Məhkəmə qərarları › İş №2(103)-3573/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3573/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3573/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-316/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 655,08 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh olan şəxs Bakı şəhərində və respublikanın müxtəlif rayonlarında xırda alverlə məşğul olurdu və mütəmadi olaraq xaricdən Azərbaycana kənd təsərrüfatı malları alıb gətirir və «Sədərək» bazarında satırdı. Təxminən 10 il bundan əvvəl cavabdeh iddiaçıya vergi orqanlarında VÖEN almağı təklif etmiş və iddiaçının adına malların alışını və satışını həyata keçirəcəyini bildirmiş və iddiaçı da bu təkliflə razılaşmışdır. O, VÖEN-i almış, onu və «fin kodu» Asifə vermişdir. Bir müddət cavabdeh həmin VÖEN-lə işləmiş və sonradan iddiaçı müəyyən etmişdir ki, o, dövlətə vergi ödəməmişdir. İddiaçı vergi sənədlərini geri almış, 2019-cu ilin mart ayında müəyyən etmişdir ki, cavabdehin dövlətə 655,08 manat vergi borcu vardır. İddiaçı Xətai rayon Polis İdarəsinə müraciət etmiş və araşdırma zamanı cavabdeh 655,08 manat borcu etiraf etmiş və həmin borcu ödəyəcəyinə söz vermişdir. Sonradan araşdırma Biləsuvar rayon Polis şöbəsində davam etdirilmiş və hər iki polis orqanın qəbul etmiş olduğu qərar eyni məzmunlu olmuşdur. Vergi sənədləri iddiaçının adına olduğundan Cəbrayl rayon Vergilər şöbəsi qeyd olunan məbləğin iddiaçı tərəfindən ödənilməsini tələb edir. Ona görə də cavabdeh 655,08 manat pulu iddiaçıya ödəməli, iddiaçı da vergi borcunu ödəməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamənin 3-cü səhifəsnin 1-ci abzasında iddia tələbini rədd etməsini onun adına olan VÖEN-lə cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının və gəlir götürməsinin məhkəmə araşdırması zamanı sübuta yetirilməməsi ilə əsaslandırmışdır. Halbuki, cavabdehin məhkəmə iclasında iştirakını təmin etməyən məhkəmə qətnamənin 2-ci səhifəsinin 3-cü abzasında işdə olan sübütlar sırasında Cəbrayıl Rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına istinad etmiş və “Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, 2017-ci ildə tanışı İddiaçı adına Rusiya Federasiyasından Azərbaycana heyvan mənşəli yem məhsulları gətirmiş, lakin Əhmədin adından imza çəkməmiş, saxta sənədlərdən istifadə etməmiş, Cəbrayıl rayon Vergilər şöbəsində İddiaçı adına yaranmış vergi borcunun onun tərəfindən ödəniləcəyini öhdəsinə götürmüşdür" sözlərini qeyd etmişdir. Məhkəmənin texniki səhvlərlə dolu, məzmunca anlaşılmayan qətnaməsindən belə görünür ki, həmin qətnamə sanki onun Cavabdeh qarşı “pul tələbinə dair” iddiasına deyil, vergi orqanının ona qarşı “vergi borcunun ödənilməsi tələbinə dair” iddiasına baxılaraq çıxarılmışdır. Məhkəmə iddianı rədd etsə də, ən azı onun vergi borcunu ödədikdən sonra reqres qaydada Cavabdeh qarşı “pul tələbinə dair” iddia qaldırmaq hüququnu izah etməliydi ki, gələcəkdə eyni predmet barəsində və eyni əsaslar üzrə Cavabdeh qarşı iddia qaldırmaq imkanı aradan qalxmasın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Cəbrayıl rayonu Vergilər şöbəsinin xx.xx.2019-cu il tarixli **********402700 saylı İddiaçı ünvanlanmış xəbərdarlıq məktubunun surətinə əsasən, İddiaçı dövlət büdcəsinə olan vergi borcu 655,08 manatdır. Cəbrayıl Rayon Vergilər Şöbəsinin tələbin icraya yönəldilməsi haqqında xx.xx.2019cu il tarixli **********721000 saylı qərarın surətinə əsasən, İddiaçı tərəfindən 655,08 manat borcun ödənilmədiyinə görə tələbkar Cəbrayıl rayon Vergilər şöbəsinin qərarı xx.xx.2019cu il tarixdən icraya yönəldilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli 182828/2019-60-2 saylı İddiaçı ünvanlanmış tələbin könüllü icrası haqqında bildirişə və həmin tarixli qərarın surətinə əsasən, Cəbrayıl rayon Vergilər şöbəsinin **********721000 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Qeyd edilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin qanunun 3-cü maddəsinə əsasən, sahibkarlıqla Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı; mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər; hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs; xarici hüquqi şəxslər məşğul ola bilərlər. Qeyd edilən qanunun 7-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilmiş vergiləri ödəmək sahibkarın vəzifərindən biridir. İşdə olan Cəbrayıl Rayon Polis Şöbəsinin İstintaq qrupunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarının surətinə əsasən, İddiaçı tanışı Cavabdeh Hökməli oğlunun onun adına “VÖEN” açdıraraq saxta imzalardan istifadə etməsi ilə bağlı vermiş olduğu məlumatı əsasında başlanılmış material üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarın təsviri hissəsinə əsasən, araşdırma zamanı Cavabdeh Hökməli oğlu izahatında göstərmişdir ki, tanışı İddiaçı adına cəmi bir dəfə 2017-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycana heyvan mənşəli yem məhsulları gətirmiş, lakin Əhmədin adından heç kimin imza çəkmədiyini və ya saxta sənədlərdən istifadə etməmiş, Cəbrayıl rayonu Vergilər şöbəsində İddiaçı adına yaranmış vergi borcu onun tərəfindən ödəniləcəkdir. Göründüyü kimi, iş materiallarına əsasən Cavabdeh Hökməli oğlu Cəbrayıl rayon polis şöbəsinin İstintaq qrupunda aparılan araşdırma zamanı verdiyi izahatında Cəbrayıl rayonu Vergilər şöbəsində İddiaçı adına yaranmış vergi borcunun ona aid olmasını etiraf etsə də, birinci instansiya məhkəməsi iddianın rədd olunması əsası kimi iddiaçının bununla əlaqədar heç bir sübut təqdim edə bilməməsini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1, 385.1.4-cü maddələrinin tələblərinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Lakin iddiaçı hazırda həmin pul vəsaitinin cavabdeh tərəfindən ona ödənilməsini tələb etsə də, həmin borcun cavabdehin əvəzinə onun tərəfindən vergi orqanına ödənilməsini təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda hazırkı vəziyyətdə cavabdehdən iddiaçının xeyrinə pulun tutulması barədə iddia təmin edilə bilməz. İddiaçı qeyd edilən pul vəsaitini ödədikdən sonra ona dəymiş zərər məbləğinin ödənilməsi barədə qanunvericiliyin tələblərinə əsasən cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli və iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-316/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar