Məhkəmə qərarları › İş №2(103)-359/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-359/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-359/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx"ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3609/2024 saylı, 4 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. "xxxx"ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 187micAHM/22-EM saylı əsas kredit və bank hesabı müqaviləsinə əsasən iddiaçı cavabdehə xx.xx.2032-ci il tarixədək illik 32% olmaq şərtilə 300.000 manat kredit verməyi və bank hesabı açmağı, cavabdeh isə kreditdən məqsədli istifadə eməklə müəyyən edilmiş müddətdə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.

2. Həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 187micAHM/22 saylı əlavə kredit müqaviləsinə əsasən bank 60 ay müddətinə illik 21% olmaq şərtilə 10.946 manat kredit verməyi və bank hesabı açmağı, cavabdeh isə kreditdən məqsədli istifadə eməklə müəyyən edilmiş müddətdə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.

3. Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2022-cü il tarixdə iddiaçı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən zamin - Cavabdeh2 Cavabdeh1 faizlərin, borcun tutulması barədə məhkəmə xərclərinin, borclunun öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni və tam həcmdə məsuliyyət daşıyır.

4. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2024-cü il tarixə, 9.315,80 manat əsas borcu, 1.086,64 manat faiz borcu, 97,16 manat cərimə borcu olmaqla, cəmi 10.499,60 manat məbləğində borcu yaranmışdır.

5. İşin apellyasiya baxışı zamanı tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/9017/2024 nömrəli 28 aprel 2025ci il tarixli ekspert rəyinə əsasən hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 14 fevral 2022-ci il tarixli, 187micAHM/22-EM nömrəli kredit müqavilənin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə pretenziya bildirişinin çatdırıldığı tarix - xx.xx.2024-cü il tarixə əsas borcunun 9.154,56 manat, faiz borcunun 736,94 manat; iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu tarix – xx.xx.2024-cü il tarixə əsas borcunun 9.154,56 manat, faiz borcunun 1.052,01 manat təşkil etdiyi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı “X5” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 9.315,8 manat əsas, 1.086,64 manat faiz, 97,16 manat cərimə borcu olmaqla, cəmi 10.499,60 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 121,50 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 21% ödəmək şərtilə 10.946 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2la aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 5 mart 2024, çərşənbə axşamı tarixinə 9.315,8 manat əsas, 1.086,64 manat faiz, 97,16 manat cərimə borcu olmaqla, cəmi 10.499,60 manat borcu yaranmışdır.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3609/2024 nömrəli, 4 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 9.315,80 manat əsas, 1.086,64 manat faiz, 5 manat cərimə borcu olmaqla, cəmi 10.407,44 manat pulun və 121,50 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq “X5” ASC-yə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bankla Cavabdeh1 arasında kredit (borc) müqaviləsi bağlanmış, Bank müqavilədə nəzərdə tutulmuş pul vəsaitini Cavabdeh1 verməklə öhdəliyini icra etmişdir. Lakin sonuncu aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini tam icra etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında da cavabdehin xx.xx.2024-cü il tarixə, 9.315,80 manat əsas borcu, 1.086,64 manat faiz borcu, 97,16 manat cərimə borcu olmaqla, cəmi 10499,60 manat məbləğində borcunun olması qeyd edilmişdir. 27. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizlə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini alaraq ondan istifadə etmiş, lakin pulu qaytarmaqla bağlı vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi əsas borcun və ona hesablanmış faizlərin tələb edilməsi hissəsində əsaslıdır.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 97,16 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. İddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin məbləği əsas borcdan da artıqdır və şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 5 manat məbləğində tutulmasını daha ağlabatan hesab etmişdir.

11. Məhkəmə iddia tələbinin zaminə aid hissəsi ilə bağlı qeyd etmişdir ki, o, kredit müqaviləsi üzrə əsas borclunun aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, borcun ödənilməməsi üçün məsuliyyət daşıyır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 467, 470.1, 472.2, 739.1 və 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

13. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 4 iyun 2024-cü il tarixli 2(011)-3609/2024 saylı qətnaməsinin qismən, yəni cərimə və faiz hissəsində ləğv edilməsini, bu barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin yanaşması tamamilə əsassızdır. Birinci instasiya məhkəməsi, gəldiyi nəticə iş üçün mühüm əhəmiyyətli olan hallardan biri də iş üzrə mütəxəssis və ya ekspert rəyi olardı ancaq bunu birinci instansiya məhkəməsi etməmişdir, iddiaçının təqdim etdiklərinə istinadən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən, iş üçün əhəmiyyətli olan əsasən foto və video yazılardır ki, bunları da birinci instansiya məhkəməsi nəzərə almamışdır, çünki iddiaçı tərəf kredit verərkən ona məxsus olan Cavanşir 36 ünvanında yerləşən qeyri-yaşayış sahəsində onun fəaliyyətini nəzərə alaraq kredit xətti açmışdır, həmin əmlak dağıdılmış bununla əlaqədar olaraq məhkəmə çəkişmələri 1 il 6 aydan çox davam etdirilmişdir. Həmin əmlak artıq yoxdur. İddiaçının təqdim etdiyi sübutlar yəqin məsələdir ki, öz xeyrinə olacaqdır, iddiaçı cavabdehin mənafeini nəzərə almayacaqdır. İş üzrə ekspertiza keçirilmiş olsa idi daha dolğun olardı.

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları 16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında nümayəndəsinin üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilir. Həmçinin nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnmamə ilə iddia qismən təmin olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 22.269 və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 23.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 24.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 25.421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 26.421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

27. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 28.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 29.443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 30.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 31.448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 32.462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 33.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

34.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 35.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.1 və 14.2-ci maddə). 36.Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir (58-ci maddə).

37. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir.

39. Belə ki, Cavabdeh1 verdiyi apelyasiya şikayətində birinci instansiya məhkəməsinin işin faktiki hallarını nəzərə almadan və iş üzrə hərtərfli araşdırma aparmadan qətnamə qəbul etdiyinə istinadən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3609/2024 saylı, 4 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməklə kredit müqaviləsi üzrə yaranmış borcun yenidən hesablanmasını xahiş etmişdir.

40. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir.

41. Belə ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 187micAHM/22 saylı əlavə kredit müqaviləsinə əsasən bank 60 ay müddətinə illik 21% olmaq şərtilə 10.946 manat kredit verməyi, cavabdeh isə kreditdən məqsədli istifadə eməklə müəyyən edilmiş müddətdə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2024-cü il tarixə, 9.315,80 manat əsas borcu, 1.086,64 manat faiz borcu, 97,16 manat cərimə borcu olmaqla, cəmi 10.499,60 manat məbləğində borcu yaranmışdır.

42. Həmçinin cavabdeh-borc alanın xx.xx.2022-ci il tarixli 187micAHM/22 saylı əlavə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası eyni tarixli zaminlik ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən cavabdeh – zamin Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir.

43. Beləliklə də, hazırda cavabdehin müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, müqavilə üzrə öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə icra etməməklə MM-nin 425.1-ci maddəsinin tələblərini pozduğu müəyyən edilir. Belə olan halda da iddiaçının MPM-nin 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Belə ki, kredit müqaviləsi üzrə borc verənin kredit verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir.

44. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir.

45. Bununla belə kollegiya iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədilə apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini labüd hesab etmiş, iş üzrə müvafiq ekspertiza təyin edilmiş, ekspert qarşısında "xxxx"ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 187micAHM/22-EM nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 pretenziya bildirişinin çatdırıldığı tarix xx.xx.2024-cü il tarixə və iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu tarix – xx.xx.2024-cü il tarixə əsas və faiz borcunun nə qədər təşkil etdiyi barədə rəy verilməsi xahiş edilmişdir.

46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-9/90/2024 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 187micAHM/22-EM nömrəli kredit müqavilənin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə pretenziya bildirişinin çatdırıldığı tarix - xx.xx.2024-cü il tarixə əsas borcunun 9.154,56 manat, faiz borcunun 736,94 manat təşkil etdiyi müəyyən edilmişdir.

47. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir. Nəzərə alınsa ki, Bank tərəflər arasında yaranmış müqavilə münasibətlərinə xitam vermək niyyətində olduğunu xx.xx.2024-cü il tarixində (pretenziya bildirişinin çatdırıldığı tarix) müvafiq qaydada məktub göndərməklə bildirmişdir, müqaviləyə həmin tarixdə xitam verilmiş müəyyən edilməli, annuitet ödənişlər (əsas məbləğ və hesablanmış faizlər) isə kredit müqaviləsinin qüvvədə olma müddətinə xitam verilənədək mövcud olmuş məbləğdə tutulmalıdır.

48. Belə ki, ekspert rəyi ilə bankın-kreditorun Mülki Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq müqavilənin ləğv edilməsi barədə birtərəfli iradə ifadəsini bildirdiyi tarixə müqavilə müddəti üçün hesablanmış əsas borcun məbləği 9.315,80 manat deyil, 9.154,56 manat; faiz borcunun isə 1.086,64 manat deyil, 736,94 manat məbləğində təşkil etdiyi müəyyən edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərdən ekspert rəyi ilə xx.xx.2024-cü il tarixədək (pretenziya bildirişinin çatdırıldığı tarixədək) müəyyən edilmiş məbləğdə əsas və faiz borcu tutulmalıdır.

49. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğinin 5 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Kollegiyanın qənaətinə görə də həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab oluna bilər. Bu məbləği ədalətli hesab edərkən kollegiya, borcalanın aldığı kredit borcunun vaxtında qaytarılmaması nəticəsində iddiaçı bankın məruz qaldığı maddi itkiləri nəzərə alır.

50. Beləliklə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4195/2024 nömrəli, 20 sentyabr 2024-cü il tarixli qətnaməsi “əsas və faiz borcu üzrə müəyyən edilmiş məbləğ” hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, 187micAHM/22 nömrəli əlavə kredit müqaviləsinə əsasən yaranmış əsas borc üzrə 9.154,56 manat, faiz borcu üzrə 736,94 manat məbləğində pul tutulmalıdır.

51. Habelə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 121,50 manatın 104 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" ASC-yə, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 61 manatın 9 manatı iddiaçı "xxxx" ASC-dən tutularaq Cavabdeh1, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 200 manatın 28 manatı "xxxx" ASC-dən, 172 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. 52.Mülki-Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 53.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 54.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3609/2024 nömrəli, 4 iyun 2024-cü il tarixli qətnaməsi “əsas və faiz borcu üzrə müəyyən edilmiş məbləğ” hissəsində dəyişdirilsin. İddia bu hissədə qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14 fevral 2022-ci il tarixli, 187micAHM/22 nömrəli əlavə kredit müqaviləsinə əsasən yaranmış əsas borc üzrə 9.154,56 manat; faiz borcu olaraq 736,94 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 121,50 manatın 104 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" ASCyə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 61 manatın 9 manatı iddiaçı "xxxx" ASC-dən tutularaq Cavabdeh1 ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 200 manatın 28 manatı iddiaçı "xxxx" ASC-dən, 172 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar