Məhkəmə qərarları › İş №2(103)-3574/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3574/2024

30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3574/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, e- 2(004)-1427/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 (borcalan) və X1 (zamin) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən xx.xx.2020-ci il tarixli 11/0809/DİK nömrəli kredit müqaviləsi üzrə yaranmış 46197 manat əsas borc, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə hesablanmış 9194,94 manat faiz borcu, müqavilənin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün xx.xx.2023-cü il tarixə illik 5%-lə hesablanmış 5707,38 manat faiz borcu və ödənilmiş 273,30 manat dövlət rüsumu olmaqla, cəmi 61099,32 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11/0809/DİK nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 14 faizlə 12 ay müddətinə 46197 manat kredit verilmiş, eyni zamanda digər cavabdeh X3 bankla bağladığı xx.xx.2020-ci il tarixli 11/0809/DİK nömrəli zaminlik müqaviləsinə borcalan Cavabdeh1 kredit öhdəliklərinin icrasına zamin durmuşdur. Bank tərəfindən kredit müqaviləsinə əsasən öhdəliklər lazımınca yerinə yetirilsə də, cavabdeh tərəf öhdəliklərini yerinə yetirməmiş, kredit borcunu ödəməkdən yayınmışdır. 17 avqust 2023-cü il tarixə cavabdehlərin xx.xx.2020-ci il tarixli 11/0809/DİK nömrəli kredit müqaviləsi üzrə 46197 manat əsas borcu, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə hesablanmış 9194,94 manat faiz borcu, müqavilənin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün xx.xx.2023-cü il tarixə illik 5%-lə hesablanmış 5707,38 manat faiz borcu vardır. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, e-2(004)- 1427/2024 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2020-ci il tarixli 11/0809/DİK nömrəli kredit müqaviləsi üzrə yaranmış 46197 manat əsas borcunun, kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə hesablanmış 9194,94 manat faiz borcunun, müqavilənin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə uyğun olaraq gecikdirilmiş vaxt üçün xx.xx.2023-cü il tarixə illik 5%-lə hesablanmış 5707,38 manat faiz borcunun, cəmi 61099,32 (altmış bir min doxsan doqquz manat otuz iki qəpik) manat borcun və ödənilmiş 273,30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin cavabdeh (zamin) Cavabdeh2 qarşı hissəsində rədd edilməsi, kreditor "xxxx" ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə xitam verilməsi qət olunmuşdur. Cavabdeh1 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, real borcun müəyyən olunaraq, iddianın ona qarşı qismən təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə tərəfindən real borcun müəyyən olunmaması, yalnız iddiaçının mülahizələrinə əsaslanması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2020-ci il tarixdə 12 ay müddətinə bağlanmış, müqavilənin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Bu müddət ərzində cavabdeh tərəf ödəniş etməmiş, nəticədə 17 avqust 2023-cü il tarixə 46197 manat əsas, 9194,94 manat faiz, müqavilənin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra gecikdirilmiş vaxt üçün xx.xx.2023-cü il tarixə illik 5%-lə hesablanmış 5707,38 manat faiz borcu yaranmışdır. Ödəniş cədvəlinə əsasən əsas borcun ödənilməsi müddətin sonunda, yəni xx.xx.2021-ci il tarixdə birdəfəyə həyata keçirilməli idi. Həmin tarixədək isə cavabdeh hər ay yalnız 538,97 manat faiz ödəməli idi. Müddətin sonuna ödənilməli olan faizlərin cəmi məbləği 6467,64 manat təşkil edirdi. İddia tələbində isə 9194,94 manat faiz tələb olunmuşdur. Ola bilsin ki, həmin faizlər müqavilə müddətindən sonra da hesablanmışdır. Çünki, maliyyə araşında borcun xx.xx.2023-cü il tarixə hesablanması qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qismən (yəni “Cavabdeh1 xx.xx.2020-ci il tarixli 11/0809/DİK nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə hesablanmış 9194,94 manat faiz borcunun, həmçinin cəmi 61099,32 (altmış bir min doxsan doqquz manat otuz iki qəpik) manat borcun tutulması” hissələrdə) ləğv edilməli, iddia kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə hesablanmış faiz borcunun tutulması hissədə qismən təmin olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli 11/0809/DİK nömrəli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehə illik 14 %-lə, 12 ay müddətinə 46197 manat kredit verilməsi, kredit müqaviləsinin müddətinin (kreditin qaytarılması müddətinin) xx.xx.2021-ci il tarixdə bitməsi işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı, qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin lazımı qaydada icra olunmaması da apellyasiya şikayətində mübahisələndirilmir. Cavabdeh sadəcə real kredit borcunun müəyyən olunmasını tələb edir. Cavabdeh ödənişləri ilə bağlı hər hansı sübut təqdim etmədiyindən məhkəmə kollegiyası əsas kredit borcu ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Məhkəmə kollegiyası həmçinin “müqavilənin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra gecikdirilmiş vaxt üçün xx.xx.2023-cü il tarixə illik 5%-lə hesablanmış 5707,38 manat faiz borcunun tutulması” hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. Lakin konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır (borc alanın borcun ödənilməsini tələb edə bilməsi; borc verənin borcun götürülməsini tələb edə bilməsi; borc alanın kredit məbləğini müvafiq qrafik üzrə hissələrlə, yaxud birdəfəlik ödəmə şəklində həyata keçirməsi). MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, işini faktiki halları və qanunvericiliyin qeyd edilən tələblərindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqeyindən göründüyü kimi, cavabdeh tərəfindən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyini icra etmədiyindən iddiaçı MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçının qeyd edilən tələb hüququ bilavasitə qanundan irəli gəldiyindən, kredit müqaviləsində belə bir şərtin nəzərdə tutulması imperativ xarakter daşımır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini pozmaqla, bunun qanundan (MM-nin 445.7-ci maddəsi) irəli gələn nəticəsi ilə də razılaşmış olur. Həmçinin qeyd edilməlidir ki, iddiaçının ləğv prosesində olması faktı ilə onun müvafiq tələb hüququnu istisna etmir. Beləliklə, işin hallarından göründüyü kimi, iddiaçı kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra gecikdirilmiş vaxt üçün xx.xx.2023-cü il tarixə illik 5%lə hesablanmış 5707,38 manat faiz borcunu tələb etməkdə haqlı olmuş, cavabdeh isə bunun əksni təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Lakin, kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə hesablanmış 9194,94 manat faiz borcunun mövcudluğu ilə razılaşmır. Belə ki, işdə olan ödəniş cədvəlinə əsasən əsas borcun ödənilməsi müddətin sonunda, yəni xx.xx.2021-ci il tarixdə birdəfəyə həyata keçirilməli, həmin tarixədək cavabdeh hər ay əsas borca hesablanmış faizləri (hər ayı 538,97 manat) ödəməli idi. Müddətin sonuna ödənilməli olan faizlərin ümumi məbləği isə 6467,64 manat təşkil etmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11/0809/DİK nömrəli kredit müqaviləsinin müddətinin bitdiyi tarixə ödənilməli olan faizlərin ümumi məbləği 6467,64 manat təşkil etmiş, lakin iddiaçı tələbində 9194,94 manat faizlərin ödənilməli olmasını iddia etmiş, birinci instansiya məhkəməsi isə bu hala diqqət yetirməmiş, həmin hissədə tam və ətraflı araşdırma aparmamışdır. Halbuki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında deyilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi qeyd edilən məsələyə münasibətində göstərmişdir ki, maliyyə arayışına əsasən borc məbləği 17 avqust 2023-cü il tarixə hesablanmışdır, ona görə də faizlər daha artıq hesablanmışdır. Göründüyü kimi, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2020-ci il tarixli 11/0809/DİK nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixədək yalnız pul vəsaitindən istifadə haqqının (müqavilədə nəzərdə tutulmuş illik faizlərin) cavabdeh tərəfindən ödənilməsini tələb etmək haqqına malikdir. Belə olan halda isə iddia qeyd edilən hissədə qismən, yəni 6467,64 manat həddində əsaslıdır. MM-nin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borjludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilməlidir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixi Qərarı). «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə yoxlanılan hissədə qismən (yəni “Cavabdeh1 xx.xx.2020-ci il tarixli 11/0809/DİK nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə hesablanmış 9194,94 manat faiz borcunun, həmçinin cəmi 61099,32 (altmış bir min doxsan doqquz manat otuz iki qəpik) manat borcun tutulması” hissələrdə) ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalı, Cavabdeh1 xx.xx.2020-ci il tarixli 11/0809/DİK nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə hesablanmış 6467,64 manat faiz borcu tutularaq iddiaçının xeyrinə verilməli, qətnamə yoxlanılan qalan hissələrdə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmiş, hazırda qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti isə beş min manatdan azdır (9194,94 manat – 6467,64 manat = 2727,3 manat), bu səbəbdən də iddiaçı qətnamədən kassasiya şikayəti verə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, e- 2(004)-1427/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, e- 2(004)-1427/2024 saylı qətnaməsi yoxlanılan hissədə qismən (yəni “Cavabdeh1 xx.xx.2020-ci il tarixli 11/0809/DİK nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə hesablanmış 9194,94 manat faiz borcunun, həmçinin cəmi 61099,32 (altmış bir min doxsan doqquz manat otuz iki qəpik) manat borcun tutulması” hissələrdə) ləğv olunsun, iddia həmin hissədə qismən təmin olunsun. Cavabdeh1 xx.xx.2020-ci il tarixli 11/0809/DİK nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə hesablanmış 6467,64 (altı min dörd yüz altmış yeddi manat 64 qəpik) manat faiz borcu tutularaq iddiaçının xeyrinə verilsin. Qətnamə yoxlanılan qalan hissələrdə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kassasiya şikayəti verilə bilməz. Cavabdeh1 qətnamə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar