Məhkəmə qərarları › İş №2(103)-3591/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3591/2025

20.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3591/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi (sədri) Toğrul Nəbiyevin, cavabdehin nümayəndəsi Rasimə Hüseynovanın iştirakı ilə, İddiaçı MMMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik enerjisinin verilməsinin dayandırılmasının qadağan edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1641/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, ünvan 1 ünvanında yerləşən çoxmənzilli binaya 06/20-295 kodlu 35045253M nömrəli sayğac üzrə elektrik enerjisinin verilməsinin 06/20-154 kodlu sayğacın debitor borcuna görə dayandırılması cavabdehə qadağan edilsin. Tələb onunla əsaslandırılıb ki, həmin bina iddiaçı tərəfindən idarə edilir. Bina 19 mərtəbədən, 908 mənzildən ibarətdir. Binada yerləşən pilləkənlərin, həyətyanı sahənin və blokların işıqlandırılması, 24 ədəd liftin və su nasosxanasının işləməsi üçün iddiaçıya məxsus 06/20-353, 06/20-369, 06/20-371, 06/20-370, 06/20-358, 06/20-357, 06/20-311, 06/20-355, 06/20-354, 06/20-297, 06/20-295 kodlu 11 ədəd sayğac mövcuddur. xx.xx.2024-cü il tarixdə cavabdehin əməkdaşları 06/20-295 kodlu sayğac üzrə elektrik enerjisinin verilməsini 06/20- 154 koldu sayğacın borcu olduğunu əsas gətirərək dayandırmışlar. Binanın nasosxanası işləmədiyindən bina sakinlərinə suyun verilməsi mümkün olmamışdır, çünki suyun mənzillərə verilməsi nasosxanada olan mühərriklərlə təmin edilir. Həmin tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin bu hərəkətinə müvəqqəti təminat tədbiri kimi qadağa qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, cavabdeh tərəfindən həmin binaya 06/20-295 kodlu 35045253M nömrəli sayğac üzrə elektrik enerjisinin verilməsinin bərpa edilməsi və elektrik enerjisinin dayandırılmasının cavabdehə qadağan edilməsi qərara alınmışdır. Göstərilən köhnə debitor borc iddiaçının borcu deyil. 06/20-154 kodlu sayğac iddiaçının balansında deyil və iddiaçıya aidiyyəti yoxdur. Binanın ümumi əmlakının elektrik enerjisi ilə təminatı iddiaçının balansında olan, yuxarıda göstərilən 11 ədəd sayğacla, mənzillərin elektrik enerjisi ilə təminatı isə cavabdehin hər bir mənzil sahibi ilə bağladığı müqaviləyə əsasən quraşdırılmış sayğacla həyata keçirilir. 06/20- 295 kodlu sayğac üzrə istifadə olunan elektrik enerjisinin haqqı mütəmadi olaraq tam ödənilir və borc yoxdur. 06/20-154 kodlu sayğac “X1” MMC-nin adınadır, cavabdeh həmin MMC-yə xəbərdarlıq məktubu göndərmişdir. İddiaçı bununla bağlı cavabdehin Nərimanov rayon enerji təchizatı və satış idarəsinə məktub göndərmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xəbərdarlıqda qeyd edilən 06/20-154 saylı sayğacın iddiaçıya və yaşayış kompleksinə heç bir aidiyyəti yoxdur. İddiaçıya aid olan sayğaclar üzrə istifadə edilən elektrik enerjisinin haqqı tam olaraq ödənilir və borc mövcud deyil. Buna baxmayaraq cavabdeh iddiaçının adına olan 06/20-295 kodlu 35045253M nömrəli sayğac üzrə elektrik enerjisinin verilməsini dayandırmışdır. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, həmin binaya 06/20-295 kodlu 35045253M nömrəli sayğac üzrə elektrik enerjisinin verilməsinin 06/20-154 kodlu sayğacın debitor borcuna görə dayandırılması cavabdehə qadağan edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Rasimə Hüseynova apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi (sədri) Toğrul Nəbiyev isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya şikayəti təmin edilə bilməz, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh həmin çoxmənzilli binaya 06/20-295 kodlu 35045253M nömrəli sayğac üzrə elektrik enerjisi verilməsini təmin etməli olduğu halda, iddiaçıya aidiyyəti olmayan 06/20-154 kodlu sayğacın debitor borcuna görə elektrik enerjisi verilməsini dayandırmışdır. Cavabdeh 06/20-154 kodlu sayğacın iddiaçıya aid olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçıya təhvil verilmiş sayğaclar içərisində 06/20-154 kodlu sayğac yoxdur. Bundan başqa, cavabdeh 06/20-154 kodlu sayğac üzrə borcun ödənilməsi üçün başqa istehlakçıya - “X1” MMC-yə xx.xx.2024-cü il tarixli yazılı xəbərdarlıq göndərib (iş v. 27). Odur ki, həmin sayğac üzrə hesablanmış borca görə iddiaçıya verilən elektrik enerjisi dayandırıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-cü bəndində enerji təchizatı müəssisəsinin istehlakçıya elektrik enerjisinin verilməsini dayandırmalı olduğu hallar müəyyən edilib. Həmin hallardan biri 9.13.2-ci bənddə belə göstərilib: “enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə”. Bu hal iddiaçıya münasibətdə mövcud deyil. Ona görə də birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1641/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar