Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3576/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:borc məbləğinin tutulması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil, Tərcuməçi Allahverdiyev Fuad Zahir oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borc məbləğinin tutulması" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(005)-3601/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Uzun illər ərzində tanıdığı və etibar etdiyi Cavabdeh (xx.xx.1951 təvəllüdlü, AZE ********, FİN xxxxxxx) İddiaçı xx.xx.2022-cı ildə müraciət edərək, yaranmış ciddi maddi problemlərinin həlli üçün 30.500,0 manat məbləğində borca pul istəmişdir. Aralarında baş vermiş razılaşmaya əsasən, İddiaçı Cavabdeh 30.500,0 manat borca pul verməyi, o, isə hər ay, ayın otuzu tarixlərində 1000 manat olmaqla həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı borc məbləğinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı borclu olduğu 30.500 manat və onun tərəfindən dövlət rüsumu kimi ödənilmiş 181,5 manat, cəmi 30.681.5 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh şifahi qaydada müəyyən edilmiş şərtlərlə razılığını «raspiska»nı (qəbzini) öz xətti ilə yazaraq və imza ilə təsdiqləyərək bildirmişdir. Lakin buna baxmayaraq borcun ödənilmə vaxtı çatanda cavabdeh müxtəlif bəhanələrlə borcun qaytarılma vaxtını uzadaraq üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, bu günədək İddiaçı olan 30.500 manat borcundan bir manat da qaytarmamışdır. Cavabdeh, sözü gedən məbləği könüllü ödəməkdən yayındığına görə, İddiaçı, hüquqlarının müdafiəsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 noyabr 2022-ci il tarixli, 2(005)-3601/2022 saylı qətnaməsi ilə (hakim Əfəndizadə Mehriban) iddia tələbi təmin edilmiş, Cavabdeh 30500 manat borc, 181.5 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 30681,5 (otuz min altı yüz səksən bir manat əlli qəpik) manat pul məbləği İddiaçı xeyrinə tutulması qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi və 106 manat dövlət rüsumunun ondan cavabdehin xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə 30500 manat borc pul verməmişdir. Həmin məbləğ iddiaçının cavdehə həmin tarixə qədər müxtəlif vaxtlarda faizlə verdiyi pulların onun özü tərəfindən hesablanan və cavabdehə məlum olmayan məbləğdir ki, onu zorla, hədə-qorxu ilə cavabdehin boynuna qoymuş və ondan yazılı iltizam almağa nail olmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, iddiaçıdan borc aldığını inkar etmir, lakin hazırda borcu yoxdur. Belə ki, həmin məbləğ ona iddiaçı tərəfindən verilən pullara münasibtədə üzərinə gələn faiz məbləğləridir. Borcunun 30500 olması barədə iltizamı özü yazmışdır. Lakin həmin vaxt iltizamı ona görə yazmışdır ki, iddiaçı onu rüsvay edəcəyini demişdir. O da rüsvay olmaqdan qorxaraq iddiada qeyd edilən məbləğdə borcunun olmasını yazmışdır. Həmin vaxt bununla bağlı hüquq mühafizə orqanlarına da müraciət etməmişdir. Hesab edir ki, iddiaçıya borcu qalmadığından iddia rədd edilməlidir.
9. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil qeyd etdi ki, tərəflər arasında faiz borclarına dair hər hansı razılaşma olmamışdır. Borc münasibətləri də dügün rəsmiləşdirilməmişdir. Eyni zamanda cavabdehi qeyd etdiyi kimi qorxu altında həmin iltizamı verib. Qeyd edilən məbləğ faiz kimi hesablanmışdır. İddia əsassız olmaqla rədde dilməlidir.
10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək qeyd etdi ki, apellyasiya şikayəti əsassızdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
12. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2- ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 882. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil əsaslı sayıla bilməz.
25. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında borc münasibətləri mövcud olub. Hazırda da Cavabdehn ümumilikdə idiada qeyd edlən məbləğdə borcunun mövcudluğunu xx.xx.2021-ci il tarixdə yazılı etiraf qaydasında təsdiqləmişdir. Lakin mübahisəli hal cavabdehin iddiaçıya borcunun qalmamasını bildirməsi və həmin etirafı yazarkən rüsvay olmaqdan qorxaraq etdiyini bildirməsidir.
26. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən borcunun etirafı qaydasında yazılı iltizam verərkən hədə-qorxu, təkid altında imzaladığını bildirsə də, bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdehin mübahisələndirdiyi borcun etirafına dair müqavilə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək öz razılığı çərçivəsində müəyyənləşdirilmişdir. Beləliklə də hər hansı aldatma və ya zorakılıqdan, bəhs etmək mümkün deyildir. Borcunu etiraf etməsi barədə yazılı müqavilənin mahiyyətcə qeyriobyektiv olması və həqiqəti əks etdirmədiyi təsdiq edilmir. Eyni zamanda cavabdeh bununla bağlı hüquq mühafizə orqanlarına da müraciət etməməsini qeyd etmişdir.
27. Kollegiya qeyd edir ki, cavabdehin iddiaçının qarşısında 30.500 manat məbləğində pul öhdəliyi vardır. İddiaçı həmin öhdəliyin borc münaibətlərindən yaranan öhdəlik olduğunu bildirir. Öhdəliyin hansı əqdə əsasən yaranmasından asılı olmayaraq onun mövcudluğu və məbləği cavabdehin etirafı ilə öz təsdiqini tapır. İddiaçının hazırkı tələbi kredit müqaviləsinə deyil, “mövcud borcun etirafı haqqında” mücərrəd müqaviləyə əsaslanır. Həmin müqavilənin anlayışı Mülki Məcəllənin 882-ci maddəsində verilmişdir. Tərəflərin arasında xx.xx.2021-ci il tarixdə il tarxində bağlanmış müqavilə (yazılı iltizam) “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilədir. Buula bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 882-ci maddəsində nəzərdə tutulan “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə ilə müxtəlif müqavilələrdən (alqı-satqı, kredit, podrat, icarə və s.) əmələ gələn borc etiraf oluna bilər. Mülki hüquqda “borc” anlayışı yalnız borc (kredit) müqaviləsindən əmələ gələn pul öhdəliyinə şamil edilmir. Bu anlayış ümumiləşmiş anlayışdır və öhdəlik münasibətində (hansı əqdə əsasən yaranmasından asılı olmayaraq) bir tərəfin (borclunun) digər tərəfin (kreditorun) qarşısında olan pul öhdəliyini ifadə etmək üçün istifadə olunur. Cavabdeh iddiaçının qarşısında pul öhdəliyinin olduğunu “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə bağlamaqla etiraf etdiyindən məhkəmə kollegiyası Mülki Məcəllənin 385 və 882-ci maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, borcun ödənilməsi barədə iddia tələbi əsaslıdır.
28. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən borc münasibətlərindən irəli gələn öhdəlik kimi yanaşılmaqla bu konteksdə maddi hüquq normalarına istinad edilsə də, buna baxmayaraq ümumilkdə mülki məcəllənin tələbləri baxımından öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməklə işin faktiki halları (tərəflər arasında olan səs yazıları və s.), tərəflərin qarşılıqlı münasibətləri nəzərə alınmaqla düzgün olaraq pulun tutulması nəticəsinə gəlindiyindən kollegiya qətnamənin ləğv edilməsinə əsas görmür. Beləliklə, kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də münasibət bildirərək hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinə dair məsələ prosessual qanunvericiliklə tənzimlədndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, tələbin olub-olmamasına bağlı deyildir.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(005)- 3601/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.