Məhkəmə qərarları › İş №2(103)-3575/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3575/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3575/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(006)-811/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 52525,33 manat məbləğində əsas borc, müqavilə müddəti üçün hesablanmış 1598,81 manat faiz borcu, 21774,45 manat cərimə, müqavilə müddətinin bitdiyi tarixdən 21 sentyabr 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 5409,30 manat borcun, ümumilikdə 81307,89 manat məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 38 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh mülkiyyətində olan həmin mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və həmin mənzildə qeydiyyatda olan və yaşayan digər şəxslərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 30 avqust 2013-cü il tarixli 259 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə illik 16 % dərəcəsi ilə 100000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 30 avqust 2013-cü il tarixli 115 saylı ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən 38 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Kredit müqaviləsinə əsasən borcalan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən borcalan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günündə tam şəkildə ödənilməlidir. Bundan başqa, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibət bildirməmişdir. Borcalanın 21 sentyabr 2020-ci il tarixinədək ləğv prosesində olan "Texnikabank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməmiş 52525,33 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 1598,81 manat faiz borcu, 21774,45 manat cərimə, müqavilə müddətinin bitdiyi tarixdən 21 sentyabr 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 5409,30 manat borcu, ümumilikdə 81307,89 manat məbləğində borcu yaranmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(006)- 811/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 52525,33 manat məbləğində əsas borc, 1598,81 manat faiz borcu, 1000 manat cərimə, 5409,30 manat müqavilə müddəti bitəndən sonra ödənilməmiş (5%-lə hesablanmış) faiz borcu, habelə 30 manat ödənilmiş dövlət rüsumunun və 30 manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 60593,44 manat məbləğində pulun alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 38 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 240000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə olan kredit borcunun ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda artıq qalan pul vəsaitinin Cavabdeh qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh mülkiyyətində olan mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və həmin mənzildə qeydiyyatda olan və yaşayan digər şəxslərin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin cərimə hissəsində tam təmin edilməsini və təkrar qiymətləndirmə keçirilərək ipotekaya qoyulmuş əmlakın likvid dəyəri müəyyən edilməklə həmin rəyin əsasında ilkin satış qiyməti nəzərə alınaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ipotekaya qoyulmuş əmlakın real bazar qiyməti 158000 manat, likvid dəyəri isə 141000 manat olduğu halda, birinci instansiya məhkəməsi qiymətləndiricinin əsassız rəyini nəzərə alaraq ipoteka predmetinin ilkin satış qiymətini 240000 manat məbləğində müəyyən etmişdir. Bundan əlavə, cavabdeh tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyinə görə 21774,45 manat məbləğində cərimə tələb olunduğu halda, birinci instansiya məhkəməsi cərimənin məbləğini tənasübsüz surətdə azaldaraq 1000 manat məbləğində müəyyən etmişdir. Qətnamədən eyni zamanda Cavabdeh da apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən mühasibatlıq ekspertizası keçirilmədən, əsas və faiz borcunun məbləği dəqiq müəyyən edilmədən əsassız qətnamə qəbul edilmişdir. Bundan əlavə cavabdeh hesab edir ki, məhkəmə hazırkı mübahisəyə Mülki Məcəllənin 445.7-ci maddəsini tətbiq etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, kredit müqaviləsində öhdəliyin icra edilməməsinə görə dəbbə pulu nəzərdə tutulduğu halda, bank tərəfindən müqavilə müddəti başa çatandan sonra illik 5 faizlə pul tələb oluna bilməzdi. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmənin dəyəri olan 400 manat məbləğində pul Cavabdeh tərəfindən MMC-nin hesabına ödənilsə də, məhkəmə əsassız olaraq həmin vəsaitin də cavabdehdən tutulmasını qət etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Bankın apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi isə təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cərimə borcu və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissələrində dəyişdirilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki işin materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30 avqust 2013-cü il tarixli 259 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 16% faiz ödəmək şərtilə 100000 manat məbləğində kredit verilmiş, "xxxx" ASC ilə alıcı-ipoteka qoyan Cavabdeh və satıcı X4 arasında bağlanmış 30 avqust 2013-cü il tarixli 115 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 38 saylı mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə vermişdir. Mənzilin satış qiyməti 140000 manatdır, mənzilin dəyərinin 40000 manat hissəsi alıcı-ipoteka qoyanın özü, 100000 manatı isə kreditor - ipoteka saxlayan tərəfindən 30 avqust 2013-cü il tarixdə bağlanmış 259 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmiş, Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun banka ödənilməmiş borcu yaranmışdır. İşdə olan ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka 21 sentyabr 2020-ci il tarixə 52525,33 manat əsas kredit borcu, 1598,81 manat faiz borcu, 21774,45 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən 21 sentyabr 2020-ci il tarixədək 5%-lik faiz borcu üzrə 5409,30 manat, cəmi 81307,89 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin 23 yanvar 2020-ci il tarixli H/01-PLS saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən 38 saylı mənzilin bazar qiyməti 240000 manat təşkil edir. Apellyasiya icraatı zamanı məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiricinin rəyi alınmışdır. Məhkəmə mühasibatlıq ekspertizasının 27 sentyabr 2021-ci il tarixli 9/6155 saylı rəyindən görünür ki, "xxxx" ASC (LPO "xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 30 avqust 2013-cü il tarixli, 259 saylı kredit müqaviləsi üzrə Cavabdeh 21 sentyabr 2020-ci il tarixə əsas borcu 54255,65 manat, müqavilə müddətinin başa çatdığı 30 avqust 2018-ci il tarixə faiz borcu 11094,49 manat təşkil edir. “X3 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilən qiymətləndirici rəyinə görə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 38 saylı mənzilin likvid dəyəri 238000 manat müəyyən edilmişdir. Hər iki tərəfin apellyasiya şikayətlərinin məzmunundan görünür ki, iddiaçı tərəf cərimə borcunun az və ipoteka predmetinin qiymətinin isə çox müəyyən olunmasını, cavabdeh tərəf isə ümumiyyətlə borcun məbləğinin düzgün müəyyən edilmədiyini bildirmişdir. İddiaçı bank tərəfindən cavabdehdən tələb olunan əsas borcun məbləği 52525,33 manat, müqavilə müddətinin başa çatdığı 30 avqust 2018-ci il tarixə faiz borcu 1598,81 manat, müqavilə müddətinin bitdiyi tarixdən 21 sentyabr 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış borc 5409,30 manat təşkil edir. Məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin əsas borcunun məbləği 54255,65 manat, müqavilə müddətinin başa çatdığı 30 avqust 2018-ci il tarixə faiz borcu 11094,49 manat təşkil edir. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği iddiaçı tərəfindən tələb olunan əsas borcun məbləğindən çoxdur. İddiaçı tərəfindən cavabdehdən tələb olunan müqavilə müddəti üçün faiz borcunun məbləği ekspert rəyi ilə müəyyən edilmiş müqavilə müddətinin sonuna hesablanmış faiz məbləğindən azdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı banka əsas və faiz borcunun məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Müqavilə müddətinin bitdiyi 30 avqust 2018-ci il tarixindən 21 sentyabr 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış borc məbləğinə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, həmin borcun məbləği də düzgün müəyyən edilmişdir. Belə ki, əsas borca illik beş faizlə hesablanmış borcun məbləği 52525,33 x 0,005 = 2626,27 manat, 30 avqust 2018-ci il tarixdən 30 avqust 2020-ci il tarixədək iki il üçün illik beş faizlə hesablanmış borcun məbləği 2626,27 x 2 = 5252,54 manat, 30 avqust 2020-ci il tarixdən 21 sentyabr 2020-ci il tarixədək 22 gün üçün illik beş faizlə hesablanmış borcun məbləği (2626,27 : 12) : 30 x 22 = 160,49 manat təşkil edir. Beləliklə, 30 avqust 2018-ci il tarixindən 21 sentyabr 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış borcun məbləği 5252,54 + 160,49 = 5413,03 manat təşkil edir. Müəyyən edilən əsas borca 5 faizlə hesablanmış borcun məbləği (5413,03 manat), tələb olunan borcun (5409,30 manat) məbləğindən çox olduğundan, birinci instansiya məhkəməsi həmin borcun məbləğini də iddia tələbi həcmində düzgün müəyyən etmişdir. Beləliklə, borcun məbləğinin düzgün müəyyən edilməməsi barədə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Hətta məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçı banka olan əsas borcun, müqavilə müddəti üçün faiz borcunun və müqavilə müddətinin başa çatdığı dövrdən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilənədək olan dövr üçün illik 5 faizlə hesablanmış faiz borcunun məbləği iddiaçı tərəfindən tələb olunan və məhkəmə tərəfindən tutulması qət olunan məbləğdən çoxdur. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından, habelə əsas və faiz borcunun məbləği yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamə əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinin birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “... icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir... MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir.” Beləliklə, mülki qanunvericilik dəbbə pulu ilə yanaşı, gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etməyi istisna etmir. Buna görə də iddiaçı bank cərimə ilə yanaşı, cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etməkdə, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etməkdə haqlı olmuşdur. Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki-hüquqi məsuliyyət tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Hazırkı iş üzrə iddiaçı cavabdehdən 52525,33 manat məbləğində əsas borcla yanaşı, öhdəliyin lazımi qaydada icra olunmamasına görə 21774,45 manat məbləğində cərimə tələb etmişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyində dəbbə pulunun məbləğini müəyyən edən müddəalar nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Bu o deməkdir ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kolllegiyası hesab edir ki, birinci instansiya məhkəməsi dəbbə pulunun məbləğini 1000 manat məbləğində müəyyən edərkən kreditorun əmlak mənafelərini nəzərə almamışdır. Buna görə də kollegiya hesab edir ki, hər iki tərəfin əsaslı mənafeyini nəzərə alaraq dəbbə pulunun məbləği 2000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı bildirir ki, ipoteka predmetinin ilkin satış qiyməti 30 avqust 2013-cü il tarixli ipoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığına əsasən 140000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi zamanı müstəqil qiymətləndiricinin rəyinə əsasən mənzilin bazar qiyməti 240000 manat müəyyən edilmiş, məhkəmə qətnaməsində də mənzilin qiyməti həmin məbləğdə müəyyən edilmişdir. Apellyasiya icraatı zamanı keçirilmiş müstəqil qiymətləndiricinin rəyinə əsasən isə ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 238000 manat təyin edilmişdir. İddiaçı bankın nümayəndəsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin ipoteka müqaviləsində müəyyən edilmiş qiymətdən 100000 manata yaxın məbləğdə çox olmasını bildirərək həmin qiymətlə razılaşmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi isə izahatında bildirmişdir ki, ipoteka predmeti olan mənzil Bakı şəhərinin mərkəzində, Xaqani küçəsində, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin inzibati binası ilə üzbəüz tarixi binada yerləşir. Həmin binada mənzillərin 1 kv.metrinin qiyməti azı 3000 manat olmaqla sahəsi 82,7 kv.metr olan həmin mənzilin real qiyməti 240000 manatdan çoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti dedikdə, qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiyməti nəzərdə tutulur. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 238000 manat müəyyən edilməsi ağlabatandır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin qiymətinə dair apelyatorun dəlili qismən əsaslıdır və ipoteka predmetinin ilkin satış qiyməti 238000 manat müəyyən edilməklə qətnamə həmin hissədə də dəyişdirilməlidir. Birinci instansiya məhkəməsində işə baxılarkən "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmənin dəyəri olan 400 manat məbləğində pul Cavabdeh tərəfindən MMC-nin hesabına ödənilsə də, məhkəmə tərəfindən həmin vəsaitin cavabdehdən tutulmasının qət edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qiymətləndirmə xərcinin cavabdeh tərəfindən ödənilməsi barədə iş materiallarında hər hansı sübut yoxdur. Cavabdehdə belə bir sübut olduğu təqdirdə, cavabdeh həmin sübutu icra qurumuna təqdim etməklə müvafiq ödənişdən azad oluna bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı LPO "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(006)- 811/2020 saylı qətnaməsi cərimə borcu və ipoteka predmetinin ilkin satış qiyməti hissələrində dəyişdirilsin. Cərimə borcunun məbləği 2000 manat, ipoteka predmetinin ilkin satış qiyməti 238000 manat məbləğində müəyyən edilsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci qismində 100 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar