Məhkəmə qərarları › İş №2(103)-3574/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3574/2023

12.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3574/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (maddi zərərin ödənilməsi) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-312/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdeh Hüseynova (Kərimova) Ülviyyə Qasım qızına qarşı cavabdeh Hüseynova (Kərimova) Ülviyyə Qasım qızı tərəfindən İddiaçı İB-yə vurulmuş 1944 manat məbləğində zərərin və 39,44 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1983,44 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə iddiası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-312/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir.

2. Qətnamədə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011ci il tarixli 80 saylı qərarının 1.3,4.2, 4.8, 4.9, 5.2, 5.6-cı bəndlərinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında 05 sentyabr 2018-ci il tarixdə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2018-ci il tarixdə İddiaçı İB-nin əməkdaşları tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* №-li akt tərtib edilmiş və akta əsasən itron tipli, G-4 markalı 1102AQ**********9 nömrəli sayğac çıxış borusu söküntü səbəbindən çıxarılmış, qeyd edilən sayğac digər sayğacla əvəz edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində cavabdehin qaz xəttinə qanunsuz olaraq özbaşına qoşulması, bu halı təsdiqləyən aktın tərtib olunması və fotoların çəkildiyi bildirilsə də, bunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Əksinə, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının qaz sayğacının çıxış plasmas borusu deşilmiş, hər hansı qanunsuz qoşulma faktı həmin sənədlərdə əks olunmamışdır. Qaydalara əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Bundan əlavə, cavabdehin evində qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçının vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Abonentin saldosu vərəqəsinə əsasən abonent kodu **********00201 nömrə olan ünvan 1 ünvanında yerləşən mənzilə cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda 1944 manat təşkil etməkdədir. - Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən məlum olur ki, İddiaçı ilə Hüseynova (Kərimova) Ülviyyə Qasım qızı arasında xx.xx.2013cü il tarixində 130 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqavilə»si imzalanmışdır; - xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən məlum olur ki, cavabdeh Hüseynova (Kərimova) Ülviyyə Qasım qızı istifadəsində olan qaz sayğacının çıxış plastmas borusu deşilmişdir və 1944 manat məbləğində “Azəriqaz’ İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur; - xx.xx.2018-ci il tarixli İddiaçı İB-nin əməkdaşları tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* №-li aktın surətindən məlum olur ki, itron tipli, G-4 markalı 1102AQ**********9 nömrəli sayğac çıxış borusu söküntü səbəbindən çıxarılmış, qeyd edilən sayğac digər sayğacla əvəz edilmişdir (iş.səh. 4, 6, 8, 10). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-312/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 1097.1; Mülki Prosessual Məcəlləsinin 77.1, 217.3-cü maddələrinə; “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəflər arasında bağlanmış qazın alğı-satqısı müqaviləsi üzrə cavabdehin öhdəliklərini pozaraq qaz sayğacına müdaxilə edərək, maddi zərər vurduğunu nəzərə almamışdır. Həmin bəndin tələblərinə görə qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. Cavabdeh tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün cavabdehin məsuliyyət daşıdığını məhkəmə nəzərə almamışdır. Cavabdehin zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçıya dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələbi irəli sürülməsinə əsas olmuş halları iddia ərizəsinin təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar (akt, saldolar) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Lakin məhkəmə isə işin hallarını araşdırmadan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qətnamədə sayğaca müdaxilə olunduğunun müəyyən edildiyini, lakin müdaxilədə iddiaçının təqsirinin olmaması nəticəsinə gəlmişdir. Halbuki, sayğac üzrə qaz sərfiyyatının azaldılması istehlakçının daha az ödəniş etməsi deməkdir. Qaz sayğacının fərdi yaşayış evindən kənarda yerləşməsi ona müdaxilə edilməsi nəticəsində qaz paylayıcıya vurulmuş zərərin ödənilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları da araşdırmamış, iddiaçının müdaxilə aşkar olunan dövrə qədər və aşkar olunduqdan sonrakı dövr ərzində ödənişləri arasındakı fərqi nəzərə almamış, işin bu halına iddiaçının sayğaca müdaxilə etməsini təsdiq edən sübutlardan biri kimi qiymət verməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya insyansiya məhkəməsinin mövqeyi:

7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 63; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4, 7, 177, 189-1; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 4, 279, 280, 282, 542; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 76, 77, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarına istinadən hesab edir ki, iddiaçının apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz.

8. Belə ki, cavabdehin pozuntu törətməsi (qazı talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də, təqdim edilən aktlarla bir neçə illər öncə iddia edilən pozuntuların iddiaçı tərəfindən cavabdehin aktlarla və yaranmış borcla rəsmi tanış edilməsi və xəbərdarlıq edilməsi, müvafiq tədqiqatların aparılması, qərarların qəbul edilməsi və vaxtında tələblərin irəli sürülməsi üçün müvafiq tədbirlər həyata keçirilməmişdir. Mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən iddiaçının şikayətinin (iddiasının) dəlillərinə qiymət verilməsi isə suiistifadəyə şərait yaradan hal kimi mülki mühakimə icraatı qaydasında mübahisəlidir və müzakirəyə çıxarılan sübutlar təkzibediləndir. İddiaçının (vəzifəli şəxslərinin) tərtib etdiyi aktlarının nəticəsiz qalması, bu aktların davamlı olaraq bir neçə il ərzində cavabdehin iştirakı olmadan tərtib edilməsi və sonrakı aktın tərtibi zamanı ondan öncəki aktın mövcudluğu, onların şübhələrdən kənar sübut növü kimi qəbulu üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, təqdim edilmiş aktların hər biri üzrə peşəkar struktur təsisata malik olan iddiaçı (vəzifəli şəxsləri) tərəfindən mülki mühakimənin əsaslarını təşkil edən sübutetmə vəzifələrinə formal yanaşılmışdır (aktların tərtib edilməsində cavabdehin və ya iddiaçıya aidiyyəti olmayan digər şəxslərin iştirakı təmin edilməmiş, foto-video çəkilişin aparılması və onların müvafiq qeydiyyatı bu aktlarda təsbit edilməmiş, talama faktı üzrə nəzarəti qanunla həvalə edilmiş müvafiq icra hakimiyyətinə və ya müvafiq hüquq-mühafizə orqanlarına aidiyyəti müraciətlər edilməmişdir). Cavabdehin mülki hüquq pozuntusunun mövcudluğu məhz onun və ya digər şəxslərin hüquqa zidd hərəkətlərindən (hərəkətsizliyindən) irəli gəlməsi üçün təqsirsizlik prezumpsiyasının mahiyyəti və iddiaçının iddia etdiyi davam edən pozuntuya susması aspektindən anlaşılan deyil. Qeyd edilən müstəvidə mülki münasibətlərin səciyyəsi, deliktin mövcudluğu və onun kim tərəfindən törədilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, bunun səbəbləri və ya digər xüsusatların əsasları müəyyən edilmir.

9. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə əsasən: 1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür.Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

10. Qanunun 6-4-cü maddəsinə görə, müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş məlumatlar əsasında bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə riayət olunmasına monitorinq keçirilməsi yolu ilə mütəmadi nəzarət edir və həmin tələblərə riayət olunmadığını müəyyən etdikdə icrası məcburi olan göstərişlər verir. Monitorinqin keçirilmə qaydası müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.

11. Qanunun 13-cü maddəsinə əsasən: 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 10. Müvafiq icra hakimiyyəti orqanının və qaz paylayıcısının səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

12. Mülki Məcəllənin 560.1, 560.2 və 560.3.4-ci maddələrinə əsasən: Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadə kimi nəzərdə tutulmuşdur. Məcəllənin 1096.1-1096.2 əsasən: Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

13. Mülki Prosessual Məcəllənin 9.3 və 14.2-ci maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 106.1-106.2-ci maddələrinə müvafiq: işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

14. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: İ.Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

15. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri (iddianın əsassızlığı və şikayət üzrə tələblər nəzərə alınaraq) onu ödəyən şəxsə aid edilməlidir.

16. Həmçinin izah edilməlidir ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 312/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar