Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3591/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh X3 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (borcun qaytarılması) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(006)-760/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh 14000 manat əsas borca görə, dəymiş ziyana görə 14000 manat, yəni 28000 manat ödənilməsi tələbinə dair iddiası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(006)- 760/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 14000 manat borc pulun tutulması, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 132 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. 2.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 442 , 445, 445.7, 739.1, 739.2, 740, 743; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli borc müqaviləsi ilə iddiaçının izahatları müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsini və cavabdeh tərəfindən borcun qismən etirafını nəzərə alaraq iddia tələbi cavabdehdən iddiaçının xeyrinə 14000 manat pul tutulması hissəsində əsaslıdır, belə ki tərəflər arasında 14000 manat məbləğində borcun verilməsinə şəxsən imzalanmış razılaşma (müqavilə) mövcuddur, cavabdeh yalnız 8000 manat borc aldığını qeyd etsə də, bu halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddia tələbinin digər 14000 manat məbləğində pulun tutulmasına dair hissədə, iddiaçı tərəfindən həmin tələb sübuta yetirilmədiyindən, məhkəməyə müvafiq tələbi əsaslandıran yetərli və mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 175 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Hal-hazırki iddia üzrə tələb qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (14000) mütənasib olaraq-132 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
3. Birinci instansiya məhkəməsində müəyyən edilən hallar: Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia tələbinə etiraz ərizəsini məhkəməyə göndərərək, bildirmişdir ki, o, iddia tələbini əsassız hesab etməklə, ona qarşı öz etirazını bildirir.Belə ki, İddiaçı iddia ərizəsində ona 14000 manat məbləğində borc pul verdiyini bildirmişdir. Əslində isə bu pul ona borc kimi yox, aylıq faizlər ödəmək şərtilə faizə verilmişdir. İddiaçı özü sələmə pul verməklə məşğul olur və onun kimi digər şəxslərə də aylıq faizlər ödəmək şərtilə faizə pul verir. O, da əvvəllər də tanışı üçün ondan faizə pul götürmüş , tanışı bu pulu ödəmədiyi üçün məcbur olub həmin pulu onun özü ödəmişdir. Bundan sonra isə özünün maddi çətinlikləri olduğu üçün iddiaçıya aylıq faizlər ödənmək şərtilə ona faizlə pul verilməsini xahiş etmişdi. O da aylıq 5% ödəməklə ona hissə-hissə olmaqla, ümumilikdə 8000 manat məbləğində pul vermiş və həmin bu 8000 manat məbləğin aylıq 5%-ni hesablayaraq, ümumilikdə ondan 14000 manat pul götürməyi barədə qəbz yazmışdır. Yəni onun dediyinə görə o aralarında olan faiz münasibətlərini bildirməmək üçün bu yola əl atmış, əslində onun iddiaçıdan 14000 manat götürmədiyi halda faizlərlə birlikdə 14000 manat göstərmişdir. Ona görə də iddiaçının ona maddi ziyan vurmağı barədə göstərdiyi dəlillər əsassızdır. Bir daha qeyd edir ki, onun imzalatdığı 14000 manatlıq qəbzdəki əsas borcun məbləği 8000 manat olmaqla, qalan faiz məbləğlərilə hesablanmış ümumi cəm məbləğdir. Yəni faktiki olaraq o, İddiaçı hissə-hissə olmaqla cəmi 8000 manat pul götürmüşdür. Ona görə də İddiaçı iddia ərizəsində göstərilənlərə qarşı öz etirazını bildirir və məhkəmədən onun iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir;- iş materiallarında mövcud olan borc alma haqqında izahat və ya müqavilədən görünür ki;- Cavabdeh iş qurmaq məqsədi ilə İddiaçı hər ay 600 manat ödəmək şərti ilə 14000 manat borc almış və bunu öz imzası ilə təsdiq etmişdir ( iş səh 7, 17). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli ,2(002)-760/2024 saylı qətnaməsində dəyişiklik edilərək, ondan 4000 manat məbləğində borc pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki,İddiaçı iddia ərizəsində ona 14000 manat məbləğində borc pul verdiyini bildirmişdir. Əslində isə bu pulu ona borc kimi yox, aylıq faizlər ödəmək şərtilə faizə verilmişdir. İddiaçı özü sələmə pul verməklə məşğul olur və onun kimi digər şəxslərə də aylıq faizlər ödəmək şərtilə faizə pul verir. O da əvvəllər də tanışı üçün ondan faizə pul götürmüşdür, həmin tanışı bu pulu ödəmədiyi üçün məcbur olub həmin pulu o ödəmişdir. Bundan sonra isə özünün maddi çətinlikləri olduğu üçün iddiaçıya aylıq faizlər ödəmək şərtilə ona faizlə pul verilməsini xahiş etmişdir. O da aylıq 5% ödəməklə ona hissə-hissə olmaqla, ümumilikdə 8000 manat məbləğində pul vermiş və həmin bu 8000 manat məbləğin aylıq 5%-ni hesablayaraq, ümumilikdə ondan 14000 manat pul götürməyi barədə qəbz yazmışdır. Yəni onun dediyinə görə o aralarında olan faiz münasibətlərini bildirməmək üçün bu yola əl atmış, əslində ondan 14000 manat götürmədiyi halda faizlərlə birlikdə 14000 manat göstərmişdir. Ona görə də iddiaçının ona maddi ziyan vurmağı barədə göstərdiyi dəlillər əsassızdır. Eyni zamanda, həmin borcdan da 4000 manata yaxını onun tərəfindən ödənilmişdir. Sadəcə birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı o həmin ödəniş qəbzlərini tapa bilmədiyi üçün məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçının yaşlı, ağsaqqal bir şəxs olduğunu nəzərə alaraq həqiqəti deyəcəyini düşünərək onun düzlüyünə inanmışdır. Amma əfsuslar olsun ki, o, işin həqiqi hallarını məhkəmədə bildirməmiş və yalnız onu aldadaraq imzalatdığı qəbzlərə istinad edərək belə bir qətnamənin qəbul edilməsinə nail olmuşdur. Faktiki olaraq onun bu günə İddiaçı cəmi 4000 manat məbləğində borcu vardır. İddiaçı özü məhkəməyə sübut kimi başqa bir qətnamə təqdim etmiş və həmin qətnamədə də o özü aylıq faizə pul verdiyini etiraf etmişdir. Yəni bu sübutun özü də onun dediyi faktları təsdiq edir. Amma əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bu halları araşdırılmamış və ondan əsassız olaraq 14000 manat məbləğində pulun tutulması qət edilmişdir. Ona görə də hesab edir ki, işin bu halları yenidən araşdırılmalı və işin həqiqi hallarına uyğun yeni qətnamə qəbul edilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, cavabdehi əvvəlcədən tanıdığını, övladının olması üçün müalicə aldığını və ondan bu məqsədlə pul istədiyini, həmin vaxt cavabdehə 3000 manatdan çox borca pul verdiyini və cavabdeh tərəfindən həmin pulun geri qaytarılmadığını, sonradan yenidən ona müraciət edərək iş qurmaq məqsədi ilə 14000 manat pul istədiyini və onun da həmin məbləği hissə-hissə cavabdehə borca verdiyini, cavabdeh apellyasiya şikayətində həmin borcun məbləğinin 8000 olduğunu və bir hissəsinin artıq onun tərəfindən ödənildiyini qeyd etsə də, ona 14000 manat qəbzə qol çəkdirməklə pul verdiyini və bugünki günə kimi həmin borcdan ona heç bir ödəniş edilmədiyini qeyd etmiş, apellyasiya şikayətinə münasibətdə isə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edir. 6.Cavabdehin nümayəndəsi Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək hazırkı məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə biləməyəciyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası, iddiaçının mövqeyini dinləyib, üzrlü səbəbə dair dəlil və sübutların olmaması əsası ilə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: 7.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385-390, 425.1, 427.3, 560, 739- 741, 743, 744, 1091-1095; Mülki Prosessual Məcəllənin 58, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4 Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki,pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 10.Apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərinə (əsaslarına) dəlalət edən sübutlar, habelə hər hansı əlavə araşdırma aparılması üçün əsaslar müəyyən edilmir. Cavabdeh apellyasiya şikayətində həmin borc pul məbləğindən iddiaçıya müəyyən ödənişlər etdiyini bildirsə də, bununla bağlı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyasında hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. 11.Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır. 12.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-760/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.