Məhkəmə qərarları › İş №2(103)-3595/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3595/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3595/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5256/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 24 manat, cəriməyə görə 2 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 63 manat, cəriməyə görə 6 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 1072 manat, cəriməyə görə 107 manat olmaqla cəmi 1274 manat borcun və dövlət rüsumuna görə 30 manatın Cavabdeh “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5256/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixli K00226737 saylı müqaviləyə əsasən əsas borca görə 24 manat cəriməyə görə 2 manat, xx.xx.2019-cu il tarixli 00940090 saylı müqaviləyə əsasən əsas borca görə 63 manat cəriməyə görə 6 manat, xx.xx.2019-cu il tarixli 00641643 saylı müqaviləyə əsasən əsas borca görə 1072 manat cəriməyə görə 107 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1304 manat xxxx MMC-nin xeyrinə tutulmuşdur. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yenidən araşdırma aparılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə borcla bağlı məhkəməmühasibatlıq ekspertizası təyin etməmişdir. Ümumiyyətlə məhkəmə, tərəfindən ədalətli araşdırma aparılmamışdır. Bundan əlavə, onun iddiaçının ofisinə gedərək işin həlli istiqamətində apardığı rəsmi və qeyri-rəsmi şikayətini və köməklik göstərilməsi barədə xahiş etməsi onun öhdəliyi icra etməməsi kimi qiymətləndirilmişdir. Halbuki onun günahı olmadan telefona cüzi miqdarda su dəyərək xarab olmuşdur. Təbii olaraq ona ağır şərtlərlə ödənişi aparmaq onun üçün çətin olmuşdur. Hesablamasına görə və onda olan ödəniş qəbzlərinə görə onun az borcu vardır. Lakin, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi və tərtib eldiyi şişirdilmiş maliyə arayışa əsaslanıb ona uyğun qətnamə çıxarılmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X3 bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənədək, cavabdeh tərəfindən ödənişlər aparılmış və yalnız xx.xx.2019-cu il tarixli müqavilə üzrə 999 manat borc qalmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının borcun tutulması hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, qətnamə borcun tutulması hissəsində dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli K00226737 saylı müqaviləsi ilə Cavabdeh qiyməti 668 manat olan İMEİ kodu **********17294 olan Xiaomi Redmi S2 markalı telefonu, 2 illik yeni qızıl zəmanəti və telefon quraşdırma xidmətini 27 manat ilkin ödəniş etməklə, 24 ay müddətinə hissə- hissə ödəmək şərti ilə “xxxx” MMC-dən almışdır. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00940090 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 693 manat İMEİ kodu **********29108 olan Huawei P30 Lite markalı telefonu ilkin ödənişsiz, 11 ay müddətinə hissə-hissə ödəmək şərti ilə “xxxx” MMC-dən almışdır. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00641643 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 1707 manat İMEİ kodu **********66555 olan Huawei P30 markalı telefonu və Huawei Watch GT-ni 99 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə “xxxx” MMC-dən almışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş arayışlardan görünür ki, xx.xx.2019-cu il tarixli 00641643 saylı müqaviləsi üzrə Cavabdeh “xxxx” MMC-yə ümumilikdə 999 manat ödənilməmiş borcu qalmışdır. Digər müqavilələr üzrə borclar tam ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşdən göründüyü kimi, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən əmlakı cavabdehə vermiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyin icrasından yayınaraq, ödənilməli olan pul vəsaitini ödəməmişdir. İlk əvvəl iddia tələbinin borcun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də alğı-satqı müqaviləsidir və həmin müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (MM 567-ci maddəsi). Malların pərakəndə nisyə alğı-satqısı müqavilələrinə, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilələrə bu Məcəllənin 600.5-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilməməlidir (MM 622.3-cü maddəsi). Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (MM 600.5-ci maddəsi). Kollegiya qeyd edir ki, xx.xx.2018-ci il tarixli K00226737 saylı müqaviləsi və xx.xx.2019-cu il tarixli 00940090 saylı müqaviləsi üzrə öhdəliklər birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi tarixədək tam icra olunduğundan, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Digər müqavilə üzrə iddiaçının cavabdehə nisyə-alğı satqı müqavilələri ilə dəyərini hissə-hissə ödəmək şərti ilə mal verməsini nəzərə alaraq, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmədiyinə görə, cavabdeh tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00641643 saylı müqaviləsi üzrə Cavabdeh “xxxx” MMC-nin xeyrinə ümumilikdə 999 manat pul vəsaiti tutulmalıdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Bundan başqa apellyator tərəfindən birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş ekspert rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmə məsrəfləri ilə bağlı gəldiyi nəticə düzgündür. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri) Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın tam təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5256/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, Cavabdeh 999 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5256/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. Cavabdeh 999 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar