Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3578/2022 13.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin və onun hissələrinin qaytarılması, avtomobilin təmiri üçün zəruri olan məbləğin ödənilməsi və əldə çıxmış faydanın əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.03.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə 1998-ci il buraxılışlı, “Hyundai Sonata” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra – avtomobil) təmiri ilə bağlıdır. Avtomobil mülkiyyət hüququ əsasında X2 adına qeydə alınıb. O, 15.01.2014-cü ildə avtomobili idarə etmək səlahiyyətini etibarnamə əsasında 8 il 11 ay müddətinə, yəni 01.12.2022-ci il tarixədək İddiaçı verib və avtomobil iddiaçının istifadəsində olub. Cavabdeh Nizami rayonu Keşlə qəsəbəsində avtomobil təmiri məntəqəsində mühərrik təmiri üzrə usta kimi fəaliyyət göstərir. 2019-cu ilin dekabr ayında iddiaçı avtomobilin mühərrik hissəsində yaranmış nasazlığın aradan qaldırılması üçün cavabdehə müraciət edib. Cavabdeh təmir məqsədilə avtomobilin bəzi hissələrini söküb. Mübahisənin yaranmasına səbəb təmirin uzanması olub. Belə ki, 7 ay sonra - 28.07.2020-ci il tarixdə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Avtomobilin sökülmüş vəziyyətdə olan fotoları iş materiallarına əlavə edilib (iş v. 71, 72). Fotolar 29.03.2020-ci ildə Keşlə qəsəbəsindəki avtomobil təmiri məntəqəsində çəkilib. Hal-hazıra kimi avtomobil iddiaçıya təhvil verilməyib. İddiaçı Laçın rayonundan məcburi köçkün və müharibə veteranıdır.“Elektron Məhkəmə” İnformasiya Sistemindəki məlumata görə Cavabdeh Cinayət Məcəlləsinin 177.1-ci maddəsi (oğurluq) ilə ittiham olunub və barəsində Nizami Rayon Məhkəməsi tərəfindən 1(007)-202/2021 nömrəli cinayət iş üzrə 03.05.2021-ci tarixli ittiham hökmü çıxarılıb. Tələb və onun həlli: İddia ərizəsində cavabdehə qarşı 4 tələb irəli sürülüb: 1) avtomobil iddiaçıya qaytarılsın; 2) avtomobilin sökülən hissələri iddiaçıya qaytarılsın; 3) avtomobilin təmiri üçün lazım olan məbləğ iddiaçıya ödənilsin; 4) əldən çıxmış faydanın əvəzi kimi 10.000 manat iddiaçıya ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, avtomobil və onun sökülən hissələri cavabdehdən alınaraq iddiaçıya qaytarılsın, habelə cavabdehdən iddiaçının xeyrinə 914 manat tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, avtomobilin mühərrikində nasazlıq yarandığına görə 2019-cu ilin dekabr ayında cavabdehə müraciət edib, cavabdeh nasazlığı aradan qaldırmağı öhdəsinə götürüb, o, razılaşdırılmış məbləği – 1.000 manat pulu cavabdehə ödəyib, lakin cavabdeh indiyə kimi avtomobili təmir etməyib. Artıq 2 ildən çoxdur ki, avtomobil sökülmüş vəziyyətdə cavabdehin sahibliyindədir. Bu müdddətdə avtomobil baxımsız və hərəkətsiz qaldığından yararsız vəziyyətə düşüb, ona zərər vurulub. Bundan başqa, cavabdeh avtomobili vaxtında təmir etmədiyinə görə gündəlik fəaliyyətdən əldə etdiyi qazancdan məhrum olub. Həmin vaxt Bakı şəhərindəki 8-ci km bazarında qəssab kimi fəaliyyət göstərirdi. Avtomobili 6.000 manata alıb və onun yük yerindən ət daşımaq üçün istifadə edirdi. Hər gün təxminən 30-50 manat qazanc əldə edirdi. Avtomobil vaxtında təmir edilmədiyinə görə bu qazancdan məhrum olub. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya icraatı zamanı iddiaçının təşəbbüsü ilə onun arvadı X1 şahid qismində dindirildi. O, ifadəsində bildirdi ki, əri İddiaçı qəssab kimi fəaliyyət göstərib, həmin avtomobildən istifadə edərək ət daşıyıb və gündəlik qazanc əldə edərək dolanışıqlarını təmin ediblər. Lakin cavabdeh avtomobili vaxtında təmir etmədiyinə görə avtomobil vasitəsilə əldə etdikləri qazancdan məhrum olublar. Qətnamənin yoxlanılması: İddia ərizəsində 4 tələb irəli sürülüb. Həmin tələblər barədə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir: 1-ci və 2-ci tələblərə, yəni avtomobilin və onun sökülmüş hissələrinin qaytarılmasına aid hissədə qətnamə mübahisələndirilməyib. Ona görə həmin tələblərə aid hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. 3-cü tələbə, yəni avtomobilin təmiri üçün lazım olan məbləğin iddiaçıya ödənilməsi tələbinə münasibətdə birinci instansiya məhkəməsi qət edib ki, cavabdehdən iddiaçının xeyrinə 914 manat tutulsun. Bu nəticəyə gələrkən birinci intansiya məhkəməsi cavabdehin polis orqanına verdiyi izahata əsaslanıb. Belə ki, iddiaçının şikayəti əsasında 23-cü Polis Bölməsində aparılan araşdırma zamanı cavabdeh verdiyi izahatda bildirib ki, təmir və ehtiyat hissələrinin alınması üçün iddiaçı ona ümumilikdə 914 manat pul verib. İddiaçı isə iddia ərizəsində bildirib ki, cavabdehə 1.000 manat verib. 914 manatın tutulması cavabdeh tərəfindən mübahisələndirilməyib, iddiaçı isə cavabdehə 914 manatdan artıq pul verdiyini təsdiq edən sübut təqdim etməyib. Göründüyü kimi, 914 manatdan artıq pul tutulması üçün əsas yoxdur. İddiaçı 3-cü tələbdə məbləğ göstərməyib, tələb etdiyi məbləği “təmir üçün lazım olan məbləğ” kimi göstərib. İddiaçı avtomobilin təmiri üçün hansı məbləği ödəyibsə, həmin məbləğin geri qaytarılması ilə 3-cü tələb təmin olunmuş sayılır. Çünki 1-ci və 2-ci tələblərdə iddiaçı avtomobilin və onun sökülmüş hissələrinin qaytarılmasını tələb edib. Əgər iddiaçı avtomobilin əvvəlki vəziyyətdə (cavabdehə təhvil verilənə qədər olan vəziyyətdə) qaytarılmasını və ya avtomobilin əvvəlki vəziyyətinin (cavabdehə təhvil verilənə qədər olan vəziyyətinin) bərpası üçün zəruri olan xərcin ödənilməsini tələb etsəyidi, həmin tələbə müvafiq qətnamə qəbul edilə bilərdi. Odur ki, 914 manatın qaytarılması barədə nəticə Mülki Məcəllənin 21.2-ci maddəsinin göstərişinə uyğundur. 4-cü tələbə, yəni əldən çıxmış faydanın əvəzi kimi 10.000 manat ödənilməsi barədə tələbin rədd edilməsinə aid olan hissədə qətnamə ləğv edilməli, həmin tələb qismən təmin edilməli, əldən çıxmış faydanın əvəzi kimi 6.000 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, iddiaçı bildirir ki, cavabdeh avtomobilin təmirini 3 günə başa çatdıracağını vəd edib, o, öz öhdəliyini icra edərək cavabdehə şərtləşdirilmiş pulu ödəyib, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib, yəni avtomobili təmir etməyib. Cavabdeh iddiaçının şikayəti əsasında 23-cü Polis Bölməsində aparılan araşdırma zamanı verdiyi yazılı izahatında qeyd edib ki, 2019-cu ilin dekabr ayında təmir işinin aparılması və ehtiyat hissələrinin əldə edilməsi üçün iddiaçıdan 914 manat pul alıb, iddiaçıya deyib ki, mühərrikin ehtiyat hissələri çətin tapılır, bu səbəbdən təmir uzanacaq. İndiyə kimi 2 ildən artıq vaxt keçib, cavabdeh avtomobilin təmiri ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinin ondan asılı olmayan səbəblərə görə baş verdiyini təsdiq edən sübut təqdim etməyib. Cavabdehin öz öhdəliyini pozması nəticəsində iddiaçı adi mülki dövriyyə şəraitində ələ edə biləcəyi gəlirdən məhrum olub. İddiaçı bildirir ki, qəssab kimi fəaliyyət göstərib, həmin avtomobilin yük yerindən ət daşımaq üçün istifadə edib, hər gün təxminən 30-50 manat qazanc əldə edirdi, avtomobil vaxtında təmir edilmədiyinə görə bu qazancdan məhrum olub. Onun ailə üzvü – arvadı Ruqiyyə Paşayeva apellyasiya icraatı zamanı şahid qismində dindirilib, o da həmin halı təsdiq edib. Cavabdeh izahat vermək üçün birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclaslarının heç birinə gəlməyib və iddiaçı tərəfin bildirdiyi məlumatların həqiqiliyini təkzib edən sübut təqdim etməyib. Mülki-Prosessual Məcəllənin 106.2-ci maddəsinə görə digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. İzahat – mülki prosesdə sübutetmə vasitələrindən biridir. Cavabdehin izahat vermək üçün məhkəmə iclasına çağırılması, lakin gəlməməsi onu təsdiq edir ki, o, izahat verməkdən (sübut təqdim etməkdən) imtina edir. Ona görə də iddiaçı tərəfin və şahidin bildirdiyi məlumatlara əsasən iddiaçının hər gün həmin avtomobildən istifadə etməklə 30 manat qazanc əldə etdiyi, lakin cavabdehin təqsiri üzündən bu qazancdan məhrum olduğu müəyyən olunmuş sayılmalıdır. İddiaçının bir gündə 30 manat qazanc əldə etməsi nəzərə alınarsa 1 ayda bu məbləğ 900 manat təşkil edir (30 manat x 30 gün). İddiaçı avtomobili cavabdehə təhvil verdikdən 7 ay sonra - 28.07.2020-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Hər ay əldən çıxan fayda 900 manat təşkil etdiyinə görə 7 ayda əldən çıxmış faydanın cəmi 6.300 manat təşkil edir (7 ay x 900 manat). Mülki Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin, əgər hüququ pozulmasayıdı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) zərər anlayışı ilə əhatə olunur. Odur ki, əldən çıxmış faydanın əvəzi kimi 6.000 manat tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 01.03.2022-ci il tarixli qətnaməsi qismən - əldən çıxmış faydanın əvəzi kimi 10.000 manat ödənilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin tələb qismən təmin olunsun. Əldən çıxmış faydanın əvəzi kimi 6.000 (altı min) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Bu tələbin qalan hissəsi təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3578/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3578/2022
13.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver