Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3592/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), İX oğlu və Sx oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-677/2023 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 2.150,87 manat əsas borc, 2.719,82 manat faiz borcu, 4.731,70 manat cərimə və gecikdirilmiş vaxt üçün hesablanmış 316,50 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə cəmi 9.918,89 manat borcun və 119,19 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 677/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli «Kredit Müqaviləsi»nə (xx.xx.2017-ci il tarixli Əlavə Sazişə) əsasən yaranmış 2.150,87 manat əsas borc, 2.719,82 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 316,50 manat əldən çıxmış fayda və 400 manat dəbbə pulu olmaqla, ümumilikdə 5.587,19 manat məbləğində pul vəsaitinin və 119,19 manat ödənilmiş dövlət rüsumu əvəzinin 60 manat məbləğində hissəsinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulub LPO İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməməsi qət edilmişdir.
3. Qətnamə ilə razılaşmayan Cavabdeh2 ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4.şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 364. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
5. Mülki Prosessual Məcəlləyə “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmişdir.
6. İşdən görünür ki, Cavabdeh2 tərəfindən elektron formada tərtib edilmiş və elektron imza ilə təsdiq edilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə “Əlavə 2”də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməmiş, şikayətdə yalnız şikayəti verən şəxs və barəsində şikayət olunan məhkəmə aktı haqqında məlumat, işin halları və apellyasiya şikayəti verən şəxsin tələbi göstərilmişdir. 7.Göründüyü kimi, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar yoxdur.
8. Birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericliyin tələblərini nəzərə almamış, verilmiş şikayəti qaytarmalı olduğu halda bunu etməmişdir.
9. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı və şikayət geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
10. Göstərilənlərə əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-677/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyrimümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.