Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3569/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi (vəkil) X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(006)-3925/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC KB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 iyun 2015-ci il tarixli, 465 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 1878,91 ABŞ dolları məbləğində əsas borc, 1525,85 ABŞ dolları faiz borcu, 1395,51 ABŞ dolları cərimə, 277,42 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla, ümumilikdə 5077,69 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(006)- 3925/2020 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia qismən təmin olunmuş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkil) apellyasiya şikayətini müdafiə edərək orada göstərilən dəlillərə uyğun izahat vermiş əlavə olaraq göstərmişdir ki, hazırki borc məbləği Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri əhatəsinə düşmüş, cavabdehə müəyyən məbləğdə kompensasiya hesablanmış, həmçinin qalıq borcun restrukturizasiya olunmalı olmasına qərar verilmişdir. Lakin, bu barədə bank tərəfindən cavabdehə hər hansı məlumat verilməmiş, cavabdeh qalıq borcun restrukturizasiya olunması üçün banka dəvət olunmamışdır. Hesab edir ki, pretenziya qaydasına riayət olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehin kredit borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanın təsiri əhatəsinə düşmüş, cavabdehə müəyyən məbləğdə kompensasiya hesablanmış, həmin pul vəsaiti borcdan silinmiş, qalıq əsas borc 3194,15 manat (məzənnəyə uyğun 1878,91 ABŞ dolları) təşkil etmişdir. Həmçinin qalıq borcun restrukturizasiya olunmalı olmasına qərar verilmiş, lakin cavabdeh müraciət etmədiyindən restrukturizasiya ilə bağlı müvafiq müqavilə bağlanmamışdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanına (bundan sonra, Fərman) əsasən;
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Fərmanda, həmçinin milli valyutada 17000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası öz həllini tapmışdır. Fərmanın 6-cı bəndində banklara tövsiyə edilmişdir ki; 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanın 8.10-cu bəndinə əsasən məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və «İcra haqqında» Qanunun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Göründüyü kimi, Fərmanda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası öz həllini tapmış, qeyd olunan dövrdə və məbləğlərdə götürülmüş kredit borclarına əlavə güzəştlərin tətbiqi və yeni kredit münasibətlərinin qurulması, eyni zamanda bu məqsədlə məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri banklara tövsiyə edilmişdir. İşdə olan problemli kreditlərin kompensasiyası barədə məlumatlardan görünür ki, hazırki kredit müqaviləsi üzrə qalıq borc məbləği Fərmanın təsiri dairəsinə düşmüş, 1742,26 manat kompensasiya hesablanmış, eyni zamanda 3194,15 manat qalıq borcun restrukturizasiya olunması təklif olunmuşdur. Lakin işdən görünür ki, qalıq kredit borcunun restrukturizasiyası öz həllini tapmamış, bu istiqamətdə pretenziya qaydasına əməl edilməmişdir (əksinə cavabehdən əsas borcla yanaşı faiz 1525,85 ABŞ dolları faiz borcu, 1395,51 ABŞ dolları cərimə borcu, 277,42 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan illik 5% borc da tələb olunmuşdur). İddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi də Fərmanın icrası ilə bağlı onlara bank tərəfindən hər hansı təklif, müraciət və s. göndərilmədiyini bildirmişdir. Halbuki, Fərmanın icrası ilə bağlı qalıq kredit borcu restrukturizasiya ediləcəyi halda tərəflər arasında yeni müqavilə münasibətləri qurulacaqdır. Bu hallar ona dəlalət edir ki, tərəflər arasında kredit borcu üzrə münasibətlərin məhkəmədən kənar, yaxud pretenziya qaydasında nizama salınması üçün yeni imkanlar yaranmışdır. Belə olan halda isə, hazırki vəziyyətdə işə mahiyyəti üzrə baxılması mümkün deyildir, iddia ərizəsinin baxılmamış saxlanılması üçün qanuni əsaslar yaranmışdır (iddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir). MPM-in 259.0.1-ci maddəsinə görə, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 saylı qərarında göstərilmişdir ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. MPM-in 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. MPM-in 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh olunanlara əsasən və MPM-in 259-260, 263-264, 357-358, 391, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(006)-3925/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(006)- 3925/2020 saylı qətnaməsi ləğv edilsin, iddia ərizəsi baxılmamış saxlansın. İzah edilsin ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan şikayət verilə bilməz.
Sədrlik edən: imza var. Hakimlər: imzalar var.
Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov