Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3569/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-7065/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı maddi zərərə görə 16000 ABŞ dolları, həmin pulun bank uçot dərəcəsi vasitəsilə hesablanmaqla faizi olaraq 2800 manat, mənəvi zərərə görə 10000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək maddi zərərə görə 16000 ABŞ dolları, həmin pulun bank uçot dərəcəsi vasitəsilə hesablanmaqla faizi olaraq 5400 manat, mənəvi zərərə görə 10000 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onu aldadaraq inamından və etibarından sui-istifadə edərək atasını həbsdən çıxaracaqlarını vəd edərək 19.000 ABŞ dolları pulunu ələ keçirmişlər. Belə ki, atası X5 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrumedilmişdir. Cavabdeh1 ona demişdir ki, əfv komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova və Qənirə Paşayeva ilə əlaqələri var, yəni ən yaxın dostu Cəsarət həmin deputatlarla bacı-qardaş kimidir. Cavabdeh1 onu Cəsarətlə tanış etmişdir. Cavabdeh1 Cəsarət X4 və Qənirə Paşayeva ilə çəkdirdiyi fotoşəkillərini ona göstərdiyindən, o, Cəsarətin deputatlarla əlaqəsinin olmasına inanmışdır. Asif və Cəsarət onu inandırdılar ki, atasını əfv etdirə bilərlər, o cəzadan azad olub Novruz bayramında evdə olacaq. Bunun üçün onlar əvvəlcə 10.000 ABŞ dolları pul istədilər. O da atasının əfvə salınacağı ümidi ilə onlara inanıb xx.xx.2017-ci il tarixdə Asifin Günəşlidə yerləşən evində ona 10.000 ABŞ dolları pul vermişdir. Sonradan onlar işdə çətinliklər yarandığından əlavə 10.000 ABŞ dolları da lazım olduğunu bildirdilər. Məcbur qalaraq 2018-ci ilin mart ayının əvvəlində Nizami rayonu, Şərifli küçəsində yerləşən 4b saylı binanın qarşısında Cavabdeh1lə görüşüb ona əlavə 9.000 ABŞ dolları da pul vermişdir. Lakin Novruz bayramı keçsə də, atasının əfvindən bir xəbər olmamışdır. O, başa düşmüşdür ki, cavabdehlər əlbir olaraq onu aldadıb 19.000 ABŞ dolları pulunu ələ keçiriblər. O, pullarını tələb etdikdə Cəsarət demişdir ki, aprelin 5-də pullarını qaytaracaqlar. Lakin, bu günə kimi pulu qaytarmırlar. Odur ki, cavabdehlərin məsuliyyətə cəlb edilərək barələrində hüquqi tədbir görülməsini və ələ keçirilmiş 19.000 ABŞ dolları pulunun qaytarılmasına köməklik olunmasını xahiş edirək Nizami rayon Polis İdarəsinə müraciət etmişdir. Nizami rayon Pİ-nin İŞ-də xx xxxxx 2019-cu il tarixdə cinayət işi başlansa da, xx xxx 2019-cu il tarixdə həmin qərar prokuror tərəfindən ləğv edilmişdir. xx.xx.2019-cu il tarixdə Nizami rayon Pİ-nin İŞ-nin müstəntiqi R.Xanbabayevin qərarı ilə cinayət işi başlanması rədd edildi və işin mülki xarakterli olması qərara alındı. Nizami rayon Pİ-nin İŞnin müstəntiqi R.Xanbabayevin xx.xx.2019-cu il tarixli qərarla sübuta yetdi ki, cavabdehlər ondan 19.000 ABŞ dolları pul alıblar və həmin puldan yalnız, 3.000 ABŞ dolları pul qaytarıblar, qalan 16.000 ABŞ dolları pulunu hələ də qaytarmırlar. Ona görə də cavabdehlərdən 16.000 ABŞ dolları pulunu məhkəmə qaydasında tələb edir. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-7065/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 6529 (altı min beş yüz iyirmi doqquz) ABŞ dolları 42 (qırx iki) sent məbləğində pulun (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə manatla) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, şikayətini cavabdehlərə 9000 ABŞ dolları məbləğində pulu verməsi, cavabdehlərin onun pulunu özlərində əsassız olaraq saxlaması və onun sarsıntə keirməsi barədə kifayət qədər sübut olsa da, birinci instansiya məhkəməsinin iddia tələbini əsassız olaraq qismən təmin etməsi arqumentləri ilə əsaslandırmışdır. Eyni zamanda qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini pul vəsaitinin çox hissəsini ödədiyi və hazırda 2000 manat borcu qaldığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, o cavabdehlərə 19000 ABŞ dolları pul vermiş, cavabdeh ona 3000 ABŞ dollarını qaytarmış, həmçinin 500 manat poçt vasitəsilə göndərmiş və 300 manat da sonradan ona vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 özünün apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, o, iddiaçıdan 10000 ABŞ dolları məbləğində pul götürmüş və ayda 800 manat olmaqla pulu ona geri qaytarmışdır. Hazırda onun iddiaçıya 2000 manat borcu qalmışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan və iddiaçı ilə Cavabdeh1 arasında imzalanmış yazılı razılaşmadan görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə 3-4 ay müddətində qaytarmaq şərtilə iddiaçıdan “iş görmək adı ilə” 10000 ABŞ dolları məbləğində pulu borc almışdır. Tərəflər arasında bağlanmış həmin razılaşmadakı imzaların iddiaçıya və Cavabdeh1 məxsus olması xx.xx.2018ci il tarixli, 27945 saylı ekspert rəyi ilə təsdiq edilmişdir. Həmçinin, Cavabdeh1 iddiaçıdan 10000 ABŞ dolları məbləğində pulu borc aldığını məhkəmə baxışı zamanı verdiyi izahatlarında və məhkəməyə təqdim etdiyi yazılı etirazında da etiraf etmişdir. İddiaçı isə həmin pul vəsaitindən ona Elsevər adlı taksi sürücüsü vasitəsilə 3000 ABŞ dolları (5100 manat) məbləğində, eləcə də, köçürmə yolu ilə 800 manat qaytarılmasını etiraf etmişdir. İş materialları ilə müəyyən olunur Cavabdeh1 tərəfindən iddiaçının adına xx.xx.2019-cu il tarixdə “xxxxxxxx” MMC vasitəsilə 300 manat pul vəsaiti ödənilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən, iddiaçının cavabehlərə əlavə olaraq 9000 ABŞ dolları verməsi ilə bağlı , iddiaçı ilə cavabdehlər arasında hər hansı yazılı müqavilə bağlanmadığını, həmçinin iddiaçının həmin pul vəsaitindən ona Elsevər adlı taksi sürücüsü vasitəsilə 3000 ABŞ dolları (5100 manat) məbləğində, eləcə də, köçürmə yolu ilə 500 manat qaytarılmasını etiraf etdiyini və iş materialları Cavabdeh1 tərəfindən iddiaçının adına xx.xx.2019-cu il tarixdə “xxxxxxxx” MMC vasitəsilə 300 manat pul vəsaiti ödənildiyini nəzərə almışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsində borc müqaviləsinin həm şifahi həm də yazılı formada bağlanmasının şərtləri qeyd edilmişdir. Həmin normaya görə fiziki şəxslər arasında məbləği 3000 manatdan çox olan borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır. Lakin işin mübahisəsiz hallarından da görünür ki 9000 ABŞ dollarının verilməsi ilə bağlı, iddiaçı ilə cavabdehlər arasında hər hansı yazılı müqavilə bağlanmamışdır. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009cu il qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1- ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsi Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsi halında tutula bilər. Qanunun mənasından göründüyü kimi, faizlərin ödənilməsi Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsi halında tutula bilər. Hazırki işdə isə cavabdehlərin həmin pul vəsaitindən maddi xeyir əldə etdikləri sübuta yetirilməmişdir. İddiaçının mənəvi zərər barədə tələbinə dair kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı isə ona dəyən mənəvi ziyanı sübuta yetirə bilməmişdir. Cavabdehin apellyasiya şikayətində irəli sürülən, daha az borcun qaldığı arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Buna görə də kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-7065/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-3569/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3569/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver