Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3575/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Azərbaycan ASC-nin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:kreditin tutulması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin tutulması tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(005)-819/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh (bundan sonra mətndə Cavabdeh) xx.xx.2022-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 18 mart 2022-ci il tarixli 342585-1-33461 saylı “Yenidən maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona istehlak məqsədilə illik 29,90 faiz hesablanması (kredit alan tərəfindən kredit müqaviləsinin şərtlərinə əməl edildiyi halda, faiz dərəcəsi 5 faiz endirilir) şərti ilə 60 ay müddətinə 3.414 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC Cavabdeh qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 342585-1-33461 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 3341,67 manat məbləğində əsas borc, 432,96 manat məbləğində faiz borcu, 194,70 manat məbləğində cərimə, ümumilikdə isə 3969,33 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 59,69 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə Banka 3.341,67 manat məbləğində əsas borc, 432,96 manat məbləğində faiz borcu, 194,70 manat məbləğində cərimə borcu, ümumilikdə isə 3.969,33 manat məbləğində borcu qalmışdır.
4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 fevral 2023-cü il tarixli, 2(005)-819/2023 saylı qətnaməsi ilə (hakim Əfəndizadə Mehriban) iddia tələbi təmin edilmiş, xx.xx.2022-ci il tarixli 342585-1-33461 saylı kredit müqaviləsi üzrə Cavabdeh 3341,67 manat məbləğində əsas borc, 432,96 manat məbləğində faiz borcu, 194,70 manat məbləğində cərimə, ümumilikdə isə 3969,33 (üç min doqquz yüz altmış doqquz manat otuz üç qəpik) manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 59,69 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia tələbində göstərilən həm əsas borcun, həm də faiz borcunun dəqiq hesablanması xüsusi bilik tələb etdiyindən iş üzrə müvafiq məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli olduğu halda bunu etməmiş və nəticədə işin hallarını tam və hərtərəfli araşdırmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayraq, iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərini bildirməmişdirlər. Məhkəmə iclasın onların iştirakları olmadan keçirilməsini mümkün sayır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 11.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
12. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
13. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
17. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
18. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. .
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Kollegiya tərəfindən müəyyən edillmişdir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğdə (əsas, faiz) icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Cavabdeh məhkəmə iclasından məlumatlı olmaqla iştirak etməmiş və borcun səhv hesablandığını iddia etsə də məhkəməyə iddia tələbini təkzib edəcək hər hansı sübut da təqdim etməmişdir. Buna görə də iş üzrə mühasibat ekspertizanın keçirilməsinə də zərurət yoxdur. Məhkəmə işin müəyyən edilmiş hallarına mülki qanunvericiliyin yuxarıda qeyd edilən müvafiq normalarını tətbiq etməklə belə qənaətə gəlir ki, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan tələb olunan məbləğdə əsas, faiz və cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Beləliklə, kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(005)- 819/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.