədd etmişdir. Hazırkı iddia tələbi məhkəməyə daxil olan andan cavabdeh heç vaxt iddiaçı təşkilata borcunun olmadığını bildirməmiş, əksinə işlədiyi müddət ərzində müəyyən məbləğdə borcu qaldığını etiraf etmişdir (apellyasiya şikayətində 2012,09 manat borcu olmasını etiraf edib, mülki iş 3-cü cild, səhifə 75. və.s). Hətta birinci instansiya məhkəməsinin qətnaməsi əvvəlki apellyasiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra icra edilərkən həmin məbləğdən ödənişlər etmişdir. ...İşə yenidən baxılarkən məhkəmə kassasiya məhkəməsinin əvvəlki göstərişlərini yerinə yetirməli, ekspert rəylərindəki qeyri-müəyyənliklərin aradan qaldırılması üçün tədbirlər görməli, müvafiq nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir”.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

24. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (atası) Babək Hüseynov və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etmiş, eyni zamanda bildirmişlər ki, işə birinci dəfə apellyasiya qaydasında baxıldıqdan sonra MMC ilə aralarında barışıqla bağlı danışıqlar olmuş, MMC 2850 manat ödənilməsi müqabilində iddiadan imtina edəcəyinə vəd vermiş, həmin vəsaiti ödəsələr də MMC vədinə əməl etməmiş, bundan sonra qətnamədən kassasiya şikayəti vermişlər.

25. İşə baxılmasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlandırılmış İddiaçı MMC nümayəndəsini məhkəməyə göndərməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

26. Maddə 191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

27. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

28. Maddə 199 (1-ci hissəsinin “a” bəndi). İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

29. Maddə 205 (2-ci bənd). Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

31. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

38. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

39. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun

43. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.

44. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Apellyasiya baxışının həddi

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

46. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnamələrini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

47. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı MMC Cavabdeh öhdəsində olmuş maddi sərvətlərin çatışmazlığı ilə əlaqədar onun MMC-nə 38 464,70 manat borcunun yarandığını iddia etmiş, Cavabdeh isə bu məbləğin 2012,09 manat olduğunu irəli sürmüşdür.

48. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyasının qərarında şərh olunanlar əsas götürülməklə əlavə mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertlər qarşısında, iş üzrə verilmiş xx.xx.2019-cu il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyində (cild 3, səh. 139-143) Cavabdeh tərəfindən imzalandığı göstərilən qaiməfakturalara və kassa mədaxil orderlərinə (rəyin nəticə hissəsinin 1-ci bəndində sadalanan qaimə-faktura və kassa mədaxil orderləri) əsasən Cavabdeh öhdəsində hər hansı məbləğdə satış pulunun çatışmazlığının aşkar olunub-olunmadığı, çatışmazlıq aşkar olunacağı təqdirdə onun məbləğinin nə qədər təşkil etdiyi, habelə 20 dekabr 2016-cı il tarixindən sonra Cavabdeh tərəfindən İddiaçı MMC-nin kassasına pul vəsaitinin mədaxil edilib-edilmədiyi məsələlərinin aydınlaşdırılması barədə suallar qoyulmuşdur.

49. Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2022-ci il tarixli rəyindən görünür ki, ekspert həmin suallar üzrə tədqiqat aparmış və Cavabdeh xx.xx.2017-ci il tarixdə 152,30 manat məbləğində pul vəsaitini müəssisənin kassasına ödəməsi nəzərə alınmaqla onun hesabında 14 179,29 manat satış pulu çatışmazlığının olduğunu müəyyən etmişdir.

50. Bununla belə apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən İddiaçı MMC-nə xx.xx.2019-cu il tarixdə 1001 manat, xx.xx.2019-cu il tarixdə 500 manat, xx.xx.2019-cu il tarixdə 500 manat, xx.xx.2019-cu il tarixdə 350 manat, xx.xx.2020-ci il tarixdə 500 manat olmaqla ümumilikdə 2851 manat ödənilmiş, lakin ekspertiza tədqiqatı zamanı həmin ödənişlər nəzərə alınmamışdır.

51. Buna görə də kollegiya hesab edir ki, cavabdehin iddianı qismən etirafı da nəzərə alınmaqla ondan, cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar vəzifəsini icra etməməsinə görə 11 328,29 (on bir min üç yüz iyirmi səkkiz manat 29 qəpik) manat MMC-nin xeyrinə tutulmalıdır (14 179,29 – 2851 = 11 328,29).

52. İddiaçının digər tələbinin qanuni əsası kimi isə Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; həmin maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləğin tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.

53. Cəmiyyətin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar vəzifəsini icra etməməsinə görə Cavabdeh vurduğu zərər məbləğinin 11 328,29 manat olduğunun müəyyənləşdirildiyini nəzərə almaqla kollegiya hesab edir ki, onun işdən azad edildiyi xx.xx.2016-cı il tarixindən iddia ərizəsinin məhkəməyə təqdim olunduğu xx.xx.2018-ci il tarixinədək olan müddət (1 il 5 ay 11 gün) üçün həmin məbləğin illik 5 faizi olan 820 manat (11 328,29 x 5% = 566,4 manat (illik) x 1 il 5 ay 11 gün = 820 manat) da ondan alınıb MMC-nə ödənilməlidir.

54. Kollegiya həmçinin hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumunun 10 (on) manat hissəsi İddiaçı MMC-dən tutulub ona ödənilməli, ekspertiza tədqiqatlarının dəyəri olan 516 manatın 400 (dörd yüz) manatı İddiaçı MMC-dən, 116 (yüz on altı) manatı Cavabdeh alınıb müvafiq hesaba köçürülməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

55. Kollegiya, məhkəmə iclasında iştirakının təmin olunmaması barədə apellyatorun arqumentini əsassız hesab edir. Belə ki, iş materiallarından ona məhkəmə iclası barədə məlumat verildiyi, lakin ərizə göndərərək işə baxılmasının təxirə salınmasını xahiş etdiyi aydın olur; məlumatlı olduğu məhkəmə prosesinə getməməsinin məsuliyyətini isə cavabdeh özü daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5784/2018 saylı iş üzrə 26 iyul 2018-ci il tarixli qətnaməsi “Cavabdeh 41 248,05 manat maddi ziyanın tutularaq İddiaçı MMC-nə ödənilməsi” hissəsində dəyişdirilsin. İddiaçı MMC-nin əmlakının qorunması, satılması və əldə olunmuş pul vəsaitinin vaxtında yığılıb cəmiyyətə ödənilməsi ilə əlaqədar vəzifəsini icra etməməsinə görə 11 328,29 (on bir min üç yüz iyirmi səkkiz manat 29 qəpik) manat, habelə həmin məbləğin illik 5 faizi olan 820 (sıkkiz yüz iyirmi) manat Cavabdeh alınıb İddiaçı MMC-nə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verərkən Cavabdeh ödədiyi dövlət rüsumunun əvəzi qismində 10 (on) manat İddiaçı MMC-dən onun xeyrinə tutulsun. Ekspertiza tədqiqatlarının dəyəri olan 516 manatın 400 (dörd yüz) manatı İddiaçı MMC-dən, 116 (yüz on altı) manatı Cavabdeh alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar