Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3593/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X10 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdeh X3 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6169/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X6 arasında xx.xx.2020-ci il tarixdə 18 ay ərzində hər ay 72,10 manat olmaqla hissə-hissə ödənilməsi şərtilə ümumilikdə dəyəri 1297,80 manat təşkil edən “Hoffman” markalı kondisionerə dair alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir.
2. “SmartServis” xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktla həmin kondisionerdə qüsurların olduğu, yəni dördyol klapanında nasazlıq olduğu, buna görə də kondisionerin normal istilik vermədiyi və yenisi ilə əvəz edilməli olduğu və təmirin qiymətinin 230 manat təşkil edildiyi müəyyən edilmişdir.
3. xx.xx.2021-ci il tarixli təmir aktının surətindən görünür ki, X6, kondisionerin texniki vəziyyəti barədə "xxxx" MMC-yə məlumat vermişdir.
4. “ServisLink” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli texniki vəziyyət barədə aktdan görünür ki, cihazda qüsur aşkar olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" MMC cavabdeh X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, sonradan iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Hoffmann” markalı kondisioner üçün 1.297,8 manat ödənilməmiş hissə, 388,2 manat dəbbə və 88,97 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.774,97 manat borcun cavabdeh X1 alınaraq, "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh X6 "xxxx" MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, 3 ədəd “Hoffmann” markalı kondisioner almış və nəticədə 6.897 (altı min səkkiz yüz doxsan yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 4.012,20 manat (18 ay x 222,9 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd “Hoffmann” markalı kondisioner üçün 5.211 manat olmaqla, ondan 4.012,2 manat ödənilməmiş hissə və 1.198,8 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.297,8 manat ( 18 ay x 72,1 manat + 0 manat ilkin ödəniş) olan “Hoffmann” markalı kondisioner üçün 4.336,2 manat olmaqla, ondan 1.297,8 manat ödənilməmiş hissə və 388,2 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli Müqavilələrin tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki,cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəliklləri icra etməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilədə olan 2 ədəd “Hoffmann” markalı kondisionerləri, 2 ədəd X12 xx.xx.2022-ci il tarixdə geri qaytarmış və məhsul 4.012,2 manat qiymətləndirilərək, borcundan silinmişdir.
7. Cavabdeh X6 iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixində “Kontakt Home” mağazasından bir ədəd kondisioner (Hoffmann SİAC-18/HR, qiyməti 1.155,60 manat) almışdır. Aldığı kondisioner (Hoffmann SİAC-18/HR, qiyməti 1.155,60 manat) quraşdırılan gündən normal işləməmişdir. Havanın temperaturu “+10” dərəcədən aşağı düşən kimi kondisioner isti hava vurmurdu və motordan dəhşətli səslər gəlirdi. Kondisioner quraşdırıldığı gündən tərəfindən dəfələrlə mağazanın qaynar xəttinə saysız-hesabsız müraciət edərək, kondisionerə baxış keçirtmələrini və qüsurlu mal olduğundan “İstehlakçıların Hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə istinad edərək yenisi ilə dəyişmələrini xahiş etsələr də, kondisionerə baxış keçirtmək üçün servisdən nümayəndə gəlmədi. İşləməyən, xarab kondisioner üçün xx.xx.2021-ci il tarixində mağazaya etdiyi müraciət servis tərəfindən qeydə alınmışdır və bu servisin tərtib etdiyi “197149” saylı təmir aktında öz əksini tapmışdır. Mağazaya etdiyi xx.xx.2021-ci il tarixli müraciətlərinin servis tərəfindən qeydə alınmasına baxmayaraq satıcı ("xxxx" MMC) öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Servis tərəfindən qeydə alınan xx.xx.2021-ci il tarixli müraciətlərindən “bir il, səkkiz ay, on üç gün) keçdikdən sonra nəhayət xx.xx.2022-ci il tarixində servisdən nümayəndə gəlib baxış keçirtdi. xx.xx.2022-ci il tarixində Bakı və Abşeron yarımadasında havanın temperaturu “günəşli +16 dərəcə” olmuşdur. Bundan başqa satıcı ("xxxx" MMC) nisyə alqı-satqı müqaviləsinin “4”-cü bəndini (“Müştəri ödəniş cədvəlinin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə malı geri qaytarır, bu zaman mal ABC-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirilmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır”) kobud şəkildə pozaraq bir daha üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Yuxarıda qeyd etdiyi faktlardan, sənədlərdən belə bir qənaətə gəlmək olur ki, iddiaçı ("xxxx" MMC) onun istehlakçı hüquqlarını pozaraq ona keyfiyyətsiz, standardlara uyğun olmayan xarab məhsul satmışdır. Keyfiyyətsiz mallarını uzun müddət yenisi ilə əvəz etməyə iddiaçının maraq göstərməməsi onu deməyə əsas verir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan mağaza malın keyfiyyətinə dair yalan məlumat verərək alıcı olaraq onu aldatmışdır. Bu barədə məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilərək, araşdırılması üçün prokurorluq orqanlarına məlumat verilə bilər.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6169/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh X1 23 yanvar 2021-ci il tarixli müqavilə üzrə 1.067,8 manat məbləğində əsas borc və 100 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1167,80 manat məbləğində borc və 25,5 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, kondisionerdə olan qüsurlar malın keyfiyyəti üçün qarantiya verildiyi dövrdə yarandığından və satıcı tərəfindən həmin malda yaranmış qüsurların əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirilmədiyindən, alış qiyməti 1.297,8 manat olan kondisionerin alış qiyməti, kondisionerdə olan qüsurun bərpa edilməsi üçün çəkilməli olan xərc miqdarında, yəni 230 manat məbləğində azaldılmalı və cavabdehdən 1.067,8 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır.
10. Məhkəmə 23 yanvar 2021-ci il tarixli müqavilə üzrə 388,2 manat dəbbə pulu ilə bağlı hesab etmişdir ki, həmin məbləğlərdə dəbbə pulunun hesablanması ədalətli deyildir. Bu səbəblə məhkəmə, 23 yanvar 2021-ci il tarixli müqavilə üzrə 388,2 manat məbləğində hesablanmış dəbbə pulunun 100 (yüz) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab etmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 450.1, 462.1, 581.1, 581.2, 582.1, 587.1, 587.3, 588.1, 588.2, 598.3, 600.1, 600.2, 600.4, 601.1, 614.1, 624.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh X6 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6169/2022 saylı 24 iyun 2022-ci il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıdan iki ədəd “HOFFMAN” markalı kondisioner alıb və hər iki kondisioner istehsal qüsurlu olmuşdur. Bir kondisioner iddiaçı tərəfindən mübahisəsiz qaydada geri götürülmüşdür. Digərini isə dəfələrlə məlumat verməyinə baxmayaraq, geri götürməmiş əvəzində ondan məhkəmə qaydasında pul tələb etmişdir. Malın qüsurlu halda satılması məhkəmə qaydasında sübuta yetirilsə də, məhkəmə ondan təmir xərcini nəzərə alaraq, təzə adı altında satılmış, lakin təmirə ehtiyacı olan mala pul ödəməyini qərara almışdır. Halbuki məhkəmə satıldığı andan qüsurlu olduğunu və buna görə pul ödəməməyini aydınlaşdırmalıdır. Tərəfindən malın istehsal qüsuru olmasını sübuta yetirilməsi üçün ekspertiza keçirilməsinə dair vəsatət verilsə də, məhkəmə vəsatəti qəbul etməmiş və iş üçün əhəmiyyətli olan halın sübuta yetirilməsinə mane olmuşdur. Tərəfindən kondisionerin qüsurlu quraşdırıldığı gündən qüsurlu olduğu barədə iddiaçıya məlumat verilib. İddiaçı ilk gündən qüsurlu mal barədə məlumat verməyi ilə razılaşaraq, birinci instansiya məhkəməsində buna etiraz etməmişdir. Belə olan halda məhkəmədə malın ilk gündən qüsurlu olduğu sübuta yetirilsə də, məhkəmənin ondan pul tutması barədə qətnamə qəbul etməsi işin hallarına uyğun gəlməməsi kimi qiymətləndirilməlidir. Bundan başqa malda olan qüsurun təmir xərci 230 manat müəyyən olunur, lakin düzələcəyinə heç bir zəmanət verilmir. Kondisonerin təmir xərcinin bildirilməsi, onun saz vəziyyətdə işləyəcəyi demək deyil, məhkəmə araşdırması qeyrimüəyyənlik daşıyır və cavabdeh bununla razı deyil. Bundan əlavə iddiaçı iddia tələbində satdığı qüsursuz mala görə pul tələb etmişdir. Məhkəmə araşdırması zamanı, həmin malın qüsurlu olduğu sübuta yetirildiyindən, iddia rədd edilməli idi, lakin məhkəmə iddia tələbindən kənara çıxaraq təmir xərcinin tutulması, malın təmir edilməsinə qiymək vermişdir. İddia tələbində malın təmir olunmasına dair tələb olmamışdır. Məhkəmənin gəldiyi bu nəticə də işin hallarına uyğun gəlmir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X6 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Qeyd etmişdir ki, məhkəməyə müraciət etməmişdr. Məhkəməyə iddiaçı tərəf müraciət etmişdr. Kondisionerin birini iddiaçı götürdüyünə görə güman etdi ki, digərini də götürəcəklər. Kondisionerin biri başqa kondisionerlə dəyişdirilmişdir. Digərini aldıqdan sonra yerdə qalanını qaytarmışdır. Kondisioner qaytarılan andan etibarən təhvil-təslim aktı tərtib edilmişdir. Üç kondisioner alınmamışdır. Bununla bağlı birinci instansiya məhkəməsində iki kondisionerin təhvil aktını verdikdən sonra iddia ərizəsini dəyişdilər və məbləğ də azaldı. Dəfələrlə iddiaçıya müraciət etmiş, onların verdiyi təmir aktında müraciət tarixi qeyd olunmuşdur, lakin onlar baxış keçirməyiblər. Kondisionerləri qızıl zəmanətlə almış, onlara müraciət etməsinə baxmayaraq yenə də kondisionerə gəlib baxış keçirməmişlər. Müraciətindən 1 il 8 ay keçdikdən sonra, məhkəmə prosesi gedən dövrdə gəlib kondisionerə baxıblar.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Qeyd etmişdir ki, kondisioner 2021-ci ildən cavabdehdədir. Fərz edilsə ki, şirkət cavabdehin müraciətini cavablandırmamışdır, o zaman cavabdeh müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət edə bilərdi.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 22.421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
23. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
24. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. 26.587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
27. 588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.
28. 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 30.Belə ki, işin məhkəmə tərəfindən müəyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh X6 arasında xx.xx.2020-ci il tarixdə 18 ay ərzində hər ay 72,10 manat olmaqla hissə-hissə ödənilməsi şərtilə ümumilikdə dəyəri 1.297,80 manat təşkil edən “Hoffman” markalı kondisionerə dair alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir.
31. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdehin tərəf olduğu müqavilənin bəndlərindən, həm də mülki qanunvericiliyin müvafiq normalarından göründüyü kimi alıcı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədikdə, yəni satıcının müəyyən məbləğdə pul-müqavilə qiymətini almaq hüququnu pozduqda satıcının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək üzrə hüququnun yaranmasına əsasdır.
32. Cavabdehdən müvafiq məbləğdə pulun tutulmasına aid hissədə tərəflərin arasında yaranan mübahisə, alğı-satqı münasibətlərinə aid olub, satıcının lazımi kefiyyətdə olmayan əşyanın alıcıya verilməsi ilə bağlı yaranan mübahisədir və bu hissədə etirazın maddi hüquqi əsasını Mülki Məcəllənin 587.2.1-ci maddəsi təşkil edir. 33.Həmin normanın tələbinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. 34.Bu normanın tətbiqi zamanı malın qüsuruna görə satıcının cavabdeh olmasının müəyyən edilməsi də önəmlidir. Çünki Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 35.Beləliklə işə baxan birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdiyi sübutlar, habelə iddia tələbinin yönəldiyi şəxsin cavabdehlik daşıyıb-daşımadığı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası məhkəmənin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 36.Belə ki, kondisionerdə olan qüsurlar malın keyfiyyəti üçün qarantiya verildiyi dövrdə yarandığından və satıcı tərəfindən həmin malda yaranmış qüsurların əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq kondisionerin cavabdehdə olmasına istinadən əşyanın qüsurlarının aradan qaldırılması üçün çəkilməli olan xərclərin əvəzini tutulmalı olan məbləğdən çıxmaqla iddianı qismən təmin etmişdir. 37.Qeyd edilməlidir ki, cavabdeh malın qüsurlu olmasına istinad etsə də, əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulmasını (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) sübuta yetirə bilməmiş, həmçinin lazımi keyfiyyətli olmayan əşyanın verilməsi ilə əlaqədar Mülki Məcəllənin 587-ci maddəsində belə hallar üçün nəzərdə tutulmuş imkanlardan istifadə etməmiş, qarşı tərəfə müqaviləni əhəmiyyətli dərəcədə pozması əsası ilə müqavilənin ləğv edilməsi ilə əlaqədar iradə ifadəsini müvafiq qaydada bildirməmişdir. Halbuki belə olan təqdirdə alıcının ixtiyarı var ki, o, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin.
38. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 39.Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 40.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 41.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 42.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6169/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh X6 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova