Məhkəmə qərarları › İş №2(103)-3576/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3576/2020

08.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3576/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X6 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil1 Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi və vəkili Yaqubova Könül Rafiq qızının iştirakı ilə, X1 Cavabdeh qarşı X4 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “zərərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X12, Cavabdeh maddi zərərə görə 39.500 manat, mənəvi zərərə görə 12.000 manat, pul məbləğinin ödənilməsininin gecikdirilməsinə görə 3.950 manat, vəkilə ödənilmiş xidmət haqqına görə 90 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 55.570 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, 30.000 manatın, ödənilmiş dövlət rüsumuna görə 30 manatın və vəkilə ödənilmiş xidmət haqqına görə 90 manatın Cavabdeh alınaraq Zaməddin Qurbanova ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsini qət edilmişdir. X12, apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməmiş, yəni “9.500 manat maddi zərər, 12.000 manat mənəvi zərər, 3.950 manat pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə” hissəsində ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh, iddiaçıdan pul aldığını tamamilə inkar etmir, lakin məbləğin 39.500 manat deyil, 30.000 manat olduğunu bildirir. Alınan məbləğin iddia ərizəsində qeyd olunduğu kimi 39.500 manat olduğu şahid ifadələri ilə təsdiq olunur. Lakin cavabdehin buna qarşı olan etirazı iş materiallarındakı sübutlarla əsaslandırılmır. Bu səbəbdən, iddianın bu hissədə təmin edilməməsi üçün qanuni əsaslar yoxdur. Eyni zamanda, iddia tələbinin pul məbləğinin gecikdirilməsinə görə 3950 manatın tutulması hissəsində rədd edilməsi də maddi hüquq normalarının pozulmasıdır. Belə ki, nümunə üçün əlavə etdiyi məhkəmə aktlarında əks olunmuş hüquqi mövqedən görünür ki, pul vəsaitinin ödənişinin gecikdirilməsi və həmin vəsaitdən faydalanmasına görə cavabdehdən əlavə faizlər tutula bilər. Bundan başqa, cavabdeh iddiaçıya maddi zərər vurmaqla yanaşı, həm də mənəvi zərər də vurmuşdur. Guya iddiaçıya ev satan cavabdeh onun pulunu ələ keçirərək, sonradan sənədsiz olan evi bacısı qızının sahibliyinə verməklə iddiaçıda əsəb, gərginlik, stress kimi mənfi hisslər yaratmışdır. İş materiallarında olan CDdəki səs yazısından görünür ki, cavabdeh çox sərbəst və arxayın, iddiaçı isə gərgin və əsəbi danışır. Cavabdeh də, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, mübahisə predmeti olan Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi 2-ci Əhmədli döngəsi, ev 12/11-də yerləşən yaşayış evi 2005ci il tarixindən ona məxsus olmuş, lakin həmin fərdi yaşayış evinin mülkiyyət sənədləşmə işləri yekunlaşmamışdır. 2017-ci ilin avqust ayında iddiaçının oğlu ailə həyatı qurmuş, bu münasibətlə iddiaçı qeyd edilən evi cavabdehdən 30.000 manata alaraq, oğlu və gəlininə toy tədbiri keçirilən gün hədiyyə etmişdir (video çəkiliş iş materiallarına əlavə edilir). Həmin fərdi yaşayış evinin mülkiyyət sənədləri tam hazır olmadığı üçün, evin faktiki alqısatqısına görə iddiaçı pul ödədikdə onun oğlu və gəlini həmin evdə daimi pasport qeydiyyatına alınmaqla özlərinə məxsus əmlakla birlikdə orada yaşamağa başlamışlar. Təxminən 2 ildən sonra oğlu ilə gəlini arasında ailə münasibətləri pozulmuş, iddiaçı isə gəlinini evdən çıxara bilmədiyi üçün hazırkı əsassız iddianı qaldırmışdır. Belə ki, iddiaçı fərdi yaşayış evini cavabdehdən aldığı vaxt həmin evin mülkiyyət sənədələrinin mövcud olmadığını bilirdi və məhz bu səbəbdən də evin satış dəyəri ucuz olmuşdur. İddiaçı, iddia ərizəsində və məhkəməyə verdiyi izahatları ilə etiraf etmişdir ki, ödədiyi 30.000 manatın müqabilində cavabdehə faktiki olaraq məxsus olmuş evi əldə etmiş, həmin evi ondan təhvil almış və həmin zaman ev üzrə heç kəs daimi pasport qeydiyyatında olmamışdır. Hazırda 30.000 manat iddiaçıya qaytarılmalı olduğu halda, qanunun tələbinə görə iddiaçı da aldığı əşyanı aldığı zaman mövcud olmuş formasına görə geri təhvil verməlidir. Belə ki, oğlu və ailə üzvlərinin daimi pasport qeydiyyatından çıxarılması və evin tam boşaldılaraq təhvil verilməsini təmin etməli, yalnız bu halda iddia təmin oluna bilərdi. İddiaçının izahatları ilə isə təsdiq edilir ki, o, bu vəzifələri həyata keçirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirdi ki, iddiaçının oğlu Elməddin Qurbanov sözügedən evdən qeydiyyatdan çıxaraq yaşadığı rayonun ərazisi üzrə pasport qeydiyyatına düşmüşdür. Əlavə olaraq qeyd edir ki, hazırda cavabdehin bacısı qızı Xəyalə Cəfərova ilə Elməddin Qurbanov arasında bağlanmış nikahın pozulması barədə mülki işə Xətai rayon məhkəməsində baxılmaqdadır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin olunmasını, cavabdehin şikayətinin isə rədd olunmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəyalə Cəfərovanın nümayəndəsi isə, hazırkı iddianın təmin olunmasının onların mənafeyinə uyğun olmadığını bildirmişdir. Belə ki, X.Cəfərova ilə iddiaçının oğlu arasında bağlanmış nikahın pozulması barədə məhkəmədə mübahisə var və o, hazırda mübahisəli evdə yaşayır. İddia təmin olunacağı halda, həmin ev Cavabdeh qaytarılacaqdır ki, bu isə X.Cəfərovanın evlə bağlı bütün hüquqlarının məhdudlaşdırılması deməkdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasına gəlmədiklərindən, MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırda iddiaçı, Azərbaycan Respublikasının vətəndaşı olmadığından daşınmaz əmalkın alqı-satqısı qaydalarını bilmədiyini, cavabdehin isə onu aldadaraq sənədli ev əvəzinə özbaşına tikili satdığını bildirərək, maddi zərər kimi cavabdehə ödədiyi 39.500 manatın, həmin pulun gecikdirilməsinə görə illik 5% məbləğinin və ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Mübahisənin hüquqi həlli ilə bağlı Kollegiya, bildirir ki, Mülki Məcəllənin 1091.1-ci və 1091.2-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması. Baxılan işin faktiki hallarına görə, mübahisə predmeti olan Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi 2-ci Əhmədli döngəsində yerləşən 12/11 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reystrində qeydiyyatdan keçməmişdir. X12 Norveç Krallığının vətəndaşıdır. Onunla Cavabdeh arasında daşınmaz əmlakın alqı-satqısına dair razılığa əsasən, cavabdeh sözgedən evi iddiaçıya satmış və bu faktın təsdiqi kimi ona “xxxx” MMC-nin “Fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair” hesabat təqdim etmişdir. Həmin hesabatda tikintinin sahibi Zaməddin Qurbanov qeyd edilmiş və evin inventar dəyəri 30.000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı, sözügedən evi oğlu Elməddin Qurbanova hədiyyə etmiş, oğlu və gəlini Xəyalə Cəfərova həmin evdə pasport qeydiyyatına alınmışlar. Sonradan tərəflər arasında narazılıq yaranmış, xx.xx.2019-cu il tarixdə X13 RPİ-nin 34-cü PŞ-yə şikayət ərizəsi ilə müraciət edərək, nümayəndəsi bildirmişdir ki, Cavabdeh etibarından sui-istifadə edərək, ona məxsus 39.500 manat pulu əvəzində sənədli ev satmaq adı ilə ələ keçirmişdir. Qeyd olunanlar iddia ərizəsi, Xətai RPİ-nin 34-cü PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarının surəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli arayışları, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********18 saylı, xx.xx.2020-ci il tarixli məktubu və işdə olan digər sənədlərlə təsdiq edilmişdir. Cavabdeh isə bildirir ki, sözgedən evi iddiaçıya 30.000 manata satmış və alqı-satqı zamanı iddiaçı sözgedən evin özbaşına tikili olmasından, məhz buna görə də dəyərindən ucuz qiymətə satıldığından xəbərdar olmuşdur. Yəni, cavabdeh aralarındakı razılaşmaya uyğun hərəkət etmiş, iddiaçının hər hansı hüququnu pozmamışdır. Lakin iddiaçı isə, oğlu ilə cavabdehin bacısı qızının ailə münasibətləri pozulduğundan aralarındakı razılaşmanı pozaraq, hazırkı əsassız iddianı qaldırmışdır. Göründüyü kimi, mübahisə predmeti olan fərdi yaşayış evinin alqı-satqısına dair tərəflər arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmamış və iddiaçının bu faktı bilməsi isə iş materialları ilə təsdiq olunmamışdır. Sübutetmə yükü baxımından həmin halı sübuta yetirmək vəzifəsi, cavabdehin üzərinə düşsə də, o, məhkəməyə bununla bağlı hər hansı mətəbər sübut və ya kifayətedici dəlil təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X2rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Qeyd olunanlar isə ona dəlalət edir ki, X12 tərəfindən ödənilməsi mübahisəsiz olan 30.000 maatın cavabdeh Mətləb Tağıyevin mülkiyyətinə keçməsinin keçərli (etibarlı) hüquqi əsası olmamışdır. Başqa sözlə, cavabdeh, iddiaçının əmlakı hesabına cəmi 30.000 manat məbləğində əsassız varlanmışdır. Belə olan halda, Kollegiya, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddiaçının tələbi üzrə Mülki Məcəllənin 1091-ci maddəsinin bütün dispozisiya şərtləri aşkar edilmişdir. Ona görə də, əsassız varlanma qaydaları çərçivəsində cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 30.000 pulun tutulması əsaslıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən, nəzərə alır ki, cavabdeh mübahisəli evə görə iddiaçıdan 30.000 almasını etiraf etmiş və iddiaçı isə tələbində qeyd etdiyi qalan 9.500 manatın ödənilməsini sübuta yetirə bilməmişdir. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassızıdır. Kollegiya, iddiaçının apellyasiya şikayətini pulun gecikdirilməsinə görə illik 5% hesabı ilə 3950 manatın və mənəvi zərərə görə 12.000 manatın ödənilməsi hissələrində də əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, kreditor gecikdirilmiş vaxt üçün illik beş faizi o vaxt tələb edə bilər ki, borclunun kreditor qarşısında pul məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi mövcud olsun və borclu həmin öhdəliyi müəyyən edilmiş müddətdə icra etməsin. Hazırkı mübahisə üzrə isə cavabdehin iddiaçı qarşısında icrası gecikdirilmiş hər hansı pul öhdəliyi olmadığından, iddiaçı həmin maddəyə istinad edərək, pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün illik 5%-in ödənilməsini tələb etməkdə haqlı deyil. İddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı isə məhkəmə kollegiyası bildirir ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində əsasən, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və X14 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Kollegiya, hazırkı mənəvi zərər tələbinin kifayət qədər əsaslandırılmadığını, Zaməddin Qurbanov, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasına dair sübutları məhkəməyə təqdim etmədiyini nəzərə alaraq, həmin tələbi də əsassız sayır. Odur ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: X1 və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin2(011)-438/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar