Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3585/2022 11.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə nümayəndəliyinə qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və qeydiyyata alınma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1203/2006 nömrəli iş üzrə qəbul etdiyi 22.02.2022-cı il tarixli qərardadından hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə nümayəndəliyinə qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və qeydiyyata alınma” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1203/2006 nömrəli iş üzrə qəbul etdiyi 30.06.2006-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22.02.2022-cı il tarixli qərardadı ilə (hakim T.Mahmudova) Bakı apellyasiya şikayəti qaytarılmışdır. Hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs 30.03.2022-ci il tarixdə qeyd edilən qərardaddan şikayət vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 268-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Baxılan işdən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22.02.2022-cı il tarixli qərardadının surəti 09.03.2022ci il tarixli xəbərnaməyə əsasən, Maraqlı şəxs çatdırılmış, şikayət isə 30.03.2022-ci il tarixdə verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.04.2022-cı il tarixli qərardadı ilə şikayətə mahiyyəti üzrə baxılaraq təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin birinci instansiya məhkəməsi şikayətə mahiyyəti üzrə baxmazdan əvvəl ilkin olaraq prosessual müddətin ötürülüb-ötürülməməsini araşdırmamış, poçt məlumatlarına baxış keçirməmiş, şikayətin hansı tarixdə verilməsini yoxlamamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Halbuki, şikayətin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-in 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Məhkəmə aktlarından şikayəti verildiyi halda qanunvericiliyin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Qaraçuxur qəsəbə nümayəndəliyinə qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və qeydiyyata alınma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1203/2006 nömrəli iş üzrə qəbul etdiyi 22.02.2022-cı il tarixli qərardadından hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3585/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3585/2022
11.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver